II FƏSİL DÖVLƏT QULLUQÇULARINA KİTABXANA-İNFORMASİYA XİDMƏTİNİN KEYFİYYƏTİNİN ÖLÇÜLMƏSİ METODLARI Dövlət qulluğuna dair sənəd-informasiya mənbələrinin keyfiyyətinin ölçülməsi üçün müxtəlif metod və modellər mövcuddur. Bəzi metodlar ekspert qiymətləndirilməsini tələb edir. Digər metodlar məlumatların keyfiyyətini inteqral göstəricilər vasitəsilə, kəmiyyətcə ölçməyi təklif edir. Mövcud metodların əsas çatışmazlığı bütün növ sənəd-informasiya mənbələrini tam əhatə etməməsidir. Bu medodlardan biri CRAAP modelinin istifadəsidir. Kaliforniya Dövlət Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan bu model məlumat mənbələrinin keyfiyyətini qiymətləndirmək üçün əlamətləri özündə əks etdirir. Bu meyarlar hər cür məlumat mənbələrini qiymətləndirmək üçün istifadə edilə bilər. Burada aktuallıq informasiyanın operativ verilməsini, relevantlıq lazımi informasiyanın istifadəçiyə verilməsini, müəllif əlaməti məlumatın mənbəyini qiymətləndirmək üçün müəllifin kimliyini, bu şəxsin kifayət qədər savadlı olub-olmadığını müəyyənləşdirmək üçün çox vacib bir əlamətdir. Bundan əlavə bu modeldə dəqiqlik əlamətindən istifadə edilir ki, bu əlamət istifadəçiyə verilən informasiya mənbəyinin dəqiq olub olmadığını göstərir. Məqsəd əlaməti isə mənbənin yaranmasının və uzun müddət qorunmasının məqsədini müəyyənləşdirir.(46)
Bu model bir çox sualları özündə əks etdirir ki, kitabxanalar bu modeldən istifadə edərsə kitabxana-informasiya xidmətinin vəziyyətini öyrənmiş olar və onun keyfiyyətini artırmaq üçün fəaliyyət göstərər. Rus alimi A. P. Verevçenko informasiya mənbələrinin qiymətləndirilməsi məqsədilə informasiya mənbələri ilə işləmək üçün alqoritm yaratmağı təklif edir. Bu model özündə mənbənin yetərli və etibarlı olub-olmadığını, gizli qalmış informasiyanın meydana çıxarılmasının üsullarını, informasiya mənbələrinin təsnifatını, informasiyanın qeydiyyatının və ötürülməsinin yeni formalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu model hətta kitabxana fondlarında uzun müddət istifadəsiz qalan ədəbiyyatın meydana çıxarılmasına imkan yaradır. (13)
İnformasiya mənbələrinin qiymətləndirilməsinin matris modeli idarəetmə qərarlarının verilməsi üçün sənəd-informasiya mənbələrinin qiymətləndirilməsində əsas modellərdən biridir. Bu model vasitəsilə informasiya mənbələri 5 ballıq şkala ilə qiymətləndirilir: 5- ən yaxşı, 1- ən pis. (20) Bütün bu adı çəkilən modellər Azərbaycanda demək olar ki, istifadə edilmir. Məs. Prezident Kitabxanasında bu modellərdən hər-hansı birinin tətbiqi kitabxana-informasiya işinin keyfiyyətini artırmış olacaq. Lakin bu modelləri tətbiq edərkən Azərbaycanın intellektual strateji resursundan istifadə göstəricilərinə diqqət yetirmək lazımdır. Öyrənmək lazımdır ki, Azərbaycan oxucusunda suveren vətənpərvərlik və özünə hörmət psixologiyası formalaşıbmı və ya iqtisadi millətçiliyin strategiyası və taktikası mövcuddurmu. Çünki bu günün oxucusu subyektiv səbəbdən hər hansı bir kitabı bəyənməyə bilər və onu təklif edilmiş model əsasında 1 balla qiymətləndirə bilər. Ona görə sənəd-informasiya mənbəyinin qiymətləndirilməsi zamanı dövlət qulluçusunun informasiya təminatı ilə peşə bilik səviyyəsi sinxron öyrənilməlidir. Yalnız bundan sonra dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin keyfiyyətinin obyektiv qiymətləndirilməsindən söhbət gedə bilər. R. Jackson tərəfindən qeyd edildiyi kimi, iş dünyası şikayətlərə dəyərli məlumat və istifadəçi xidmətinin yaxşılaşdırılması və məmnunluğunun təmin edilməsi kimi baxır. (40)
Dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin həcmini öyrənmək üçün başqa bir sadə üsul kitabxana fondunda mövcud olan ədəbiyyatın kitab verilişinin statistik göstəricilərinin öyrənilməsidir. Məs. Prezident Kitabxanasının fondunda 67. 401 (5Aze) D83 şifrəsi altında saxlanan “Dövlət qulluğu haqqında sənədlər toplusu”nun 2007-ci il buraxılışının kitab verilişi göstəricisi 25-dir. Spesifik sahə üçün belə bir göstərici həddən artıq yaxşı göstərici hesab olunur. Çünki bu topludan dövlət qulluğu ilə maraqlanan şəxslər, o cümlədən dövlət qulluqçuları istifadə edir. Burada bir məsələni qeyd etmək lazımdır dünya təcrübəsində informasiyanın qiymətləndirilməsi zamanı rəqəmlər və faktlar önəmli deyil. Əgər bir informasiya bir şəxsə faydalı ola bilmişdirsə deməli o informasiya keyfiyyətli informasiyadır. Nəhayət belə qənaətə gəlmək olar ki, informasiya texnologiyalarının kitabxanalara tətbiqi onun istifadəçiləri ilə sosial əlaqələrinin genişlənməsindəki məhdudiyyəti aradan qaldırır və kitabxanalar sərhədsiz məlumat (hətta bəzən zəruri maddi-texniki baza olmadıqda) mənbəyinə çevrilirlər.
Kitabxana informasiya ehtiyatları elm və istehsal sahəsində dünya məzmununun formalaşmasının əsas seqmentlərindən biri hesab olunur və "elektron vətəndaş"ın hüquqi və innovativ mədəniyyətinin tərbiyəsində mühüm amil rolunu oynayır.
Bütün dünyada qloballaşma şəraitində informasiya sistemlərinin cəmiyyətin təkamülünə təsiri probleminə daha çox diqqət yetirilir. Məlumdur ki, istənilən fəaliyyət sahəsində uğurun açarı lazımi məlumata sahib olmaq hesab olunur. Eyni zamanda günümüzün tələblərinə uyğun gəlməyən qanunvericilik kitabxanaların qlobal elektron məzmunu yaratmaq və istifadə etmək üçün sosial-mədəni missiyasını yerinə yetirməsinə mane olur, halbuki kitabxanalarsız bilik iqtisadiyyatının uzunmüddətli və sabit inkişafı qeyri-mümkündür və informasiya cəmiyyətin intellektual ehtiyatlarının və bütövlükdə ahəngdar sivilizasiyanın gələcək inkişafı üçün əsas kimi qəbul olunur. Sürətlə baş verən kontekstdə qeyd etmək lazımdır ki, dünyanın elmi və informasiya mənzərəsində baş verən dəyişikliklər, mədəniyyətin ahəngdar inkişafı dövrümüzün zəruri tələblərindən biridir. XXI əsrdə sivilizasiyanın inkişafının ahəngdarlığı getdikcə daha vacib ehtiyaca çevrilir, əks təqdirdə bu “qlobal kənddə” yaşamaq mümkünsüzdür. (15) A.İ. Kolkov hesab edir ki, fərdi "qlobal çoxqütblü dünyada hər hansı bir ölkəyə uyğun vahid elmi nəzəriyyə ilə yanaşmaq mümkün deyil. (18, s. 2-3) Müasir qlobal dünyanın inkişafında çoxqütblülük meylinə alternativ, bəşəriyyəti hər biri öz mədəniyyətinə əsaslanaraq müstəqil şəkildə inkişaf edən, dünyanın milli mədəniyyətlərinin zənginliyini təmin edən bir sivilizasiya mövcuddur. Azərbaycan çoxmillətli bir dövlət kimi bütün dünyanı təmsil edir və orada yaşayan xalqlar və mədəniyyətlər arasındakı münasibətlər inkişafın sabitliyinin vacib amilinə çevrilir. Ancaq bu istiqamətdə irəliləyişə yalnız düşünülmüş və ardıcıl olaraq həyata keçirilən strategiyanın köməyi ilə, dövlətin tam dəstəyi ilə nail olmaq olar. Maraqlıdır ki, beynəlxalq səviyyədə ilk dəfə olaraq, dövlətin və beynəlxalq təşkilatların bir insanın informasiya cəmiyyətində yaşamaq ilə bağlı öhdəlikləri tənzimləmək cəhdi YUNESKO tərəfindən “Çoxdilli inkişafı və dillərin istifadəsinə dair tövsiyələr və kiberməkana hamılıqla giriş” sənədində əks olunurdu. Burada bildirilir ki, “Üzv dövlətlər və beynəlxalq təşkilatlar informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində savadlılığı təşviq etməlidirlər. İnformasiya cəmiyyəti üçün insan kapitalının inkişafı vacibdir ...” İnformasiya Cəmiyyətinin İnkişaf Strategiyasına görə, belə bir cəmiyyətin formalaşdırılması ən yeni informasiya və şəbəkə texnologiyalarından istifadə etməklə, bir insanın informasiya mədəniyyəti şəraitinə hazırlaşması probleminin həllində humanitar yanaşma ilə təmin edilir. (19) Hazırda ölkəmiz yeni addımlar atmaqdadır. Hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının gündəlik həyatımızın tərkib hissəsinə çevrildiyini, mütəxəssislərimizin informasiya və kompüter texnologiyaları üzrə müxtəlif layihələri həyata keçirdiklərini bildirmişdir (4, s. 2).
