Sosiologiya elmi multikulturalizmə bir sosial hadisə kimi yanaşaraq onun meydana gəlməsində mühüm əhəmiyyət kəsb edən faktorların rolunu müəyyən edir.
“Azərbaycan multikulturalizmi”fənninin üç əsas funksiyası vardır: idraki, proqnozlaşdırıcı və praktiki.
Fənnin idraki funksiyası ondan ibarətdir ki, biz onun vasitəsilə multikulturalizmin Azərbaycan ərazisindəki təzahürünü, başqa sözlə, Azərbaycan modelini, Azərbaycan multikulturalizminiöyrənərəkbu mənəvi “ərazini”hərtərəfli şəkildə dərk edirik. Daha konkret desək, bu fənn vasitəsilə multikulturalizmin Azərbaycanda meydana gəlməsinin və inkişafının səbəbləri, onun ədəbi-bədii, fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, müasir dövrdə onun ölkənin daxili və xarici siyasətində əks olunması, multikulturalizmin Azərbaycan modelinin digər mövcud modellərdən fərqli cəhətləri haqqında həm də müfəssəl məlumat əldə edirik. Eyni zamanda biz bu zaman Azərbaycana qonşu ölkələr haqqında da kontrastiv (müqayisəli) biliklərə malik oluruq.
“Azərbaycan multikulturalizmi”fənninin proqnozlaşdırıcı funksiyası ölkədəki multikultural durumun təhlili nəticəsində əldə olunan biliyin əsasında bu durumun inkişaf perspektivlərinin müəyyən edilməsi ilə bağlıdır.
Fənnin praktiki funksiyası isə ölkədəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin fəalyyətlərinin tənzimlənməsi, ümumiyyətlə multikultural durumun təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini göstərir.
“Azərbaycan multikulturalizmi”fənninin idraki, proqnozlaşdırıcı və praktiki funksiyalarının məzmunundan göründüyü kimi onlar bir-biri ilə sıx surətdə bağlıdır. Fənnin idraki funksiyası vasitəsilə əldə olunan bilik onun proqnozlaşdırıcı və praktiki funksiyalarının reallaşdırılması üçün zəmin yaradır. Fənnin proqnozlaşdırıcı funksiyası vasitəsilə ölkədəki mövcud multikultural vəziyyətdə baş verəcək dəyişikliklər qabaqcadan müəyyən edilir və praktiki funksiyanın vasitəsilə bu vəziyyətdə müvafiq islahatlar həyata keçirilir. Fənnin proqnozlaşdırıcı və praktiki funksiyalarının təsiri altında yeni yaranmış multikultural durum yenidən “Azərbaycan multikulturalizmi”fənni tərəfindən öyrənilir. Bu isə fənnin idraki funksiyası vasitəsilə həyata keçirilir.
“Azərbaycan multikulturalizmi”fənninin təhlil etdiyimiz idraki, proqnozlaşdırıcı və praktiki funksiyalarından irəli gələn fənnin idraki, proqnozlaşdırıcı və praktiki əhəmiyyəti ilə yanaşı, onun siyasi əhəmiyyətini də qeyd etmək lazımdır.
Fənnin siyasi əhəmiyyəti ondadır ki, o, obyektiv və subyektiv faktorların təsiri altında dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycandakı multikultural durum haqqında həqiqətləri yayaraq ölkəmizə qarşı bəzi dövlətlər, beynəlxalq və regional təşkilatlar tərəfindən aparılan qərəzli münasibətin aradan götürülməsinə kömək edir, Azərbaycana qarşı obyektiv münasibətin formalaşmasına öz bəhrəsini verir.
Multikultural təhlükəsizlik və onun əsas prinsipləri.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, bu, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir.
Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural təhlükəsizliyin prinsipləri aşağıdakılardır:
1. Cəmiyyət daxilindəki bütün konfessiyalara və onun nümayəndələrinə dövlət tərəfindən siyasi münasibətin bərabər şəkildə yönəlməsi. Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?
Bu sualın özü bir azərbaycanlı üçün qəribə səslənir. Çünki müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu ilə, mənəviyyatı ilə hiss edir. O, bunun səbəbini bilməyə bilər. Udduğumuz hava, içdiyimiz su kimi bu münasibət də bizim həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara eyni siyasi münasibət bəsləyir. Birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir. Və beləliklə: Multikultural təhlükəsizliyin əsas və ən vacib prinsiplərindən biri məhz ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdan doğur.
2. Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması ilə müəyyən edilir. Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udilər, inqloylar, buduqlar, xınalıqlılar, qrızlar, habelə yəhudilər, talışlar, ruslar, avarlar, ləzgilər, gürcülər, kürdlər, yaxın keçmişdə almanlarvə digər xalqlar və etnik qruplar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi sferada, təhsildə, mədəni-mənəvi müstəvidə, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Ölkədə məskunlaşmış bütün xalqların və etnik qrupların nümayəndələrinə dövlət tərəfindən bərabər, eyni münasibətin göstərilməsi bu prinsipin əsasını təşkil edir.
3. Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır.
Azərbaycanda bütün milli azlıqların dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməsi üçün şərait vardır. Bunun nəticəsində milli azlıqlar ölkə daxilində özlərini yad elementlər kimi hiss etmirlər.
Azərbaycançılıq və multikulturalizm
Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi durur. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi Azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında başlamışdır. Məlum olduğu kimi, o vaxt Azərbaycan Çar Rusiyasının bir əyaləti idi. Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti milli azlıqların ruslaşdırılması, diskriminasiyası və istimarına əsaslanırdı. Qeyd olunan vaxt Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi Azərbaycançılıq ideyasının formalaşmasının əsas hərəkətverici qüvvəsi idi.
Tanınmış türk sosioloquZiya Göyalpa və Qərb politoloqu Royd Cavana görə, Şərq xalqlarının milli hərəkatı ardıcıl olaraq üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi. Şərq xalqlarının milli hərəkatı onların mədəni oyanışından başlayaraq, siyasi hərəkat formasını qəbul edir və daha sonra iqtisadi proqramların tərtib olunması mərhələsinə daxil olur. Bu müəlliflərin qeyd etdikləri xüsusiyyətə uyğun olaraq Azərbaycançılıq özünü ilkin olaraq mədəni hərəkat kimi göstərdi.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçilik hərəkatının görkəmli xadimləri “mədəni Azərbaycançılıq”hərəkatına başçılıq edirdilər. Onlar Mirzə Fətəli Axundzadənin başladığı ənənəni davam etdirərək dini fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edir, xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. Bu səylər nəticəsində yeni tədris metodlarını tətbiq edən (Üsul-i Cədid) milli məktəblər açıldı, ədəbi Azərbaycan dili və yeni əlifba uğrunda mübarizə başladı, milli kitabxanalar və oxu zalları açıldı, milli qəzet və jurnallar təsis olundu. Mədəni Azərbaycançılıq hərəkatının görkəmli nümayəndələrinin fəaliyyəti nəticəsində Azərbaycan xalqının milli şüuru formalaşmağa başladı. Bu proses xalqın öz mədəni və etnik birliyini dərk etməsində mühüm əhəmiyyət kəsb edirdi.
Azərbaycançılıq ideyasının mədəni sahədən siyasi sahəyə keçməsi Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlıdır. Siyasi Azərbaycançılığın nümayəndələri ilk dəfə olaraq Azərbaycan xalqının siyasi hüquqlarını müdafiə etməyə başladılar. Bu məqsəd üçün onlar hər bir leqal vasitədən istifadə edirdilər. Məsələn, rus çarına petisiya yazır, yüksək rütbəli hökumət nümayəndələri ilə görüşlər keçirir, Rusiya müsəlmanlarının qurultaylarını keçirir, Dövlət Dumasının işində fəal iştirak edirdilər.
Siyasi Azərbaycançılığın nümayəndələrinin bu fəaliyyətlərinin sırasında onların Dövlət Dumasında iştirakını xüsusi qeyd etmək lazımdır. 1905-ci ilin aprel ayında Dumanın Azərbaycan deputatları Əlimərdan Topçubaşovun tərtib etdiyi «Rusiyanın müsəlman əhalisinin nümayəndələrindən» adlı petisiyanı Dumaya təqdim etdilər. Petisiyada Rusiya müsəlmanlarının siyasi, iqtisadi və mədəni hüquqlarının qorunması, ölkədə feodal qalıqlarının aradan qaldırılması tələb olunurdu. Düzdür, petisiya çar hökuməti tərəfindən qəbul olunmadı, lakin onun tərtib və təqdim olunması siyasi Azərbaycançılığın yüksək inkişaf səviyyəsindən xəbər verirdi.
Siyasi Azərbaycançılıq ideyasının nümayəndələri fəaliyyətlərinin ilkin mərhələsində öz ideyalarını açıq şəkildə təbliğ edə bilmirdilər, çünki o vaxt Azərbaycan xalqı öz kimliyini dini əsasda müəyyən edirdi. Onların etnik türk kimlikləri qəbul edilmirdi. Siyasi Azərbaycançılıq ideyasının nümayəndələri panislamizmi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qarşısında duran böyük bir maneə hesab edirdilər. Bununla əlaqədar Məmmədəmin Rəsulzadə yazırdı: “Tarixi təcrübə göstərir ki, pan-islamizm, bir tərəfdən, teokratik və klerikal-mürtəce hərəkatın formalaşmasına səbəb olmaqla, digər tərəfdən isə müsəlman dünyasında milli ideologiyanın formalaşmasına mane olmaqla, müsəlman xalqlarının müstəqilliyinə əngəl yaradır. Biz bütün müsəlman dünyasında milli şüurun inkişafı prosesini möhkəmlətməliyik, çünki milli kimliyin formalaşması sosial tərəqqinin real səbəbidir, milli müstəqilliyin isə əsasıdır” .