Respublikanın ümumtəhsil məktəblərinin
4-cü sinifləri üçün “Azərbaycan dili” dərsliyi
Müəlliflər: Rafiq İsmayılov
Solmaz Abdullayeva
Dilrüba Cəfərova
Xanım Qasımova
Bakı: Altun Kitab, 2013.
Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar
və təkliflər əsasında hazırlanmış
YEKUN RƏY
2
Yekun rəy aşağıdakı meyarlara görə formalaşdırılmışdır:
1. Məzmun baxımından;
2. Dil və üslub baxımından;
3. Dizayn və bədii tərtibat baxımından.
1. Məzmun baxımından
Dərslikdəki materiallar 8 bölməyə ayrılıb. Hər bölmə 20 dərs, hər dərs 2 saat üçün
nəzərdə tutulub. Dərslik bütövlükdə 320 dərs saatını əhatə etməli olan 160 dərsdən
ibarətdir. Bu materiallar Azərbaycan dili üzrə dinləyib-anlama və danışma, oxu, yazı, dil
qaydaları məzmun xətlərini və bunlara aid alt-standartları reallaşdırmalıdır. Dərslikdəki
materiallar şəxsiyyətyönlü kurikulumun tələblərinə görə məzmunca şagird şəxsiyyətinin
formalaşmasında əhəmiyyət kəsb etməli və bilavasitə onların şəxsi fəaliyyəti üçün
lazımlı olmalıdır.
Təhlil və araşdırmalar göstərir ki, dərslikdəki materiallar şagirdlərlə Azərbaycan
dili üzrə nitq bacarıqlarının gerçəkləşdirməsi istiqamətində səmərəli iş aparmaqda,
onların Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə
olunmasında, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsində əhəmiyyətli rol
oynaya bilmir. Bu materiallar bir çox hallarda şagirdlərin yaş psixologiyası və fizioloji
xüsusiyyətləri nəzərə alınmadan hazırlanmışdır. Bir neçə məqamda dünyəvilik
prinsipinə riayət edilməmiş, milli və dini ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə
doğuran məlumatlar təqdim olunmuşdur.
Əksər mətnlər həcmcə böyük olduğundan (“Birinci addım”, “Tom özünü fəda
edir”, “Çünki oldun dəyirmançı”, “Hökmdar qardaşlar”, “Qaraca qız və Ağca xanım”,
“Mauqlinin dostları”, “Çiçək-yeddi rəng ləçək” və s.) hissələrə bölünərək təqdim
edilmişdir. 4-cü sinif şagirdlərinin qavrama imkanları və yaş xüsusiyyətlərinə uyğun
gəlməyən bu materiallar tədris prosesi zamanı həmin mətnlərin oxunmasında və müvafiq
məzmun standartları üzrə iş aparılmasında yoruculuq yarada bilər.
Dil qaydalarının həcminin 3-cü sinif dərsliyi ilə müqayisədə kifayət qədər
azaldılması yaxşı hal olsa da, verilmiş qaydaların təqdimatı, əhatəliliyi, nitq bacarığına
çevrilməsi ilə bağlı görülən işlər qənaətbəxş deyil.
Dərslikdə 4.1.7. “Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir”
alt-standartı üzrə dil qaydaları təqdim olunmadan mətnlər verilmişdir. Dərslikdə ya bu
3
sinif səviyyəsində nəzərdə tutulan minimum dil qaydaları haqqında sistemli şəkildə
məlumat verilməli, ya da heç bir dil qaydası haqqında məlumat verilməməli, MMV-də
müvafiq göstəriş və tapşırıqlar qeyd olunmalı idi. İndiki halda dil qaydalarının
təqdimatında balans gözlənilməmiş, “Dil qaydaları” məzmun xəttində nəzərdə tutulan
qaydalar haqqında bəzi məqamlarda məlumat verilmiş, yuxarıda qeyd edildiyi kimi,
bəzən bu, unudulmuşdur.