Ümummilli Heydər Əliyevin 17 fevral 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya"nın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.Milli Strategiyanın əsas vəzifələrinə aşağıdakılar aiddir: informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi; cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması; vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması; effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron hökumətin yaradılması, elektron ticarətin formalaşdırılması və inkişaf etdirilməsi; ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndrilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi; xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanması və onun geniş təbliği; inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi; ölkənin informasiya təhlükəsizliyinin təmin olunması; ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası; milli proqram vasitələrinin yaradılması, informasiya və kommunikasiya texnologiyaları məhsullarının istehsalının (İKT-sənayesinin) inkişaf etdirilməsi; ölkənin "rəqəmsal geriliyinin" aradan qaldırılması. (1;2)
Buradan belə qənaətə gəlmək olar ki, vahid milli elektron informasiya məkanının formalaşdırılması və ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası informasiya cəmiyyətinin əsas elementlərindən biri hesab olunur. Bu istiqamətdə həll olunması lazım olan məsələlərdən biri də elektron hökumətin formalaşdırılmasıdır ki, bu barədə tədqiqatlarında hüquq elmləri doktoru İ.L. Baçilo yazır, “Elektron hökumət yaratmaq müasir cəmiyyətin həqiqi iştirakçılarının elektron fəaliyyət formalarının adekvat infrastrukturu yaratmaq səyləridir.” (11) “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. (57)
İnformasiya cəmiyyətinin formalaşması zamanı nəzərə almaq lazımdır ki, struktur olaraq bu, dövlət siyasətinin həyata keçirilməsini təmin edən ixtisaslaşmış qurumlar, mexanizmlər və qaydalar sistemidir. İnkişaf etməkdə olan informasiya cəmiyyəti informasiya və rabitə texnologiyalarının geniş yayılması ilə qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsini və funksional vəzifələrinin yerinə yetirilməsini, dövlət xidmətləri və dövlət orqanlarının fəaliyyəti barədə təşkilatlar və vətəndaşlar tərəfindən məlumatların əldə edilməsinin rahatlığını təmin edən fəaliyyətdir. Müasir qlobal dünyada ehtiyaclarımızı ödəmək üçün virtual mexanizm müvəffəqiyyətlə tətbiq olunur, məlumatları oxucuya çatdırmağın texnoloji zəncirini sadələşdirir, eyni zamanda çatdırılan informasiyanın dəyərini qoruyur. Bu da dövlət qulluqçularına elektron vasitələrlə xidmətin təşkili zamanı elektron kitabxanaların formalaşdırılmasını nəzərdə tutur. Wikipediada elektron kitabxanalar "axtarış vasitələri ilə təchiz olunmuş müxtəlif elektron sənədlərin toplusu" kimi müəyyən edilmişdir. A.B. Antopolski isə elektron kitabxanalara sistemin özündə lokallaşdırılmış və eyni zamanda telekommunikasiya şəbəkələri vasitəsilə əldə edilə bilən müxtəlif elektron sənədlər kolleksiyalarını etibarlı şəkildə saxlamağa və səmərəli istifadə etməyə imkan verən bir məlumat sistemi kimi yanaşır. (32)
