"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi


Rus dilindən tərcümə edəni: Ağasəfa



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   33   34   35   36   37   38   39   40   ...   47
Rus dilindən tərcümə edəni: Ağasəfa 
 
 
 
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1158 
 
 
 
 
 
 
 
 
 


 
191
Dramaturgiya 
 
 
 
Uilyam Somerset Moyem 
 
“Sadiq arvad” 
 
 
Tərcümə edəni: YAŞAR 
 
Üç pərdəli komediya 
 
    
İştirakçılar 
 
 
Konstans 
Con Middlton 
Bernard Kersal 
Missis Kalver 
Mari-Luiza 
Marta 
Barbara 
Mortimer Darhem 
Bentli 
 
 
Pyesdə hadisələr Conun Harli-stritdəki evində cərəyan edir. 
 
 
 
 
 
Birinci pərdə 
 
 
 
Hadisənin cərəyan etdiyi yer: Konstansın qonaq otağı. Otaq incə zövqlə qurulub. Interyer 
rəssamı olan Konstansda istedad anadangəlmədi. Qonaq otağı belə gözəllik və rahatlıq 
üçün ancaq bu istedada minnətdar olmalıdı. 
 
Günün ikinci yarısıdı. 
 
Missis Kalver otaqda təkdi. Bayırlıq kostyumda əyləşən bu yaşlı qadının xoş siması var. 
Qapı açılır və eşikağası Bentli Martanın gəlişini xəbər verir. Missis Kalverin qızı Marta 
gözəl, gənc bir qadındı. 


 
192
 
 
 
Bentli: Miss Kalver (Çıxır). 
 
Marta: (Heyrətlə) Ana. 
 
Missis Kalver: (Təmkinlə) Bəli, əzizim. 
 
Marta: Səni burda görəcəyimi qəti gözləmirdim. Konstansın yanına gedəcəyini mənə 
deməmişdin, axı. 
 
Missis Kalver: (Ürək açıqlığıyla) Sənin o quş gözlərindən nə fikirləşdiyini bilməyincə, 
bura gəlmək niyyətim yox idi. Sonra qərara aldım ki, elə birinci özüm bura gəlim. 
 
Marta: Bentli deyir ki, Konstans evdə yoxdu. 
 
Missis Kalver: Hə... Sən onu gözləyəcəksən? 
 
Marta: Əlbəttə. 
 
Missis Kalver: Onda mən də burda olacam. 
 
Marta: Böyük mərhəmət göstərmiş olarsan. 
 
Missis Kalver: Nəcib sözlərdi, əzizim, amma səsin nəsə soyuq çıxdı. 
 
Marta: Ana, nə demək istədiyini anlamıram. 
 
Missis Kalver: Əzizim, biz bir-birimizi lap çoxdan tanıyırıq, eləmi, hətta bunu xatırlamaq 
belə adamın kefini pozur. 
 
Marta: Heç də elə deyil. Mənim otuz iki yaşım var. Öz yaşımdan da utanıb eləmirəm. 
Bax, Konstansın yaşı otuz altıdı. 
 
Missis Kalver: Hər halda, hesab eləyirəm ki, bəzən səmimiyyət işləri korlayır. Biz, 
qadınlar, sirli olmağı xoşlayırıq. 
 
Marta: Məni bir şey fikirləşib başqa şey deməkdə günahlandırmaq çətindi. 
 
Missis Kalver: Əlbəttə, sözü açıq demək indi dəbdədi. Amma çox vaxt əsas məsələni 
gizlətmək üçün bu, çox gözəl pərdədi. 
 
Marta: Ana, elə bilirəm, sən məndən nədənsə narazısan. 
 
Missis Kalver: Mən də öz tərəfimdən bu fikirdəyəm ki, sən bilərəkdən özünü axmaq 
yerinə qoymusan. 
 


 
193
Marta: Çünki Konstansa xəbəri olmadığı bir xəbəri çatdırmaq istəyirəm. 
 
Missis Kalver: Aha, deməli, mən haqlıyam. Sən kifayət qədər özünə yaxın üç adamın 
həyatını zəhərə döndərmək qərarına gəlmisən. 
 
Marta: Elədi. 
 
Missis Kalver: Icazə ver, soruşum. Konstans niyə bunu bilməlidi? 
 
Marta: Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə, cavab tələb eləməyən suallardan biridi. 
 
Missis Kalver: Mən artıq dəfələrlə şahidi olmuşam ki, prinsipcə, cavab tələb eləməyən 
suallara cavab vermək daha çətindi. 
 
Marta: Buna cavab vermək elə də çətin deyil. O, həqiqəti bilmək üçün həqiqəti bilməlidi. 
 
Missis Kalver: Təbii, həqiqət gözəl şeydi, amma onu səsləndirməkdən öncə yaxşı olardı 
əmin olasan ki, bu, dinləyicinin xeyrinədimi? Həqiqət məxsusi özün üçün xırda 
məmnunluq hissi gətirməyə xidmət etməməlidi. 
 
Marta: Ana, Konstans çox bədbəxt qadındı.  
 
Missis Kalver: Boş sözdü. Yaxşı yeyir, yaxşı geyinir, yaxşı yatır, kökəlmir. Belə bir 
qadına bədbəxt demək günahdı. 
 
Marta: Əgər özün anlamırsansa, səni anlatmağın mənası yoxdu. Sən, əlbəttə, çox 
yaxşısan, amma sənin kimi ana daha qalmayıb. Sənin baxışların məni, sadəcə, 
heyrətləndirib. 
 
(Qapı açılır. Bentli missis Fosettlə daxil olur.  
 
Qırx yaşlı missis Fosett qədd-qamətli, işgüzar bir qadındır). 
 
Bentli: Missis Fosett. 
 
Missis Kalver: O, Barbara, səni görməyimə necə də şadam. 
 
Barbara: (Ona yaxınlaşıb öpür) Bentli mənə dedi ki, Konstans yoxdu, amma siz burdasız. 
Nə işlə məşğulsuz? 
 
Missis Kalver: Cırmaqlaşırıq. 
 
Barbara: Nə səbəbdən? 
 
Missis Kalver: Konstansa görə. 
 
Marta: Barbara, nə yaxşı ki, gəldin... Conla Mari-Luiza arasındakı romandan xəbərin 
varmı? 


 
194
 
Barbara: Birbaşa suala birbaşa cavab verməkdən zəhləm gedir. 
 
Marta: Bunu bizdən başqa, yəqin ki, hamı bilir. Bu məsələdən çoxdan agahsan? Deyirlər, 
onlar açıq-aşkar görüşürlər. Heç cür ağlıma sığışdıra bilmirəm, niyə axı, biz bunu elə indi 
bilmişik? 
 
Missis Kalver: (İstehzayla) Bu faktı insan xislətinin müsbət tərəfinə yazmaq lazımdır. 
Nəzərə alaq ki, bizim bu qədər doğma dost və rəfiqələrimizin içindən yalnız biri bu gün 
bu maraqlı xəbəri bizimlə bölüşdü. 
 
Barbara: Ola bilsin, sizin doğma rəfiqəniz özü də elə bu məsələdən bu səhər agah olub. 
 
Marta: İlk əvvəl inanmaq istəmədim. 
 
Missis Kalver: Yalnız ilk əvvəl, ilk əvvəl, əzizim. Sonra heyrətamiz dərəcədə tez bir 
zamanda etiraf elədin ki, dəlil lazım olandan da artıqdı. 
 
Marta: Təbii ki, mən ikiylə ikinin cavabını bilirəm. Sarsıntı keçən kimi hər şey mənə 
aydın oldu. Yalnız bir şeyə məəttəl qaldım ki, niyə axı, əvvəlcədən duyuq düşməmişəm. 
 
Barbara: Missis Kalver, çoxmu dilxor olduz? 
 
Missis Kalver: Qəti. Çox ismətli anam bütün kişilərin təbiətən pozğunu olduğunu lap 
uşaqlıqdan mənə təlqin eləyib. Onların elədiklərinə mən nadir hallarda təəccüblənirəm və 
heç vaxt dilxor olmuram. 
 
Marta: Anam məni dəli eləyəcək. Özünü elə aparır ki, elə bil heç nə olmayıb. 
 
Missis Kalver: Konstansla Con düz on beş ildi evlidi. Con çox yaxşı insandı. Əlbəttə, 
hərdən onun başqa qadınların ərlərindən sədaqətli olub-olmaması haqda özümə sual 
verirdim, amma bu məsələnin ümumilikdə mənə aidiyyatı olmadığından tez fikrimi başqa 
səmtə yönəldirdim. 
 
Marta: Konstans sənin qızın deyil? 
 
Missis Kalver: Sən birbaşa sualların lap dəlisisən. Cavab verirəm, hə, qızımdı. 
 
Marta: Sən də ağzına su alıb oturmaq istəyirsən? Konstansın ən yaxın rəfiqəsiylə gəzən 
Conun qarşısını almaq fikrin yoxdu? 
 
Missis Kalver: Nə qədər ki, Konstansın xəbərdən xəbəri yoxdu, mənim susub-
susmamağım heç nəyi dəyişmir. Mari-Luiza düzdü, axmaqlıq eləyib, amma yaman şirin 
qızdı, kişilər belələrini xoşlayırlar. Əgər Con Konstansı aldadırsa belə, hər halda, bizim 
onun gəzdiyinin kimliyini bilməyimiz xeyrimizədi. 
 
Marta: (Barbaraya) Bu vaxtacan görmüşdünmü, hamının hörmət etdiyi bir qadın... anama 
hamı hörmət eləyir... 


 
195
 
Missis Kalver: Saxla görək. 
 
Marta: Belə sözlər deyərmi? 
 
Barbara: Sənin fikrincə, nəsə eləmək lazımdı? 
 
Marta: Bəli, mən qəti əminəm ki, nəsə eləmək lazımdı. 
 
Missis Kalver: Amma mən, əzizim, qəti əminəm ki, sən nəsə eləməli deyilsən. Sən 
Konstansa bu haqda bir kəlmə də deməməlisən. 
 
Barbara: (Bir qədər çaşqınlıq içində) Sən ona hər şeyi danışmaq istəyirsən? 
 
Marta: Kimsə deməlidi, axı. Anam kənara çəkilirsə, onda mən irəli düşməliyəm. 
 
Barbara: Mən Konstansı çox istəyirəm. Təbii ki, nə baş verdiyindən çoxdan duyuq 
düşmüşdüm, ona görə də dəhşətli həyəcan keçirirdim. 
 
Marta: Con onu gic yerində qoydu. Heç bir kişinin öz arvadını belə alçaltmağa ixtiyarı 
yoxdu. O, onu məsxərə obyektinə çevirdi. 
 
Missis Kalver: Əgər bütün arvadlar kişilərinin şorgözlüyü səbəbindən məsxərə obyektinə 
çevrilsəydi, dünya daha çox şən olardı. 
 
Barbara: (Qeybətləşmək imkanı yarandığına görə, razı görkəmdə) Heç bilirsizmi, bu gün 
onlar lançda birlikdə olublar. 
 
Marta: Bu haqda eşitməmişik. Amma srağagün birlikdə nahar elədiklərindən xəbərdarıq. 
 
Missis Kalver: (Şən ovqatda) Biz hətta onların nə yediklərini də bilirik. Sənin necə, 
lançda onların nə yediklərindən xəbərin var? 
 
Marta: Ana! 
 
Missis Kalver: Mənə elə gəldi ki, Barbara lança ikilikdə getməklərinə görə, onlardan 
inciyib. 
 
Marta: Ay ana, abır-həyanı gözləmək lazımdı! 
 
Missis Kalver: Əzizim, bircə abır-həya çatmırdı. Yadda saxla ki, abır-həya sevimli 
kraliçamız Viktoriya ilə birlikdə öldü. 
 
Barbara: (Missis Kalverə) Siz Konstansın ən yaxın rəfiqəsiylə hamının gözü qarşısında 
eşq macərası yaşayan Conun bu hərəkətinə haqq qazandırırsız? 
 
Missis Kalver: Ola bilsin, yaşa dolduqca, gönüm də qalınlaşıb deyə belə təmkinli 
olmuşam. Mən kişilərin məhəbbət oyunlarını ciddi qəbul eləyə bilmərəm. Elə bilirəm, 


 
196
onların təbiəti belədi. Con çox gözəl cərrahdı. O, çox işləyir. Əgər hərdən onda lança, 
yaxud nahara hansısa gözəl bir xanımla getmək həvəsi yaranırsa, hesab eləyirəm, bunu 
onun ayağına günah kimi yazmaq düzgün deyil. Bilirsiz, gündə üç dəfə, həftədə yeddi 
dəfə eyni qadınla bir stol arxasında əyləşmək adamı bezdirir. Mən bunu öz şəxsi 
təcrübəmdən bilirəm. Marta səhər-axşam gözümün qabağındadı. Amma kişilər bu halı 
qadınlar kimi təmkinlə keçirə bilmirlər. 
 
Marta: Çox sağ ol, ana. 
 
Barbara: (Əhəmiyyətli tərzdə) Amma axı onlar yalnız birlikdə yemək naminə 
görüşmürlər. 
 
Missis Kalver: Sən ən pis şeydənmi şübhələnirsən, əzizim? 
 
Barbara: (Tam ciddiyyətlə) Mənim o pis şeydən xəbərim var. 
 
Missis Kalver: Mənim fikrim belədi: görən, bu, beləmi pisdi? Əgər burda özümüzük və 
söhbətimizə qulaq asan - zad yoxdusa, belə bir qiyamçı fikri bəyan etməyi özümə rəva 
görə bilərəm. Əgər ər arvadıyla mehribandısa, onun qayğısına qalırsa, bəzən sədaqətin o 
dar cızığından çıxdığına görə onu damğalamağa dəyərmi? 
 
Marta: Demək istəyirsən ki, ər-arvadın sədaqət andına riayət eləyib-eləməməsi elə də 
önəmli deyil? 
 
Missis Kalver: Fikrimcə, arvadlar riayət eləməlidi. 
 
Barbara: Bu, axı, dəhşətli dərəcədə ədalətsiz yanaşmadı! Niyə, axı, arvadlardan kişilərdən 
artıq tələb olunmalıdı? 
 
Missis Kalver: Çünki əksər arvadlar öz sədaqətlərindən xoşhallanırlar. Bu bizləri öz 
gözümüzdə ucaldır. Biz təbiətin sadiq məxluqlarıyıq. Özümüzü başqa cür aparmağa elə 
də həvəsli olmadığımızdan həmişə sadiq qalırıq. 
 
Barbara: Yaxşı görək. 
 
Missis Kalver: Əzizim, sən dul bir qadın kimi, tam sərbəstsən. De görüm, cəmiyyətin 
sənin üçün yasaq saydığı nəyisə eləmək üçün alışıb-yanırsanmı? 
 
Barbara: Mənim öz şəxsi işim var. Səkkiz saat işləyəndən sonra məhəbbətmi yada düşür? 
Axşamlar yorğun işgüzar qadının ürəyi ya musiqili komediyaya baxmaq, ya da kart 
oynamaq istəyir. Onun pərəstişkarlarıyla ünsiyyətə qəti həvəsi olmur. 
 
Marta: Söz düşmüşkən, sənin biznesin nə yerdədi? 
 
Barbara: Qarış-qarış böyüyür. Elə bura Konstansa məndə işləmək təklifiylə təşrif 
buyurmuşam. 
 
Missis Kalver: Iş onun nəyinə lazımdı? Con yaxşı qazanır. 


 
197
 
Barbara: Mən fikirləşdim ki, özü-özünü saxlamaq iqtidarında olarsa, məsələ kritik həddə 
çatanda bu ağrını daha yüngül keçirər. 
 
Missis Kalver: Sən də məsələnin bu həddə çatmasını istəyirsən? 
 
Barbara: Təbii ki, istəmirəm. Amma özünüz də başa düşürsüz ki, daha bu cür davam 
eləyə bilməz. Konstansın hələ də bu işdən agah olmaması, sadəcə, möcüzədi. Amma gec-
tez mütləq hər şeyi biləcək. 
 
Missis Kalver: Zənnimcə, bu, qaçılmazdı. 
 
Marta: Ümidvaram ki, bu, çox tez baş verəcək. Mən yenə əvvəlki qənaətimdəyəm ki, bu 
haqda xəbəri ona məhz anası çatdırmalıdı. 
 
Missis Kalver: Buna mənim azca da həvəsim yoxdu. 
 
Marta: Əgər anası yayınırsa, deməli, özüm deyəcəm. 
 
Missis Kalver: Bax, buna imkan vermərəm. 
 
Marta: O, onu ən iyrənc şəkildə təhqir eləyib. Onun vəziyyəti dözülməzdi. Mari-Luiza 
haqqında nə fikirləşdiyimi təsvir eləməyə söz də tapa bilmirəm, amma deyəcəm. Iyrənc, 
çörəyi dizinin üstə olan, qəddar, paxıl balaca ləçər! 
 
Barbara: Hər halda, fikrimcə, həmişə mənə güvənə biləcəyinə əmin olması Konstansa xoş 
gələcək. 
 
Missis Kalver: Amma Con hər ay ona samballı məbləğdə pul ayırır. Con çox səxavətlidi. 
 
Marta: (Mat-məəttəl) Doğrudanmı, sən elə fikirləşirsən ki, Konstans bundan sonra da 
ondan pul almalıdı? 
 
Barbara: Marta tamamilə haqlıdı, missis Kalver. Bu vəziyyətdə o, ondan bir pens də ala 
bilməz. 
 
Missis Kalver: Ola bilsin, o, belə də eləyəcək. Amma bununla bərabər, həm də gərək elə 
eləsin ki, boşananda vəkili onun üçün yaxşı pul qopara bilsin. Söhbət bizim rifahımızdan 
gedəndə, çox az kişinin təsəvvürü həqiqəti əks etdirir. Bəli, biz qadınlar böyük jestlər 
eləməyi xoşlayırıq, amma özümüzü, gerçəyi unutmamaq şərtiylə. 
 
Barbara: Missis Kalver, sizə elə gəlmirmi ki, həddən ziyadə xudbinsiz? 
 
Missis Kalver: Mənə elə gəlmir. Başa düşə bilmirəm, niyə axı, biz qadınlar heç olmasa 
təklənəndə hərdən-hərdən həqiqəti deməyək? Bilirsiz, həmişə yalan demək insanı 
bezdirir, hərdən adam ürəyini boşaltmaq istəyir. 
 


 
198
Marta: (Sözləri əzib-büzərək) Amma hiylə işlətmək mənim ağlıma da gəlmir. Əslində, 
mən qətiyyən göründüyüm kimi deyiləm. 
 
Missis Kalver: Mən demədim ki, sən riyakarlıq nümayiş elətdirirsən, əzizim. Amma 
mənə həmişə elə gəlib ki, sən axmaqsan. Sən atana çəkmisən. Ağıl deyilən şey bizim 
ailədə mənimlə Konstansın payına düşüb. 
 
(Otuz altı yaşlı gözəl qadın Konstans qonaq otağına daxil olur.  
 
O, küçədən gəlib, şlyapa hələ də başındadır). 
 
Barbara: (Sevincək) Konstans! 
 
Konstans: Məni gəlib evdə görmədiyinizə görə üzr istəyirəm. Yaxşı ki, çıxıb getməmisiz. 
Anacan, necəsən? 
 
(Sırayla hamısını öpür). 
 
Marta: Konstans, hardaydın? 
 
Konstans: Mari-Luizayla mağazaları gəzirdik. O, indi yuxarı qalxır. 
 
Barbara: (Ikrah hissiylə) Deməli, burdadı? 
 
Konstans: Hə. Telefonla danışır. 
 
Marta: (İstehzayla) Sənin Mari-Luizasız bir günün də olmasın. 
 
 
 
Konstans: Onunla olmaq mənə xoşdu. O, məni darıxmağa qoymur. 
 
Marta: Lança da birlikdə getmişdiz? 
 
Konstans: Yox, onu lança öz kavaleri dəvət eləmişdi. 
 
Marta: (Çəp-çəp missis Kalverə baxaraq) Belə de. Con isə xəstələrin qəbulundan sonra 
yeməyi evdə yeyir, eləmi? 
 
Konstans: (Çox səmimi) Əgər xəstəxanaya ertədən getməli deyilsə. 
 
Marta: Bəs bu gün necə, onu xəstəxanaya çağırıblar? 
 
Konstans: Yox, bu günə işlə bağlı görüş təyin eləmişdi. 
 
Marta: Harda? 
 


 
199
Konstans: Inan ki, bilmirəm. Bu uzun illik birgə həyatdan sonra ərdən hara getdiyini 
soruşmurlar. 
 
Marta: Niyə, axı? 
 
Konstans: (Təbəssümlə) Çünki onda da səndən eyni şeyi soruşmaq həvəsi yarana bilər. 
 
Missis Kalver: Həm də ona görə ki, müdrik qadın həmişə öz ərinə etibar eləyir. 
 
Konstans: Con hələ bir dəfə də ondan şübhələnməyim üçün mənə əsas verməyib. 
 
Marta: Xoşbəxt qadınsan. 
 
Konstans: (Yüngül təbəssümlə) Ya da müdrik. 
 
(Zərif, cazibədar, gözəl geyimli, iri, məsum gözlü və uzun taxma kirpikli  
 
Mari-Luiza daxil olur) 
 
Mari-Luiza: Heç xəbərim yox idi ki, burda belə kübar qəbul təşkil olunub. 
 
Missis Kalver: Biz Martayla indicə getməyə hazırlaşırdıq. 
 
Konstans: Mari-Luiza, sən mənim anamla tanışsanmı? 
 
Mari-Luiza: Əlbəttə. 
 
Konstans: Mənim anam çox yaxşı qadındı. 
 
Missis Kalver: Ağlı başında, yaşına görə də çox fəal bir qadın. 
 
(Mari-Luiza Barbaranı və Martanı öpür). 
 
Mari-Luiza: Necəsiz? 
 
Marta: (Onun libasına baxır) Libasın təzədi, eləmi, Mari-Luiza? 
 
Mari-Luiza: Hə, ilk dəfədi geyinirəm. 
 
Marta: Yəqin, kavalerin səni lança dəvət etdiyinə görə, geyinmisən, eləmi? 
 
Mari-Luiza: Nədən bildin ki, mən lançda kavalerlə olmuşam? 
 
Marta: Konstans dedi. 
 
Konstans: Mən sadəcə, belə zənn etdim.(Mari-Luizaya) Biz görüşəndə gözlərinin necə 
par-par yandığını gördüm, çöhrəndən də xoşbəxtlik yağırdı. Qadın yalnız kimdənsə 
dünyanın ən gözəl varlığı olduğunu eşidəndə belə nurlanır. 


 
200
 
Marta: Mari-Luiza, de görək, o, kimdi? 
 
Konstans: Mari-Luiza, belə iş tutma, onun adını gizli saxla ki, bizim qeybətləşməyə 
imkanımız olsun. 
 
Barbara: Ərin necədi, əzizim? 
 
Mari-Luiza: Hər şey qaydasındadı. Mən indicə onunla telefonla danışdım. 
 
Barbara: Onun qədər öz arvadına pərəstiş eləyən kişi görməmişəm. 
 
Mari-Luiza: Şikayətlənmək günah olar, elə deyilmi? 
 
