Gənclər müharibəyə yox deyək



Yüklə 18.01 Kb.
tarix23.12.2016
ölçüsü18.01 Kb.
Gənclər müharibəyə yox deyək
Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülh - həyat, yaşamaq, sağlam nəsillər deməkdir. Bütün bunların toplumu ayrı-ayrı ölkələrdə, dünyada, davamlı inkişaf, qarşılıqlı əməkdaşlıq deməkdir. Azərbaycanda sülhün bərqərar olunması isə regionda davamlı sülhün təmin olunması deməkdir.

İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.

Məlum olduğu kimi, 1981-ci ildən 21 sentyabr tarixi bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır.

Bu baxımdan hər il ənənəvi olaraq, Ombudsmanın təşəbbüsü ilə elan olunan “İnsan hüquqları aylığı”, “Uşaq hüquqları aylığı” ilə yanaşı, “Sülh aylığı” əhalinin hüquqi maarifləndirilməsi işinə mühüm töhfələr verməklə, ölkəmizdə insan hüquqları sahəsində müsbət təcrübə formalaşdırır.

Ombudsmanın təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixlərində elan olunan, ənənəvi xarakter daşıyan “Sülh aylığı” da əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında həyata keçirilən islahatlar, sülhsevər xarici siyasət kursunun əsas leytmotivini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, siyasi müstəqilliyə qarşı güc tətbiq etmənin yolverilməzliyi, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ölkəmizin ərazisində xarici ölkələrin hərbi qüvvələrinin digər ölkələrin təhlükəsizliyinə təhdid vasitəsi kimi istifadə edilməsinin qeyri-mümkünlüyü, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir.

Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Ölkə başçısının  istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyondan çox qaçqın və  məcburi köçkünlərin icmaları ilə hər dəfə görüşəndə səsləndirdiyi və bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. 1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunsa da, buna ermənilər tərəfindən əməl edilmir. Son zamanlar, cəbhə bölgəsində baş verən hadisələr, təxribatlar, xüsusilə də mülki əhaliyə qarşı silahlı hücumlar ermənilərin təcavüzkar və sülhə yönəlməyən siyasət yürütdüklərini bir daha sübut edir.

Ölkə başçısı cənab İlham Əliyevin siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində müvafiq qanunvericilik aktları qəbul olunur, zəruri tədbirlər həyata keçirilir. Ölkəmiz günü-gündən inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır. Həyata keçirilən tədbirlər və islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarının həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də ölkəmizə beynəlxalq aləmin marağı daha da artır və ölkəmizdə bir sıra beynəlxalq tədbirlər uğurla həyata keçirilir.

Respublikamızda keçirilən I Avropa Olimpiya Oyunları, Beynəlxalq Humanitar Forumlar, Davos İqtisadi Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısı, İslam Əməkdaşlığı Təşkilatına üzv Ölkələrin Nazirlərinin Toplantısı, Dünya Dinləri Liderlərinin Zirvə Görüşləri əlamətdar hadisə, uğurlu ölkə təcrübəsi formalaşdırmaqla yanaşı, sivilizasiyalar arası dialoqa, regionda əldə edilən irəliləyişlərə dəstək, gələcək strateji hədəflərə qlobal yanaşma üçün mühüm töhfədir.

Tarixən Olimpiya Oyunları sülhün əsas simvollarından biri hesab olunub və bu gün də bu belədir. Heç də təsadüfi deyildir ki, tarixin müxtəlif dönəmlərində məhz olimpiya oyunlarının keçirildiyi müddətdə bütün müharibələr dayandırılırdı. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həqiqətən də respublikamızın sülh və sabitlik adası olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.

Dövlət və hökumət başçılarının, 50 ölkədən 6.000-dən çox idmançının iştirakı ilə keçirilən və dünya ölkələrində yayımlanan açılış mərasimində I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərək, son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmənin müşahidə olunduğunu, ölkəmizin zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə sadiq qaldığını, multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəyliyin həyat tərzimizin ayrılmaz hissəsi olduğunu qeyd etmişdir. Sevindirici haldır ki, bu Oyunlarda idmançılarımızın uğurlu nəticələrinə görə ölkəmiz iştirakçı dövlətlər arasında ikinci yeri tutmuşdur.

