Multikulturalizmin mahiyyəti
Multikulturalizm”termini elmi ədəbiyyata təxminən XX əsrin 60-70-ci illərində daxil olmuşdur. Buna baxmayaraq indiyədək onun məzmununa dair müxtəlif fikirlər vardır. Bu termin müxtəlif mənalarda işlədilir. Bu isə öz növbəsində onun mahiyyətinin dərk olunmasını çətinləşdirir. Multikulturalizmin səmərəli tədris olunmasının əsas şərtlərindən biri onun mahiyyətinin düzgün dərk olunması ilə bağlıdır.
Multikulturalizm terminini geniş və dar mənalarda işlətmək olar. Sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından irəli gələrək vəçoxmədəniyyətlilik məfhumunun sinonimi kimi istifadə edilir. Məlum olduğu kimi, multikulturalizm sözü latıncadan tərcümədə “çoxmədəniyyətlilik”mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur.
Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyəti multikultural cəmiyyət adlandırırıq. Buna görə də sözün geniş mənasında müasir dövrdə əksər dövlətlər multikulturaldır.
Sözün dar mənasında isə multikulturalizm məhfumu cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti – müxtəlifliklərin qorunmasını əks edir.
Multikulturalizm etnik və dini azlıqlara münasibətdə tolerantlılıqla yanaşı onlara və onların etnik-mədəni dəyərlərinə hörmətlə yanaşmanı da ehtiva edir. Bunanla əlaqədar tanınmış britaniyalı tədqiqatçı Bhixu Parex qeyd edir ki, multikulturalizm şəraitində etnik və dini azlıqların tanınması tələbi tolerantlığı aşaraq cəmiyyətdə mövcud olan müxtəliflikləri qəbul etməyi, onlara hörmətlə yanaşmanı və hətta onları təsdiq etməyi nəzərdə tutur.
Multikulturalizm və interkulturalizm məfhumlarına gəldikdə isə qeyd etmək lazımdır ki, bəzən ədəbiyyatdabu məfhumları bir-biri ilə qarışdırırlar, hətta onları səhvən eyniləşdirirlər. Lakin bu, düzgün deyil. Belə ki, multikulturalizm və interkulturalizm məfhumları arasında müəyyən fərqli cəhətlər vardır.
Etnik-mədəni müxtəlifliklərin birgə yaşayışını, onlar arasında tolerantlığın, hətta qarşılıqlı hörmətin inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm bu müxtəliflikləri qabartmaqla bəzən cəmiyyətdə sosial fraqmentasiya, dezinteqrasiya hallarının yaranmasına səbəb olur. Nəticədə etnik-mədəni qruplar bir-birindən təcrid olurlar. Belə halların qarşısını almaq üçün etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin arasında dialoq və əməkdaşlıq münasibətləri inkişaf etdirilməlidir. Bu isə interkulturalizmlə bağlıdır. İnterkultural cəmiyyətdə hər bir etnik-mədəni qrup öz kimliyini qorumaqla digər etnik-mədəni qruplarla dialoq yolu ilə ümumi sosial-mədəni mühitin yaradılması naminə əməkdaşlıq edir. Yaradılan bu ümumi sosial-mədəni mühit cəmiyyətdəki inteqrasiya proseslərinin güclənilməsini təmin etməklə yanaşı etnik-mədəni müxtəlifliklərin qorunması və inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Bu isə etnik-mədəni qruplar arasında qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərini daha da gücləndirir. Başqa sözlə desək, interkultural cəmiyyət keyfiyyətcə yeni inkişaf mərhələsidir. Bu mərhələdə etnik, irqi, dini və mədəni qruplar bir-birinin etnik-mədəni dəyərlərinə hörmətlə yanaşmaqla yanaşı bir-birilə əməkdaşlıq edirlər. Bu isə öz növbəsində cəmiyyətdə inteqrasiya meyllərini möhkəmlədir.
Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi.
Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Bundan başqa, multikulturalizm bir sosial hadisə kimi öz əhəmiyyətinə görə sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların sırasına daxildir. Belə ki, hər bir etnik, irqi, dini və mədəni qrupun hüquq və azadlıqlarının qorunması, onların qanun qarşısında bərabər olmalarının təmin edilməsi həm sosial ədalətin tələblərinə, həm də demokratik cəmiyyətin normalarına uyğun gəlir.
Multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir göstərir: