VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri
Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, məktəbin və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəlcədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyüməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir. Ona görə də bu proses özünün xüsusi psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin mahiyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunanyollar. Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onun fəaliyyətinin düzgün təşkili, şagirdin əxlaqi davranış təcrübələri toplaması tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bu baxımdan şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Buradan tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir tələb-şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Psixoloji tədqiqatlar sübut etmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər.
Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda belə bir müddəa irəli sürülür ki, tərbiyə işində başlıca cəhət düzgün davranış motivlərinin yaranmasına, əməli işdə əsas tutulmasına və bütün oxşar situasiyalarda şagirdin eyni dərəcədə əxlaqi davranmasına nail olmaqdır.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən, konkret şərait nəzərə alınmadan tətbiq olunan şablon tərbiyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qabaqcadan görə bilir. Ona görə də daha səmərəli, şəraitə daha uyğun tərbiyəvi tədbirin həyata keçirilməsi mümkün olur.
Bununla əlaqədar olaraq tərbiyə işini düzgün təşkil etmək üçün “İnkişafın sosial şəraitinin” (L.S.Vıqotski) nəzərə alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz şagirdlərinin inkişafının sosial şəraitini aşkara çıxarmalı, tərbiyə işini ona uyğunlaşdırmalıdır.
Tərbiyəçi uşağın inkişafının sosial şəraitini öyrənmək üçün ilk növbədə onun yaşadığı obyektiv şəraitlər sistemini, digər tərəfdən onun həmin şəraitə münasibətinin xarakterini aşkara çıxarmalı və təhlil etməlidir. Bu ona görə zəruridir ki, həyat şəraiti şagird şəxsiyyətinin formalaşmasını bilavasitə, avtomatik olaraq birbaşa təyin etmir, o, uşağın həmin şəraitdə hansı qarşılıqlı münasibətdə, qarşılıqlı təsir prosesində olmasından asılıdır.
Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin düzgün müəyyənləşdirilməsindən ibarətdir. Tərbiyəçi son nəticədə nəyə nail olacağını aydın dərk etmədən, başqa sözlə qarşısına konkret məqsəd qoymadan yüksək müvəffəqiyyətə nail ola bilməz. Məqsəd aydın olduqda isə onun həyata keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və tətbiqi də mümkün olur.
Tərbiyə prosesində nəzərə alınması zəruri olan cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti ilə əlaqələndirilməsindən ibarətdir. Hər bir yaş dövründə o dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə həmin fəaliyyət prosesində müvafiq tərbiyəvi iş aparmaq mümkündür. İstər oyun, istər təlim, istərsə də əmək fəaliyyəti elə təşkil edilməlidir ki, şəxsiyyətin formalaşmasına, onda müsbət keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın.