Diabetes in bearded women Shahin Boyukaga oglu Alibeyli



Yüklə 40.02 Kb.
PDF просмотр
tarix15.03.2017
ölçüsü40.02 Kb.

 

Saqqallı qadınlar diabeti  



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Diabetes in bearded women 

Shahin Boyukaga oglu Alibeyli 

 

Диабет бородатых женщин  

Шахин Боюкага оглы Алибейли 

 

 



Saqqallı qadınlar diabeti istər endokrinologiya, istərsə də tibbin digər sahələrində 

çalışan mütəxəssislər üçün maraq doğurur. Aşağıda təqdim edilən materialda məhz onun 

barəsində söhbət açılacaqdır.  

 

Definisiyası və sinonimləri 

 

Endokrin  sisteminin  yalnız  qadınlarda  rast  gəlinən,  özünü  başlıca  olaraq 



hipertrixoz,  piylənmə  və  şəkərli  diabetlə  göstərən  bir  xəstəliyi  saqqallı  qadınlar  diabeti 

adlanır.  Ədəbiyyatda  «saqqallı  qadınlar  diabeti»  termininin  sinonimi  kimi  aşağıdakı 

anlayışlara rast gəlinir: 

– Aşar–Tyer simptomokompleksi; 

– Aşar–Tyer sindromu; 

– saqqallı qadınların simptomokompleksi; 

– saqqallı qadınlar sindromu. 

 

Qısa tarixi arayış 

 

Karbohidrat mübadiləsinin pozulması və hiperandrogenemiya arasında qarşılıqlı 



əlaqə  olduğunu  ilk  dəfə  1921-ci  ildə  məşhur  fransız  həkimləri  Emil  Şarl  Aşar  (Emile 

Charles  Achard)  və  Jozef  Tyer  (Joseph  Thiers)  göstərmişlər.  Onların  bir  yerdə  təsvir 

etdikləri xəstəlik «saqqallı qadınlar diabeti» adlandırılmışdır.  

Sonradan  bəzi  mənbələrdə  xəstəliyin  başqa  bir  adı  kimi  «saqqallı  qadınlar 

sindromu»  termini  işlənilmişdir.  Hərçənd  «saqqallı  qadınlar  sindromu»  məfhumunu  elə 

uğurlu hesab etmək olmaz. Çünki barəsində danışılan patologiya qadının üzündə saqqal və 

bığ  çıxdığı  yeganə  xəstəlik  deyildir.  Xəstəlik  haqqında  birinci  dəfə  məlumat  vermiş 

tədqiqatçı  həkimlərin  şərəfinə  olaraq  «Aşar–Tyer  simptomokompleksi»  və  «Aşar–Tyer 

sindromu»  kimi  eponimik  terminlər  təklif  edilmiş  və  mütəxəssislər  tərəfindən  rəğbətlə 

qarşılanmışdır. 

 


 

 



Şəkil 1. Emil Şarl Aşar (Emile Charles Achard; 1860–1944) 

 

Etiologiyası və patogenezi (səbəbləri və inkişaf mexanizmi) 

 

Kuşinq sindromunun inkişaf mexanizminə analoji patogenetik mexanizm olur. 



Əsasən  aşağıdakılara  diqqət  yetirilir:  hipofizin  bazofil  adenoması,  bəzən  böyrəküstü 

vəzilərin şişi və yaxud hiperplaziyası. Baş beyinin əsasında yerləşən və orqanizmin bütün 

hormonal sisteminin fəaliyyətini tənzimləyən əsas endokrin vəzisi olan hipofizin və onunla 

bərabər böyrəküstü vəzilərin qabıq qatının funksiyalarının pozulması xəstəliyin səbəbləri 

kimi göstərilir. Həmin orqanlarda şiş olduqda xəstəliyin yaranma ehtimalı hədsiz böyüyür. 

Buna  görə  saqqallı  qadınların  diabeti  hipofizin  bazofil  adenomasının,  nadir  hallarda 

böyrəküstü vəzilərin şiş və yaxud hiperplaziyasının əlaməti hesab edilir.  