Barbara: Bəzən əsəblərinə toxunmurmu? Məhəbbətin belə hüdudsuz okeanında 
çimməkdən qorxmursan? Birdən məlum olsa ki, əslində, sən heç də onun gözünə 
göründüyü kimi deyilsən, yazığın ağlı çaşar. 
 
Konstans: (Xoş niyyətlə) Amma Mari-Luiza məhz göründüyü kimidi. 
 
Mari Luiza: Əgər belə olmasam da, onu buna inandırmaq çətin məsələdi. 
 
Konstans: Sakit, Con gəldi. (Qapıya yaxınlaşıb çağırır) Con. 
 
Con: (aşağıdan) Salam. 
 
Konstans: Qalxırsan? Mari-Luiza burdadı. 
 
Con: Gəlirəm. 
 
Konstans: Lançdan sonra əməliyyatı olub. Yəqin, çox yorğundu. 
 
Marta: (Mari-Luizaya baxır) Yəqin, lançda cəmi bircə sendviç yeyib. 
 
(Qırx yaşlı hündür, qəddi-qamətli bir kişi daxil olur). 
 
Con: Ilahi, özün kömək ol, heç vaxt bu qədər camaatı bir yerdə görməmişəm. Mənim 
sevimli qayınanam necədi?  
 
Missis Kalver: Şikayəti yoxdu. 
 
Con: (Missis Kalveri və Barbaranı öpür) Bilirsən, anası mənə gəlmədiyinə görə 
Konstansı aldım. 
 
Missis Kalver: Özümdən iyirmi yaş balaca birisinə ərə getmək üçün o vaxt mən çox gənc 
idim. 
 


 
201
Konstans: Amma aranızdakı yaş fərqi Conla gəzməyinə mane olmazdı. 
Xoşbəxtliyinizdən mən qısqanc deyiləm. 
 
Con: Bu günün necə keçdi, əzizim? 
 
Konstans: Mari-Luizayla mağazaları gəzmişik. 
 
Con: (Mari-Luizanın əlini sıxır) Gün aydın. Lança da bir yerdə getdiz? 
 
Marta: Yox, Mari-Luizanı kavaleri dəvət eləyib. 
 
Con: Kaş o kavalerin yerində mən olaydım. (Mari-Luizaya) Necəsən? Yüz ildi səni 
görmürəm. 
 
Mari-Luiza: Evdə tapılırsan ki. Indi Konstansla mən, demək olar ki, bir-birimizdən 
ayrılmırıq. 
 
Con: Bəs sənin varlı-karlı ərin? 
 
Mari-Luiza: Elə indicə onunla danışırdım. Belə məlum oldu ki, bu axşam Birmingemə 
getməlidi. 
 
Konstans: Onda naharı bizdə eləyərsən. 
 
Mari-Luiza: Çox sağ ol, amma elə yorulmuşam ki. Yaxşı olardı ki, yumurta yeyib özümü 
çarpayıya yıxım. 
 
Con: Konstans, elə indicə sənə demək istəyirdim ki, nahar eləməyəcəm. Təcili 
əməliyyatım var. Kəskin appendisit. 
 
Konstans: Nə pis oldu. 
 
Marta: Sənin çox gözəl sənətin var, Con. Əgər bir yerə getmək istəsən, elə bircə təcili 
əməliyyatım var, deməyin kifayətdi. Bunun yalan olduğunu heç kimi sübut eləyə bilməz. 
 
Konstans: Əzizim, öz məsum başını şübhələrlə doldurma. Con məni heç vaxt aldatmaz. 
(Cona) Elə deyilmi, əzizim? 
 
Con: Əzizim, səni aldatmaq üçün mən gərək əvvəlcədən bir xeyli dəridən-qabıqdan 
çıxam. 
 
Konstans: (Yüngül təbəssümlə) Bəzən, mənə elə gəlir ki, sən doğru danışırsan. 
 
Mari-Luiza: Səninlə Con kimi bir-birini aşiq ər-arvad görmək necə də xoşdu. Siz artıq on 
beş ildi ki, evlisiz, eləmi? 
 
Con: Bəli. Heç də pis deyil. 
 


 
202
Mari Luiza: Di, mən qaçdım. Artıq çoxdan evdə olmalıydım. Sağ ol, əzizim. Sağ ol, 
missis Kalver. 
 
Konstans: Sağ ol, əzizim. Çox gözəl gün keçirdik. 
 
Mari-Luiza (Əlini Cona uzadaraq) Sağ ol. 
 
Con: Mən səninlə düşürəm. 
 
Marta: Mən də çıxıram, Mari-Luiza. Sənə yoldaşlıq eləyərəm. 
 
Mari-Luiza: (Elə bil nəyisə yadına salaraq) Con, əgər sənə çətin olmazsa, dizimə baxa 
bilərdinmi? Bir-iki gündü nəsə ağrıyır. 
 
Con: Əlbəttə, çətin olmaz. Mənim qəbul otağıma gedək. Bu diz qapağı elə şeydi ki, gərək 
gözünü üstündən çəkməyəsən. 
 
Marta: (Inadla) Mən səni gözləyirəm. Müayinə uzun çəkməz, eləmi? Biz taksi tutarıq. 
 
Mari-Luiza: Mən maşınlayam. 
 
Marta: Nə yaxşı! Mənə də maşında yer eləyərsənmi? 
 
Mari-Luiza: Məmnuniyyətlə. 
 
(Con Mari-Luiza üçün qapını açır. Əvvəlcə o, ardınca Con çıxır. Konstans sanki nə baş 
verdiyini çox gözəl anlayaraq soyuq nəzərlərlə bu səhnəni izləyir). 
 
Marta: Onun dizinə nə olub? 
 
Konstans: Burxulur. 
 
Marta: Sonra? 
 
Konstans: Sonra da ayağı burxulur. 
 
Marta: Sən qəbul otağına gələn qadınları Cona qısqanmırsan? 
 
Konstans: Əgər qadın əndazəni aşsa, orda onun həmişə köməyə çağıra biləcəyi tibb bacısı 
var. 
 
Marta: (Şən əhvalda) Tibb bacısı indi də var? 
 
Konstans: Bir də nədənsə, mənə elə gəlir ki, antiseptiklərin iyisindən burun tutulan o 
qəbul otağında məhəbbətlə məşğul olmaq ancaq əynində biədəb alt paltarı olan qadınların 
ürəyindən keçə bilər. Mən özümü qısqanmağa məcbur eləyə bilmərəm. 
 


 
203
Barbara: Mari-Luiza bu günlərdə mənə iki köynək verdi ki, özüm üçün onlara oxşarını 
tikim. 
 
Konstans: Biri irland krujevasından tünd qırmızı qırçınlı deyildi? Mən də onun ölçüsünü 
götürmüşəm. 
 
Barbara: Mari-Luiza doğrudan da çox yaraşıqlıdı. 
 
Konstans: Mari-Luiza gözəllər gözəlidi. Onunla Con bir-birlərini çoxdan tanıyırlar. Təbii 
ki, o, Conun da xoşuna gəlir, amma deyir, başı boşdu. 
 
Marta: Kişilər heç də həmişə düşündüyünü demir. 
 
Konstans: Bu bizim xeyrimizədi, yoxsa onların əsl hisslərindən xəbər tuta bilməzdik. 
 
Marta: Sənə elə gəlmirmi ki, Conun arvadından gizli saxladığı şeylər var? 
 
Konstans: Əlbəttə, mənim buna şübhəm yoxdu. Amma yaxşı arvad həmişə özünü elə 
aparır ki, guya ərinin ondan gizləmək istədiyi o xırda sirrlərdən yerli-dibli xəbəri yoxdu. 
Bu, ailə etiketinin əsas qaydalarındandı. 
 
Marta: Yaddan çıxarma ki, kişilərin xəmiri ta qədimdən yalanla yoğrulub. 
 
Konstans: Canım-ciyərim, sən lap qarımış qız kimi danışırsan. Məgər özü könüllü 
aldanmaq istəməyən qadını aldatmaq olar? Yoxsa sən həqiqətən də kişiləri sirli məxluq 
hesab eləyirsən? Onlar uşaq kimi şeydilər. Con özünün bu qırx yaşında on dörd yaşlı 
Elendən qəti böyük deyil. 
 
Barbara: Qızınız necədi, Konstans? 
 
Konstans: Əladı. Oxumağa yolladığımız xüsusi məktəbi çox bəyənir. Hə, kişilərdə 
qaldıq. Onlar ömürlərinin axırınacan balaca oğlan kimi qalırlar. Əlbəttə, bəzən söz 
eşitmirlər. Onda gərək incikliyini üzə vurasan. Onlar hər boş şeyə elə əhəmiyyət verirlər 
ki... Adam lap kövrəlir. Özü də onlar elə aciz məxluqdular. Sən nə vaxtsa xəstə kişinin 
qulluğunda dayanmısan? Adamın ürəyi qan ağlayır. Heç fərq eləməz, sanki atın, yaxud 
itin qulluğunda dayanmısan. Zavallı məxluqlar, əgər yağış yağsa, qaçıb ağacın altında 
dayanmaq qəti ağıllarına gəlməyəcək. Onlar çox əziz, mərhəmətli, səfeh, can üzən, 
xudbin məxluqlardı. Elə sadəlövh, açıq ürəklidilər ki, onları sevməmək, sadəcə, mümkün 
deyil. Biclik və ağıl deyilən şeydən onlarda əsər-əlamət belə yoxdu. Onları ciddi qəbul 
eləmək axmaqlıqdı. Ana, sən müdrik qadınsan. Nə fikirləşirsən? 
 
Missis Kalver: Elə bilirəm, sən öz ərini sevmirsən. 
 
Konstans: Boş sözdü. 
 
(Con daxil olur) 
 
Con: Marta, Mari-Luiza səni gözləyir. Onun dizini sarıdım. 


 
204
 
Konstans: Ümid eləyirəm ki, sarığı bərk sıxmamısan. 
 
Marta: (Konstansa) Görüşənədək, əzizim. Ana, sən bizimlə gəlirsənmi? 
 
Missis Kalver: Yox, hələ burdayam. 
 
Marta: Barbara, görüşənədək. 
 
(Marta və Con çıxır). 
 
Barbara: Konstans, əzizim, sənə bir təklifim var. Bilirsən ki, mənim biznesim gün-
gündən böyüyür, daha sifarişləri çatdıra bilmirəm. Ağlıma belə bir fikir gəlib. Niyə, axı, 
sən mənim yanımda işləməyəsən? 
 
Konstans: Mən, axı, işgüzar qadınlardan deyiləm. 
 
Barbara: Amma sənin çox incə zövqün və saysız-hesabsız ideyaların var. Sən 
interyerlərlə məşğul olarsan, mən də diqqətimi mebel alqı-satqısına yönəldərəm. 
 
Konstans: Mənim, axı, pulum yoxdu. 
 
Barbara: Əvəzində, məndə ürəyin istəyən qədərdi. Mənə kömək lazımdı, bu işi səndən 
daha yaxşı bilən mütəxəssisi çətin tapam. Biz qazancı yarı böləcəyik. Fikrimcə, ildə 
mindən min beş yüz funta qədər qazanacağını sənə vəd eləyə bilərəm. 
 
Konstans: Mən uzun illərdi əlimi ağdan-qaraya vurmuram. Qorxuram, səkkiz saatlıq iş 
mənə sürgün əzabı kimi görünə. 
 
Barbara: Mənim təklifim barədə fikirləş, yaxşımı? Çox maraqlıdı. Sən təbiətən işlək 
qadınsan. Məgər günün iyirmi dörd saatını heç nəyə həsr eləmək səni darıxdırmır? 
 
Konstans: Elə fikirləşmirəm ki, bu, Conun xoşuna gələcək. Insanlar elə düşünə bilərlər 
ki, Con məni maddi cəhətdən təmin eləyə bilmir. 
 
