VI.20.2. Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin inkişafı
Kiçik məktəb yaşı dövründə məktəbə daxil olmaqla əlaqədar idrak prosesləri möhkəmlənir və inkişaf edir. L.S.Vıqotskinin fikrincə bu proseslər kiçik məktəb yaşının sonunda “təbii” proseslərdən “mədəni” proseslərə çevrilməlidir, daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi funksiyalara çevrilməlidir. Buna uşağın həmin yaş dövründə məktəbdə və ailədə məşğul olduğu əsas fəaliyyət növləri: təlim, ünsiyyət, oyun və əmək fəaliyyətləri imkan yaradır.
Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ reproduktiv xarakter daşıyır. I-II sinif şagirdlərinin qavrayışları azfərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olur. Bu dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I - II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə də bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirir. Bu zaman xarici, bilavasitə nəzərə çarpan əlamətlərə görə qavramaya daha çox üstünlük verilir. Cisimlərin mahiyyətinin dərindən təhlili və dərk olunması uşaq üçün hələ çətindir. Ona görə də kiçik məktəb yaşının əvvəllərində şagirdlərin qavrayış prosesi qavranılan obyekti yalnız tanımaq və sonra onu adlandırmaqla məhdudlaşır.
Bu dövrdə şagirdlərin qavrayışı üçün xarakterik cəhətlərdən biri də oxşar obyektləri qavramalarındakı qeyri dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması şagirdlərin oxşar cisim və hadisələrə eyni əhəmiyyət vermələrinə və onları eyni cür qavramalarına səbəb olur. Buna görə də bu dövrdə müəllimin müvafiq iş aparmasına böyük ehtiyac hiss olunur.
III-IV siniflərdə qavrayış produktiv xarakter daşımaqla, təlim fəaliyyətinin təsiri altında daha məqsədəyönəlmiş, ixtiyari olmağa başlayır. İxtiyari qavrayış olan müşahidə inkişaf edir. Müşahidənin təsiri altında qavrayış prosesi məqsədəmüvafiq, planlı və adekvat xarakter daşımağa başlayır.
Təcrübə göstərir ki, kiçik yaşlı məktəblilərdə təlim və tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir. Lakin bu zaman qavrayışın həmin növlərinin inkişafı bir sıra çətinliklərlə müşayət olunur. Kiçik məktəblilərin, xüsusilə I-II sinif şagirdlərinin zaman haqqında təsəvvürləri olduqca konkret xarakter daşıyır. Uşaqlar yalnız öz həyatlarında rast gəldikləri zaman münasibətlərini bilirlər. Onlar yalnız saatın, gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.
Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının təkmilləşməsi baş verir.
Kiçik məktəb yaşı dövründə uşaqlarda diqqətin inkişafında da özünəməxsus dəyişiklik baş verir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilərin diqqəti ilk gündən seçici xarakter daşımağa başlayır, daha doğrusu, uşaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim və hadisələrə yönəlir. Bu baxımdan birinci-ikinci sinif şagirdləri üçün müəllimin onların diqqətini yönəltdiyi sahə əhəmiyyətlilik kəsb edir.
Məktəb təcrübəsi göstərir ki, yeknəsək xarakterli işin yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna, bu da öz növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci sinif şagirdlərinin diqqəti yüksək emosional təəssürata malik olmaları ilə bağlı olur. Ona görə də bu yaşda uşaqların diqqəti onlar üçün çox maraqsız, cansıxıcı görünən işlərdən asanlıqla yayınır. Ona görə də bu dövrdə şagirdlərin diqqətini əsas detallara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir.
Kiçik məktəb yaşı dövründə qeyri ixtiyari diqqət hələ nisbətən üstünlük təşkil etsə də ixtiyari diqqət əsaslı şəkildə inkişaf etməyə başlayır. Kiçik məktəb yaşının sonunda - IV sinifdə diqqətin həcmi və davamlılığı, keçirilməsi və mərkəzləşməsi demək olar ki, əsasən böyüklərdə olan səviyyəyə çatır. Diqqətin keçirilməsi bu dövrdə hətta orta hesabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. Bu, orqanizmin cavanlığından və uşağın mərkəzi sinir sistemində proseslərin mütəhərrikliyindən asılıdır.
Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ də “uşaqlıq” əlamətləri qalır. Belə ki, uşaqların diqqətini ən çox onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan cisim və hadisələr cəlb edir.
Kiçik məktəb yaşı dövründə hafizə də öz inkişafını davam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təşkil edir. Bu dövrdə uşaqlar hər cür materialı asanlıqla əzbər öyrənə bilirlər, ona görə də əzbər öyrənməyə meylli olurlar. Bunun müəyyən əhəmiyyəti olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz. Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən bilmək yaxşıdır. Lakin təcrübəli müəllim vurma cədvəlini əzbərdən öyrənməyi tapşırmazdan əvvəl cədvəlin strukturunu ətraflı izah edir, onun hansı prinsip üzrə tərtib olunduğunu uşaqlara başa salır. Öyrənmə bu şəkildə təşkil olunduqda əgər şagird, məsələn, yeddi dəfə səkkiz neçə etdiyini yaddan çıxarıbsa, özünü itirmir. O, yeddi dəfə yeddinin neçə etdiyini yada salır və buna yeddi əlavə edir.
Çox vaxt birinci-ikinci sinif şagirdləri materialı hərfən yadda saxlamağa çalışırlar. Bu, həmin yaşda şagirdlərin oxuduqlarını və eşitdiklərini öz sözləri ilə ifadə edə bilməmələri ilə izah oluna bilər. Burada nitqin lazımi səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrəndiyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya bilər.
Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə birinci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstünlük təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda saxlayırlar.
Kiçik məktəb yaşlı uşaqlarda məntiqi hafizə nisbətən zəif inkişaf etmiş olur. Birinci-ikinci sinif şagirdlərindən fərqli olaraq üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa çalışırlar ki, sonradan onu öz sözləri ilə danışa bilsinlər. Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan məntiqi hafizə inkişaf edir. Birinci sinifdən başlayaraq məktəbdə təlim prosesində uşaqlara xüsusi şəkildə mnemik tərzlər öyrədildikdə məntiqi hafizənin məhsuldarlığı xeyli yüksəlir.
Məktəbə təzə gələn uşaqlar ən çox parlaq, emosional təəssürat yaradan materialı yaxşı yadda saxlamağa daha çox meylli olurlar. Sonrakı siniflərdə, xüsusilə IV sinifdə bu hal əsasən aradan qalxmış olur.
Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və biliyinin artması nəticəsində onda təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bununla belə kiçik məktəb yaşının əvvəllərindən uşaqların təxəyyül surətləri hələ də az davamlı olub, qavrayışa əsaslanmaqda davam edir.
Bərpaedici təxəyyül kiçik yaşlı məktəblinin fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materialını mənimsəməsini asanlaşdırır.
Ə.Əlizadənin tədqiqatları göstərmişdir ki, kiçik məktəblilərin təxəyyülü, hər şeydən əvvəl, emosional xarakter daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq təxəyyül surətləri yaranır. Kiçik məktəblinin təxəyyülü müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən hadisəni aydın təsəvvür edə bilmir. Kiçik məktəblilər baharda baharı, qışda qışı təsvir edən mətnləri daha yaxşı mənimsəyir. Çünki bu zaman təxəyyül şagirdin xarici aləmdən aldığı yeni, parlaq və canlı təəssüratdan daha səmərəli şəkildə istifadə edir.
Kiçik məktəb yaşı dövründə təfəkkür də özünəməxsus xüsusiyyətlərə malik olur. İlk dövrlər əyani-əməli təfəkkür özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü məntiqi təfəkkürün inkişafı üçün müvafiq şərait yaranır.
Kiçik məktəb yaşının əvvəllərində hələ də ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük verilir. Getdikcə mühüm əlamətlər üzrə ümumiləşdirmə və müqayisəyə meyl artır. Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmənin perseptual və konseptual səviyyəsi inkişaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır. (Ə.Qədirov).
Kiçik məktəb yaşı dövründə uşaqlarda təfəkkürün keyfiyyətləri inkişaf edir. Ə.Bayramovun tədqiqatları göstərmişdir ki, əlverişli şərait yaradıldıqda, hətta I-II sinif şagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, oradan müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə qabil olurlar. Bununla belə kiçik məktəb yaşlı uşaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.
Bu sahədə şagirdlər arasında bir sıra fərdi fərqlər özünü göstərir. Professor Ə.Bayramovun tədqiqatları kiçik məktəbliləri təfəkkürün tənqidiliyinin inkişaf xüsusiyyətlərinə görə aşağıdakı qruplara ayırmağa imkan vermişdir:
1) heç bir təhrik olmadan tənqidi düşünən şagirdlər. Bu cür şagirdlər heç bir təhrik olmadan, müstəqil şəkildə öz idrak obyektlərinə tənqidi yanaşır və buradakı qüsurları, uyğunsuzluqları görə bilirlər.
2) qismən təhriklə tənqidi düşünən şagirdlər. Bu cür şagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya çatışmazlıq olduğunu dedikdə onu asanlıqla müəyyənləşdirə və düzəldə bilir.
3) tam təhriklə tənqidi düşünən şagirdlər. Bu cür şagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə qüsurları müəyyənləşdirə və aradan qaldıra bilirlər.
4) heç cür təhriklə belə tənqidi düşünə bilməyən şagirdlər. Bu cür şagirdlərdə təfəkkürün ümumi inkişafı aşağı səviyyədə olur.
Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası məhz bu dövrdən başlanır. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən ilk dövrlər yalnız təsadüfi, zahiri formal əlamətə görə ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generalizasiya hadisəsi ilə nəticələnir. Təlim prosesində müqayisəli işə geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına imkan verir (M.Ə.Həmzəyev).
Şagirdlər qrammatik və orfoqrafik qaydalara yiyələndikdə onlarda həm şifahi, həm də yazılı nitq inkişaf edib zənginləşir.
Dostları ilə paylaş: |