Buddizmdə dini cərəyanlar Hazırda Buddizmin üç əsas qolu mövcuddur – Hinayana (“dar yol”, yaxud “kiçik döyüş arabası”), Mahayana (“geniş yol”, yaxud “böyük döyüş arabası”) və Vajrayana (“almaz yol”). Qeyd olunan qollar müxtəlif ölkələrdə yerli buddist cərəyanlarının formalaşmasına da öz təsirini göstərmişdir.
2. Xristianlıq Mənsublarının sayına görə dünyanın ən böyük dini olan xristianlıq bizim eranın I əsrində Fələstində yəhudi cəmiyyətində meydana gəlmişdir. Bu dinin yaranması İsus Xristosun (İsa Məsih) adı ilə bağlıdır. Xristos yunanca “məsh edilmiş” deməkdir. “Xristianlıq” sözünün özü də “xristos” kəlməsindən törəmişdir.
Roma imperatorları I Konstantin (hakimiyyət illəri: 306-337) və Lisiniy (hakimiyyət illəri: 308-324) 313-cü ildə Milan şəhərində görüşüb imperiya ərazisində dini dözümlülüyün elan edilməsi ilə bağlı razılaşma sənədi imzaladılar. “Milan edikti” adlanan bu sənəd qəbul edildikdən sonra xristianların nəinki təqiblərinə son qoyuldu, hətta xristianlığın hakim dinə çevrilməsi istiqamətində addımlar atılmağa başlanıldı. Xristianlığın nüfuzu artdıqca, onun mənsubları arasında ziddiyyətlər böyüyür, İsa Məsihin təbiəti ilə bağlı müxtəlif təlimlər ortaya çıxırdı. Bu ixtilafların aradan qaldırılması məqsədilə fərqli dövrlərdə kilsə məclisləri çağırıldı.
Əsrlər ötdükcə qərbi və şərqi xristianlar arasında ziddiyyətlər böyüdü, nəticədə 1054-cü ildə Roma Papası və Konstantinopol Patriarxı bir-birlərini lənətlədilər. Beləliklə, xristian dini katoliklik (qərbi xristianlıq) və pravoslavlıq (şərqi xristianlıq) olmaqla iki böyük qola bölündü. Bütün bu təzad və ixtilaflara rəğmən, xristianlıq Avropada öz mövqeyini möhkəmləndirməkdə davam edirdi. Roma Papası III İnnokentinin (hakimiyyət illəri: 1198-1216) dövründə isə Papalıq (752-1870-ci illərdə Roma Papaları tərəfindən idarə olunmuş teokratik dövlət.) Avropanın ən qüdrətli dövlətinə çevrildi. Lakin XVI əsrdə Roma Katolik Kilsəsinin nüfuzu xeyli sarsıldı. Həmin dövrdə qərb dünyasını katoliklik əleyhinə yönəlmiş reformasiya hərəkatı bürüdü, nəticədə xristianlığın yeni qolu – protestantlıq meydana gəldi. Hazırda Yer kürəsində yaşayan xristianların ümumi sayı 2,2 milyard nəfərdən çoxdur. Dini təlimin əsasları Xristian təliminin əsasında “Üç üqnum”, yaxud “Müqəddəs üçlük” əqidəsi dayanır. Bu inanca əsasən, tək və vahid olan Tanrının sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh. İsa Məsih müxtəlif ağır işgəncələrə məruz qalaraq Yerusəlim şəhəri (Qüds) yaxınlığında yerləşən Qolqofa adlı təpədə çarmıxa çəkilmişdir. Rəvayətə görə edamdan üç gün sonra İsa Məsih dirilmiş, qırx gün şagirdlərinə moizə etmiş və sonda qeybə çəkilmişdir. Xristian inancına görə, İsa Məsih axır zamanda yer üzünə ikinci dəfə qayıdacaq, məhşərdə bütün insanları mühakimə edərək günahkarları cəzalandıracaq, salehləri isə xoşbəxt əbədi həyatla mükafatlandıracaqdır. Xristianların inancına görə, Əhdi-Ətiq Tanrı tərəfindən vəhy olunub və buraya Tövrat, Zəbur və digər yəhudi müqəddəs mətnləri daxildir. Ümulikdə 39 kitabdan ibarət olan Əhdi-Ətiq qədim yəhudi dilində e.ə. XIII-V əsrlərdə qələmə alınmışdır. Yalnız Daniel peyğəmbərin və Ezranın kitablarının bəzi hissələri arami dilində yazılmışdır. “Bibliya”nın ikinci hissəsini Əhdi-Cədid təşkil edir. Xristianlıqda Əhdi-Cədid Əhdi-Ətiqlə müqayisədə daha mühüm məqama malikdir. Adətən Əhdi-Cədid dedikdə, “İncil” başa düşülür. Halbuki Əhdi-Cədidə daxil olan 27 kitabdan yalnız ilk dördü, daha dəqiq desək, bu dörd kitabdan hər biri İncil və ya Yevangeliya (yunan dilində “xoş xəbər”, “müjdə” deməkdir) adlanır. Həmin yevangeliyalar bunlardır: “Matfeyin İncili”, “Markın İncili”, “Lukanın İncili”, “Yəhyanın (İohannın) İncili”. Qeyd edək ki, Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində həmin dörd İncilin adı Mattanın, Markın, Lukanın və Yəhyanın nəql etdiyi müjdələr kimi verilmişdir. Bu dörd “İncil”də İsa Məsihin doğulması, həyatı, moizələri, möcüzələri, xaça çəkilməsi, dirilməsi və göyə qalxması haqqında bəhs edilir.
Xristianlıqda əsas dini ayinlər latın dilində “sirr, öhdəlik” mənasına gələn “sakrament” adlandırılır. Xristianlar inanırlar ki, “sakrament”lər İsa Məsihin özü tərəfindən təyin olunub. Bu əsas yeddi dini ayin aşağıdakıdır: 1. Vəftiz. xaç suyuna salmaq ayini insanın bütün günahlardan təmizlənərək yeni və pak həyata başlaması və xristianlığa daxil olmasının rəmzidir.