4.1.7 alt-standartını reallaşdırmalı olan mətnlərin bir çoxu (“Niyə?” (səh. 92),
“Yoldaşlıq köməyi” (səh. 122), “Heyvanlar” (səh.158), “Novruz bayramı” (səh.162),
“Hamilər” (səh. 185), “Zəhmət və Zinət” (səh.192) və s.) praktiki olaraq həmin
məqsədləri reallaşdıra bilməz. Çünki dərslikdə bu alt-standartı reallaşdırmalı olan
mətnlər, əsasən, şeir nümunələridir və 4-cü sinif şagirdinin yaş səviyyəsi və qavraması
şeir nümunələrində cümlə üzvlərinin yerini dəqiq müəyyənləşdirməyə və cümlənin
növlərini mənimsəməyə imkan vermir. Nəzərə almaq lazımdır ki, dərslik bütün
ümumtəhsil məktəbləri üçündür və eyni sinifdə oxuyan şagirdlərin bilik və bacarıqları
bir səviyyədə deyil. Bu zaman dərslikdəki mətnlər üzrə dil qaydalarının tam olaraq
reallaşdırılmasından danışmaq olmaz. Həmin standartları reallaşdırmaq üçün daha çox
kiçikhəcmli mətnlər təqdim edilməli, dərs ilinin sonuna doğru getdikcə mətnlərin həcmi
artırılmalı, bundan sonra mövzunun daha dərindən mənimsənilməsi üçün bir neçə şeir
nümunələrindən də istifadə edilə bilərdi.
Dərsliyin ən mühüm çatışmazlığı dil qaydalarının təqdim edilən mətnlərlə paralel
işlənməməsidir. Əvvəlki dərsliklərdə olduğu kimi, burada da şagird dil qaydalarını
dərslik müəlliflərindən hazır şəkildə alır. Dil qaydaları mətnlərdəki ayrı-ayrı söz və
ifadələrlə müvafiq tapşırıq və çalışmaların köməyi ilə sistemli və nizamlı şəkildə tətbiq
edilmir. Dil qaydaları nitq bacarığına çevrilmir. Belə ki, qaydalara görə dərsdə verilmiş
bir mətn dörd məzmun xəttinin reallaşdırılması üçün material olmalıdır. Amma
dərslikdə dil qaydaları məzmun xəttinin reallaşdırılması üçün bunu demək olmaz. Bu
vəziyyətdə məzmun xətlərinin uğurla gerçəkləşməsindən söhbət gedə bilməz. Bundan
əlavə, dil qaydaları təqdim olunduqdan sonra sanki unudulur, növbəti bölmələrdə hiss
olunan səviyyədə yada düşmür. Şagird mətnlərlə və çalışmalarla davamlı şəkildə dil
qaydalarını nitq bacarıqlarına çevirməlidir. Yuxarıdakılar yoxdursa, bu, birmənalı
şəkildə “Azərbaycan dili” kurikulumunun 4-cü sinif dərsliyində reallaşmaması
deməkdir. Dərslik bu vəziyyətdə ancaq mətnlər toplusudur.
4
Dərslikdə bir çox məqamlarda məzmun standartlarında nəzərdə tutulmayan
məsələlərə aid tapşırıqlar verilmişdir. Məsələn: səh.19, tapşırıq 6; səh.82, tapşırıq 6;
səh.119, tapşırıq 2 və s.
10-cu səhifədə 1-ci dərsə aid “Futbol topu” mətnində şagirdlərin məktəbin
meydançasında futbol oynamaq üçün pul yığmasının verilməsi tərbiyəvi baxımdan
məqsədəuyğun sayılmır.
Mövzu və onunla bağlı mətnin yeri, müvafiq zamanı düzgün seçilməyib. Dərs ilinin
əvvəlində şagirdin bir tədris ili boyunca çalışqan, həvəsli olması üçün motivasiya
xarakterli, dili və üslubu gözəl olan, həvəsləndirici mətn verilə bilərdi.
Mətndə bir sıra ifadələr var ki, 4-cü sinif şagirdinin danışığında olması məqbul
deyil. Məsələn:
- Divar və döşəmələrdən rəng iyi gəlirdi.
- Meydança isə gəl-gəl deyirdi.
- Ay da! Əsl futbol meydançasıdır.
- Əllərini ciblərinə salıb qurdalandılar.
- Əşi, nə fərqi var ki...
- Satıcıya yaxınlaşıb əlindəki pulları piştaxtaya tökdü.
