Diyarşünaslıq elmində dövri mətbuat tarixliyi
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərmişdir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
"Tiflisskiye vedomosti" Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər "Tiflisskiye vedomosti" qəzeti haqqında da yeri gəldikcə bəhs etmişlər. "Tiflisskiye vedomosti" qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzetin adı "Tiflis əxbarı" idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinci" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı.
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən nşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.
XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə , Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.
Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat, buluddan sivrilib çıxan ulduzlar kimi parlamağa başlamışdı. O dövrdə Azərbaycan ziyalıları arasında siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası qoyulurdu.
Bu dövrdə müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi Əmir" və s. göstərmək olar.
"Məzəli" jurnalı "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur. "Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər.
"Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. “Molla Nəsdəddin” jurnalı 1906-1918 –ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931 illərdə Bakıda nəşr edilib.748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Kəskin və cəsarətli tənqidi çıxışlarına, acı həqiqətləri söylədiyinə görə daim hücum və təqiblərə məruz qalan jurnalın nəşri çar senzurası tərəfindən dəfələrlə dayandırılmış, bir sıra nömrələri müsadirə olunmuş, redaktoru bir neçə dəfə məhkəmə məsuliyyətinə cəlb edilmiş, cərimə edilmişdir. Lakin bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi çox keçmədən Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi. Jurnalın Mərkəzi Asiyada, Krımda, İrəvan, Kazan, Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə və sair şəhərlərdə çoxlu oxucusu var idi.
"Molla Nəsrəddin" dövrünün mühüm siyasi hadisələrinə səs verir, milli oyanış prosesinə xidmət edirdi. Jurnalın mövzu və təsir dairəsi çox geniş idi. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyalıları öz ətrafında toplamışdı. Jurnalda Azərbaycanın görkəmli şair, yazıçı və jurnalistləri ilə yanaşı Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərərək Azərbaycanda yeni rəssamlıq məktəbinin təməlini qoydular. "Molla Nəsrəddin"in müasir ədəbiyyat, maarifləşmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalda əməkdaşlıq edən sair və yazıçıların yaradıcılıq istiqamətini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də "Mollanəsrəddinçilik" adlı böyük bir ictimai-ədəbi hərəkat yaranmışdı. Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq, rus və dünya bədii-publisist irsinin ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnərək, milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini qoyulmuş, Azərbaycan publisistikasını janr və üslub rəngarəngliyi ilə zənginləşdirərək onun inkişafında misilsiz rol oynamışlar. Bu dövr Azərbaycanda uşaq və valideynlər üçün "Dəbistan", "Rəhbər", "Məktəb" kimi jurnalların buraxılması ilə də əlamətdar idi. Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur.
Azərbaycan 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü az oldu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Hələ Azərbaycan Xalq Cümhuriyyәti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçәlәrәk demokratik mətbuatın inkişafına xidmət etdi.
Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 650-dən çox müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının inkişaf yolunda olmasına dəlalət edir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın "Kommunist" (ilk nömrəsi 1919-cu ildə çıxmışdır), "Bakinskiy raboçiy" (1906-ci ildən çıxır), "Vışka" (1928-ci ildən çıxır), "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana" (ilk nömrələri 1919-cu ildə çıxmışdır), "Bakı", "Baku" (1958-ci ildən çıxır), "Ədəbiyyat və incəsənət" (1934-cü ildən çıxır) və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı. Xalqın həyatının işıqlandırılmasında, ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikrə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli şüurun və özünüdərkin formalaşdırılmasında böyük rolu olmuşdur. Bu qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq ideyasına xidmət edən yazıları bu gün də aktual olaraq qalır və totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Məhz bu dövrdə publisistikanın tamamilə yeni bir növü- teleradio jurnalistikası təşəkkül tapdı.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində "Bakı Fəhlə Konfransının Əxbarı", “Azərbaycan gəncləri”, "Hürriyyət, "Azərbaycan füqərası", rus dilində "Nabat", "Molot", "Proletari", "Raboçi put", Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. "Kommunist" qəzeti "Hümmət’’, "Qoç-Dəvət", "Təkamül", "Yoldaş", "Hümmət" (1917-1918-ci il-lər), "Bakı Şurasının Əxbarı" kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı. "Kommunist" 1919-cu il avqustun 29-da həyata gəldi. "Kommunist" in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə"Kommunist" leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını"nın nəşr olunmasını qərara aldı. "Şərq qadını"jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlamışdır.
1927-ci ilin fevralında "Pioner" jurnalı kütləvi tirajla çıxmağa başladı.
1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən “Səhər” qəzeti 1989-cu ilin 4 avqust tarixində və “Azadlıq” qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. “Səhər”ə tanınmış jurnalist Məzahir Süleymanzadə, “Azadlıq”a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.
1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.
1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox millim-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün -22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Dostları ilə paylaş: |