Erkən uşaqlıq yaşının xüsusiyyətləri. Erkən uşaqlıq dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaqlar öz tələbatlarını əşyavi-manipulyativ fəaliyyətin köməyi ilə ödəyirlər. Erkən uşaqlıq dövrü özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə şəxsiyyətin və fəaliyyət subyektinin formalaşması üçün zəmin yaranır. Hələ körpəlik dövrünün sonunda (11-ci aydan) uşaq nitqin fonetik quruluşuna, yiyələnməyə başlayır, getdikcə söz ehtiyatı artır və üçüncü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10 aylıqdan başlayaraq uşaq ayrı-ayrı sözləri cümlədə birləşdirməyə başlayır. Nitqin inkişafı əsasında uşaq əşyaları ən parlaq zahiri əlamətlərinə görə qruplaşdırmağa başlayır. Bunu ümumiləşdirmənin ilkin mərhələsi kimi qeyd etmək mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan hafizə (tanıma şəklində), əyani-əməli təfəkkür, diqqət, qavrayış fəal şəkildə inkişaf etməyə başlayır. İkinci yaşda uşaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə, üçüncü yaşda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə yanaşı qavranılmış əşyaların xatırlanması da inkişaf edir.
Erkən uşaqlıq dövründə nitqin inkişafı ilə bağlı olaraq təfəkkür,xüsusilə əyani-əməli təfəkkür də inkişaf edir. Lakin bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uşaqların fikri fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən uşaqlıq yaşında diqqətin yeni xüsusiyyətləri özünü göstərir. Uşağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol oynayır. Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlməsinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı təsir göstərir. Böyüklərin tələbi ilə uşaqlarda ixtiyari diqqətin inkişafı üçün şərait yaranır.
Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. Nəticədə uşaqda ixtiyari qavrayışın - müşahidənin inkişafı üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil etməsi əsas rol oynayır.