Dövlət qulluqçularının informasiya təminatında elektron kitabxanaların rolunu öyrəndiyimiz zaman müxtəlif kitabxanaların iş təcrübəsinə müraciət edə bilərik. Dövlət qulluqçularına mükəmməl kitabxana-informasiya xidməti təşkil etməyi qarşısına məqsəd qoyan Prezident Kitabxanası bu kitabxanalar arasında ilk yerdə durur. Biz qeyd etmişdik ki, Prezident Kitabxanası yarandığı gündən elektron kitabxana kimi fəaliyyətə başlamışdır. Dövlət qulluqçularına kitabxana –informasiya xidmətinin ən mükəmməlini təşkil etməyə çalışan kitabxana yarandığı gündən, daha doğrusu 2004-cü ildən elektron kitabxananın yaradılmasına başlamışdır. Əvvəlki fəsillərdə kitabxananın elektron kitabxanası haqqında bəhs etdiyimizə görə burada bəhs edilməyəcək. Biz burada elektron kitabxananın dövlət qulluqçuları üçün nə dərəcədə əhəmiyyətli olduğundan bəhs edəcik. İlk öncə onu qeyd edək ki, kitabxananın elektron kitabxanası preslib.az ünvanında yerləşir.
Burada hər bir dövlət qulluqçusu informasiya axtarışını mövzu kateqoriyaları üzrə, müəlliflər üzrə və açar sözlər üzrə apara bilər. Eyni zamanda elektron kitabxanada dövlət qulluqçularının dünyagörüşünün artırılması üçün lazım olan ədəbiyyat demək olar ki, əhatə edilib. Prezident Kitabxanasının elektron kitabxanası dövlət qulluqçularının fasiləsiz təhsilinin təşkilində də müstəsna rol oynayır. Elektron kitabxanadan istifadə zamanı təəssüf edici hal ondan ibarətdir ki, dünya təcrübəsində tətbiq edilən “Bulev axtarış” sistemi tətbiq edilməyib. Belə ki, tutaq ki, istifadəçiyə, o cümlədən dövlət qulluqçusuna “Dövlət qulluğu” ilə bağlı ədəbiyyat lazımdır. Bu zaman o “Açar söz” pəncərəsinə bu sözü yazdıqda sərlövhəsində “dövlət” və “qulluq” sözləri olan bütün ədəbiyyat üzə çıxır. Axtarışın relevantlığını artırmaq üçün qeyd olunan ifadəni dırnaq işarəsinə almaq lazımdır. Yəni axtarışı “Dövlət qulluğu” ilə aparmaq lazımdır. Lakin Prezident Kitabxanasının elektron kitabxanasında informasiya axtarışı zamanı bu üsul tətbiq edilmir və ya bu tipli simvollardan istifadə etmək qadağandır. Bu da informasiyanın relevantlığını azaldır və elektron kitabxanadan istifadə göstəricilərini aşağı salır. Ona görə də Prezident Kitabxanası elektron kitabxananı təkmilləşdirdiyi zaman bunu nəzərə almalıdır. Bundan əlavə informasiya axtarışı zamanı lazım olan sözü Azərbaycan dilində daxil etdikdə yalnız azərbaycan dilində ədəbiyyat meydana çıxacaqdır. Başqa dildə ədəbiyyatı axtardıqda mütləqdi ki, açar söz sənədin orijinal dilində uyğun müəyyənləşdirilsin. Məs. “Sivil service” və ya “Public service”
Bundan əlavə dövlət qulluqçularına elektron vasitələrlə kitabxana-informasiya xidməti elektron kataloqlar vasitəsilə də həyata keçirilir. Prezident Kitabxanası yarandığı gündən elektron kataloqun yaradılması işini həyata keçirir. Dövlət qulluqçuları elektron kataloqun 8 bazasında axtarış apara bilər. Elektron kataloqda informasiya axtarışı zamanı “Bulev sistemi” tətbiq edilmişdir. Belə ki, burada “Axtarış” pəncərəsində açar sözü dırnaq arasından, axtarışın relevantlığını artırmaq üçün “Dövlət qulluğu” şəklində yazdıqda “Yeni kitablar” verilənlər bazasında 2823 adda, “Retrofond” VB-da 60, “Avtoreferatlar” VB-də 2, “Elektron resurslar” VB-də 15-də, “Notlar” VB-də 7, “Dövrü mətbuat” VB-də 25757, “Depozitor fond” VB-də 97 adda sənədin biblioqrafik təsviri tapılacaqdır. Burada relevantlığı artırmaq və axtarışın nəticəsini dəqiqləşdirmək üçün “Biblioqrafik axtarış” pəncərəsində axtarışı nəşrin müəllifi üzrə, sərlövhəsi üzrə, nəşrin növü üzrə, nəşrin mövzusu üzrə, nəşr ili üzrə aparmaq mümkündür. Çox təəssüflər olsun ki, axtarışı nəşrin dili və nəşr yeri üzrə aparmaq mümkün deyil. Elektron kitabxanada olduğu kimi, elektron kataloqda da axtarışı nəşrin orijinal dili üzrə aparmaq lazımdır.
