VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı
İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı dövrü üçün ən yüksək səviyyəyə qalxır. Bu dövrdə həqiqi yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli inkişafı mühüm rol oynayır. Böyük məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, valideynlərin rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kollektivin ictimai rəyi xüsusi yer tutur. Böyük məktəblilər sinif və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə həssas yanaşır, öz fəaliyyətlərində onları nəzərə alırlar. Bu dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir. Ailə tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övladlarını başa düşmələri, onlarla ünsiyyətdə avtokratiklikdən uzaqlaşmaları, demokratik mövqe tutmaları lazımi nəticə verə bilir.
İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki emosionallıq aydın təzahür edir. Onlar ünsiyyətin gedişinə özlərinin münasibətlərini emosional cizgilərlə təzahür etdirirlər.
Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər öz yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını arzulayırlar. Bu dövrdə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi də inkişaf edir, mürəkkəbləşir və davamlılığı ilə fərqlənir. Bu dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə dostluq hissi yeni motivlərə malik olur. Dostlar bir-birinə yüksək tələblər verməyə başlayırlar. Psixoloqlar bu cür tələblərə aşağıdakıları aid edirlər. Gənclərin fikrincə dost, birinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dostunun köməyinə çatmalıdır; ikincisi, dostluq onların həyat və fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü, onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun sevinc və kədərini onunla bölüşdürməlidir.
İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik baş verir. Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar arasındakı qarşılıqlı münasibətlər xeyli fəallaşır. Yoldaşlıq münasibətlərinin sahəsi genişlənir. Xüsusilə qızlarda qarışıq dostluğa tələbat güclənir. İlk gənclik yaşının əvvəllərindən başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə başlayır. Ona görə də cinslərarası qarşılıqlı münasibətlər tərbiyə işinin əsas problemlərindən birinə çevrilir.
Dostları ilə paylaş: |