Sənaye klasterləri ilə bağlı
Arayış
I.
Klasterin anlayışı
Klaster modeli XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir
mexanizmdir və tətbiq edildiyi ölkələrin əksəriyyətində iqtisadi cəhətdən çox
əhəmiyyətli mövqeyə malikdir.
Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini
tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana
gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri
paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq
imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.
Eyni zamanda, klasterlərdə kiçik və orta sahibkarlıq subyektləri arasında həm
rəqabət, həm də əməkdaşlığın eyni anda təmin edilməsi nəzərdə tutulur. Klaster
daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni
klasterdə birlikdə hərəkət edirlər. Burada sahibkarlıq subyektləri və digər iştirakçılar
rəqabət üstünlüyü əldə edilməsi üçün müştərək hərəkət edirlər. Belə bir sistem
çərçivəsində fəaliyyət göstərmələri kiçik və orta sahibkarlara rəqabət üstünlüyü
qazandırır. Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı
düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır,
araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir. Bu isə yeni məhsulların bazara
çıxarılmasına, yeni şirkətlərin qurulmasına, məşğulluğun yüksəlməsinə, regionların
inkişafına və infrastruktur xidmətlərinin təkmilləşməsinə səbəb olur.
Klasterlər regionda mal və xidmətlərin ixracı vasitəsilə əhalinin maddi rifahının
artmasına xidmət edən və bir biri ilə əlaqəli olan sənaye sahələrinin qrup şəklində
yerləşməsidir. Klasterlərin tədarük zəncirinin bütün həlqəsini əhatə etməsi və dəstək
xidmətləri, həmçinin xüsusi infrastruktur təminatını özündə birləşdirməsi onları ənənəvi
istehsal sahələrindən fərqləndirir. Coğrafi olaraq mal və xidmətlərin axınının yüksək
olduğu ərazilərdə cəmlənən klasterlər ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradırlar.
2
Klasterlər öz aralarında müəyyən oxşarlıqlar, əlaqələr və ya müxtəlif ticarət və
istehsal əlaqələri olan şirkət və müəssisələrin eyni coğrafi ərazidə fəaliyyət göstərməsi
ilə formalaşırlar. Burada ən vacib məsələ onların bir-birlərini tamamlamaları və öz
aralarında rəqabət şəraitində olmalarıdır. Klasterləri ancaq öz daxilində yer alan
şirkətlərlə məhdudlaşdırmaq düzgün deyildir. Klasterlərin əmələ gətirdikləri iqtisadi
dəyərin yaranmasında köməyi olan digər sektorlar, müəssisələr, qurumlar və institutlar
da klaster məfhumuna daxildirlər. Məsələn, məişət əşyaları istehsalı ilə məşğul olan
klaster yalnız məişət əşyası istehsalı ilə məşğul olan müəssisələri deyil, eyni zamanda
tədarükçüləri, köməkçi sənaye sahələrində fəaliyyət göstərən müəssisələri, avadanlıq
istehsalçılarını və lazımı infrastrukturu təmin edən digər qurumları da əhatə edir.
Klasterlər müştəriləri, pərakəndə satış vasitələrini və bir-birini tamamlayan malların
istehsalçılarını da əhatə edən geniş bir termindir. Buna görə də, təşkilat kimi kənardan
müdaxilə ilə yaradılan qurumlardan daha fərqli bir xüsusiyyətə malik olan klasterlər
xarici müdaxilə olmadan eyni regionda fəaliyyət göstərən, rəqabət qabiliyyətinə malik
olan, xarici bazara qarşı daha möhkəm və dayanıqlı vəziyyətə gətirilən müəssisələrdən
ibarət sistemlərdir.
