İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət bir qayda olaraq digər obyektə tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən həyata keçirilir (Şəkil 1). Şəbəkə modellərindəisə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. Bu modellər arasındakı fərq onların sxemlərindən də aydın görünür. Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərin quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur (Şəkil 2).
Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.
Verilənlərin relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir. Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir.
Relyasiya modelində cədvəl verilənlərin quruluşunun əsas növü hesab edilir. Onun quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərin müəyyən bır elementinə uyğun gəlir və o verilənlərin sadə quruluşundan ibarətdir.
Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan, normalaşdırılmış münasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir. Burada cədvəlinin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verilməsi nəzərdə tutulur.