Barbara: Indi hansı zəmanədi? Indi qadınların da kişilər kimi özlərinə karyera qurması 
üçün bütün imkanlar var. 
 
Konstans: Elə bilirəm, mənim karyeram Conun qulluğunda durmaqdan ibarətdi. Ev 
işlərini idarə eləmək, onun dostlarını darıxmağa qoymamaq, ona xoşbəxtlik və rahatlıq 
gətirmək... 
 
Barbara: Bəlkə, səhv eləyirsən, yumurtanın hamısını bir səbətə yığmaq nəyə lazım? 
Bəlkə, həmin o karyeran alt-üst oldu? 
 
Konstans: Nədən? 
 


 
205
Barbara: Əlbəttə, ümid eləyirəm ki, bu, baş verməyəcək. Amma özün də bilirsən ki, 
kişilər havalı, dəyişkən məxluqlardı. Sərbəstlik yaxşı şeydi. Özü-özünü dolandıra bilən 
qadın gələcəyə daha inamla baxır. 
 
Konstans: Çox sağ ol. Amma hələ ki, Conla xoşbəxt həyat sürürük və mən tələsik 
hərəkətlərimlə onun əsəblərinə toxunmaqda bir məna görmürəm. 
 
Barbara: Əlbəttə, tələsməyə ehtiyac yoxdu. Gələcəyin adama nə gətirəcəyini heç kim 
bilmir. Amma istəyirəm, biləsən ki, sən ürəyin istəyən vaxt yanıma gələ bilərsən. Bilirəm 
ki, sənin kimisini tapa bilməyəcəm. Həmin işə sahib çıxmağın üçün bir sözün kifayətdi. 
 
Konstans: Sən çox lütfkarsan, Barbara. Bu çox gözəl təklifdi, mən də sənə çox 
minnətdaram. Amma incimə, ümidvaram ki, bu təklifdən istifadə eləmək heç vaxt mənə 
lazım olmayacaq. 
 
Barbara: Nə olar, əzizim, görüşənədək. 
 
Konstans: Görüşənədək, əzizim. 
 
(Onlar öpüşürlər və Barbara gedir. Konstans zəngi basır). 
 
Missis Kalver: Sən xoşbəxtsənmi, əzizim? 
 
Konstans: Əlbəttə. Məgər mənə baxanda görünmür? 
 
Missis Kalver: Etiraf eləməliyəm ki, görünür. Sənə baxanda həm də onu görürəm ki, nə 
bir qayğın, nə də bir problemin var. 
 
Konstans: Səhv eləyirsən. Mənim aşbazım işdən çıxmaq üçün ərizə yazıb, onun 
meringləri dadına görə şəhərdə adla deyilirdi. 
 
Missis Kalver: Con mənim xoşuma gəlir. 
 
Konstans: Mənim də. O, kişinin yaxşı ərə çevrilməsi üçün lazım olan bütün keyfiyyətlərə 
malikdi: yumşaq xarakter, yumor hissi, ekstravaqantlığa qarşı tam laqeydlik. 
 
Missis Kalver: Əzizim, bunları əsas keyfiyyət saymaqda sən necə də haqlısan. 
 
 
 
Konstans: Kişini yaxşı ərə çevirən ehkamlar yox, xırdalıqlardı. 
 
Missis Kalver: Əlbəttə, həyatda güzəştə də getməli olursan. Başqa cür, sadəcə, mümkün 
deyil. Insandan həddən artığını tələb eləmək düzgün deyil. Xoşbəxtliyi hərə bir cür dərk 
eləyir. Əgər özünü xoşbəxt görmək istəyirsənsə, yaxınlarının da xoşbəxtliyini nəzərə 
almalısan. Əgər bu, sənin adamlığın xaricindədisə onda öz bədbəxtliyindən gileylənməyə 
haqqın yoxdu. Ən əsası isə gərək ayıqlığını itirib şöhrətpərəstliyin fitvasına getməyəsən. 
 


 
206
Konstans: Ancaq, anacan, biz bir-birimizi necə də yaxşı anlayırıq. 
 
Missis Kalver: Indi hamı ağıllı olub. Gözlə görünəndən savayı hər şeyi görürlər. Mən də 
bu nəticəyə gəlmişəm ki, orijinal və məzəli qarı adını qazanmaq üçün onlara görünəni 
göstərməyim kifayətdi. 
 
Konstans: Anacan, məni onların siyahısına yazma. 
 
Missis Kalver: (Məhəbbətlə) Elə düşünmək istəmirəm ki, sən bədbəxtliyi hiss eləsən də 
axmaq qürurunun ucbatından mənim səni ovundurmağıma və məsləhətlərimi diqqətinə 
çatdırmağıma icazə verməyəsən. 
 
Konstans: (Səmimiyyətlə) Icazə verərəm, anacan. 
 
Missis Kalver: Bu günlərdə başıma qəribə bir hadisə gəlib. Bir tanış qadın yanıma gəlib 
şikayət elədi ki, əri ona qəti fikir vermir. Soruşdum ki, niyə anasına yox, mənə şikayət 
eləyir. Cavab verdi ki, anası lap əvvəldən onun həmin adama ərə getməsinə qarşı olub, 
odur ki, indi öz dərdi azmış kimi üstəlik o arvad doğma anasına qulaq asmadığını da 
başına qaxınc eləyəcək. 
 
Konstans: Anacan, deyə bilmərəm ki, Con mənə fikir vermir. 
 
Missis Kalver: Təbii ki, mən o qadınla danışdım. Amma etiraf eləyim ki, onun dərdinə 
şərik olmaq istəmədim. 
 
Konstans: (Təbəssümlə) Necə amansız rəftar, elə deyilmi? 
 
Missis Kalver: Ailə məsələləriylə bağlı mənim öz prinsiplərim var. Əgər kişi arvadına 
fikir vermirsə, günahkar arvaddı, əgər kişi mütəmadi başqasıyla gəzirsə, burda da on 
haldan doqquzunda qadın yalnız özünü günahlandırmalıdı. 
 
Konstans: Mütəmadi - necə də xoşagəlməz söz. 
 
Missis Kalver: Ağlı başında olan istənilən qadın təsadüfi işlərə məhəl qoymamalıdı. 
Bəzən şərait özü öz axarıyla bu səbəbi gətirir. 
 
Konstans: Və bir də, əlbəttə ki, kişi şorgözlüyü? 
 
Missis Kalver: Mən o tanışıma dedim ki, ərin başqa qadınları daha cazibədar zənn 
etdiyindən onlarla gəzir. Amma buna görə ona hirslənməki lazımdı? Əksinə, bütün 
gücünü işə salmalısan ki, ərinin gözündə o qadınlardan daha cazibədar görünəsən. 
 
Konstans: Ana, sən təsadüfən feminist adlanan qadınlardan deyilsən? 
 
Missis Kalver: Bu sədaqət nə olan şeydi, axı? 
 
Konstans: Ana, əgər pəncərəni açsam, etiraz eləməzsən? 
 


 
207
Missis Kalver: Pəncərə açıqdı. 
 
Konstans: Onda əgər pəncərəni bağlasam, etiraz eləməzsən? Fikrimcə, sən yaşda bir 
qadın əgər belə bir sual verirsə, deməli, məndən nəsə bir rəmzi jest gözlənilir. 
 
Missis Kalver: Məni güldürmə. Əlbəttə ki, mən qadın sədaqətinə inanıram. Hesab 
eləyirəm ki, kimsə bu istəyi şübhə altına ala bilməz. Amma kişi başqa aləmdi. Qadın 
evini, təmiz adını, cəmiyyətdəki mövqeyini, ailəsini bir an belə unutmamalıdı. Odur ki, 
qəti görməli olmadığı bir işi görə biləcəyinin qarşısını almaq üçün gözlərini yummağı 
öyrənməlidi. 
 
(Eşikağası daxil olur). 
 
Bentli: Madam, zəngi basmışdız? 
 
Konstans: Hə. Mən mister Bernard Kersalı gözləyirəm. Başqaları üçün evdə yoxam. 
 
Bentli: Oldu, madam. 
 
Konstans: Mister Middlton evdədi? 
 
Bentli: Bəli, madam. O, öz qəbul otağındadı. 
 
Konsans: Çox yaxşı. 
 
(Bentli gedir). 
 
Missis Kalver: Sən nəzakətlə mənə getmək vaxtımın çatdığını işarə eləyirsən? 
 
Konstans: Əksinə, anacan. Mən israrla qalmağını xahiş eləyirəm. 
 
Missis Kalver: O sirli centlmen kimdi? 
 
Konstans: Anacan, Bernarddı da. 
 
Missis Kalver: Bu ad mənə heç nə demir. Ümidvaram ki, o, müqəddəs Bernard deyil. 
Eləmi, əzizim? 
 
Konstans: Sən ki, hələ yaddaşından şikayətlənmirsən. Bernard Kersalı xatırlamalısan, axı. 
Yadındamı, mənə evlənmək təklifi eləmişdi? 
 
Missis Kalver: Mənim gözəl qızım, sənə evlənmək təklif eləyən bütün o cavanları yadda 
saxlamaq mənim yaddaşımın imkanı daxilində deyil. 
 
Konstans: Amma, axı o, mənim razılığımı daha israrla tələb eləyirdi. 
 
Missis Kalver: Niyə? 
 


 
208
Konstans: Görünür, rədd cavabı verdiyimə görə. Başqa səbəb tapa bilmirəm. 
 
Missis Kalver: O, məndə heç bir təsir oyatmadı, hə? 
 
Konstans: Deyə bilmərəm ki, buna cəhd eləyirdi. 
 
Missis Kalver: Görünüşü necəydi? 
 
Konstans: Belə, hündür bir oğlan. 
 
Missis Kalver: Onlar hamısı hündür idi. 
 
Konstans: Şabalıdı saçlı, qonur gözlü. 
 
Missis Kalver: Onlar hamısı şabalıdı saçlı, qonur gözlüydü. 
 
Konstans: O, çox gözəl rəqs eləyirdi. 
 
Missis Kalver: Onlar hamısı çox gözəl rəqs eləyirdi. 
 
Konstans: Mən, az qalmışdı, ona ərə gedəm? 
 
Missis Kalver: Bəs niyə getmədin? 
 
Konstans: Elə bilirəm onun üstünə ayaqqabımı silmək üçün döşəməyə uzanmağa hazır 
olduğunu çox aydın büruzə verirdi. 
 
Missis Kalver: Qısası, onda yumor hissi çatışmayıb. 
 
Konstans: Onun məni sevdiyinə qəti əmin idim, Cona gəlincə, belə qəti əminlik məndə 
yox idi. 
 
Missis Kalver: Əvəzində, indi var, elə deyilmi? 
 
Konstans: Bəs necə! Con mənə pərəstiş eləyir. 
 
Missis Kalver: Nədən bu gənc insan bu gün sənə baş çəkmək qərarına gəlib? 
 
Konstans: O, artıq heç də gənc deyil. O vaxt iyirmi yaşı var idi, indi təxminən qırx beşdi. 
 
Missis Kalver: O, hələ də sənə aşiqdi? 
 
Konstans: Belə düşünmək istəməzdim. Doğrudanmı, o məhəbbət on beş ilə sönməyib? 
Inanmıram. Ana, mənə elə baxma. Mən belə baxışları xoşlamıram. 
 
Missis Kalver: Onda mənə quyruq bulama. Əlbəttə, onun sevib-sevmədiyini özün yaxşı 
bilirsən. 
 


 
209
Konstans: Mən Con ərə gedəndən sonra onu görməmişəm. Bilirsən, o, Yaponiyada 
yaşayır. Onun Kobedə ticarət evi var. Müharibə vaxtı qısa məzuniyyətlə bura gəlmişdi. 
Amma o vaxt mən bərk xəstə olduğuma görə, onu qəbul eləmədim. 
 