Dövlət tərəfindən müəyyən stimullarla təmin olunan müəssisələrin müəyyən bir
coğrafi regionda qısa bir müddət ərzində əhəmiyyətli dərəcədə mənfəət əldə etməsi
uzun müddətli perspektivdə həmin müəssisələrin daha çox inkişafa ehtiyac hiss
etmələrinə və rəqiblərinin fəaliyyət göstərdikləri regionlara genişlənmələrinə gətirib
çıxarır. Bunun əsas səbəbi klasterlərin olduğu regionlarda müvafiq sahələrdə
ixtisaslaşmış və peşəkarlaşmış tədarükçülərlə, keyfiyyətli işçi qüvvəsi ilə, texniki bilik
və dəstəyi təmin edəcək qurumlarla əlaqələrin qurulmasının asan olması və bunun da
məhsuldarlığı artırmasıdır. Rəqib müəssisələrin eyni mühitdə fəaliyyət göstərməsi,
müştərilərin həmin regionda öz ehtiyaclarına görə ən sərfəli müəssisəni seçmələrini
asanlaşdırır. Belə bir vəziyyətdə müəssisələr arasındakı rəqabət artır və yeni
innovasiyaların tətbiqi sürətlənir. Bununla da müəssisələr həm yerli, həm də qlobal
bazarda rəqabət qabiliyyəti əldə edirlər.
Növlərinə görə klasterləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:
3
Coğrafi klasterlər – biznes şəbəkəsi, istehsalçılar, təchizatçılar və digər
əlaqədar qurumların eyni regionda fəaliyyəti nəticəsində yaranan klasterlərdir.
Sektoral klasterlər – eyni sektorda fəaliyyət göstərən biznes şəbəkəsi
tərəfindən yaradılan klasterlərdir.
Horizontal klasterlər – maddi və insan resurslarının birgə istifadəsi və
paylaşılması, həmçinin istehsal olunan məhsulların birgə satışının təşkili nəticəsində
yaranan klasterlərdir.
Vertikal klasterlər – məhsulların istehsalından başlayaraq son istehlakçıya
qədər olan təchizat zəncirini özündə əks etdirən klasterlərdir.
Klasterlər çox müxtəlif struktura malik ola bilərlər. Lakin əsas iştirakçılar qismində
son məhsul istehsalçıları, ixtisaslaşmış xammal və ya yarımfabrikat, avadanlıq, ehtiyat
hissəsi və digər məhsul təchizatçıları, maliyyə qurumları, müştərilər, ixtisaslaşmış
infrastruktur xidməti təminatçıları, təhsil, araşdırma və texniki dəstək təmin edən
qurumlar və standartlaşdırma agentlikləri çıxış edirlər.
Klasterə daxil olan sahibkarlıq subyektləri öz müstəqilliklərini itirmədən fəaliyyət
göstərə, ümumi istifadə üçün infrastruktur layihələri (ortaq araşdırma mərkəzi,
laboratoriya, anbar və s.) həyata keçirə bilərlər. Burada xammal tədarükündən,
məhsulun bazara çıxarılması mərhələsinə qədər olan bütün iş prosesində ortaq hərəkət
etmə imkanı əldə edilir ki, bu da daha ucuz xammal təminatı, məhsulların daha geniş
kütlələrə təqdim olunması, beynəlxalq sərgilərdə iştirak edilməsi və ixrac imkanlarının
genişlənməsi ilə nəticələnir. Nəticədə isə məhsulların əlavə dəyərinin artmasına
baxmayaraq, maya dəyəri nisbətən azalır.
Klasterlərin formalaşmasında əsasən aşağıdakı iştirakçılar yer alır:
-
Kiçik və orta sahibkarlıq subyektləri;
-
Xidmət tədarükçüləri (özəl və dövlət);
-
Təhsil və araşdırma mərkəzləri;
-
Sahibkarlıq qrupları (assosiasiyalar);
-
Böyük sahibkarlıq subyektləri;
-
Maliyyə qurumları və banklar;
4
-
Qeyri-hökumət təşkilatları (QHT-lər);
-
Dövlət.
Klaster iştirakçıları və onlar arasındakı əlaqələr (klaster xəritəsi)
Klasterdə kiçik müəssisələr digər müəssisələrin bilik və təcrübəsindən istifadə edir,
eyni zamanda müəssisələr arasında təcrübəli mütəxəssislərin mübadiləsi işin
səmərəliliyinə müsbət təsir göstərir.
Klasterlər, müəssisələr arasında məlumat mübadiləsinin və əməkdaşlıq şəbəkəsinin
yaranmasında da mühüm rol oynayırlar. Bununla da müəssisənin təcrübələrinin nəticəsi
kimi meydana çıxmış ümumi bir bilik mənbəyi yaranır və bütün müəssisələr bu
mənbədən faydalana bilirlər.