Prezident Kitabxanasında dövlət qulluqçularına elektron vasitələrlə kitabxana-informasiya xidmətinin tərkib hissəsinə kitabxananın hazırladığı və müəlliflik hüququna dair şəhadətnamə əldə etdiyi elektron resurslar, elektron layihələr, biblioqrafik göstəricilər və məlumat bülletenləri daxildir. Kitabxana tərəfindən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları”; “İlham Əliyev və Azərbaycanın neft diplomatiyası”; “Əsrin müqaviləsi”; “Azərbaycanda Olimpiya hərəkatı”; “Azərbaycan diasporu”; “Bələdiyyə hakimiyyəti (sənədlər toplusu)”; “Dağlıq Qarabağ münaqişəsi”; “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2004 - 2008)”; “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2009 - 2013)”; “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2014 - 2018)”; “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2019 - 2023)”; “Dövlət qulluğu (sənədlər toplusu)”; “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” adlı elektron resurslar, “Heydər Əliyev. Elektron sənədlər toplusu”; “İlham Əliyev. Elektron külliyyat”; “Odlar Yurdu Azərbaycan”; “XX əsrin faciəsi - Xocalı soyqırımı”; “Azərbaycan. Dövlət rəmzləri və atributları”; “Naxçıvan Muxtar Respublikası”; “Təcavüz. 20 Yanvar. Bakı 1990”; “Azərbaycan ekologiyası;Müstəqil Azərbaycan”; “İrəvan şəhəri”; “Azərbaycan Xalq Cümhuriyyəti”; “ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri”; “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror”; “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana”; “MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində”; “Azərbaycan multikulturalizmi”; “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)”; “Azərbaycan və İslam dünyası”; “Azərbaycan–UNESCO əlaqələri”; “Mir Cəlal”; “Ramiz Mehdiyev. Elektron kitabxana”; “Bakı” adlı elektron layihələr, “Azərbaycan Respublikasının Prezidenti: Gündəlik fəaliyyətin xronikası”; “Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyətinin xronikası”; “Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları”; “Azərbaycan Respublikasının qanunları”; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları”; “İlham Əliyev. Azərbaycanın neft diplomatiyası”; “Azərbaycanı dünyaya tanıdan lider”; “Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə çap olunmuş kitablar”; “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004 - 2008)”; “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009 - 2013)”; “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014 - 2018)”; “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019 - 2023)”; “Yeni kitablar”; “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” adlı biblioqrafik göstəricilər, “İqtidar. Müxalifət. Xalq”, “Tarix. Mədəniyyət. Elm”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan Respublikasında seçkilər”, “Xarici siyasət və beynəlxalq münasibətlər”, “Neft və qaz”, “İnsan haqları”, “Ekologiya”, “İnformasiya texnologiyaları”, “Multikulturalizm” adlı məlumat bülletenləri hazırlanır.
Adı çəkilən elektron resurslar arasında dövlət qulluqçularının informasiya təminatında ilkin yeri “Dövlət qulluğu” adlı elektron resurs tutur. “Dövlət qulluğu” adlı tammətnli e-resurs 2006-ci ilin fevral ayında istifadəyə verilmişdir. Resursda Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət daşıyan dövlət qulluğu haqqında qanun, ona düzəliş və əlavələr, bununla əlaqədar ölkə Prezidentinin sərəncam və fərmanları, Nazirlər Kabinetinin qərarlarının tam mətnləri toplanmışdır. E-resurs 5 fəsildən ibarətdir və hər bir fəsildə dövlət qulluğuna dair hüquqi-direktiv sənədlərin bir növü toplanmışdır. Resursun birinci fəsli “Azərbaycan Respublikasının qanunları” adlanır və burada 73 adda sənədin tam mətni verilmişdir. Fəslin həcmi 123 səhifədir. Resursun ikinci fəsli “Azərbaycan Respublikası prezidentinin fərmanları” adlanır. Burada 89 sənədin tam mətni verilmişdir və fəsil 180 səhifədən ibarətdir. “Azərbaycan Respublikası prezidentinin sərəncamları” adlanan üçüncü fəsil 52 adda sənədin tam mətnin əks etdirir və 79 səhifədən ibarətdir. 38 səhifədən ibarət olan dördüncü fəsil “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları” adlanır və 27 sənədin tammətnini əks etdirir. Resursun beşinci fəsli “Dövlət qulluğu haqqında digər sənədlər” adlanır. Burada qəbul qaydaları haqqında sənədlər və çıxarışlar və Qəbul üçün tələb olunan sənədlərin nümunələri və Dövlət Statistika Komitəsinin məlumatı öz əksini tapmışdır.
Bu gün kitabxanalar təkcə informasiya cəmiyyətinin yaradıcıları deyil, həm də onun üzvləri hesab olunmalıdır, çünki kitabxanalar oxucularına məlumat məhsulları təqdim edən zaman vasitəçiyə çevrilirlər. Vasitəçi kimi kitabxanalar kitabxana-informasiya xidmətinin keyfiyyətinə cavabdeh hesab olunurlar. Xidmət göstərən kitabxanalar üçün xidmətin mahiyyətini başa düşmək, idarəetmə xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, kitabxana xidməti sabit deyil, onun keyfiyyət dəyişkənliyi istehlakın davamlılığı ilə xarakterizə olunur. Bundan əlavə xidməti almadan onu qiymətləndirmək mümkün deyil. Kitabxana xidmətlərinin keyfiyyəti və göstərilən xidmətlərin layiq olduğu səviyyədə müqayisə edilməsi istifadəçinin subyektiv qiymətləndirilməsi ilə səciyyələndirilə bilər. Kitabxana xidmətlərinin keyfiyyəti kitabxana ilə istifadəçilər arasında qarşılıqlı əlaqənin müxtəlif formaları ilə ifadə olunur. İstifadəçilərə kitabxana xidmətlərinin təmin edilməsi və keyfiyyətinin yüksəldilməsi problemləri TQM və ISO-9000 standartlarının tətbiq edilməsini tələb edir. Kitabxanalarda TQM tətbiqinə dair nümunələr var, çünki bütün kitabxanalarda bu konsepsiyaya əməl etmək və işlərinin keyfiyyətini artırmaq üçün başqa yol və metodlar seçmək imkanı yoxdur. Xarici ölkələrdə istifadə olunan kitabxanaların səmərəliliyini qiymətləndirmə üsulları P. S. Romanovun “Xarici kitabxanaların işinin səmərəliliyi: hesablama metodları və qiymətləndirmə ”(30) adlı tədqiqat işində geniş araşdırılmışdır.
Müasir kitabxanalar yeni informasiya texnologiyalarının tətbiqi ilə xidmətin keyfiyyətinin qiymətləndirilməsi istifadəçi məmnuniyyətinin səviyyəsini müəyyənləşdirmək üçün onlayn xidmətin və elektron resursların istifadəsinin təhlilini aparır. Dünya alimləri kitabxana-informasiya xidmətinin keyfiyyətinin öyrənilməsi ilə bağlı müxtəlif metodlar tətbiq edirlər. Bu metodlar arasında SERVQUAL metodu daha çox seçilir. Bu metod A. Parasuraman, V. A. Zeithaml, L. L. Berry tərəfindən XX əsrin 80-ci illərində işlənmişdir. (42) GAP modeli əsasında işləyən metod özündə bir neçə əlaməti saxlayır: etimad, etibarlılıq, empatiya, cavabdehlik, dəqiqlik, fərqlilik. (43) Bu metoddan istifadə zamanı Laykert şkalasından istifadə edilir. Bu şkala özündə “Mən tamammilə razıyam” və “Tamamilə razı deyiləm” arasında 7 cür qiymətləndirməni əks etdirir.