Missis Kalver: Belə de! Bəs onda niyə təzədən gəlib? Onunla məktublaşırdın? 
 
Konstans: Əlbəttə, yox. On beş il görmədiyi adama kim məktub yazar? Amma hər ad 
günümdə mənə gül dəstəsi göndərir. 
 
Missis Kalver: Necə də nəzakətlidi. 
 
Konstans: Bu yaxınlarda isə ondan məktub almışam. Yazmışdı ki, Ingiltərədədi, mənimlə 
görüşmək istəyir. Odur ki, onu bura dəvət eləmişəm. 
 
Missis Kalver: Sənin bu qədər ağıllı olmağın məni lap heyrətləndirir. 
 
Konstans: Çox güman ki, o, xeyli dəyişib. Kişilər yaman tez qocalır, elə deyilmi? Bəlkə 
keçəlləşib, kökəlib? 
 
Missis Kalver: Bəlkə də evlənib? 
 
Konstans: Əgər evlənsəydi, çətin, mənimlə görüşməyə həvəsi olardı, düz demirəm? 
 
Missis Kalver: Belə başa düşürəm ki, onun səni əvvəlki kimi sevdiyini düşünürsən. 
 
Konstans: Elə deyil. 
 
Missis Kalver: Onda nədən belə həyəcanlısan? 
 
Konstans: Bu ki, təbiidi. Istəmirəm, məni görəndə fikirləşsin ki, qocalıb korlanmışam. O, 
mənə səcdə eləyirdi, anacan. Yəqin, elə bilir ki, yenə əvvəlki kimiyəm. Istəməzdim ki, bu 
otağa girəndə çənəsi əyilsin. 
 
Missis Kalver: Bəlkə, yaxşısı budu, onunla təklikdə görüşəsən? 
 
Konstans: Yox, anacan, qalmalısan. Mən xahiş eləyirəm. Bəlkə, o, elə bədheybət olub ki
heç bir də onu görmək istəmədim. Bu halda sənin yanımızda olmağın işləri 
yüngülləşdirər. Bəlkə, heç mən onunla təklikdə qalmaq istəmədim. 
 
Missis Kalver: Belə de. 
 
Konstans: (Bic-bic baxıb) Amma bəlkə də qalmaq istədim. 
 
Missis Kalver: Bununla sən məni pis vəziyyətə qoyursan. 
 
Konstans: Indi mənə qulaq as. Əgər qərara alsam ki, o, həqiqətən bədheybətdi, onda bir 
neçə dəqiqə havadan, təbiətdən danışıb, sonra pauza eləyərik və hər ikimiz çoxmənalı 
baxışlarımızı düz onun gözünün içinə zilləyərik. Belə baxışlar altında kişilər özlərini 


 
210
axmaq yerində hiss eləyirlər. Kişilər isə özlərini axmaq yerində hiss eləməyi xoşlamırlar. 
Odur ki, o, durub gedəcək. 
 
Missis Kalver: Bəzən, o yazıqlar necə aradan çıxmağı özləri də bilmirlər, belə vaxtlarda 
yer ayrılsa, yerə girərlər. 
 
Konstans: Amma işdi əgər qərara alsam ki, o, çox ürəyəyatımlı birisidi, onda burun 
dəsmalımı çıxarıb pianonun üstünə qoyacam. 
 
Missis Kalver: Nəyə görə? 
 
Konstans: Əzizim, ona görə ki, sən öz qoca ayaqlarınla qalxıb deyə biləsən ki, artıq 
getməlisən. 
 
Missis Kalver: Bunu mənə deməsən də anladım. Amma maraqlıdı, dəsmalı niyə pianonun 
üstünə qoymalısan? 
 
Konstans: Çünki mən tez özümdən çıxan məxluqam. Ona görə də məndə dəsmalı 
pianonun üstünə qoymaq kimi impulsiv bir həvəs oyana bilər. 
 
Missis Kalver: Çox gözəl. Amma mən heç vaxt öz hisslərimə etibar eləmirəm. 
 
(Bentli peyda olub Bernard Kersalın gəlişini xəbər verir. Yaraşıqlı, dərisi gündə yanmış, 
gümrah bir kişi qonaq otağına daxil olur. Onun çox gözəl bədən quruluşu var və özünün 
qırx beş yaşından cavan görünür) 
 
Bentli: Mister Kersal. 
 
Konstans: Gün aydın. Siz mənim anamı xatırlayırsınızmı? 
 
Bernard: (Missis Kalverin əlini sıxır) Əminəm ki, o, məni xatırlamır.  
 
(Konstans çantasından balaca burun dəsmalı çıxarır) 
 
Missis Kalver: Siz necə də uzaqgörənsiz. 
 
Konstans: Çay üçün artıq gecdi, elə deyilmi? Nəsə içmək istəyirsən? 
 
(Konstans zəngə tərəf gedərkən yolda burun dəsmalını pianonun üstünə qoyur). 
 
Bernard: Xeyr, təşəkkür eləyirəm, elə indicə bir stəkan bədənə vurmuşam. 
 
Konstans: Dilin açılsın deyə? 
 
Bernard: Mən həyəcanlıyam. 
 
Konstans: Gözlədiyin kimi mən çox dəyişmişəm, hə? 
 


 
211
Bernard: Mən buna görə həyəcanlı deyildim. 
 
Missis Kalver: Bütün məsələ sizin Konstansı görmədiyiniz bu on beş ildədi? 
 
Bernard: Bəli. Sonuncu dəfə Ingiltərədə olanda Konstansla görüşə bilmədim. Hərbdən 
tərxis olunandan sonra da dərhal Yaponiyaya yollanıb, öz biznesimi bərpa eləməli oldum. 
Gördüyünüz kimi, yalnız indi qayıdıb gələ bildim. 
 
(Konstans çoxmənalı baxışlarını anasına dikib, amma missis Kalver buna əhəmiyyət 
verməməyə çalışır. Konstans çantasından ikinci burun dəsmalını çıxarır və imkan tapan 
kimi onu da pianonun üstünə, o biri dəsmalın yanına qoyur). 
 
Missis Kalver: Bu dəfə neçə müddətlik gəlmisiz? 
 
Bernard: Bir illik. 
 
Missis Kalver: Arvadınızı da gətirmisiz? 
 
Bernard: Mən evli deyiləm. 
 
Missis Kalver: Bəs Konstans mənə deyirdi ki, siz bir yapon qızla evlənmisiz? 
 
Konstans: Boş-boş danışma, ana. Mən sənə haçan elə söz demişəm. 
 
Missis Kalver: Hə, yəqin Culiya Linton fikirlərimi çaşdırıb. O, Misir əmirinə ərə 
getmişdi. Mən biləni çox xoşbəxtdi. Hər halda, əri hələ onu öldürməyib. 
 
Bernard: Ərin necədi? 
 
Konstans: Hər şey qaydasındadı. Ümid eləyirəm, indi o da bura gələr. 
 
Bernard: Deyəsən, balaca bir bacın da vardı. O, necədi? 
 
Missis Kalver: Martanı soruşur. Elə nə vaxtdı ərə getməyə hazırlaşır. 
 
Konstans: Məndən o qədər də balaca deyil. Artıq otuz yaşı var. 
 
(Missis Kalver pianonun üstündəki iki dəsmalı qəti görmək istəmir. Və Konstans ümidsiz 
halda çantadan üçüncü burun dəsmalını çıxarıb o birilərin yanına qoyur). 
 
Missis Kalver: Mister Kersal Şərqi bəyənirsizmi? 
 
Bernard: Bilirsiz, orda həyat heç də pis deyil. 
 
(Elə bu an missis Kalver üç burun dəsmalını görüb diksinir) 
 
Missis Kalver: Deməzsiz, saat neçədi? 
 


 
212
Konstans: Artıq gecdi, ana. Sən bu gün evdə nahar eləməyəcəksən, eləmi? Elə bilirəm, 
naharacan bir az uzanıb dincəlsən yaxşıdı. 
 
Missis Kalver: Ümidvaram ki, sizinlə yenə görüşəcəyik, mister Kersal. 
 
Bernard: Yenidən görüşməyimizə şad olaram. 
 
(Konstans anasını qapıya ötürür)  
 
Missis Kalver: Görüşənədək, əzizim. (Pıçıltıyla) Dəsmalları gördükcə getməli, yoxsa 
qalmalı olduğumu heç cür xatırlaya bilmirdim. 
 
Konstans: Bunun üçün gözlərini təyinatı üzrə işlətməyin kifayət idi. Belə bir kişiylə on 
beş illik ayrılıqdan sonra təklikdə qalıb dərdləşməyin lazım olub-olmamadığını bilmək 
üçün bir baxış kifayət idi.  
 
Missis Kalver: Sən pianonun üstünə elə bir ucdan dəsmalları düzdükcə məni əməlli-başlı 
çaşdırdın. 
 
Konstans: Tanrı xətrinə, get, ay ana. (Ucadan) Görüşənədək, mənim şirin anam. Heyif ki, 
tələsirsən. 
 
Missis Kalver: Görüşənədək. 
 
(Missis Kalver gedir və Konstans qonaq otağına qayıdır) 
 
Konstans: Pıçıldaşmağımıza görə bizi bağışla. Anam gizli danışıqlar xəstəsidi. 
 
Bernard: Boş şeydi. 
 
Konstans: İndi gəl, rahat oturaq. Qoy, bir sənə baxım. Sən heç dəyişməmisən. Təkcə bir 
azca arıqlamısan, bir də ola bilsin, qırışların artıb. Kişilər xoşbəxt məxluqlardı, onlar 
yaşlaşdıqca daha maraqlı olurlar. Xəbərin varmı ki, mənim artıq otuz altı yaşım var. 
 
Bernard: Bunun nə fərqi var? 
 
Konstans: Istəyirsən, sənə balaca bir sirr açım. Məktub yazıb səni qəbul eləməyim üçün 
icazə istəyəndə səni bir də görəcəyimin sevinci məni elə çaşdırdı ki, dərhal cavab 
göndərdim. Sonra məni təşviş bürüdü. O cavabımın geri qaytarılması üçün nə desən, 
verərdim. Bu gün də səhərdən, elə bil, tikan üstə oturmuşam. Sən qonaq otağına keçəndə 
dizlərimin necə əsdiyini sezmədin? 
 
 
 
Bernard: İlahi, niyə, axı? 
 
Konstans: Əzizim, belə görürəm ki, səndə çatışmır. Mən, axı, axmaq deyiləm, yaxşı 
bilirəm ki, gəncliyimdə gözəl olmuşam. Bilirsən, illərlə bərabər gözəlliyin də ötüb 


 
213
keçdiyini nə qədər acı olsa da istədin-istəmədin özünə etiraf etməlisən. Bunu sənə 
kənardan heç kəs deməyəcək. Özün isə bu fikirləri özündən qovmaq istəyirsən. Qərara 
aldım ki, yaxşısı budu, acı da olsa gerçəyi öyrənim. Səni bura dəvət eləməyimin bir 
səbəbi də budu. 
 
Bernard: Özün bilməliydin ki, mən nə fikirləşsəm də sənə pis demərəm. 
 
Konstans: Bilirəm. Odur ki, görən kimi gözümü sənin gözündən çəkməzdim. Qorxurdum 
ki, orda bu sözlər yazıla bilər: "Ilahi, bu qız nə günə düşüb? 
 
Bernard: Yazılmışdı? 
 
Konstans: Sən içəri keçəndə çox sıxılırdın, gözünü yerdən qaldırmağa ürək eləmirdin. 
 
Bernard: Həqiqətən də on beş il əvvəl sən yaraşıqlı bir qız idin, amma indi ondan on beş 
dəfə gözəlsən. 
 