 

Klinik mənzərəsi 

 

Aşar–Tyer  sindromu  –  qadında  menopauza  başladıqdan  sonra  təzahür  edən 



nadir xəstəlikdir. Xəstəliyin başlıca xüsusiyyətlərindən biri onun məhz klimaks dövründə 

müşahidə edilməsidir. 

Saqqallı qadınlar diabeti xəstəliyinin simptomatologiyası özündə aşağıdakı əsas 

əlamətləri birləşdirir: 

1. Göz simptomları:  

a) akkomodativ astenopiya;  

b) diabetik, yaxud arteriosklerotik retinopatiya. 

2. Ümumi simptomlar:  

a) qadında kişi tipli olan, bığ və saqqalın çıxması ilə təzahür edən hipertrixoz; 

civzə (sızanaq) çıxması, hirsutizm, adətən digər maskulinizasiya əlamətləri olmadan; 

b)  əksər  hallarda  inkişaf  edən  şəkərli  diabet,  qlükozotolerantlığın  pozulması 

(qlükozaya qarşı tolerantlığın aradan qalxması), qlükozuriya; 

c) amenoreya (menstruasiyanın olmaması);  

ç) çox tez-tez meydana çıxan arterial hipertoniya (hipertenziya); 



 

d) piylənmə; 



e) eritremiya; 

ə) hiperxolesterinemiya (qanda xolesterinin səviyyəsinin yüksəlməsi); 

f) qaraciyər sirrozu; 

g) osteoporoz. 

Aşar–Tyer  sindromu  qadında  hiperkortisizm  simptomlarının,  xüsusən 

hirsutizmin  şəkərli  diabetə  xas  aydın  ifadəli  əlamətlərlə  qovuşmasıdır.  Saqqallı  qadınlar 

diabeti  kişi  tipli  hipertrixozda  və  bədənin  piylənməsində  ifadəsini  tapır.  Xəstədə  şəkərli 

diabet,  bığ  və  saqqal  çıxması  ilə  özünü  göstərən  kişi  tipli  hipertrixoz  olur,  lakin  bunlar 

virilizmin digər simptomları olmadan meydana çıxır (virilizasiyanın başqa əlamətləri zühur 

etmədən  gedir).  Bədənin  tüklənməsinin  kişi  tipli  olması  (kişi  tipli  tüklülüyün  nəzərə 

çarpması) xəstəliyin səciyyəvi əlamətlərindən biridir. Hipertrixoz məhdud xarakter daşıyır, 

yalnız çənədə və onun altında, yuxarı dodaqda tüklər çıxır, lakin bununla eyni vaxtda çox 

aydın ifadə olunmayan şəkərli diabet, bəzən arterial hipertenziya qeydə alınır, həmçinin 

piylənmənin  simptomları özünü göstərir. Beləliklə, Aşar–Tyer sindromu – postmenopauza 

dövrünə qədəm qoymuş qadında hiperkortisizmin bir forması olub, dərindən gəldiyi dərhal 

duyulan kişi səsi, qlükozotolerantlığın pozulması, qlükozuriya və yaxud insulinorezistent 

şəkərli  diabet,  osteoporoz,  adrenogenital  sindrom,  virilizasiya,  amenoreya,  piylənmə  və 

digər əlamətlərlə səciyyələnir. 

