Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bütün bunlar həmin dövrdə özünüdərketmə meylinin daha sürətlə inkişaf etdiyini göstərir. Bu dövrdə gənclər özlərini, öz şəxsiyyətlərini yaxşı anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri dəyişir. Onlar bir növ öz mənlərini dərk edirlər. bu dövrdə məktəblilərdə özünüdərketmənin inkişafı ilə yanaşı mənlik şüurunun məzmunu da dəyişir, özləri haqqında təsəvvürləri artır. Oğlan və qızlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Zahiri görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə narahat edir. İlk gənclik dövründə gənclər özlərini qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri haqqında müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar özünü göstərə bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz «mən»inin, öz şəxsiyyətinin davamlı obrazının yaranmasıdır. Bu dövrdə özünüdərketmənin, mənlik şüurunun inkişafı bir neçə istiqamətdə baş verir.
Birinci növbədə gənclərin öz daxili aləmləri açılır. Gənc oğlan və qızlar öz emosiyalarını ətrafda baş verən hadisələrin doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti kimi qavramağa başlayırlar. Öz xüsusiyyətlərini, başqalarına oxşamamalarını hiss etmək baş verir, eyni zamanda təklik hissi özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və ya çox real fəaliyyət planlarını hazırlamağa başlayır və bunlardan birini seçməli olurlar. Gənclərin həmin həyati planları onların bütün özünütəyin sahələrini: mənəvi simalarını, həyat tərzlərini, iddia səviyyələrini, peşə və həyatda öz yerlərini seçmələrini əhatə edir. Öz məqsədlərini, həyati niyyətlərini, həyati planlar qurmalarını dərk etmələri onların özlərini dərk etmələrinin, mənlik şüurlarının mühüm elementini təşkil edir.
Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haqqında tam təsəvvür formalaşır. İnsanın özünə münasibəti, birinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-psixoloji, əqli, iradi keyfiyyətlərini dərk etməsi əsasında yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli olur.
Müxtəlif fəaliyyət növlərində əldə edilmiş nəticələrin təhlili, onun haqqında başqa adamların fikirləri və özünümüşahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləşmiş münasibət yaranır.
İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.