Konstans: Bunu eşitmək necə də xoşdu. 
 
Bernard: Məgər inanmırsan? 
 
Konstans: Elə bilirəm, sən mənə kələk gəlmirsən. Özü də etiraf eləyim ki, bu, məni 
sevindirir. Amma indi de görüm, niyə evlənməmisən? Vaxt ötür, bilirsən, sonra gec 
olacaq. Əgər evlənməsən, səni çox tənha qocalıq gözləyir. 
 
Bernard: Ürəyim səndən başqa heç kimi istəmədi. 
 
Konstans: Boşla görək. Demək istəyirsən ki, sən məndən sonra heç kimə vurulub-
eləməmisən? 
 
Bernard: Mən bu vaxt ərzində bir topa qıza vurulmuşam, amma qərar qəbul eləmək 
məqamı gələndə başa düşmüşəm ki, səni hamıdan çox sevirəm. 
 
Konstans: Təşəkkür eləyirəm. Əgər məndən sonra heç kimə vurulmadığını desəydin, 
onsuz da sənə inanmayacaqdım, özü də inciyəcəkdim ki, məni axmaq yerinə qoymusan. 
 
Bernard: Görürsənmi, başqalarına da sənə olan sevgimin gözüylə baxmışam. Birinin 
saçları sənin saçlarını, o birinin təbəssümü sənin təbəssümünü xatırlatdığına görə... 
 
Konstans: Özümü səni həyatın sevincindən məhrum etdiyimə inandırmaq istəməzdim. 
 
Bernard: Günah səndə deyil. Mənim şikayətlənməyə haqqım yoxdu. Işimdən ləzzət 
alıram, yaxşı pullar qazanıram. Bu iş mənim istirahətimə qəti mane olmayıb. Dünyanı 
görməyə mənə imkan yaradıb. Mənə yox, Cona ərə getdiyinə görə, səni qəti 
günahlandırmıram. 
 
Konstans: Conu xatırlayırsan? 
 


 
214
Bernard: Əlbəttə, xatırlayıram. Çox maraqlı kişiydi. Cürət eləyib deməliyəm ki, mən heç 
vaxt sənə onun kimi yaxşı ər ola bilməzdim. Mənim müsbət cəhətlərimlə yanaşı mənfi 
cəhətlərim də çoxdu. Bəzən, çox əsəbi oluram. Amma Con, yəqin ki, sənə istədiyin hər 
şeyi verə bilib. Onun arxasında özünü, yəqin, lap lay divarın arxasındakı kimi hiss 
eləyirsən. Yeri gəlmişkən, bundan sonra da səni Konstans çağıra bilərəmmi? 
 
Konstans: Əlbəttə. Niyə də yox? Bilirsən, Bernard, sənin gözəl xasiyyətli insan olduğuna 
məndə gün-gündən daha çox əminlik yaranır. 
 
Bernard: Sən Conla xoşbəxtsən? 
 
Konstans: Çox xoşbəxtəm. Amma deməzdim ki, o, heç vaxt mənim xətrimə dəyməyib. 
Bir dəfə belə bir hal baş verdi, mən özümü birtəhər ələ ala bildim. O vaxt dəlilik 
eləmədiyimə görə, çox razıyam. Fikrimcə, əlimi ürəyimin başına qoyub deyə bilərəm ki, 
bizim çox xoşbəxt ailəmiz var. 
 
Bernard: Bunu eşitməyə çox şadam. Əgər Conun səni sevib-sevmədiyini soruşsam necə, 
acığına gəlməz ki? 
 
Konstans: Əminəm ki, sevir. 
 
Bernard: Bəs sən necə, onu sevirsən? 
 
Konstans: Çox. 
 
Bernard: Qısa nitq söyləməyimə icazə verərsənmi? 
 
Konstans: Bir şərtlə ki, vaxtı gələndə sözünü kəsə bilim. 
 
Bernard: Ümidvaram ki, Ingiltərədə qalacağım bu bir ildə səninlə tez-tez görüşməyimə 
icazə verəcəksən. 
 
Konstans: Mən özüm də səni imkan daxilində tez-tez görmək istəyirəm. 
 
Bernard: Mən bir məqamı dərhal aydınlaşdırmaq istəyirəm ki, bir də ora qayıtmayaq. Bil 
ki, indinin özündə də sənə on beş il əvvəl mənə ərə gəlməyini xahiş elədiyim vaxtlardakı 
kimi dəlicəsinə aşiqəm. Elə bilirəm, ömrümün axırınacan da səni beləcə sevəcəm. Mən 
artıq ehtiraslarımı dəyişmək üçün çox qocayam. Amma istəyirəm biləsən ki, məndə azca 
da sənin xoşbəxtliyinə maneçilik cəhdi olmayacaq. Bundan qorxmağa ehtiyac yoxdu. 
Səninlə Conun münasibətlərinə pəl vurmaq ağlıma belə gəlmir. Hesab eləyirəm ki, hər 
bir insan xoşbəxt olmaq istəyir, amma bu xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində 
qurmaq olmaz. 
 
Konstans: Məruzə o qədər uzun alınmadı. Rəsmi ziyafətlərdə bu nitq heç replika da 
sayılmır. 
 
Bernard: Mən səndən ancaq dostluq istəyirəm, əgər əvəzində öz məhəbbətimi də vermək 
istəyirəmsə, bunun artıq məndən başqa heç kimə dəxli yoxdu. 


 
215
 
Konstans: Mən belə düşünmürəm. Əminəm ki, biz çox möhkəm dostlar olacağıq, 
Bernard. 
 
(Qapı açılır və Con daxil olur). 
 
Con: Bağışla, məşğul olduğunu bilmirdim. 
 
Konstans: Elə deyil. Içəri keç. Bu, Bernard Kersaldı. 
 
Con: Gün aydın. 
 
Bernard: Elə bilirəm, siz məni xatırlamazsız. 
 
Con: Əgər sualı belə qoyursuzsa, etiraf edim ki, siz haqlısız. 
 
Konstans: Bəsdi, Con, o, anamın yanına gəlmişdi. 
 
Con: Biz evlənənə qədər, eləmi? 
 
Konstans: Hə. Siz birlikdə neçə uik-enddə olmusuz. 
 
Con: Əzizim, üstündən on beş il keçib. Sizi tanımadığıma görə bağışlayın, amma yenidən 
görüşməyimizə inanın ki, çox şadam. 
 
Konstans: O, Yaponiyadan yenicə qayıdıb. 
 
Con: Onda ümidvaram ki, bir də görüşəcəyik. Mən indi kluba gedirəm, əzizim, naharacan 
robber oynayacam. (Bernarda) Niyə siz Konstansla birlikdə nahar eləməyəsiz? Axşam 
mənim cərrahiyyə əməliyyatım var, zavallı qız tək qalacaq. 
 
Bernard: Siz çox alicənabsız. 
 
Konstans: Bu, dost yardımı olacaq. Axşama işiniz yoxdu ki? 
 
Bernard: Mən dosta yardım etməyə həmişə hazıram. 
 
Konstans: Bax, bu, çox gözəl oldu. Doqquza on beş dəqiqə işləmiş sizi gözləyirəm. 
 
İkİncİ pƏrdƏ 
 
Hadisənin əvvəlki məkanda cərəyan edir. Yarım ay keçib. Marta kostyumda  
 
və şlyapada əyləşib illüstrasiyalı qəzeti vərəqləyir. Bentli daxil olur. 
 
Bentli: Miss, mister Kersal gəlib. 
 
Marta: Belə de! Soruş gör, yuxarı qalxa bilərmi? 


 
216
 
Bentli: Soruşaram, miss. (Çıxır və mister Kersalın gəlişini xəbər vermək üçün dərhal da 
qayıdır. Sonra yenə çıxır) Mister Kersal. 
 
Marta: Konstans geyinir. Indi gələcək. 
 
Bernard: Aydındı. Tələsməyə ehtiyac yoxdu. 
 
Marta: Siz Reynlafa getməyə hazırlaşırsız, eləmi? 
 
Bernard: Belə bir fikrimiz var. Bu gün oynayan cavanlardan bir neçəsini tanıyıram. 
 
Marta: London xoşuna gəlirmi? 
 
Bernard: Həddindən artıq. Düzdü, əgər insan ömrünün yarısını şərqdə keçiribsə, evə 
qayıdanda, təbii ki, özünü öz qabında hiss eləmir. Amma Konstansla Conun sayəsində 
bura tez uyğunlaşdım. 
 
Marta: Conu bəyənirsənmi? 
 
Bernard: Hə. O, həddən artıq xeyirxah insandı. 
 
Marta: Bilirsənmi, mən səni çox yaxşı xatırlayıram. 
 
Bernard: Ola bilməz. Mən sizə gələndə sən lap uşaq idin. 
 
Marta: On altı yaşım vardı. Yoxsa elə fikirləşirsən ki, Konstansın kavalerlərini görəndə 
məni əsməcə tutmurdu? 
 
Bernard: Onlar yaman çox idilər. Görünür, sən yalnız yuxuya gedəndən gedənə 
sakitləşirdin. 
 
Marta: Sən onların arasında ən ciddilərdən idin. Sən mənə həddən artıq romantik 
görünürdün. 
 
Bernard: Mən elə doğrudan da həddən artıq romantik idim. Məncə, bu, gəncliyə xas bir 
şeydi. 
 
Marta: Amma məncə, tək gəncliyə yox. 
 
Bernard: Hə, elə bilirəm, romantizm yenə də canımda qalır. Mənim indiki qiymətim az 
deyil, özümə gəlmişəm. Ipəyin qiyməti çox çirkabları yudu. 
 
Marta: Sən vicdansız bir yalançısan. 
 
Bernard: Buna ancaq bir cavabım var: sən həddən artıq qabasan. 
 
Marta: Sən o vaxt Konstansa dəlicəsinə vurulmuşdun, elə deyilmi? 


 
217
 
Bernard: Bilirsən, bu o qədər keçmişdə olub ki, artıq unutmuşam. 
 
Marta: Mən ona Cona yox, sənə ərə getməyi məsləhət görürdüm. 
 
Bernard: Nə səbəbə? 
 
Marta: Əvvəla ona görə ki, sən Yaponiyada yaşayırdın. Mən bir an da götür-qoy 
eləmədən, burdan canımı qurtaran adama ərə gedərdim. 
 
Bernard: Mən elə indi də orda yaşayıram. 
 
Marta: Yox, mənim sənə ərə getmək fikrim yoxdu. 
 
Bernard: Özüm də hiss eləyirəm. 
 
Marta: Açığını desəm, onun Conda nə tapdığı mənim üçün indiyəcən müəmmalı qalıb. 
 
Bernard: Elə bilirəm, Konstans onu sevirdi. 
 
Marta: Amma mən elə fikirləşirəm ki, o, səni yox, Conu seçdiyinə görə, peşmandı. 
 
Bernard: Ola bilməz. Con onu tamamilə təmin eləyir. Konstans heç vaxt onu başqa 
kişiylə əvəz eləmək istəməz. 
 
Bernard: Səninlə razılaşa bilmərəm. Onlar ər-arvad kimi bir-birlərini tamamlayıblar və 
belə cütlüyü görmək həmişə xoşdu. 
 
Marta: Sən hələ də ona aşiqsən, eləmi? 
 
Bernard: Heç də. 
 
Marta: Canıma and olsun ki, sən dəhşətli səbr yiyəsisən. Amma çox vaxt özündən 
xəbərsiz özünü ələ verirsən. Konstans otağa girəndə sənin nə hala düşdüyündən xəbərin 
varmı? Ona baxanda heç bilirsənmi gözlərin nə rəng alır? Sən onun adını elə çəkirsən ki, 
elə bil, o quru adı öpüşlərə qərq eləyirsən. 
 
