IV.
Klaster modelinin Azərbaycan sənayesində tətbiqi imkanları
Qeyd olunmalıdır ki, Azərbaycanda vertikal sənaye klasteri modelinə bənzər
sahələr artıq mövcuddur. Polad istehsalı sahəsini, neft-kimya sənayesi sahəsini və digər
sahələri buna misal göstərmək olar. Lakin məhsulların istehsalından başlayaraq son
istehlakçıya qədər olan təchizat zəncirini özündə əks etdirməsinə baxmayaraq,
klasterlərə məxsus olan bütün keyfiyyətləri əhatə etmədiyindən, göstərilən sahələrdə
tam olaraq klasterlərin yaradıldığını demək çətindir.
Buna baxmayaraq, sahibkarlığın dəstəklənməsi məqsədilə qanunvericilik və dövlət
proqramları, eləcə də mövcud institusional mexanizmlərdən istifadə etməklə
Azərbaycanda klaster mexanizminin tətbiqinə başlamaq mümkündür. Xüsusilə
klasterlərin seçilməsi, regional iqtisadiyyatda rəqabət gücü nisbətən yüksək olan və
dövlət dəstəyi ilə qısa müddətdə maksimum nəticənin əldə edilə biləcəyi sahələrin
müəyyənləşdirilməsi əhəmiyyətlidir. Bununla yanaşı, dəstəklənəcək klasterlərdə dövlət
və özəl sektor əməkdaşlığı vacib əhəmiyyət daşıyır. Bunun üçün, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti”
ASC, eləcə də ölkədə fəaliyyət göstərən iri şirkətlərin bu prosesdə aktiv iştirakı müsbət
nəticə verə bilər.
Klasterlərin formalaşdırılması ölkədə sənaye sahəsində yeni iş yerlərinin açılması,
qeyri-neft sektorunda sənaye istehsalının genişləndirilməsi, sənaye ilə əlaqəli
xidmətlərin inkişaf etdirilməsi, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta
sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, sənayenin infrastruktur
təminatının yaxşılaşdırılması və regionların sosial-iqtisadi inkişafı baxımından
əhəmiyyətlidir.
Regionların daxili potensialı və təcrübələr də nəzərə alınaraq, hər bir regiona
uyğun xüsusi klasterlərin qurulması, diversifikasiya yaradılması, yeni məhsul və
xidmətlərin daxili və xarici bazarlarda ən yaxşı şəkildə təqdim edilməsi, bununla da
qeyri neft sektorunda istehsalın və ixracın artırılması istiqamətində mühüm addımlar
atılmalıdır.
10
Lakin buna baxmayaraq, fərdi şəkildə inkişafa meylin daha güclü olduğu
Azərbaycan kimi ölkələrdə klasterlərin qurulmasının asan olmadığını da nəzərə almaq
lazımdır. Belə ki, milli xüsusiyyətlər nəzərə alınmalı, sosioloji araşdırmalar aparıldıqdan
sonra klasterləşmə prosesinə başlanılmalıdır. Kiçik və orta sahibkarların qısa zaman
ərzində nəticə əldə etmə istəyi klasterləşməyə mane ola bilən amillərdəndir. Çünki bu
proses uzunmüddətli strateji yanaşma tələb edir. Klasterləşmə prosesinin təşviq
olunması üçün isə klaster agentləri müəyyən olunması və klaster sisteminin
iştirakçılarının onun perspektivinə inandırılması vacib əhəmiyyət daşıyır.
Bu baxımdan, müvafiq sahələr üzrə ixtisaslaşmış kiçik və orta sahibkarların iştirakı
ilə görüşlərin və müzakirələrin təşkil olunması, klasterləşmənin səmərəliliyi barədə
onlara məlumat verilməlidir.
Eyni zamanda, ölkə ərazisində klasterləşmənin perspektivinin araşdırılması
məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
tərəfindən müvafiq regionlarda sahələr üzrə iqtisadi vəziyyət təhlil edilməli, klaster
yaradılması üçün əlverişli olan sahələr müəyyənləşdirilməlidir. Bundan sonra isə klaster
agentləri təyin oluna bilər. İnstitutun elmi potensialı nəzərdə tutulan məsələlərin uğurla
həyata keçirilməsinə imkan verir.
Regionların daxili potensialı və sənaye sahəsində formalaşmış təcrübələri də
nəzərə alınaraq, gələcəkdə mebel istehsalı, milli ornamentli dekorativ-tətbiqi xalq
sənətinə aid məhsulların istehsalı (xalçaçılıq, kəlağayı, dulusçuluq, keramika, toxuma və
bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma)
və s.), ayaqqabı istehsalı və gön-dəri məhsullarının emalı, ipəkçilik və tekstil
məhsullarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və konservləşdirilməsi,
tikinti materiallarının istehsalı, eləcə də digər sahələrdə sənaye klasterlərinin
yaradılması məqsədəuyğun olardı.
Bununla yanaşı, klasterləşmənin dövlət tərəfindən dəstəklənməsi, istehsal
prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin
gücləndirilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər bir
iqtisadi rayon üzrə, o cümlədən respublika tabeli şəhərlərdə ən azı 1 sənaye
məhəlləsinin yaradılmasını təklif edirik.
11
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, Neftçala rayonunda sənaye
məhəlləsinin yaradılması istiqamətində işlərə başlanılmışdır. Görülən işlərin davamı
kimi, Sumqayıt, Masallı, Şirvan, Ağdam, Gəncə, Şəki, Şamaxı, Mingəçevir, Quba və
Lənkəran şəhərlərində sənaye məhəllələri yaradıla bilər.
Sumqayıt şəhəri və Bakı ətrafı qəsəbələrdə mebel sənayesi sahəsi üzrə
ixtisaslaşmış kiçik və orta sahibkarların potensialını və ölkəmizdə mebel istehsalı
sahəsində dinamik inkişafın olduğunu nəzərə alaraq, ilkin olaraq məhz bu sahənin
klasterləşməsini təşkil etmək üçün Azərbaycan Respublikası Prezidentinin “Sənaye
məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli
288 nömrəli Fərmanına uyğun olaraq, Sumqayıt şəhərində sənaye məhəlləsinin
yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikası Prezidentinə təqdim
olunmasını məqsədəuyğun hesab edirik.
Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatında həyata keçirilən
şaxələndirmə və sənayeləşmə siyasətinin tərkib hissəsi olmaqla, sənaye sahələrinin
inkişafı və səmərəliliyinin artırılmasına, ərazilərdən və digər resurslardan səmərəli
istifadə edilməsinə, kiçik və orta sahibkarların dəstəklənməsinə, sənaye sahəsində
əhalinin məşğulluğunun artırılmasına, eləcə də klasterləşmənin dəstəklənməsi və
inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Bununla əlaqədar olaraq, sənaye klasterləri ilə bağlı beynəlxalq təcrübənin daha
dərindən öyrənilməsi və ölkəmizdə tətbiq olunması məqsədilə ilkin olaraq bəzi
beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNIDO) ilə
əməkdaşlığın inkişaf etdirilməsi faydalı ola bilər.
Dostları ilə paylaş: |