VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsi problemi
Tərbiyə işinin metodları və formalarının psixoloji əsasları. Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün psixoloji cəhətdən zəruri olan şərtlərdən biri tərbiyəvi işin metod və formalarının düzgün seçilməsindən ibarətdir. Ona görə də tərbiyəçilərdən biri müvafiq metod və formalardan istifadə etdiyinə görə onun tərbiyəvi tədbiri səmərəli nəticə verir. Əksinə, başqa birinin tərbiyəvi metodlardan düzgün istifadə etməməsi nəinki şagirdin davranışındakı qüsurların aradan qalxmasına səbəb olmur, həm də həmin qüsurların daha dərin köklər salmasına, oraya yeni mənfi əlamətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq lazımdır ki, tərbiyəvi işin metod və formalarından həmişə şablon halında istifadə etmək mümkün deyildir. Ona görə də psixoloqlar tərbiyəvi metodları tətbiq edərkən aşağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər: birincisi, tərbiyə olunan şagirdin yaş və fərdi xüsusiyyətləri; ikincisi, şagirdin daxil olduğu uşaq kollektivinin xüsusiyyətləri; üçüncüsü, tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait. Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb təcrübəsi göstərir ki, heç də tərbiyəçilər, müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən müvafiq şəkildə istifadə edə bilmir, onun düzgün hesab etdiyi tərbiyəvi üsul əksinə mənfi nəticələr verir. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti təkcə tərbiyəçinin öz təsirinə hansı məna verməsindən deyil, eyni zamanda tərbiyə olunanın onu necə, hansı mənada başa düşməsindən də asılı olur. Psixoloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı, müəllim və tərbiyəçilər öz təsirlərində bir məna, şagird isə tamamilə başqa bir məna görür. Yaşlılarla uşaqlar arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna maneəsi” adlanır. Bu cür “məna maneəsinin” yaranması tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır.
Məna maneəsi ilə müəllim və valideynlər hələ məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər. Uşaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha parlaq təzahür edir və çətinliklə aradan qaldırılır.
Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki, məna maneələrinin baş vermə səbəblərini bilməyən və bu cür maneələrin yaranmasının qarşısını almağa çalışmayan tərbiyəçi qarşısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə çətinlik çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalışaq.
Zahirən məna maneələri onunla xarakterizə olunur ki, sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir.
Lakin həmin sözün mənasını qavramır. Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi həm uşağın qarşısında hansı tələbi qoymasından asılı olmayaraq, konkret adamamünasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə özünü göstərə bilir.
Hər iki halda tərbiyəvi tədbirin metodlarından düzgün istifadə olunmaması faktı məna maneəsinin yaranmasına, nəticədə isə tərbiyəvi tədbirin təsirinin aradan çıxmasına səbəb olur.
Konkret adama münasibətdə məna maneəsinin yaranması ən çox tərbiyəçi tərəfindən uşağın davranış motivinin nəzərə alınmaması, uşaqda olmayan motivi bir növ ona bağlamaq nəticəsində baş verir. Məsələn, uşaq xəstəliyinə görə dərsdən gedir. Müəllim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə cəzalandırır. Yaxud, onu təhqir edən yoldaşlarına qarşı cavab qaytaran uşağı da o birisi kimi intizamsız, xuliqan adlandırır. Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə, tərbiyəçiyə qarşı məna maneəsi yaranır. Nəticədə həmin müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz tələb kimi qarşılanır.
Lakin konkret adama qarşı məna maneəsi müəllim tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, şagirdin öz davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yarana bilər. Məsələn, müəllim tapşırığı yerinə yetirməyən şagirdi haqlı olaraq danladığı, cəzalandırdığı halda, şagird kitabı olmadığına görə cəzalandırmanın ədalətsiz olduğunu zənn etməsi sayəsində yaranan məna maneəsini buna misal göstərmək olar.
Konkret tələbə münasibətində özünü göstərən məna maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. Məsələn, tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi dəfələrlə təkrar edir. Nəticədə bu cür tələblərə uşaq o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması şagirdlərlə aparılan tərbiyə işinin çətinləşməsinə, bir növ nəticəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını almağa çalışmalıdır. Bu cəhətdən müəllim üçün əsas problem zəruri təsir vasitəsini seçmək deyil, həm də şagirdin rəftar və davranışının motivlərini, onun baxışlarını, münasibətlərini bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır.
Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi işlərin mühüm yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Şagirdlərin əxlaq tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi üçün istər fərdi, istərsə də kollektiv şəkildə aparılan əxlaqi söhbətlər zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır.
Əxlaqi söhbətlərin məzmunu şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır.
Söhbət aparılan kollektivi, onların istiqamətini, qarşılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı bilmək və nəzərə almaq lazımdır.
Söhbəti konkret bir səbəblə, ölkənin və kollektivin həyatında baş verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə əlaqələndirərək, onlarla bağlı şəkildə təşkil eləmək zəruridir.
Söhbətə aydın, konkret misallardan başlamaq daha münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inandırıcı faktlardan, misallardan istifadə edilməlidir.
Bu zaman məharətlə çatdırılan, təhlil edilən mənfi nümunələr də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Məsələn, borc hissindən danışarkən eqoizimin nə qədər çirkin keyfiyyət olduğunu konkret misallarla açıb göstərmək faydalı olur.
Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəallıq yaratmaq, onları canlı fikir mübadiləsinə cəlb etmək onlarda fikir oyatmaq, əxlaq məsələləri üzərində düşünməyə məcbur etmək lazımdır.
Şagirdlərin şüuruna çatdırılan məsələlərin yaxşı əsaslandırılması da böyük əhəmiyyətə malikdir. Bu cəhətə əməl olunması xüsusilə yeniyetmə və böyük məktəblilərlə iş zamanı daha çox zərurət təşkil edir.
Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, emosional və canlı keçirsin.
Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yollardan biri də müəllimin, tərbiyəçinin şəxsi nümunəsindən düzgün istifadə olunmasından ibarətdir. Adətən, kiçik məktəblilər çox vaxt müəllimi təqlid edir, ona oxşamağa çalışırlar. Lakin bəzən bunu şüursuz, düşünmədən edirlər. Bəzən də özlərindən asılı olmayaraq onun xarici davranış tərzini bir növ yamsılayırlar. Yeniyetmələr və böyük məktəblilər isə çox vaxt nümunədən şüurlu olaraq istifadə edirlər. Özünü artıq böyük hesab etməyə başlayan yeniyetmə böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd göstərir. Ona görə də yeniyetmələrdə onları əhatə edən adamların (xüsusilə onlara yaxın və əziz olan adamların) davranışına qarşı kəskin maraq və diqqət yaranır. Böyüklərin bu və ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox vaxt onların mənfi keyfiyyət və hərəkətlərini də təkrar edir. Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi təqdim etməsi zəruridir.
Şagirdlərin şəxsiyyətini tərbiyə edərkən, şübhəsiz onun birdən-birə, bütün hallarda düzgün davranış forması seçəcəyini gözləmək olmaz. Bəs onda şagirdin davranışı necə təshih olunmalıdır? Şagirdlərin davranışını istiqamətləndirmənin, təshih etmənin ən təsirli yolları onun təriflənməsi və məzəmmət olunması, rəğbətləndirilməsi vəcəzalandırılmasından ibarətdir.
Təriflənmə, rəğbətləndirmə davranışın düzgün motiv və formalarını möhkəmləndirməyə xidmət edir. Məzəmmət və cəzalandırma isə, mənfi təhriklərin və düzgün olmayan davranış formalarının qarşısını alır, onları ləngidir. Lakin tərbiyə zamanı bunlardan düzgün istifadə olunmalıdır. Təriflənmə, rəğbətləndirilmə nə şişirdilməməli, nə də lazım olduğundan aşağı səviyyədə olmamalıdır. Adətən, şagirdin bu və ya digər davranış tərzi həddindən artıq şişirdildikdə onda yersiz bədgumanlıq, lovğalıq keyfiyyəti yarana bilər. Məzəmmət və cəzalandırma da şagirdin günahının dərəcəsinə uyğun, ədalətli olmalıdır.
Nəhayət tərbiyəvi işin mühüm formalarından biri də özünütərbiyədir. Sonrakı bölmədə özünütərbiyədən geniş bəhs etdiyimizə görə bir daha onun üzərində dayanmırıq.