Bernard: Marta, on altı yaşın olanda mən səni dözülməz qız hesab eləyirdim, otuz iki 
yaşında isə sən əcaib qadına çevrilmisən. 
 
Marta: Elə deyil. Sadəcə, mən Konstansı çox istədiyimdən sənə də get-gedə doğma 
hisslər bəsləməyə başlayıram. 
 
Bernard: Ağlına gəlməyibmi ki, sən başqasının işinə qarışmadan da bu hissləri nümayiş 
etdirə bilərsən? 
 


 
218
Marta: Sənə həqiqəti dediyimə görə, niyə mənə acığın tutur. Səninlə Kontansı müşahidə 
eləyən istənilən adam beşcə dəqiqə ərzində sənin ona dəlicəsinə vurulduğuna əmin 
olacaq. 
 
Bernard: Əzizim, mən Ingiltərəyə bir illik gəlmişəm. Bu bir ili də şən və can rahatlığıyla 
keçirmək niyyətindəyəm. Kiminsə azca da olsa xətrinə dəyməyə qəti həvəsim yoxdu. 
Mən Konstansla dostluğumu yüksək dəyərləndirirəm, bu dostluğun hansısa şayiələrə 
səbəb olacağına imkan vermərəm. 
 
Marta: Bəs sənin ağlına gəlməyibmi ki, o, səndən dostluqdan artığını tələb eləyə bilər? 
 
Bernard: Yox, tələb eləməz. 
 
Marta: Mənim sözümü qəribçiliyə salma. 
 
Bernard: Konstans öz əriylə tamamilə xoşbəxtdi. Görünür, sən məni axmaq yerinə 
qoymusan. Məgər mən bu ideal cütlüyü bir-birindən ayıra bilərəmmi? 
 
Marta: Ay mənim zavallı dəlim, məgər xəbərin yoxdu ki, Con artıq çoxdan hamının gözü 
qarşısında Konstansa xəyanət eləyir? 
 
Bernard: Mən inanmıram. 
 
Marta: Kimdən istəyirsən soruş. Anam bilir, Barbara Fosett bilir. Konstansın özündən 
başqa hamı bilir. 
 
Bernard: Əlbəttə ki, bu, ağ yalandı. Iki-üç gün əvvəl naharda görüşəndə missis Darhem 
mənə dedi ki, bu vaxtacan Conla Konstans qədər bir-birini sevən cütlük görməyib. 
 
Marta: Bunu sənə Mari-Luiza dedi? 
 
Bernard: Hə. 
 
(Marta gülməyə başlayır. Gülməkdən uğunur. Özünü heç cür ələ ala bilmir). 
 
Marta: Ay səni, Mari-Luiza. Ay yazıq Bernard. Həmin o Mari-Luiza Conun məşuqəsidi. 
 
Bernard: Mari-Luiza Konstansın ən yaxın rəfiqəsidi. 
 
Marta: Bəli. 
 
Bernard: Əgər dediyin yalan olsa, and içirəm ki, boynunu qıracam. 
 
Marta: Razıyam. 
 
Bernard: Nahaq belə kobud dedim. Bağışla. 
 


 
219
Marta: Yaxşı görək. Dəlisov kişilər mənim xoşuma gəlir. Elə bilirəm, Konstansa sənin 
kimisi lazımdı. 
 
Bernard: Bununla nə demək istəyirsən? 
 
Marta: Sadəcə, belə davam eləyə bilməz. Konstans gülüş hədəfinə çevrilib. O, dəhşətli 
vəziyyətdədi. Hesab eləyirdim ki, ona hər şeyi açıb demək lazımdı, amma hamı yaxasını 
kənara çəkdiyi üçün özüm qabağa düşmək istədim. Bu yerdə anam mənimlə razılaşmadı. 
Bu səbəbdən də ona vəd etməli oldum ki, Konstans mənim dilimdən heç nə eşitməyəcək. 
 
Bernard: Elə fikirləşirsən ki, bu haqda ona mən deməliyəm? 
 
Marta: Yox, sən bu rola yaramırsan. Amma gec-tez hər şey üzə çıxacaq, qulağının 
dibində nələrin baş verdiyindən Konstans da xəbər tutacaq. Bax elə ona görə də istəyirəm 
ki, həmin vaxt sən... yaxında olasan. 
 
Bernard: Axı, Mari-Luiza ailəlidi. Bəs, əri özünü necə aparacaq. 
 
Marta: Onun ərinin həyatda bir məqsədi var: milyon qazanmaq. O, elə kişilərdəndi ki, elə 
bilir, əgər özü arvadını sevirsə, arvadı da onu sevir. Mari-Luiza onu ürəyi istəyən kimi 
fırladır. 
 
Bernard: Konstans da qəti şübhələnmir, eləmi? 
 
Marta: Bunu anlamaq üçün ona baxmaq kifayətdi. Onun özünə arxayınlığı hərdən adamı 
lap havalandırır. 
 
Bernard: Bəlkə, elə belə yaxşıdı? Konstans heç nə bilməsə yaxşıdı? O elə xoşbəxt, 
qayğısızdı ki, onun baxışları elə inamlıdı ki. 
 
Marta: Mən elə bilirdim, sən onu sevirsən. 
 
Bernard: Onun xoşbəxtliyi mənim üçün hər şeydən üstündü. 
 
Marta: Sənin qırx beş yaşın olmalıdı, eləmi? Nəsə yadımdan çıxmışdı. 
 
Bernard: Qaba danışmağı sən yaxşı bacarırsan. 
 
(Pilləkəndən Konstansın səsi gəlir: "Bentli, Bentli"). 
 
Marta: Bu ki, Konstansdı. Bəs anam hardadı? Yaxşısı budu kabinetə keçib məktub yazım. 
 
 
 
(Bernard onun sözlərinə əhəmiyyət vermir, Marta çıxanda ayağa qalxmağa cəhd belə 
eləmir. Bir an sonra Konstans qonaq otağında peyda olur). 
 
Konstans: Səni çoxmu gözlətdim? 


 
220
 
Bernard: Boş şeydi. 
 
Konstans: Ey! Nə olub? 
 
Bernard: Mənə? Heç nə. Nədi ki? 
 
Konstans: Sənin sifətin çox qəribədi. Nədən gözlərin belə fikirlidi. 
 
Bernard: Gözlərimin fikirli olmağı ağlıma da gəlməyib. 
 
Konstans: Sən məndən nəsə gizləyirsən? 
 
Bernard: Əlbəttə, yox. 
 
Konstans: Yaponiyadan bəd xəbər var? 
 
Bernard: Yox. Əksinə ipəyin qiyməti artır. 
 
Konstans: Deməli, sən mənə bir kəndli qızla nişanlandığını demək istəyirsən? 
 
Bernard: Yox, nişanlanmamışam. 
 
Konstans: Öz sirrini mənimlə bölüşmək istəməyən insanlardan zəhləm gedir. 
 
Bernard: Mənim heç bir sirrim yoxdu. 
 
Konstans: Yoxsa elə bilirsən, sənin sifətini kifayət qədər öyrənə bilməmişəm, onu açıq 
kitab kimi oxuya bilmirəm? 
 
Bernard: Sən məni lap qürrələndirdin. Təsəvvür belə eləməzdim ki, özünə əziyyət verib 
mənim bu eybəcər sifətimə iki dəfə baxarsan. 
 
Konstans: (Qəflətən şübhələnən kimi olur) Sən gələndə Marta burdaydı? Hə, getməmişdi, 
eləmi? 
 
Bernard: O, ananı gözləyirdi. Indi məktub yazmaq üçün o biri otağa keçib. 
 
Konstans: Sən onunla söhbətləşdin? 
 
Bernard: (Bacardıqca laqeydliklə) Hə, bir az havadan-zaddan danışdıq. 
 
Konstans: (Nə baş verdiyini dərhal anlayıb) Belə... Getmək vaxtı deyilmi? 
 
Bernard: Hələ çox vaxtımız var. Belə ertədən getməyin mənası yoxdu. 
 
Konstans: Onda şlyapamı çıxarım. 
 


 
221
Bernard: Bura çox gözəldi, eləmi? Sənin otağın xoşuma gəlir. 
 
Konstans: Səncə, burda qonaq qəbul eləmək ayıb olmaz? Hamısı öz ideyamdı. Barbara 
Fosett istəyir ki, mən onun yanında işləyim. O, interyerlərin layihələşdirilməsiylə 
məşğuldu, özü də qalaq-qalaq pul qazanır. 
 
Bernard: (Sualdan boylanan narahatlığı gülüşlə gizləmək istəyir) Məgər sən özünü öz 
evində xoşbəxt hiss eləmirsən? 
 
Konstans: (Kəskin tərzdə) Elə fikirləşmirəm ki, qadın yalnız özünü bədbəxt hiss eləyəndə 
nəyləsə başını qatmaq istəyir. Bilirsən, adam vaxtının bütün hissəsini ballara, qəbullara 
həsr eləməkdən bezir. Barbaranın təklifinə isə mən rədd cavabı verdim. 
 
Bernard: (Israrla) Demək, sən xoşbəxtsən, eləmi? 
 
Konstans: Çox. 
 
Bernard: Son iki həftədə sən məni yer üzünün ən xoşbəxt bəndəsi elədin. Mənə elə gəldi 
ki, elə həmişə burda olmuşam. Sən mənə qarşı elə diqqətlisən! 
 
Konstans: Əgər doğurdan da belə fikirləşirsənsə, məni çox sevindirdin. Amma, 
ümumiyyətlə, mən qarşı sənə xüsusi nəsə nümayiş eləməmişəm. 
 
Bernard: Yox, eləmisən. Mənim səni görməyimə icazə vermisən. 
 
Konstans: Bilirsən, belə bir icazəni mən tində dayanan polismenə də verirəm. 
 
Bernard: Mən səninlə ancaq boş-boş şeylərdən danışmağa çalışıram, amma bununla 
bərabər bütün qəlbimlə səni sevməkdə davam eləyirəm. 
 
Konstans: (Çox soyuqqanlı) Birinci dəfə bura gələndə, danışdıq ki, hisslərin sənin öz 
şəxsi işindi. 
 
Bernard: Mənim sənə qarşı sevgimə etirazmı eləyirsən? 
 
Konstans: Məgər biz hamımız bir-birimizi sevməli deyilikmi? 
 
Bernard: Mənə gülmə. 
 
Konstans: Əzizim, gülmək nədi? Mənə kifayət qədər xoşdu, hətta təsirləndim. Bu ki, 
gözəldi. Əgər kimsə sənə qarşı laqeyd deyilsə... 
 
Bernard: (Sözünü kəsərək) Bunu eşitmək mənə də xoşdu. 
 
Konstans: Bu uzun illərdən sonra. 
 
Bernard: Əgər on beş il əvvəl kimsə desəydi ki, mən səni indi daha artıq sevəcəm 
inanmazdım. Bəli, indi mən səni on beş il əvvəlkindən on beş dəfə artıq sevirəm. 


 
222
 
Konstans: (Sözünə davam edir) Amma sənin indi mənə öz məhəbbətini bəyan etməyini 
azca da istəmirəm. 
 
Bernard: Bilirəm, özü də buna hazırlaşmıram. Mən səni çox yaxşı tanıyıram. 
 
Konstans: (Bir qədər çaşqınlıqla) Nəsə, sənin bu son beş dəqiqə nə işlə məşğul olduğun 
mənə çatmır. 
 
Bernard: Mən yalnız faktları bəyan eləyirəm.  
 
Konstans: Onda bağışla. Mən tamam başqa şey fikirləşdim. Amma, məsələn, indi ürəyimi 
hansı üsulla fəth eləyəcəyinə baxmaq mənə maraqlı olardı. Amma qorxuram, bunu 
səndən soruşsam, sözümə başqa məna verəsən. 
 