Hekayə ilə bağlı verilən suallar heç bir məna yükü daşımır. Bu suallar şagirdin
təfəkkürünün inkişafına və yaddaşının möhkəmləndirilməsinə xidmət etmir.
14-cü səhifədə verilmiş “Baba və nəvə” mətnində də xeyli uğursuz ifadələr vardır:
- Yuvasından düşmüş ətcəbala bir quş otluqda...
- Bu saat anası xəbər tutub vay-şivən qoparacaq.
15-ci səhifənin son abzasının ilk sətrində dialoqda durğu işarələri yanlış verilmişdir.
Bu, orta məktəbin yuxarı siniflərində tədris olunan vasitəsiz nitqdə durğu işarələrinin
işlənməsi qaydalarına uyğun deyil.
15-ci səhifədəki mətnin son cümləsində “o” əvəzliyindən sonra vergül
qoyulmalıdır.
Bir neçə məqamda “o”-dan sonra vergül işarəsi qoyulsa da, xeyli yerdə vergül
unudulur. Məsələn, 22-ci səhifədə şəklin altındakı ilk cümlədə eyni vəziyyətdə, 46-cı
səhifədəki mətndə 5-ci cümlədə işlənmiş “o”dan sonra vergül qoyulmuşdur.
17-ci səhifədə verilmiş “Kitab daha maraqlıdır” mətni müasir dövrə uyğunlaşdırılıb.
Qeyd etmək lazımdır ki, burada verilən obrazları və “Hörümçək adam”, “Amfibiya
5
adam” əsərlərindən parçaları məktəb dərsliyinə salmaq məqsədəmüvafiq deyil.
“Hörümçək adam” hekayəsi kompyuter aludəçiliyindən imtinaya yönəldilib, lakin buna
nail olunmayıb. Əksinə, şagirddə kompyuter oyununa həvəs yaradır. Çünki bunun
mənfi tərəfləri göstərilmir. Hekayədə atanın öz təşəbbüsü ilə kompyuterə oyun
yüklətməsi və uşağa təklif etməsi qənaətimizi bir daha təsdiqləyir.
22-ci səhifədə mətn Gülhüseyn Hüseynoğlunun “Bərk ayaqda” hekayəsi əsasında
işlənib. Mətnin həcmi kifayət qədər böyükdür. Mətn 22-ci səhifədə başlayır, 27-ci
səhifədə bitir. Mətnin hissə-hissə oxunması nəzərdə tutulmuşdur. 4-cü sinif şagirdinin
yaş səviyyəsinə görə, irihəcmli mətnlərlə dil qaydalarının öyrədilməsi, nitq
bacarıqlarının səmərəli şəkildə tətbiq etməsi reallaşdırıla bilməz. Bu mətndə də bəzi
ifadələr qənaətbəxş deyil: “Uşaqlardan hansısa onu sancdı. Yaman ilişdim. Asta-asta de
gəlsin, eşidərəm”.
Hekayənin dili şagirdlərin yaş xüsusiyyətinə uyğun asanlaşdırıla bilərdi.
23-cü səhifədə mətnin 2-ci abzasının son cümləsindəki vasitəsiz nitqdə durğu
işarələri düzgün qoyulmayıb.
28-ci səhifədə “Bağışlayın, uşaqlar, gecikmişəm” mətnində “Müəllim stola yanaşdı.
Astadan dedi...” uğurlu deyil. Adama elə gəlir ki, müəllim sözlərini stola deyir. Burada
“yanaşdı” sözü yerində deyil. Bu mətnin 4-cü abzasında vasitəsiz nitqlə bağlı durğu
işarəsi düzgün qoyulmayıb.
29-cu səhifədə “Ən qiymətli” mətnində anlaşılmazlıq yaranır. Adama elə gəlir ki,
kitab-dəftəri evdən götürüb qaçmaq torpağı müdafiə etməkdən və onu itirməkdən daha
şərəflidir. Mətndə “Ananın istər-istəməz dodağı qaçdı” cümləsi mətnin məzmununa
uyğun gəlmir. Müharibə, özü də qaçaqaç vaxtı bu, mümkündürmü? Hekayə ilə bağlı 2-ci
sualın C bəndində deyilir: “Qaz-53 yük maşınıdır”. Qaz-53-ün yük maşını olmağının,
onun markasının şagirdin dünyagörüşünə, təfəkkürünə nə aidiyyatı var? Özü də belə bir
ağır mövzuya həsr olunmuş mətndən sonra.
36-cı səhifədə Tomun Alfreddən qisas almaq istəyinin verilməsi tərbiyəvi və
metodiki cəhətdən doğru deyil. Bununla bağlı olan 9-cu tapşırıq da məqsədəuyğun
sayılmır. Azyaşlı uşaqlar üçün əlavə oxu vəsaitlərində bu kimi mətnlər verilə bilər,
amma dərslikdə verilmiş oxu mətnləri dil, üslub cəhətdən mükəmməl və nümunəvi
olmaqla bərabər, əxlaqi-tərbiyəvi keyfiyyətlər aşılamaq baxımından da səciyyəvi
olmalıdır.
6
41-ci səhifədəki mətnin ilk cümləsində vasitəsiz nitqdə durğu işarəsi düzgün
qoyulmayıb. Bununla bağlı həmin cümlədə orfoqrafiya səhvi də yaranıb.
42-ci səhifədəki 2-ci abzasın son cümləsində vergüldən sonrakı “yox” sözünün ilk
hərfi səhvən böyük yazılıb.
43-cü səhifədəki 4-cü abzasın 2-ci cümləsində “o” əvəzliyindən sonra vergül
qoyulmayıb.
45-ci səhifədəki 3-cü tapşırığın şərti anlaşılmazdır. Tapşırıq belədir:
“Söz sırasını davam etdir.
dilək, amal, ...
A)
uğur B) öhdəlik C) arzu”
Şərt belə olmalı idi: “Məntiqi ardıcıllığı tamamla” və yaxud, “Cərgəni tamamla”.
46-cı səhifədə “Bayrağım” mətnində uğursuz ifadələr vardır. 3-cü abzasda
“muradıma yetdim”, 4-cü abzasda “əlbəsə” ifadələri mətnin məzmununa və dilin müasir
leksikasına uyğun deyil. Mətnin son cümləsi milli və dini cəhətdən tamamilə qüsurlu və
ziddiyyətlidir. Həmin cümlə belədir: “Marş! İrəli! Eheey, türkün, islamın düşmənləri”.
İfadə vətəndaş cəmiyyətinin əsas prinsiplərinə, Azərbaycan Respublikasının
Konstitusiyasına ziddir. Azərbaycan məktəblərində müxtəlif millətlərə, etnik qruplara,
ayrı-ayrı dinlərə mənsub ailələrdən gələn şagirdlər təhsil alır. Bu baxımdan dərsliklərdə
milli-etnik, dini məsələlərə yanaşmada ciddi həssaslıq nümayiş olunmalı, heç bir
ayrıseçkilik qoyulmamalıdır.
47-ci səhifədə verilmiş “Əsgər marşı”nın sözləri dərslikdə yazıldığı kimi, Əhliyyət
Süleymanova aid deyil. Bu marş Xalq Cümhuriyyəti illərində yazılıb və müəllifi Əli
Kamidir (Bax: Milli nəğmələr. Bakı. 1919). Bu şeir uzun illər 4-cü sinif “Ana sözü” dərs
vəsaitində də ilkin variantda çap olunub (“Ana sözü” IVs. dərs vəsaiti. Bakı. 2009, s.19).
51-ci səhifədəki 4-cü abzasda “Paşam sağ olsun” ifadəsindən sonra vergül
qoyulmalıdır, sonra növbəti nitq başlamalıdır. Mətnin son cümləsində işlənmiş “Mən
səni dünya malından qəni eləyərəm” ifadəsinin altından xətt çəkilməli, şagirdə izah
verilməlidir.
59-cu səhifədə “Niyə “Siz” deyirik?” mətni məzmun baxımından uğursuzdur. 10-cu
sinif “Azərbaycan dili” dərsliyində də göstərilir ki, “qədim türklərdə hörmət əlaməti
olaraq böyüyə “Siz” deyə müraciət edilir (Bu fikir Mahmud Kaşğarlının “Divani-lüğət-it
türk” (XI əsr) əsərində göstərilib.). Özümüzə xas bu əxlaqi dəyəri nədən romalılarla
7
bağlamaq müsbət hal deyil. Ümumiyyətlə, dərslik müəlliflərində yerli-yersiz
qərbpərəstlik özünü açıq-aşkar göstərir. Milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi
qənaətbəxş deyil.
65-ci səhifədə mətndə ulduzlarla işarələnmiş 1-ci hissənin son cümləsində “o”-dan
sonra vergül qoyulmalıdır. Bu mətnə aid tapşırıq əmr kimi verilir, sərbəst düşüncəyə
imkan yaradılmır.
74-cü səhifədə mətnin son cümləsində “köməkçi” sözü kiçik hərflə başlamalıdır.
Cümlələr bir çox yerlərdə lazımsız yerə bağlayıcı ilə başlanıb. İbtidai sinif səviyyəsində
bu, qüsurdur.
87-ci səhifədə yuxarıdan 2-ci sətirdə mətnin məzmununa görə “gəlib onun şəhərinə
çatdı” yox, “gedib onun şəhərinə çatdı” olmalıdır. 3-cü abzasdakı dialoq uğurlu deyil.
110-cu səhifədə verilmiş “Zəmzəm suyu” mətnində “peyğəmbər” sözü səhvən
böyük hərflə yazılıb (İbrahim Peyğəmbər).
152-ci səhifədə “ürəyi saat kimi tez-tez vururdu” ifadəsi mətnin məzmununa görə
düzgün deyil. Əslində, ürəyin saat kimi vurması sağlamlıq bildirən ifadədir. Son
cümlədə “balaca heç nəyə əhəmiyyət vermədən” ifadəsi artıqdır.
155-ci səhifənin son abzasında ədəbi dilimizdə işlənməyən “peç” sözü verilib. Bu
məqamda “peç” sözünün işlədilməsi düzgün deyil.
164-cü səhifədə sonda uzun mavi xətt nəyə lazımdır? Tapşırıqlarda da bununla
bağlı heç nə nəzərdə tutulmayıb.
169-cu səhifədə “alma şitili” ifadəsi doğru deyil.
2. Dil və üslub baxımından
31-ci səhifədəki şeirin müəllifi yoxdur. Şeir bədii cəhətdən çox zəifdir. Etnoqrafik
xarakterli şeir tapmaq lazım idi.
69-cu səhifədəki 4-cü abzasın sondan 2-ci cümləsi üslub baxımından düzgün deyil.
“Oğlum evi satsa, inanmıram ki, belə bir ev tikə” cümləsində budaq cümləsinin
əvvəlində “sonra” zaman zərfi olmalıdır. 7-ci abzasın 1 və 2-ci cümlələrində bu qayda
gözlənib.
70-ci səhifənin ilk abzasında “Təndiri təzədən tiksən, evin qiyməti artar” fikri
reallığı əks etdirmir.
8
71-ci səhifədə “Bir boşqab sıyıq” mətnində şəhid və qaçqın uşağının dilənçiyə
bənzər şəkildə təqdimi uğurlu deyil. Dərsliklərdə etik və tərbiyəvi baxımdan bu kimi
mətnləri vermək düzgün deyil. Sinifdəki şagirdlərdən hansısa biri maddi vəziyyəti ağır
olan ailədən çıxa bilər və belə mətnlər həmin şagirdlərin psixoloji gərginliyinə,
sıxıntısına, utanmasına gətirib çıxarar. Dərslik müəllifləri bütün məqamları nəzərə
almalı, şagird şəxsiyyətinə hörmət etməlidirlər. Bu mətndə yazılır ki, Elxanın iki bacısı
var. Amma atası məktubunda yazır ki, “anandan, bacından muğayat ol”. Elxanın bacıları
ilə bağlı anlaşılmazlıq yaranır. Elə həmin mətndə 72-ci səhifədə 1-ci abzasın 4-cü
cümləsində “anasının çörək belə almağa”nın əvəzinə, “çörək almağa belə” ifadəsi
yazılsa idi, daha dəqiq olardı. Bu səhifədə “yundan toxunmuş geyim əşyaları”, “çörəyə
əl dəyməyib” ifadələri üslub baxımından düzgün deyil. 3-cü abzasda “şirin sözlə” ifadəsi
düzgün deyil, “şirin dillə” olmalıdır.
75-ci səhifədə “Ən böyük xəzinə” mətni uğurlu deyil. “İlk səhifələrdəki farsca
mətn, bir qədər sonra ərəbcə davam edirdi...Ancaq bir qədər sonra kitabdakı yazılar hind
dilində davam edirdi. Daha sonra başqa dillər gəldi” ifadələri qüsurludur, reallığı əks
etdirmir.
79-cu səhifədə “Ruzini verən Allahdır” mətni dərslik üçün uğursuzdur. Bu mətn
“Zəhmətkeşlik” bölməsinə də uyğun gəlmir, zəhmətə məhəbbətdən daha çox, qisasçılıq
hissi aşılayır. Mətnin 1-ci hissəsinin sonunda müəllif yazır: “Şimşək çaxdı, leysan
başladı”. Müəllimə tövsiyə olunur ki, belə bir sualla sinfə müraciət etsin: “Sizcə, bunlar
təsadüfi cümlələrdir, yoxsa hadisələrin necə davam edəcəyinə bir işarədir?” Burada
şagirdə hansı metod, hansı bilgi öyrədilir? Daha sonra şagirdlər debata cəlb olunurlar.
Debat üçün iki mövzu təqdim edilir: Əl əli yuyar, əl də üzü və Ruzini verən Allahdır
(səh. 89, MMV). Uşağın beyninə heç bir elmə, məntiqə söykənməyən teoloji ehkamların
yetirilməsi doğru deyil. Əlbəttə, şagirdlər üçün müxtəlif çalışmalar, test tapşırıqları,
sxemlər, cədvəllər, diaqramlar tərtib etmək, interaktiv təlim üsullarını (debat, qruplarla
iş, cütlüklərlə iş, mətnlə iş və s.) birbaşa dərsliyə salmaq yenilikdir. Lakin bu yeniliyi
belə bəsit, mənasız mətn və şeir parçaları, hətta dini ehkam xarakterli hökmlərlə tətbiq
etmək yolverilməzdir.
83-cü səhifədə “Bir gün direktor...” cümləsindən sonra gələn cümlə artıqdır və
mətnin məzmununa görə yanlışdır. Hələ ev tikilmədən qeyd olunur ki, “Bu, şəhərin
səfalı guşəsində birmərtəbəli ev idi”.
9
90-cı səhifədə “İki qardaş” mətni təqdim edilir. MMV-yə görə (səh.90), təlimin
məqsədi mətnin ideyasını atalar sözü ilə ifadə etmək, əsas qəhrəmanların müqayisəli
təhlilini vermək, verilmiş aforizmi öz ideyaları ilə genişləndirib, mühakimə xarakterli
inşa yazmaqdır. Motivasiya üçün müəllimə aşağıdakı şeirin oxunması tövsiyə edilir:
-Qabı kim yusun?
-Xalidə yusun.
-Kim su gətirsin?
-Gülərlə Dursun.
-Kim çay dəmləsin?
-Bacım Yeganə.
-Kimə don alım?
- Nənə, ay nənə,
Mənə al, nənə,
Nəvən Süsənə.
Müəllimə tövsiyə olunur ki, sinfə sual versin: “Süsən haqqında nə deyə bilərsiniz?”.
8-10 yaşlı uşaq bunu haradan bilsin? Əvvəla, şeirdə nə Süsənin, nə də digər uşaqların
“xarakteri”, “yaşı”, “fizioloji xüsusiyyəti” açılmır. Əgər müəlliflər bu şeir parçasından
sonra “zəhmətdən qorxan adam sonradan bu qorxunun əziyyətini çəkir” (səh.91)
mövzusunda şagirdlərə inşa yazmağı tövsiyə edirlərsə, onda belə çıxır ki, Süsən qorxaq
və tənbəldir, o birilər isə “qab yuduqlarına, çay dəmlədiklərinə, su gətirdiklərinə” görə
qorxaq və tənbəl deyillər.
104-cü səhifənin 3-cü abzasının son cümləsində “cəsarətini toplayıb” yox, “özünü
toplayıb” olmalıdır.
106-cı səhifədəki mətndə babanı savadsız adlandırmaq düzgün deyil. Mətnin
özündə də deyilir ki, “kənddə kimin işi çətinə düşürdüsə, məsləhət üçün onun yanına
gəlirdi”. Düzdür, baba təhsil almayıb, amma müdrik insandır. Mətnin 107-ci səhifədəki
davamında baba oxumadığını şəstlə etiraf edir. Didaktik baxımdan düzgün deyil.
109-cu səhifədəki 5-ci tapşırıqda “miladdan öncə” ifadəsi olmalı idi.
120-ci səhifədə “Qan qardaşlığı” mətni uğursuzdur. Burada şagirdin tərbiyəsi
baxımından yanlış təbliğat vardır. Bu, sinifdə şagirdlər arasında çox ziyanlı bir ənənənin
yaranmasına rəvac verə bilər.
10
122-ci səhifədə müəllifi qeyd olunmayan “Yoldaşlıq köməyi” şeirinin adında qüsur
var. “Yoldaş köməyi” düzgün ifadədir.
135-ci səhifədəki mətndə “Ad günümü yaddaqalan keçirmək istəyirdim” ifadəsi
əvəzinə “İstəyirdim ad günüm yaddaqalan olsun” kimi əvəzlənsə, daha məqsədəmüvafiq
olar.
136-cı səhifədə işlənmiş “parti” sözü dərslik üçün uğurlu deyil.
137-ci səhifədə “Şah Abbas” mətninin “Dostluq” bölməsinə aidiyyəti yoxdur.
189-cu səhifədə “Axı bu lənətə gəlmiş it-pişik məndən niyə əl çəkmir” ifadəsi 4-cü
sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil. Bu səhifədəki son dialoqların birində Lalə
deyir: “-...Hamısını yenə döyəcəyəm”. Belə daha düzgün belə olar: “Yenə hamısını
döyəcəyəm”.
190-cı səhifədəki mətnin son cümləsində “gecələr dinc yatır” əvəzinə, “gecələr
rahat yatır” olmalıdır.
197-ci səhifədə “Xor” şeirinin əxlaqi dəyərlər bölməsinə aidiyyəti yoxdur.
206-cı səhifədə “Dil qaydaları” bölməsində deyilir: “Mürəkkəb cümlə iki və ya
daha artıq sadə cümlədən düzəlir. Onun tərkibindəki cümlələr bir-biri ilə məna və
intonasiyaya görə bağlanır”.
210-cu səhifədə “Dil qaydaları” bölməsində isə bu haqda belə deyilir: “Mürəkkəb
cümlənin tərkib hissələri vergüllə və ya köməkçi nitq hissələri ilə bağlanır”. 4-cü sinif
şagirdi bunu başa düşə bilərmi? O, hansı qrammatik qaydaya inansın?
Dərslik “Azərbaycan dili” adlansa da, məzmunu bilavasitə “Oxu” məzmun xəttinə
uyğundur. Bunun səbəbi, fikrimizcə, 3-cü sinif dərsliyində dilin sisteminin həddindən
çox verilməsi ilə bağlıdır. Dil materialları uşaqların yaş xüsusiyyətləri nəzərə alınmadan,
əsasən, 3-cü sinif dərsliyində verildiyindən 4-cü sinif dərsliyində əlavə məlumat
verməyə, demək olar, material qalmayıb. Eləcə də, təqdim olunmuş dil qaydalarının
mətnlərlə bağlı olmaması “Azərbaycan dili” fənninin əsas məqsədinin reallaşmamasına
gətirib çıxarıb.
3. Dizayn və bədii tərtibat baxımından
11
Dərslikdəki (əsasən 1-ci, 3-cü sinif dərsliklərində çox, 4-cü sinifdə bir qədər azdır)
şəkillərin çoxu dərsliklərdə verilməsi münasib olmayan karikaturaya bənzəyir.
Şəkillərin əksəriyyəti mətnin içinə girir, halbuki bu, kitabçılıqda yolverilməzdir.
187-ci səhifədə mətndə “gonbul oğlan”dan danışılsa da, şəkildə gonbul fərd yoxdur.
Mündəricatda mövzuların adlarına uğursuz fon verilib, çətinliklə oxunur.
Əksər hallarda şəkillərdə təsvir olunan obrazların hamısının ağzı eyni vaxtda açıq
verilib (səh. 9, 25, 118, 146, 150, 156, 160, 171 və s.).
Dostları ilə paylaş: |