Bundan başqa, klaster daxilində bütün sahələrə deyil, müəyyən sahələrə yönəlmək
imkanı mövcuddur ki, bu da müəssisələrin əməkdaşlığı nəticəsində meydana çıxmış
əmək bölgüsünün təzahürüdür.
Klasterlərin başqa bir üstün cəhəti müəssisələrin inkişafı və rəqabət
qabiliyyətlərinin artırılması, eləcə də qarşıda duran məsələlərin asanlıqla həlli
imkanlarının mövcud olmasıdır. Ümumi ehtiyac, çətinliklər və çatışmazlıqların
BEYNƏLXALQ FAKTORLAR
DÖVLƏT SİYASƏTİ
Xidmət sahəsi:
(Dizayner, sınaq laboratoriyası, nəqliyyatçı, maliyyəçi, idxal agentliyi və s.
Dəstək və xidmət qurumları (dövlət və özəl)
Xammal
tədarükçüləri
Avadanlıq
tədarükçüləri
Satış
agentlikləri
Birbaşa
müştərilər
İstehsal sistemi
Sahibkar
Sahibkar
Sahibkar
Sahibkar
Sahibkar
Sahibkar
5
müəyyənləşdirilməsi, müəssisələrin dövlət və digər qurumlar tərəfindən dəstəklənməsi
ilə bağlı daha məqsədyönlü addımların atılmasına və səmərəli qərarların qəbul
edilməsinə şərait yaradır, bununla da müəssisənin inkişafına təkan verir.
Vacib məqamlardan biri də klasterlər çərçivəsində universitetlər və digər təhsil
müəssisələri ilə sənaye müəssisələri arasında daha yaxın əlaqələrin qurulmasının
əlverişli olmasıdır. Eyni sahədə və eyni coğrafi ərazidə toplanmış, bir-biri ilə əlaqədə
olan rəqabətə açıq müəssisələr həmin sahənin inkişafına köməklik göstərəcək təhsil
müəssisələrinin regionda qurulmasını asanlaşdırır. Stanford Universitetinin Silikon
Vadisi klasterinin yaxınlığında yerləşməsi, innovativ texnologiyalar sahəsində
ixtisaslaşmış klasterlərin Massaçusets Texnologiya İnstitutunun (MIT) və ya Kembric
Universitetinin ətrafında fəaliyyət göstərmələri buna misal ola bilər.
II.
Klasterləşmə prosesi
Klasterləşmə prosesini şərti olaraq 4 mərhələyə bölmək olar:
1.
Müəssisələrin bir regionda fəaliyyəti
Birinci mərhələdə bir-biri ilə heç bir əlaqəsi olmayan və istehsal olunan məhsulu
bilavasitə istehlakçılara çatdıran müəssisələr hər hansı bir regionda fəaliyyət göstərir.
Bu mərhələdə klasterlərin yaradılması üçün ilk öncə rəqabət gücü yüksək olan sahələr
və onların sayı müəyyənləşdirilir, müəssisələrin cari vəziyyəti və digər sahələrdə
fəaliyyət göstərən müəssisələrlə əlaqələri təhlil edilir.
2.
Yeni yaranmağa başlayan klasterlər
İkinci mərhələdə klasterlərin təşkil olunacağı sahə müəyyənləşdirilir və dövlət
təşviqləri, eləcə də lokal sosial fəaliyyətlərin təsadüfi şəkildə formalaşması ilə, regionda
mövcud olan təbii sərvətin ətrafında öz-özünə klasterlər yaranır. Bir regionda oxşar
məhsullar istehsal edən müəssisələrdən biri öz istehsal həcmini ötüb keçən bir sifariş
aldığı təqdirdə, qonşu müəssisələrdən biri və ya bir neçəsi ilə danışıqlar apararaq alınan
sifarişin birlikdə ödənilməsini təklif edə bilər.
6
3.