Keyfiyyətli kitabxana-informasiya xidməti məsələlərində qəti qərarlar verməyə imkan verən metodlardan biri də Elm Kitabxanalar Birliyinin (ARL) pilot layihəsi olan LibQUAL + {TM} sorğu metodu hesab olunur. (21;23; 47)LibQUAL + {TM} metodu müxtəlif ölkələrdə kitabxanaların keyfiyyətini qiymətləndirmək üçün geniş istifadə olunan bir vasitədir. Bu metod vasitəsilə kitabxana xidmətlərinin keyfiyyəti üç əsas amillər üzrə müəyyən edilmişdir: informasiyanın yoxlanması, kitabxana bir yer kimi və xidmətlərin təsiri. (45) J. J. Kronin və S. A. Taylor SERVQUAL metodu əsasında (37) SERVPERF metodunu inkişaf etdirdilər. Metod adını iki ingilis sözünün qısaltmasından almışdır: SERV (İngilis dilindən tərcümədə - xidmət) və PERF (İngilis dilindən tərcümədə performans - icra, fəaliyyət). Bu metod vasitəsilə işləmək üçün kitabxana tərəfindən bir anket tərtib olunur. İstehlakçılar 5 və ya 7 ballıq Laykert şkalasından istifadə edərək ("Tamamilə razı deyiləm - tamamilə razıyam") kitabxanada göstərilən xidmətin keyfiyyət meyarlarına uyğun olaraq fikirlərini ifadə edirlər. (29, s. 65–73)
Kitabxana-informasiya xidmətinin keyfiyyətinin öyrənilməsi məqsədilə istifadə edilən ən effektiv metodlardan biri də Kano metodudur. Bu metod Tokio Rika Universitetinin bir qrup professoru tərəfindən Kanonun rəhbərliyi altında 1982-ci ildə işlənmişdir. (41, s. 37) Bu metod istənilən xidməti 6 kateqoriya üzrə qruplaşdırmağı təklif edir: cəlbedici (A - attractive); məcburi (M – must be); xətti (O – one dimensional); laqeyd (I - indefferent); əks-əlaqə (R - reversal); mübahisəli (Q - questionable). Bu metodda da Laykert şkalasından istifadə edilir.
Ç.Bernardın müəllifi olduğu növbəti metod “Neytral zona” adlanır. Bu metod əsasında E.Kedot və N.Tercen kitabxana xidmətinin effektli tipologiyasını hazırlamışdır. Onların konsepsiyasına görə kitabxana-informasiya xidmətinin keyfiyyətinin qiymətləndirilməsi zamanı istifadəçilər ona tənqidi yanaş bilər, neytral mövqedə dura bilər və böyük məmnunluq hisslərini bildirə bilərlər. Lakin kitabxana-informasiya xidməti hər zaman istifadəçinin tələbini ödəyə bilməz, bu zaman istifadəçi xəyal qırıqlığı yaşayır ki, E.Kedot və N. Tercen öz konsepsiyalarında buna da yer ayırıblar. (29, s. 65–73)
Müasir kitabxanalar cəmiyyətin istənilən üzvünün məlumat əldə etməsində son dərəcə vacib rol oynayır. Kitabxanada aparılan istənilən axtarışın nəticəsi kitabxana işinin səmərəliliyi və keyfiyyəti ilə birbaşa əlaqəlidir. Buna görə də kitabxanaların informasiya cəmiyyətinə uyğunlaşdırılması ilə bağlı düşüncələrini yenidən nəzərdən keçirməli və oxucuların ehtiyaclarını təmin etməklə məşğul olduqlarını başa düşməlidirlər.