 

 

 



Şəkil 2. Saqqallı qadınların diabeti [3] 

 

Aşar–Tyer  sindromu  zamanı  nisbətən  düzgün  qədd-qamət  saxlanıldığı  və 



ətraflar mükəmməl quruluşlu olduğu halda, bədənin bəzi yerlərində, xüsusən üz, döş, bel 

və sağrı nahiyələrində artıq miqdarda piy toplanması nəzərə çarpır. Əsasən İsenko–Kuşinq 

xəstəliyi tipində displastik piylənmə (qızarmış girdə sifətə, kök bədənə, arıq ətraflara malik 

olan insanın xarakterik piylənmə tipi) olur. Ümumiyyətlə, belə qadınların üzündə saqqal və 

bığ çıxmasına baxmayaraq onların bədən quruluşu bitkin təsir bağışlayır, buna görə qaməti 

qəşəng  görünüşlü  olur,  sadəcə  olaraq  ətraflarının  ölçüləri  bütün  gövdəsini  mütənasib 

şəkildə  tamamlasa  da  ancaq  başqa  nahiyələrlə  müqayisədə  xeyli  arıq  olduğu  gizlədilə 

bilmir, əl və ayaqları çox nazik görünür. Çox vaxt hiperxolesterinemiya (qanda xolesterinin 

səviyyəsinin yüksəlməsi) müşahidə olunur. 


 

Aşar–Tyer  sindromunun  ümumi  simptomlarından  olan  eritremiya  haqqında 



azca məlumat vermək lazım gəlir. Eritremiya qanyaradıcı sistemin xronik xəstəliyi olub, 

təkcə qanın formalı hüceyrələrinin – eritrositlərin, leykositlərin, trombositlərin miqdarının 

artması ilə deyil, həmçinin qan plazmasının həcminin çoxlaması ilə səciyyələnir, nisbi xoş 

gedişə malik olur, bir neçə əsas əlamət şəklində təzahür edir ki, onların arasında dərinin 

tünd qırmızı rəngdə olması, arterial təzyiqin yüksəlməsi, qanaxma və tromboza meyllilik, 

dalağın böyüməsi daha çox nəzərə çarpır.  

Bir  çox  hallarda  Aşar–Tyer  sindromu  zamanı  osteoporoz  müşahidə  olunur. 

Osteoporoz  isə  sümük  toxumasının  ciddi  dəyişikliklərə  uğraması,  ilk  növbədə  onun 

distrofiyası,  sümüklərin  möhkəmlik və  davamlılığının  azalması,  hətta  sınma  ehtimalının 

hədsiz artmasıdır. 

 

Diaqnostikası və müalicəsi  

 

Tibb  elmində  qəbul  edilmiş  ənənəyə  uyğun  olaraq  Aşar–Tyer  sindromunun 



diaqnostikası iki istiqamətdə həyata keçirilir: adi və diferensial. Adi diaqnostika dedikdə 

hər  hansı  xəstəliyin  müəyyən  əlamətlərinə  şübhə  olduğu  hallarda  onun  əsaslı  şəkildə 

təsdiqlənməsi, yaxud inkar edilməsi nəzərdə tutulur. Adi diaqnostika öz növbəsində klinik 

və  laborator  olmaqla  iki  yerə  ayrılır.  Diferensial  diaqnostika  dedikdə  xəstəliyin 

simptomlarına  oxşar  olan  əlamətlər  təzahür  edən  hallarda  onun  başqa  patologiyalardan 

fərqləndirilməsi başa düşülür. 

Müayinə  zamanı  hiperqlikemiya,  qlükozuriya,  böyrəküstü  vəzilərin  qabıq 

qatının  hormonu  olan  kortizolun  hiperproduksiyası,  böyrəküstü  vəzilərin  ölçülərinin 

artması  aşkara  çıxarılır.  Laborator  tədqiqat  zamanı  kortizolun  səviyyəsinin  yüksəlməsi, 

qanda qlükozanın konsentrasiyasının artması müəyyən olunur. Həmçinin sidikdə qlükoza 

aşkar  edilir.  17-ketosteroidlərin  və  17-oksiketosteroidlərin  urinar  ekskresiyası  bir  qayda 

olaraq yüksəlir, yəni onların sidikdə miqdarı artır. 

Adətən  böyrəküstü  vəzilərin  qabıq  qatının  şişi  və  yaxud  hiperplaziyası  aşkar 

edilir.  Bəzən  kompüter  tomoqrafiyası  hipofizin  ön  payında  yenitörəmə  əlamətlərini 

göstərir.  

Saqqallı qadınların diabeti bir sindrom olaraq yalnız bəzi patoloji halların istisna 

edilməsindən  sonra  diaqnoz  kimi  qoyula  bilər.  Saqqallı  qadınlar  sindromunun  növbəti 

patologiyalarla diferensial diaqnozu aparılmalıdır: 

1) fizioloji klimaks; 

2)  qadında  yaş  diabeti  (yaşa  dolmaqla  əlaqədar  olaraq  zərif  cinsin 

nümayəndəsində meydana çıxan şəkərli diabet forması); 

3) adrenogenital sindrom; 

4) suprarenal-genital sindrom (böyrəküstü vəzi – cinsiyyət sindromu); 

5) Morqani–Stüart–Morel sindromu;  

6) İsenko–Kuşinq sindromu. 

Xəstəliyin təbiətindən (hipofizin və yaxud böyrəküstü vəzilərin zədələnməsinin 

xarakterindən)  asılı  olaraq  müalicə  aparılır.  Karbohidrat  mübadiləsinin  korreksiyası 


 

göstərişdir,  şiş  aşkara  çıxarıldığı  təqdirdə  cərrahi  müalicə  (operativ  müdaxilə  edilməklə 



yenitörəmənin kənarlaşdırılması) lazım gəlir. 

 

İstifadə olunmuş mənbələr 

 

1. Achard Emile Charles, Thiers Joseph. Le virilisme pilaire et son association a 



l’insuffisance glycolytique (diabete des femmes a barbe) [Texte] // Bulletin de l’Academie 

nationale de medecine, Paris, 1921, series 3, numeros 86, pages 51–64 

2.  Бородулин  Владимир  Иосифович,  Бруенок  Александр  Викторович, 

Венгеров  Юрий  Яковлевич,  Глянцев  Сергей  Павлович,  Ланцман  Михаил 

Наумович,  Левин  Олег  Семёнович,  Селиванова  Елена  Анатольевна,  Тополянский 

Алексей Викторович, Шотемор Шириншо Шириншоевич.  Клинические синдромы 

и  симптомы:  краткий  эпонимический  словарь-справочник  практического  врача 

[Текст]  /  Составители:  Владимир  Иосифович  Бородулин  и  Алексей  Викторович 

Тополянский  /  Под  редакцией    Владимира  Иосифовича  Бородулина.  Москва, 

издательство «РИПОЛ классик», 2007, 464 стр. 

3. Синдром Ашара–Тьера [Электронный ресурс] // www.medkarta.com  

4.  Стоименов  Йордан  Александров,  Стоименова  Мая  Йорданова,  Коева 

Правда Йорданова, Коев Георги Михайлов, Попов Пламен Любенов, Стоименова 

Лиляна  Цанова.  Психиатрический  энциклопедический  словарь  [Текст].  София, 

академическое 

издательство 

имени 

профессора 



М. 

Дрирова, 

Киев, 

Межрегиональная Академия управления персоналом, 2003, 1200 стр.  



5. Цвелев Юрий Владимирович, Кира Евгений Фёдорович, Берлев Игорь 

Викторович,  Гайворонских  Дмитрий  Иванович.  Терминология  в  акушерстве, 

гинекологии и перинатологии. [Текст]. Учебное пособие. Научное издание. Санкт-

Петербург, издательство «Н–Л», 2012, 288 стр. 

6.  Чурилов  Леонид  Павлович,  Колобов  Андрей  Викторович,  Колобова 

Оксана  Леонидовна,  Константинова  Анастасия  Михайловна,  Строев  Юрий 

Иванович,  Утехин  Владимир  Иосифович.  Толковый  словарь  избранных 

медицинских  терминов.  Эпонимы  и  образные  выражения  [Текст]  /  Редакторы 

Леонид Павлович Чурилов, Андрей Викторович Колобов, Юрий Иванович Строев. 

Санкт-Петербург, издательство «Элби», 2010, 352 стр. 



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə