1.Uşağın «özünüqiymətləndirməsi» ananın verdiyi qiymətin birbaşa təkrarı kimi özünü göstərir. Adətən uşaqlar özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd etdikləri kefiyyətləri görürlər. Əgər valideynlər tərəfindən neqativ surət təlqin olunur və uşaq bu nöqteyi nəzəri qəbul edirsə, onda özünün yararsızlıq, pislik hissinə üstün gəlməsinə qarşı davamlı neqativ münasibət formalaşır. Uşağın ailədən kənar sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü nüfuzu sayəsində verdiyi qiymət onun üçün yeganə daxili özünüqiymətləndirməsinə çevrilir.
Bu cür özünüqiymətləndirmənin ciddi qüsuru ondan ibarətdir ki, (əgər pozitiv xarakter daşısa belə) ciddi qüsurlarla nəticələnə bilir. Bu zaman uşağın özünə qarşı stabil pozitiv münasibətini təmin edə biləcək daxili şəxsi kriteriyaların yaranmasına mane olur.
2. Ziddiyyətli komponentlərdən ibarət olan qarışıqözünüqiymətləndirmə. Bu bir tərəfdən müvəffəqiyyətli sosial qarşılıqlı təsir təcrübəsi sayəsində yeniyetmədə formalaşan özünün «mən» obrazı, ikinci tərəfdən, valideynin uşağı necə qiymətləndirməsi ilə bağlı formalaşır. Bu zaman «mən» obrazı ziddiyətli xarakter daşıyır.
3. Yeniyetmə valideynlərinin onun haqqında dediklərini xatırlayır, lakin ona başqa qiymət verir. O, tərsliyi xaraktersizlik kimi qəbul etmir. Belə ki, bu yaşda olan yeniyetmə üçün böyüklərin onu bəyənməsi vacibdir. Lakin eyni zamanda onlara qulaq asmaq öz müstəqilliyini, «mən»ini itirməsini bildirir. Həmin konflikti valideynlərin tələblərinə cavab verməyin mümkünsüzlüyü və öz «mən»ini saxlaması kimi hiss etməsi yeniyetmənin özünü «pis», lakin güclü kimi qiymətləndirməsinə gətirib çıxarır.
4. Yeniyetmə valideynlərinin fikrinə qarşı mübarizə aparır, lakin bununla belə özünü həmin sərvətlər çərçivəsində qiymətləndirir. Bu kimi hallarda yeniyetmə özünüqiymətləndirmə zamanı valideynlərinin real qiymətini deyil, ideal gözləmələrini nəzərdə tutur.
5. Yeniyetmə özünüqiymətləndirmə zamanı valideynlərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni zamanda bildirir ki, o elə bu cür də olmaq istəyir. Valideynlərin tələblərinin bu cür rədd edilməsi ailədə olduqca gərgin münasibətlərin yaranmasına gətirib çıxarır.
6. Yeniyetmə valideynlərinin neqativ qiymətini görmür, hiss etmir. Gözlənilən qiymət özünüqiymətləndirmədən xeyli yüksək olur. Halbuki valideynlərin real qiyməti neqativ xarakter daşıyır. Valideynləri tərəfindən real şəkildə rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik şüurunda valideyn münasibətlərini, əgər o, valideynlərinin sevimlisi olsaydı onların münasibətlərinin necə ola biləcəyi formasında dəyişdirir.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş verir. bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol oynayır. Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird kollektivinin də müstəsna rolu vardır.
Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiyyət meydana çıxır: 1) bu dövrdə ictimai davranışla bağlı norma və qaydalar, insanların bir-birilə qarşılıqlı münasibətilə bağlı normalar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən asılı olmayaraq nisbətən sabit əxlaqi görüşlər, hökmlər və qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə başlayır.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik yaşı dövründə özünəməxsus «əxlaq məcəlləsi» əmələ gəlir (Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini tənzim etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaş yoldaşının hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir. Professor Ə.Əlizadənin qeyd etdiyi kimi, hörmət, qayğı, müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz mənası, öz təfsiri var. Bu yozuma görə dərs vaxtı, imtahan zamanı yoldaş yoldaşa şpalqalka ötürməlidir, nəyin bahasına olur-olsun onun tərəfini saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt «sanqsiyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır. Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə, öz qüsurlarını aradan qaldırmasına təkan verir.