Gənc nəslin tərbiyəsində ailənin rolu. Uşağın münasibətlərdə olduğu ilk qrup ailədir. Uşaq ilk növbədə ailədə tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqe həmin tərbiyədən çox asılıdır.
Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan şəxsiyyətin formalaşmasında əsas vasitə olmuşdur. Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvi ailəni uşağın ilk tanış olduğu ictimai mühit adlandırmışdır. Nizamiyə görə uşaqların həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsas olmalıdır.
Uşaqlara ictimai borcu şüurlu mənimsətmək, ictimai mənafeyin pozulmasına qarşı mübariz, ədalətli, əməksevər ruhda həyata vermək valideynin vətəndaşlıq borcuna sadiq qalması ilə şərtlənir, onun özünün cəmiyyətə münasibətini, cəmiyyətdə tutduğu mövqeyi müəyyənləşdirir.
Məhz ailə uşaq şəxsiyyətinin formalaşmasının ilk məktəbi olur. Böyüklərlə ünsiyyət prosesində uşaq tam bir əxlaqi sərvət və ideallar sistemini mənimsəyir. Bütün bunların formalaşmasında böyüklərin şəxsiyyətinin –xüsusiyyətləri, ailə üzvlərinin qarşılıqlı münasibəti əsaslı rol oynayır. Başqa sözlə, uşağın tərbiyəsi, onun şəxsiyyətinin inkişafı valideynlərinin şəxsiyyətinin necə formalaşmasından çox asılıdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, sən valideynlərin üçün nə etmisənsə, övladlarından da onu gözləməlisən. Çünki onun şəxsiyyətinin formalaşmasında sənin münasibətlərin öz əksini tapır. Başqa sözlə, uşaq öz valideynini bir nümunə kimi qavrayır, onun bütün münasibətlər sistemini mənimsəyir və öz davranışına daxil edir. Burada görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini xatırlamaq yerinə düşərdi. L.S.Vıqotski göstərir ki, uşağın gerçəkliyə münasibəti lap əvvəldən sosial münasibət xarakteri daşıyır. Uşaq artıq körpəlik dövründən böyüklərdən özünün ətraf mühitlə əlaqəsi üçün vasitəçi kimi istifadə etməyə başlayır. Bu prosesdə o, dilə yiyələnir. Ailənin yaşlı üzvləri əşyaların simvolik işarələri barədə uşağa biliklər verməklə həmin əşyalara və hadisələrə qarşı öz münasibətlərini də çatdırırlar. Beləliklə, tədricən uşaqda bilik, münasibət və təəssürat sistemi yaranır və uşaq şəxsiyyətinin sonrakı inkişafı bu zəmindən çox asılı olur. Ona görə də ailədə uşaqların tərbiyəsinə çox erkən, kiçik yaşlardan başlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzərinə düşür.
İnsan anadan olduğu gündən ömrünün axırına kimi bir çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Ona görə də valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidirlər ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin. Adətən, şəxsiyyətində mənfi keyfiyyətlər formalaşan adamdakı həmin keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uşaqların ailədə tərbiyəsi zamanı birinci növbədə onların davranış və rəftarlarında mənfi keyfiyyətlərin yaranmasının qarşısını almaq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır. Şübhəsiz, biz burada ailə tərbiyəsinin bütün məsələlərini geniş əhatə etmək fikrində deyilik. Bu işlə tərbiyə nəzəriyyəsi sahəsində çalışan mütəxəssislər məşğul olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır ki, ailədə uşaqların tərbiyəsi onların şəxsiyyətinin formalaşmasına xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. Bu mənada ailədə uşaqların əqli, əmək, əxlaqi, fiziki, estetik tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.