Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir. İbadət evləri ilə yanaşı, respublikada xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir. 1 avqust 2015-ci ilin məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 632 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.