VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaşması
Ünsiyyət tələbatı. Yeniyetmə yaşında şəxsiyyətin formalaşmasında əsaslı dəyişiklik baş verir. Görkəmli psixoloq K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik dövründə mühüm proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin həyati aləminin, ünsiyyət sahəsinin, qrup mənsubluğu və insanların tiplərinin genişlənməsindən ibarətdir. Burada yeniyetmədə ünsiyyət tələbatının meydana gəlməsi xüsusi rol oynayır. Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi, həmyaşıdlar kollektivinə meyl son dərəcə aydın təzahür edir. Ünsiyyət fəaliyyətinin obyekti həmyaşıdlardan ibarət olur. Yeniyetmə ünsiyyət fəaliyyəti prosesində ictimai-əxlaqi münasibət normalarını mənimsəyir.
Yeniyetmə yaşında həmyaşıd uşaqların psixoloji intelektual cəhətdən bir-birinə uyğunlaşmasını asanlaşdıran şərait yaranır. Yeniyetmə yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini müəyyənləşdirir: sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxsi dost.
Yeniyetmənin yaxın yoldaşları və dostları ilə ünsiyyəti sadəcə olaraq təlim fəaliyyəti hüdudları ilə məhdudlaşmır, həyatının bir çox sahələrini əhatə edir. Yeniyetmələrin həmyaşıdları ilə ünsiyyəti təlimə olan münasibəti ikinci plana keçirir. Hətta yoldaşları ilə ünsiyyətə nisbətən doğma adamlarla ünsiyyətin rolu xeyli azalır. Yeniyetmə belə hesab edir ki, həmyaşıd uşaqlarla münasibətlər onun şəxsi münasibətidir, heç kəsin buna qarışmağa haqqı yoxdur. Ona görə də yeniyetmənin dostları onun üçün referent qrupa çevrilir.
Yeniyetmənin ünsiyyət fəaliyyətinin mühüm sahələrindən birini də “oğlan-qız” tipli münasibətlər təşkil edir. Bu dövrdə oğlan və qızlar bir-birilə maraqlanmağa başlayırlar. Onlarda bir-birinin xoşuna gəlmək arzusu yaranır. Bununla belə kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ ambivalent xarakter daşıyır: onlar bir tərəfdən, bir-biri ilə maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Tədricən bu cür xüsusiləşmə meyli aradan qalxır.
Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Kiçik məktəblidən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda, özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz “mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun formalaşması onun öz davranışını, mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların mülahizələri təşkil edir. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır.
Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub saxlamağa çalışmaqla refleksiya əsasında mənlik şüurlarını, «mən» obrazını, «real» və «ideal mənin» əlaqəsini formalaşdırır və inkişaf etdirirlər.
Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünüqiymətləndirmə və özünəmünasibətin formalaşması baş verir. Mövcud psixoloji ədəbiyyatda yeniyetmələrin özünüqiymətləndirmələrinin aşağıdakı tipləri qeyd olunur: