VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri, vəzifələri və bölmələri
Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiyyətə malik olan problemlərin həlli vəzifəsini qoyur. Həmin problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviyyəyə qalxa bilməz.
Elm və texnikanın durmadan inkişaf etdiyi və mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm problemlərdən biri uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirmədən ibarətdir. Psixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün problem məsələ olduğunu onda görürlər ki, hər şeydən əvvəl, uşaqlarda şəxsiyyətin və əqli inkişafın bütün senzitiv mərhələləri, onların başlanğıcı, davamlılığı və sonu hələ də məlum deyildir. Digər tərəfdən, hər bir uşağın həyatında bu mərhələlərin təzahürü fərdi xarakter daşımaqla, müxtəlif vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
Pedaqoji psixologiyanın həll etməli olduğu problemlərdən biri də təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan ibarətdir. Uzun müddətdən bəri dünya psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır.
Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir. Məlum olduğu kimi, uşağın hər bir yaş dövrü əqli və şəxsi inkişaf üçün özünəməxsus imkan yaradır. Lakin bu sahədə müəyyən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici və öyrədici təsirlərin bir-birini tamamlaması üçün hansı yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.
Pedaqoji psixologiyanın həll etməli olduğu problemlərdən biri də uşaqların psixoloji və davranış nöqteyi nəzərdən inkişafında onların anadangəlmə, genotipik imkanlarının və mühitin ayrılıqda və ya birgətəsirinin xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir.
Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdəndir. Pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyətinin, xüsusilə onun pedaqoji bacarıq və qabiliyyətlərinin, pedaqoji ünsiyyət və pedaqoji mərifətin psixoloji xüsusiyyətlərini aşkara çıxarmaqla pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına düzgün istiqamət vermiş olur.
Müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran və həll edilməsi zəruri olan problemlərdən biri də pedaqoji cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı “çətin” uşaqlar problemi ən ümdə problem kimi diqqəti cəlb edir.
Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaçqınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür. Bu baxımdan pedaqoji psixologiya da kənarda qala bilməz. Bu cür uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabilitasiyası probleminin öyrənilməsi ən ciddi problemlərdən biridir.
Yuxarıda qeyd olunan problemlərin həll edilməsi gənc nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.
Bütün qeyd edilənlərdən aydın olur ki, müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzərivəpraktikvəzifələr durur. Həmin vəzifələri həyata keçirmədən pedaqoji psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.
Müasir pedaqoji psixologiyanın praktikvəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.
Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan bölmələri vardır. Pedaqoji psixologiyanın həmin bölmələrinə tərbiyə psixologiyasını, təlim psixologiyasını, pedaqojifəaliyyət və müəllim şəxsiyyəti psixologiyasınıaid etmək olar. Bununla yanaşı psixoloji ədəbiyyatın bir çoxunda anomal uşaqlarla təlim, tərbiyənin psixologiyasını da pedaqoji psixologiyanın şöbələrindən biri kimi qeyd edirlər.