Qitənin ən böyük idman yarışı da insan hüquqlarına hörmət, ədalət, sülh və tolerantlıq prinsipləri əsasında keçirilmişdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, insan hüquqlarına dair bir sıra universal və regional beynəlxalq hüquqi aktlarda öz əksini tapmış, insan hüquqlarının tərkib hissəsi kimi, kollektiv hüquqlardan olan sülh hüququ geniş anlam ifadə etməklə yanaşı bütün xalqlar və cəmiyyətimiz üçün firavan, əmin-amanlıq, müharibəsiz, zorakılıqlarsız mədəniyyəti ehtiva edir.

Yaşadığımız bu minilliyi insanlar sülh dövrü kimi və münaqişəsiz görmək istəyirdilər. Amma indi biz daha təhlükəli olan və müxtəlif mədəniyyətlərə, irqlərə və dinlərə mənsub insanlar arasında nifrət hissi oyadan təhlükəli ədavətin astanasında dayanmışıq.

Hazırda dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ikili standartlar nəticəsində müsəlman dövlətləri münaqişə ocaqlarına çevrilir, əhalisi, mədəniyyəti, iqtisadiyyatı ağır itkilərə məruz qalır. Bu baxımdan XX əsrdə tarixin ən dəhşətli səhifələrindən biri də genosid siyasətinin davamı olaraq Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzüdür. Bu işğal siyasəti nəticəsində on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırımı aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olmuş, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilmişdir. Eyni zamanda minlərlə soydaşımız itkin düşmüş, əsir və girov götürülmüş, atəşkəs rejiminə baxmayaraq bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir.

Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, Xocalı soyqırımı XX əsrin Xatın, Sonqmi, Liditse, Babiy Yar kimi dəhşətli faciələrin sırasına düşdü.

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Xocalı soyqırımının əsl mahiyyəti açıqlanmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir.

Ölkə səviyyəsində bu siyasi kurs davam etdirilməklə yanaşı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini vurğulamaqla yanaşı, Xocalı soyqırımının tanınmasını qətiyyətlə tələb edir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl işlər görülür. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gerçəkləşdirdiyi “Xocalıya Ədalət” kampaniyası bu gün Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasını təmin etməkdədir. Bu günlərdə BMT-nin Baş Məclisinin 69-cu sessiyasında “Soyqırımı qurbanlarının xatirəsinin anılması və soyqırımı cinayətinin qarşısının alınması üzrə beynəlxalq gün” adlı qətnamə qəbul edilib.

Ölkə başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərək demişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın...”

Beynəlxalq arenada münaqişələrin həll olunması üçün ölkəmiz öz töhfəsini verməklə, sülhməramlı qüvvələrini müharibə ocaqlarında atəşkəsin, əmin-amanlığın təmin olunması üçün səfərbər etmiş, sülhə nail olmaq üçün güclü ordu formalaşdırmışdır.

Eyni zamanda haqq və ədalət hissini itirməyən dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır.

Azərbaycan dövləti haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir və uğurla həyata keçirir.

Məhz insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh məfhumu bu gün bəşəriyyətin həllini gözləyən ən vacib problemlərindən biridir. Yaşadığımız mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran ən mühüm məqsəd istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ауrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdır. Başqa sözlə hər zaman insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zərurəti vardır.

Bu baxımdan başa vurduğumuz “Sülh aylığı” insanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə qarşımızda duran davamlı İnkişaf Məqsədlərinə xidmət edir.

Bu tədbirlər vasitəsilə insan hüquqları, o cümlədən sülh şəraitində təhlükəsiz yaşamaq hüququ təbliğ olunur, bu hüququn isə yalnız sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmininin mümkünlüyü izah edilir. Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi-maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəldilir, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi istiqamətində böyük səylər göstərilir..

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın mədəniyyət mərkəzləri, onların filialları, Mərkəzi kitabxanalarda, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə və digər mədəniyyət müəssisələrində müxtəlif mövzularda dövlət orqanlarının nümayəndələrinin, alimlərin, ictimai xadimlərin, mədəniyyət işçilərinin, müəllim və şagirdlərin iştirakı ilə dəyirmi masa müzakirələri keçirilmiş, bir sıra mövzularda uşaqlar arasında inşa və rəsm müsabiqələri təşkil edilmişdir.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış qəsəbələrdə və digər yığcam məskunlaşma obyektlərində yerli icra hakimiyyəti orqanlarının, təhsil müəssisələrinin, məcburi köçkün icmalarının iştirakı ilə tədbirlər keçirilmiş, iştirakçılara hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyəti, xalqımızın milli-mənəvi dəyərləri barədə geniş müzakirələr aparılmış və bu sahəyə dövlət qayğısı haqqında məlumatlar verilmişdir.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə