VI.21.3. Yeniyetmələrdə yaşlılıq hissi və meylinin formalaşması
Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır. Yeniyetmənin özünüdərketməsi nəticəsində onun şəxsiyyətində keyfiyyətcə irəliləyiş baş verir. Ona görə də yeniyetmə özünü artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ gəlir ki, ətrafdakılar onlara uşaq kimi deyil, yaşlı adam kimi yanaşsınlar. Bununla əlaqədar olaraq yeniyetmə müstəqilliyə meyl edir. Lakin bu dövrdə uşağın müstəqilliyə artan tələbatı ilə bu müstəqilliyi həyata keçirmək imkanları arasında ziddiyyət yaranır. Bu cür ziddiyyətin yaranmasında çox vaxt böyüklər xüsusi rol oynayır. Belə ki, böyüklər yeniyetməni hələ də uşaq hesab edir və ona həmin tələblərlə yanaşır. Belə olduqda yeniyetmə bir növ böyüklərə öz etirazını bildirir. Bu zaman böyüklər yeniyetməyə qarşı öz münasibətini dəyişmədikdə uşaq da müxtəlif yolla ona qarşı durur. Bu cür ixtilaf yeniyetmənin sözə baxmamasına, böyüklərə qarşı durması hallarına gətirib çıxarır.
Yeniyetməlik dövründə yaşlılıq hissi və meylinin yaranması və formalaşması müxtəlif amillərin təsiri altında baş verə bilər.
Yaşlılıq hissinin yaranması birinci növbədə uşağın fiziki inkişafındakı dəyişikliklərlə bağlı olur. Uşağın xarici görkəmi böyüklərin xarici görkəminə oxşamağa başlayır. Boyları, gücləri artır. Bu dəyişikliyi görən və özünü böyüklərlə müqayisə edən yeniyetmədə yaşlılıq meyli yaranmağa başlayır.
Yaşlılıq hissinin öz mənşəinə görə sosial xarakter daşıdığını da qeyd edirlər. Yaşlı adamlarla birgə fəaliyyət, onların etimadını qazanmaq uşaqda obyektiv sosial yaşlılıq statusunun yaranmasına, bu da öz növbəsində onun özü haqqında təsəvvürlərinin dəyişməsinə gətirib çıxarır.
Yeniyetmələrdə yaşlılıq hissinin yaranmasında onun düşdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox vaxt yaşca böyük uşaqların olması və onların yeniyetməni qəbul etməsi yaşlılıq hissini bir daha gücləndirir.
Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün davranış etalonu kimi seçdiyi nümunənin əhəmiyyəti böyükdür. Oğlanların formalaşan kişi idealının məzmununda “əsil kişayə” xas olan keyfiyyətlər yer tutmağa başlayır. Bu cür keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər tərəfdən dostluğa, yoldaşlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar başqa adamları və özünü qiymətləndirərkən məhz həmin keyfiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların da sərvət meylləri əsaslı şəkildə dəyişir. Onların davranış və rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm rol oynamağa başlayır.
Dostları ilə paylaş: |