VI.19.3.Uşağın məktəbə psixoloji hazırlığı
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məktəb yaşına çatmış uşaqlar gerçəkliyi dərk etmək, idrak proseslərinin inkişafı cəhətdən kifayət qədər irəli getmiş olurlar. Bunlar tədris proqramlarını mənimsəmək üçün lazımi imkan yarada bilirlər. Lakin uşağın məktəbə psixoloji hazırlığını təkcə bunlarla məhdudlaşdırmaq olmaz. Uşaqda qavrayışın, diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtəlif fəaliyyət növlərini, xüsusilə təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi də zəruridir.
Həmin tələblərə aşağıdakıları aid etmək olar: uşağın ümumi fiziki inkişafı, kifayət qədər bilik ehtiyatına malik olması, özünəxidmət «məişət» vərdişlərinə yiyələnməsi, ünsiyyətə girə bilmək bacarığı, mədəni davranış, sadə əmək vərdişlərinə, nitqə, əsas psixi funksiyaların zəruri inkişaf səviyyəsinə, koqnitiv və əqli inkişaf səviyyəsinə yiyələnmək, əməkdaşlıq etməyi bacarmaq, davranışın ixtiyariliyi, oxumağa arzu və maraq.
Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur.
Bəs məktəbə psixoloji hazırlıq üçün bütün bu qeyd olunanların inkişaf səviyyəsi necə olmalıdır?
Burada birinci növbədə sensor (duyğu və qavrayışın) inkişafının müvafiq səviyyədə olması zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı, predmetliliyi lazımi səviyyədə olmalıdır. Məktəbə daxil olan uşaq cisimlərin və onların xassələrinin identikliyini müəyyənləşdirməyi bacarmalıdır. Uşaq rəngləri, cisimlərin forma və həcmini fərqləndirməyi bacarmalıdır. Təcrübə göstərir ki, çox vaxt məktəbə daxil olan uşaqlarda bu cür bacarıq, başqa sözlə, qavradıqları cisimləri məqsədəuyğun təhlil və fərqləndirmə bacarığı formalaşmadığına görə təlimdə ciddi çətinliklərlə qarşılaşırlar. Ona görə də təlim fəaliyyəti prosesində uşaqlarda həmin bacarıqları formalaşdırmaq, onları müşahidə etməyə alışdırmaq zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı, predmetliliyi lazımi səviyyədə olmalıdır.
Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xarakter daşımalı, onun həcmi, davamlılığı, paylanması və keçirilməsi kifayət qədər inkişaf etməlidir. Altı yaşlı uşaq yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir işlə məşğul ola bilər ki, həmin iş onu maraqlandırsın, özünə cəlb etsin. Lakin bu yaş dövründə uşaqda ixtiyari diqqət hələ o səviyyədə formalaşmamışdır ki, onun üçün maraqlı olmayan bir cismin və ya hadisənin üzərində mərkəzləşməsini təmin etsin. Təlim fəaliyyəti isə ixtiyari diqqət olmadan keçə bilməz. Burada çox vaxt maraqlı olmayan, lakin zəruri tapşırıqları da yerinə yetirmək tələb olunur. Ona görə də təlimin ilk günlərindən müəllim şagirdlərdə ixtiyari diqqətin planlı şəkildə formalaşdırılmasına fikir verməlidir.
Altı yaşlı uşağın hafizəsini də diqqətində olduğu kimi səciyyələndirmək lazım gəlir. Uşaq öz parlaqlığı, qeyri adiliyi ilə diqqətini cəlb edən cisim və hadisələri asan və tez yadda saxlayır. Bu o deməkdir ki, bu dövrdə qeyri-ixtiyari hafizə üstünlük təşkil edir. Təlim fəaliyyətində isə ixtiyari hafizəyə istinad olunması zəruridir. Məhz buna görə də məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarakter daşımaqla, uşaq yaddasaxlamanın səmərəli yollarından istifadə etməyi bacarmalıdır. Lakin təcrübə göstərir ki, uşaqlarla xüsusi şəkildə iş aparılmadıqda bu cür bacarıqlar çətin formalaşır.
Məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarakter daşımaqla, uşaq yaddasaxlamanın sadə səmərəli yollarından istifadə etməyi bacarmalıdır.
Məktəbə daxil olarkən uşağın təxəyyülü də inkişaf etməlidir. Xüsusilə uşaqlarda təsvir əsasında təxəyyül surətləri yaratmaq bacarığı, başqa sözlə, bərpaedici təxəyyül müvafiq səviyyədə olmalıdır.
Uşağın məktəbə psixoloji hazırlığı üçün təfəkkürün inkişafı xüsusi əhəmiyyətə malikdir. Məktəbə yeni gələn uşaqlarda təfəkkürün əyani-əməli, əyani-obrazlı və sözlü məntiqi növlərinin hər üçü lazımi səviyyədə inkişaf etməlidir. Bu dövrdə uşaqlarda təfəkkürün prosesləri də müvafiq səviyyədə inkişaf etməlidir. Uşaqlar öz idrak obyektlərinə tənqidi yanaşmağı və müstəqil fikirləşməyi bacarmalıdırlar.
Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikrini ifadə edə bilsin. Uşağın nitqindəki qüsurlar onun təlim fəaliyyətini çətinləşdirir.
Uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının olması da məktəbə psixoloji hazırlığın əsas şərtlərindəndir. Bununla yanaşı olaraq uşaqlarda təlim motivi kimi müvəffəqiyyət qazanmağa tələbat, müvafiq özünüqiymətləndirmə və iddia səviyyəsinin inkişafı da zəruridir.
Məktəbə təzəcə gələn uşaq tamamilə yeni mühitə, yeni əhatə dairəsinə daxil olur. Ona görə də burada uşağın düşdüyü yeni mühitdə həmyaşıdları və böyüklərlə ünsiyyətə girə bilmək bacarığına yiyələnməsi də zəruridir.
Bütün bunlarla yanaşı uşaqlarda müvafiq qabiliyyətlərin və xarakter əlamətlərinin inkişafı da məktəbə psixoloji hazırlıq üçün əsas şərtlərdən hesab olunur.
Dostları ilə paylaş: |