İnkişaf etməkdə olan klasterlər
Üçüncü mərhələdə digər sosial mexanizmlərin köməyi ilə klasterlərin inkişaf
etdirilməsi nəzərdə tutulur. Məsələn, bir regionda 5 iplik, 15 parça istehsalı və 25
trikotaj sexinin mövcud olduğunu fərz edək. Bu sexlərin 80%-nin üzv olduqları bir
parça istehsalçıları dərnəyi təsis edilir. Regionda yerləşən universitet isə tekstil
mühəndisliyi təhsili verir. Dərnək tərəfindən regionun tekstil istehsalçılarının
potensialının artırılması üçün hazırlanan qrant layihəsinə əsasən universitetin
laboratoriyası yenidən qurularaq tekstil istehsalı üçün zəruri olan təcrübə-sınaq
avadanlıqları ilə təmin olunur. Bu mərhələdə QHT tipli müxtəlif institusional
mexanizmlərin dəstəyindən geniş istifadə olunur.
4.
Formalaşmış klasterlər
Dördüncü mərhələdə klasterin tam formalaşması başa çatır, şirkətlər, təhsil
müəssisələri, sənaye palataları və digər qurumlar klaster çərçivəsində harmoniyalı
şəkildə fəaliyyət göstərirlər.
Klasterin inkişaf etdirilməsi prosesində ən vacib məqamlardan biri də Agentin
müəyyənləşdirilməsidir. Klasterin fəaliyyətlərinin koordinasiyası və inkişaf etdirilməsi
məqsədilə müvafiq sahədə dövlət siyasətini həyata keçirən səlahiyyətli orqan tərəfindən
Agent müəyyənləşdirilir. Agentin fəaliyyətinin əsasını müəyyən dövr ərzində klasterin
inkişaf strategiyasının müəyyənləşdirilməsi və icrası təşkil edir. Sənaye, xüsusilə də
kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində ixtisaslaşmış agent klaster
daxilindəki müəssisələr arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, sahibkarlar
arasında etibarlılığın artırılması və digər məsələlərlə məşğul olur.
Agent müəyyənləşdirildikdən sonra, aşağıda göstərilən istiqamətlər üzrə ətraflı
tədqiqat aparılaraq iqtisadi vəziyyətin öyrənilməsi vacibdir:
1.
Klasterləşməsi nəzərdə tutulan regionun sosial-iqtisadi və institusional
mühitinin öyrənilməsi;
2.
Stimullaşdırıcı tədbirlərin görülməsi üçün potensial imkanların və sahələrin
müəyyənləşdirilməsi;
7
3.
Klaster agenti ilə klasterin iştirakçıları arasında institusional etibarlılığın
qurulması;
4.
Strateji planlaşdırma və fəaliyyət planı.
Klaster barədə tədqiqatın həyata keçirilməsindən sonra klasterin gələcək inkişaf
istiqamətləri müəyyənləşdirilir. Bu istiqamətlər mütəmadi olaraq nəzərdən keçirilir və
dəyişən şərtlərə uyğunlaşdırılır. Fəaliyyət planı isə inkişaf istiqamətində qarşıya qoyulan
hədəflərə çatmaq üçün həyata keçiriləcək tədbirləri özündə əks etdirir. Fəaliyyət
planında nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılır. Agent burada ümumi fəaliyyəti
və prosesi nəzarətdə saxlayaraq klasterin inkişafına kömək edir. Daha sonrakı
mərhələdə isə davamlı olaraq klasterin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi
aparılır.
III.
Beynəlxalq təcrübə
Ölkə ərazisində klasterlərin yaradılması ilə əlaqədar olaraq dünyanın bəzi
ölkələrinin bu sahədə təcrübələri araşdırılmışdır. Müəyyən olunmuşdur ki, klaster
modeli, xüsusilə XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir mexanizmdir
və bu modelin tətbiq edildiyi ölkələrin əksəriyyətində klasterlər iqtisadi cəhətdən çox
əhəmiyyətli mövqeyə malikdir. Klasterlərin ən yaxşı inkişaf etdiyi ölkələrə nümunə
kimi, İtaliya, Almaniya, İngiltərə, İsveç, Yaponiya, Fransa, ABŞ, Çin, Hindistan,
Pakistan, Braziliya, Meksika və s. göstərilə bilər. Təyinatına görə klasterlər sənayenin
bütün sahələrini əhatə edir və Sinqapur, Malayziya, Tayvan və digər ölkələrdə yüksək
texnoloji məhsul istehsalına stimul verir.
Ənənəvi sənaye istehsalı ilə məşğul olan klasterlərə bəzi Avropa ölkələrini nümunə
göstərmək olar. Belə ki, İtaliyanın müxtəlif sektorları əhatə edən və yüksək keyfiyyətli
məhsulları ilə böyük həcmli ixracı həyata keçirən tekstil, dəri, zərgərlik məmulatları,
optik şüşələr və s. klasterləri bu sahədə böyük təcrübəyə malikdir. İtaliyanın “Made in
Italy” olaraq dünyada məşhurlaşmasının əsas səbəblərindən biri bu ölkədə inkişaf etmiş
klasterlərin mövcudluğudur. Həmçinin bir sıra kosmetika və tekstil məhsulları istehsalı
ilə məşğul olan “Gucci”, “Armani”, “Genny”, “Byblos”, “Guigiaro Valentino”, “Yves
8
Saint Laurent”, “Burberry”, “Dizel”, “Christian Dior” və s. brendlərin uğur
qazanmasının və Asiya ölkələrinin irimiqyaslı istehsal gücü ilə rəqabət apara bilməsinin
əsas səbəblərindən biri müvafiq sahələrdə klaster modelinin tətbiq olunmasıdır.
Tanınmış italyan klasterlərinə nümunə kimi Prato (yun trikotaj), Trevisio (toxuma),
Reggio Emilia (kənd təsərrüfatı maşınqayırması), Bologna (avtomat maşınlar) və
digərləri göstərilə bilər.
İsveçdə ümumi ixracın 50%-dən çoxu (nəqliyyat, meşə məhsulları, metal və s.)
sənaye klasterləri vasitəsilə həyata keçirilir. “Tuttlingen” (cərrahi avadanlıqlar),
“Munich” (avtomobil) və “Frankfurt” (kimyəvi məmulatlar) Almaniyanın məşhur
klasterlərindəndir. ABŞ-da isə, “Silikon vadisi” İKT üzrə, “Hollywood” əyləncə üzrə,
Nyu-York maliyyə bazarları üzrə, Naorth Carolina mebel üzrə dünyada ən çox tanınmış
klasterlərdən sayılır. Klasterlər inkişaf etməkdə olan bir çox ölkələrin iqtisadiyyatında
da əhəmiyyətli yer tutur. Bu ölkələrə Braziliyanı (dəri və dəri ayaqqabılar), Meksikanı
(maşınqayırma, ayaqqabı), Hindistanı (trikotaj, ənənəvi hazır geyim, daş-qaş və
zərgərlik məmulatları, dəri və dəri məhsulları, əl işləri və s.) misal göstərmək olar.
Belə dövlətlər iqtisadi siyasət vasitələri və investisiyaların stimullaşdırılması yolu
ilə klasterlərin inkişafını dəstəkləyərək, biznes mühitinin inkişafı istiqamətində müxtəlif
tədbirlər həyata keçirirlər. Hazırda qlobal rəqabət şəraitində inkişaf səviyyəsindən asılı
olmayaraq dünyanın bir çox ölkələrində kiçik və orta sahibkarlığın rəqabətə
davamlılığının təmin olunması, o cümlədən, xammal əldə etmə, istehsal prosesində
yenilik tətbiq etmə, marketinq, məhsulların bazara çıxarılması və s. mövzularda yaranan
problemlərin klasterlərin tərkibində, eləcə də digər iqtisadi subyektlərlə aktiv
əməkdaşlığın qurulması ilə aradan qaldırılması daha asandır.
Beynəlxalq təcrübəyə müraciət etsək, klasterlərin yaradılması istiqamətində
dövlətlərin birbaşa iştirak etmədiyini müşahidə edərik. Klasterlər uzun dövr ərzində
formalaşır və dövlətlərin hər hansı bir müdaxiləsi ilə klasterlərin yaradılması
təcrübəsinə rast gəlinmir. Lakin, yaranmış və formalaşmış klasterlərin dövlətlər
tərəfindən müxtəlif tədbirlərlə dəstəklənməsinə dünya təcrübəsində çox rast gəlmək
olar. Klasterdə fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərlə təmin edilməsi ən
başlıca dəstək mexanizmlərindən biridir.