NƏTİCƏ Kitabxana-informasiya xidməti dövlət qulluqçularına informasiya təminatının ən vacib və ayrılmaz hissəsi hesab olunur. Uzun illər ərzində aparılan tədqiqatlar və əldə edilən nəticə əsasında formalaşmış təcrübə, son dövrlərdə dövlət qulluqçularınıninformasiyaya olan ehtiyacını ödəyən kitabxana-informasiya xidməti sisteminin formalaşmasına imkan verdi. Dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin əsas məqsədi idarəetmə qərarlarının qəbul edilməsi üçün toplanmış mənbələr əsasında işlənmiş informasiyanın əldə edilməsidir. Bu məqsədə çatmaq ilkin məlumatların toplanması, saxlanması,emal olunması, analitik-sintetik işlənməsidövlət qulluqçuları arasında paylanması kimi bir sıra xüsusi vəzifələrin həllindən ibarətdir. Bu gün dövlət qulluqçularına kitabxana-informasiya xidməti informasiya cəmiyyətinin tələbləri səviyyəsində qurulmalıdır.
Kitabxana fondlarında uzun illər toplanmış ədəbiyyatı elektron formaya çevrilməsi və onların əsasında problem yönümlü məlumat bazalarının yaradılması, elektron kataloqların yaradılması, elektron nəşrlərinmüntəzəm və məqsədyönlü şəkildə əldə edilməsi, habelə internet vasitəsi ilə beynəlxalq informasiya şəbəkələrində işləmək üzrə ilk təcrübə yaratmağa imkan verən informasiya texnologiyasının tətbiqi dövlət qulluqçularına kitabxana- informasiya xidmətininyeni formalarının yaradılmasını tələb edir. Kitabxana- informasiya xidmətinin yeni formalarının yaradılması informasiya mühitində baş verən dəyişiklikləri və yeni yaranan meylləri nəzərə almadan mümkün deyildir. Bu meyllər kompüter texnologiyalarının yeni nəsillərinin yaradılması, proqram məhsullarının təkmilləşməsi, ənənəvi mənbələrin elektron versiyaya ötürülməsi, CD-ROM texnologiyasının tətbiqi, hiperəlaqələr vasitəsiləinformasiyanın ötürülmə üsulları və məlumatları qrafik təqdim etmə imkanları kimi müəyyənləşdirmişdir.Bu problemlərin həlli, dövlət qulluqçularının informasiya tələbatlarını ödəyə bilən effektiv məlumat bazasının yaradılması zamanı mümkündür.
Dövlət qulluqçularına kitabxana-informasiya xidməti sisteminin funksional quruluşuna informasiya- kommunikasiya mühiti, yəni dövlət orqanının informasiya massivinə girişinin təşkili, sənəd dövriyyəsinin idarəetməsi, sənəd-informasiya xidməti, informasiya mühitindəki vəziyyətin təhlili və proqnozlaşdırılması prosedurlarını dərinləşdirməklə, habelə qəbul edilmiş qərarların nəticələrini qiymətləndirməklə qəbul olunan qərarların keyfiyyətinin lazımi səviyyəsini təmin edilməsi daxildir.
Müstəqillik illərində dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin təşkili ilə bağlı aradırmalar zamanı müəyyən edildi ki, dövlət qulluqçularına yüksək səviyyədə kitabxana-informasiya xidməti təşkil etməyə çalışan əsas kitabxana Azərbaycan Respublikası Prezident İşlər İdarəsi Prezident Kitabxanası hesab olunur. Kitabxana 2003-cü ildə yaradılmasına baxmayaraq qısa zaman ərzində böyük uğurlara imza atıb və dünya təcrübəsindən faydalanaraq öz işini dünya standartların uyğun təşkil etməyə çalışır. Kitabxana dövlətin tam maddi dəstəyi sayəsində yeni informasiya texnologiyalarının ən son nəsillərini əldə edərək, kitabxananın kompüterləşdirilməsi işini həyata keçirir.
Ölkədə dövlət qulluqçularına kitabxana-informasiya xidməti lazımi səviyyədə təşkil edilmir. Kitabxana işinə rəhbərlik edən dövlət idarələri və müəssisələri, eləcə də oxuculara kitabxana-informasiya xidməti göstərən kitabxanalar dövlət qulluğunun informasiyalaşdırılmasını, dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin səmərəliliyinin artırılması məqsədilə kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini tam yeni əsaslar üzərində qurmaq üçün daha ciddi tədbirlər planı hazırlamalı, bu sahəyə həsr edilmiş dövlət proqramlarında və eləcə də hazırlanan strategiyalarda bu məsələlər nəzərə alınmalıdır.