9
IV.
Klaster modelinin Azərbaycan sənayesində tətbiqi imkanları
Qeyd olunmalıdır ki, Azərbaycanda vertikal sənaye klasteri modelinə bənzər
sahələr artıq mövcuddur. Polad istehsalı sahəsini, neft-kimya sənayesi sahəsini və digər
sahələri buna misal göstərmək olar. Lakin məhsulların istehsalından başlayaraq son
istehlakçıya qədər olan təchizat zəncirini özündə əks etdirməsinə baxmayaraq,
klasterlərə məxsus olan bütün keyfiyyətləri əhatə etmədiyindən, göstərilən sahələrdə
tam olaraq klasterlərin yaradıldığını demək çətindir.
Buna baxmayaraq, sahibkarlığın dəstəklənməsi məqsədilə qanunvericilik və dövlət
proqramları, eləcə də mövcud institusional mexanizmlərdən istifadə etməklə
Azərbaycanda klaster mexanizminin tətbiqinə başlamaq mümkündür. Xüsusilə
klasterlərin seçilməsi, regional iqtisadiyyatda rəqabət gücü nisbətən yüksək olan və
dövlət dəstəyi ilə qısa müddətdə maksimum nəticənin əldə edilə biləcəyi sahələrin
müəyyənləşdirilməsi əhəmiyyətlidir. Bununla yanaşı, dəstəklənəcək klasterlərdə dövlət
və özəl sektor əməkdaşlığı vacib əhəmiyyət daşıyır. Bunun üçün, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti”
ASC, eləcə də ölkədə fəaliyyət göstərən iri şirkətlərin bu prosesdə aktiv iştirakı müsbət
nəticə verə bilər.
Klasterlərin formalaşdırılması ölkədə sənaye sahəsində yeni iş yerlərinin açılması,
qeyri-neft sektorunda sənaye istehsalının genişləndirilməsi, sənaye ilə əlaqəli
xidmətlərin inkişaf etdirilməsi, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta
sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, sənayenin infrastruktur
təminatının yaxşılaşdırılması və regionların sosial-iqtisadi inkişafı baxımından
əhəmiyyətlidir.
Regionların daxili potensialı və təcrübələr də nəzərə alınaraq, hər bir regiona
uyğun xüsusi klasterlərin qurulması, diversifikasiya yaradılması, yeni məhsul və
xidmətlərin daxili və xarici bazarlarda ən yaxşı şəkildə təqdim edilməsi, bununla da
qeyri neft sektorunda istehsalın və ixracın artırılması istiqamətində mühüm addımlar
atılmalıdır.
10
Lakin buna baxmayaraq, fərdi şəkildə inkişafa meylin daha güclü olduğu
Azərbaycan kimi ölkələrdə klasterlərin qurulmasının asan olmadığını da nəzərə almaq
lazımdır. Belə ki, milli xüsusiyyətlər nəzərə alınmalı, sosioloji araşdırmalar aparıldıqdan
sonra klasterləşmə prosesinə başlanılmalıdır. Kiçik və orta sahibkarların qısa zaman
ərzində nəticə əldə etmə istəyi klasterləşməyə mane ola bilən amillərdəndir. Çünki bu
proses uzunmüddətli strateji yanaşma tələb edir. Klasterləşmə prosesinin təşviq
olunması üçün isə klaster agentləri müəyyən olunması və klaster sisteminin
iştirakçılarının onun perspektivinə inandırılması vacib əhəmiyyət daşıyır.
Bu baxımdan, müvafiq sahələr üzrə ixtisaslaşmış kiçik və orta sahibkarların iştirakı
ilə görüşlərin və müzakirələrin təşkil olunması, klasterləşmənin səmərəliliyi barədə
onlara məlumat verilməlidir.
Eyni zamanda, ölkə ərazisində klasterləşmənin perspektivinin araşdırılması
məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
tərəfindən müvafiq regionlarda sahələr üzrə iqtisadi vəziyyət təhlil edilməli, klaster
yaradılması üçün əlverişli olan sahələr müəyyənləşdirilməlidir. Bundan sonra isə klaster
agentləri təyin oluna bilər. İnstitutun elmi potensialı nəzərdə tutulan məsələlərin uğurla
həyata keçirilməsinə imkan verir.
Regionların daxili potensialı və sənaye sahəsində formalaşmış təcrübələri də
nəzərə alınaraq, gələcəkdə mebel istehsalı, milli ornamentli dekorativ-tətbiqi xalq
sənətinə aid məhsulların istehsalı (xalçaçılıq, kəlağayı, dulusçuluq, keramika, toxuma və
bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma)
və s.), ayaqqabı istehsalı və gön-dəri məhsullarının emalı, ipəkçilik və tekstil
məhsullarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və konservləşdirilməsi,
tikinti materiallarının istehsalı, eləcə də digər sahələrdə sənaye klasterlərinin
yaradılması məqsədəuyğun olardı.
Bununla yanaşı, klasterləşmənin dövlət tərəfindən dəstəklənməsi, istehsal
prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin
gücləndirilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər bir
iqtisadi rayon üzrə, o cümlədən respublika tabeli şəhərlərdə ən azı 1 sənaye
məhəlləsinin yaradılmasını təklif edirik.
11
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, Neftçala rayonunda sənaye
məhəlləsinin yaradılması istiqamətində işlərə başlanılmışdır. Görülən işlərin davamı
kimi, Sumqayıt, Masallı, Şirvan, Ağdam, Gəncə, Şəki, Şamaxı, Mingəçevir, Quba və
Lənkəran şəhərlərində sənaye məhəllələri yaradıla bilər.
Sumqayıt şəhəri və Bakı ətrafı qəsəbələrdə mebel sənayesi sahəsi üzrə
ixtisaslaşmış kiçik və orta sahibkarların potensialını və ölkəmizdə mebel istehsalı
sahəsində dinamik inkişafın olduğunu nəzərə alaraq, ilkin olaraq məhz bu sahənin
klasterləşməsini təşkil etmək üçün Azərbaycan Respublikası Prezidentinin “Sənaye
məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli
288 nömrəli Fərmanına uyğun olaraq, Sumqayıt şəhərində sənaye məhəlləsinin
yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikası Prezidentinə təqdim
olunmasını məqsədəuyğun hesab edirik.
Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatında həyata keçirilən
şaxələndirmə və sənayeləşmə siyasətinin tərkib hissəsi olmaqla, sənaye sahələrinin
inkişafı və səmərəliliyinin artırılmasına, ərazilərdən və digər resurslardan səmərəli
istifadə edilməsinə, kiçik və orta sahibkarların dəstəklənməsinə, sənaye sahəsində
əhalinin məşğulluğunun artırılmasına, eləcə də klasterləşmənin dəstəklənməsi və
inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Bununla əlaqədar olaraq, sənaye klasterləri ilə bağlı beynəlxalq təcrübənin daha
dərindən öyrənilməsi və ölkəmizdə tətbiq olunması məqsədilə ilkin olaraq bəzi
beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNIDO) ilə
əməkdaşlığın inkişaf etdirilməsi faydalı ola bilər.
V.
Təkliflər
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasında sənayenin
dəstəklənməsi və klasterlərin yaradılması məqsədilə aşağıdakı tədbirlərin həyata
keçirilməsini məqsədəuyğun hesab edirik:
12
-
Azərbaycan sənayesində klaster modelinin tətbiqi məqsədilə beynəlxalq
qurumlarla əməkdaşlığın qurulması;
-
Normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi üçün tədbirlərin
görülməsi;
-
Regionlarda sahələr üzrə iqtisadi vəziyyətin təhlil edilməsi və klaster yaradılması
üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsi;
-
İlkin olaraq mebel sənayesi sahəsi üzrə ixtisaslaşmış kiçik və orta sahibkarların
iştirakı ilə görüşlərin və müzakirələrin təşkil olunması;
-
Klasterləşmənin təşviqi üçün stimullaşdırıcı tədbir kimi Sahibkarlığa Kömək Milli
Fondunun güzəştli kreditlərinin verilməsinin nəzərə alınması.
Поделитесь с Вашими друзьями: |