Bernard: (Açıq ürəklə) Bilirəm ki, sən mənə gülürsən. 
 
Konstans: Səni özünə gülməyi öyrətmək ümidiylə. 
 
Bernard: Bu yarım ayda mən sənin gözündə lap ağıllı bir uşaq olmuşam, eləmi? 
 
Konstans: Bəli. Hətta bunu necə bacardığını elə hey özümdən soruşa-soruşa qalmışam. 
 
Bernard: Amma indi maskanı üzümdən açmağa özümdə cürət tapacam. 
 
Konstans: Mən sənin yerində olsam tələsmərəm. 
 
Bernard: Daha bacarmıram. Heç olmasa bir dəfə demək istəyirəm ki, mən sənin ayağın 
dəyən torpağı da öpməyə hazıram. Mən həyatımda heç vaxt sənin kimisinə rast 
gəlməmişəm. 
 
Konstans: Boş şeydi. Bir dəstə olub. Mən yeddinciyəm. 
 
Bernard: Onlar hamısı sənsən. Mən səni bütün qəlbimlə sevirəm. Bu vaxtacan gördüyüm 
qadınlardan heç biri sənin qədər ürəyimə yatmayıb. Mən sənə rəğbət bəsləyirəm. Mən 
sənin qarşında özümü tamam itirirəm, öz hisslərimi bəyan eləməyə söz tapa bilmirəm. 
Mən səni sevirəm. Istəyirəm, biləsən, əgər başına bir iş gəlsə, sənin məndən kömək 
ummağını özüm üçün ən böyük xoşbəxtlik sayaram. 
 
Konstans: Sən necə də dostcanlısan. Amma anlamıram, nədən mənim başıma iş 
gəlməlidi? 
 
Bernard: Həmişə və hər şəraitdə sən mənim köməyimə bel bağlaya bilərsən. Mən səndən 
ötrü mümkün olmayanı da mümkün eləməyə hazıram. Əgər məndən sənə nəsə lazım olsa 
bir işarən kifayətdi. Mən hətta həyatımı sənə qurban verməyi özüm üçün ən böyük 
xoşbəxtlik sayaram. 
 
Konstans: Mən sənə çox minnətdaram. 


 
223
 
Bernard: Sən mənə inanmırsan? 
 
Konstans: (Valehedici təbəssümlə) Əlbəttə inanıram. 
 
Bernard: Ümid eləmək istəyirəm ki, sözlərim azacıq da olsa sənin ürəyini tərpətdi. 
 
Konstans: (Hiss olunur ki, o, bu məhəbbət selindən əməllicə heyrətlənib) Bu sözlər 
mənim üçün çox dəyərlidi. Çox sağ ol. 
 
Bernard: Daha bu barədə danışmayacağam. 
 
Konstans: (Əvvəlki soyuqluğu simasına qaytararaq) Niyə axı, sən bütün bunları məhz 
indi deməyi lazım bildin? 
 
Bernard: Nədənsə ürəyimi boşaltmaq istədim. 
 
Konstans: Bernard, mən, axı, dəli deyiləm. Heyif ki, Marta heç cür ərə gedə bilmir. 
 
Bernard: Amma bircə onu düşünmə ki, mən Martayla evlənməyə hazırlaşıram. 
 
Konstans: Mən elə fikirləşmirəm. Elə olsaydı, nə dərdimiz vardı? Marta özünün o aşıb-
daşan enerjisini ərinə xərcləyərdi. Bilirsən, o, çox yaxşı qızdı. Əlbəttə, yalançıdı, amma 
qalan şeylər qaydasındadı. 
 
Bernard: Belə de? 
 
Konstans: Hə, o, yalanla yoğrulub. Hətta qadınlar yalanı xoşlasalar da... Vaxt deyilmi? 
Oyunun sonuna gedib çatmaq istəməzdim. 
 
Bernard: Yaxşı. Maşın gözləyir. 
 
Konstans: Şlyapamı başıma qoyum. Qulaq as, məgər bayaqdan bizi taksi gözləyir? 
 
Bernard: Yox, öz avtomobilimdi. Fikirləşdim ki, mənim kimi bir sürücünün xidmətindən 
imtina etmərsən. 
 
Konstans: Üstü açıq, yoxsa bağlı avtomobildi? 
 
Bernard: Açıqdı. 
 
Konstans: Əzizim, onda mən gərək başıma başqa şlyapa qoyum. Bu enli-ətəkli şlyapa 
üstü açıq maşına yaramır. Onda gərək hər iki əlimlə ondan yapışım. 
 
Bernard: Üzr istəyirəm. 
 
Konstans: Qəliz bir şey yoxdu. Bircə dəqiqəyə qayıdıram. Əgər avtomobildə gediriksə, 
gərək özümə əziyyət verməyim. 


 
224
 
(Konstans çıxır. Dərhal Bentli peyda olub Mari-Luizanı qonaq otağına ötürür) 
 
Mari-Luiza: Gün aydın. (Bentliyə) Siz elə bu dəqiqə mister Middltona xəbər 
eləyəcəksizmi? 
 
Bentli: Bəli, madam. 
 
(Bentli çıxır). 
 
Mari-Luiza: (Həyəcandan pörtmüş halda) Mənim Cona deməyə sözüm var. Amma 
aşağıda pasientləri onu gözləyir. Odur ki, Bentlidən xahiş elədim, onu bura çağırsın. 
 
Bernard: Sizə mane olmayım. 
 
Mari-Luiza: Üzr istəyirəm, amma çox vacib məsələdi. Conu işdən ayıranda yaman 
əsəbiləşir. 
 
Bernard: Mən başqa otağa keçərəm. 
 
Mari-Luiza: Siz Konstansı gözləyirsiz? 
 
Bernard: Hə, biz Reynlafa gedəcəyik. Bu gün orda polo oynayırlar. Konstans şlyapasını 
dəyişir. 
 
Mari-Luiza: Hə, lap yaxşı. Bentli mənə dedi ki, Konstans yuxarıdadı. Çox sağ ol. Mənim 
işim bir dəqiqəlikdi. (Bernard qonşu otağa keçir və dərhal Con peyda olur) O, Con, səni 
pasientlərindən ayırdığıma görə, üzr istəyirəm. 
 
Con: Böyük bir şey olmayıb. Onlar bir neçə dəqiqə gözləyə bilərlər. (Bernard ardınca 
qapını örtür və Conun səsi dəyişir. Indi onlar astadan, əsəbi, qırıq ifadələrlə danışırlar) 
Nəsə olub? 
 
Mari-Luiza: Mortimer. 
 
Con: Nə olub? 
 
Mari-Luiza: Əminəm ki, şübhələnib. 
 
Con: Nədən əminsən? 
 
Mari-Luiza: O, dünən özünü elə qəribə apardı ki. Gecənin xeyirini diləmək üçün otağıma 
gəlmişdi. Çarpayıma əyləşdi. Mızıldanmağa başladı, soruşdu ki, bütün axşamı nə işlə 
məşğul olmuşam... 
 
Con: Ümidvaram ki, sən ona açıb demədin. 
 


 
225
Mari-Luiza: Yox, dedim ki, yeməyi evdə yemişəm. Qəflətən yerindən sıçrayıb gecən 
xeyirə qalsın dedi, çıxıb getdi. Səsi elə hirsliydi ki, onun üzünə baxmağa cürət eləmədim. 
Deyəsən, üzü də qızarmışdı. 
 
Con: Vəssalam? 
 
Mari-Luiza: Mənim otağıma keçib sabahın xeyirini diləmədən Sitiyə yollanıb. 
 
Con: Görünür, tələsirmiş. 
 
Mari-Luiza: Əvvəl vaxt tapırdı, axı. 
 
Con: Elə bilirəm, sən qarışqadan fil düzəldirsən. 
 
Mari-Luiza: Səfehləmə, Con. Məgər görmürsən, mən necə həyəcanlıyam? 
 
Con: Görürəm. Ona görə də səni inandırmaq istəyirəm ki, həyəcanlanmağa əsas yoxdu. 
 
Mari-Luiza: Kişilər necə də axmaqdılar. Heç cür başa düşmək istəmirlər ki, dama-dama 
göl olur. Sənə deyirəm, qorxudan başımı itirmişəm. 
 
Con: Özün də yaxşı bilirsən ki, şübhəylə sübut arasında yerlə göy qədər fərq var. 
 
Mari-Luiza: Elə düşünmürəm ki, o, nəsə sübut eləyə bilər. Amma şübhə eləmirəm ki, o, 
həyatımızı burnumuzdan gətirə bilər. Tutaq ki, Konstansla dərdləşmək qərarına gəldi. 
 
Con: Konstans ona inanmaz. 
 
Mari-Luiza: Əgər iş dərinə getsə, Mortimeri özüm həll eləyərəm. O, məni dəlicəsinə 
sevir. Qadın üçün bu, oynamağa həmişə imkan verir. 
 
Con: Əlbəttə, sən Mortimeri istədiyin kimi fırlaya bilərsən? 
 
Mari-Luiza: Əgər Konstans bilsə, mən gərək yerin altına girəm. Axı, o, mənim ən yaxın 
rəfiqəmdi, həm də onu çox istəyirəm. 
 
Con: Konstans ürəkdi. Inanmıram ki, iş uzanıb böyüyə. Amma lap o həddə çatsa belə, 
Konstansı yola gətirəcəyimə şübhə eləmirəm. 
 
Mari-Luiza: Sən belə düşünürsən? 
 
Con: Yəqin ki, o, mənə qulaqburması verəcək. Onun yerində hansı qadın olsa belə eləyər. 
Amma məni itirməmək üçün hər şeyə dözəcək. 
 
Mari-Luiza: Qadınları yaman yaxşı tanıyırsan. Sənə kömək eləyə bilər, bu, mümkündü. 
Amma mənə gəlincə, iki ayağını bir başmağa dirəyəcək. Qadın təbiəti belədi. 
 
Con: Konstans elə deyil. 


 
226
 
Mari-Luiza: Con, düzünü desəm, əgər mənə qarşı hisslərinə əmin olmasaydım, Konstansı 
belə ucaltdığına görə, onu sənə qısqanardım. 
 
Con: Şükür ki, çöhrəndə təbəssüm əmələ gəldi. Deməli, həyəcanını boğa bilmisən. 
 
Mari-Luiza: Çünki ürəyimi boşaltdım. Doğrudan da hər şey heç də o qədər pis deyil. 
 
Con: Əminəm ki, sənin bu təşvişinə heç bir əsas yoxdu. 
 
Mari-Luiza: Ola bilsin, bütün bunlar mənim uydurmamdı. Amma hər halda biz əndazəsiz 
şəkildə risqə gedirik. 
 
Con: Ola bilər. Səbəb də sənin ilahi gözəlliyindi. 
 
Mari-Luiza: Pasientlərinin yanına qayıtmağının vaxtı deyilmi? 
 
Con: Hə, yəqin. Sən Konstansı gözləyəcəksən? 
 
Mari-Luiza: Əlbəttə. Onunla görüşmədən getsəm, məni başqa cür anlayarlar. 
 
Con: (Çıxaraq) Onda, görüşənədək. Özü də həyəcanlanma. 
 
Mari-Luiza: Oldu. Yəqin, səbəb vicdan əzabı çəkməyimə görədi. Gedib başımı yuyub, 
saç düzümümü dəyişərəm. 
 
(Con əlini qapının cəftəsinə uzadan vaxt Marta, ardınca da o biri qapıdan Bernard daxil 
olur). 
 
Marta: (Süni nəzakətlə) Mari-Luiza, sənin burda olduğunu bilmirdim. 
 
Mari-Luiza: Vacib deyil. 
 
Marta: Mən məktub yazıb anamı gözləyirdim.  
 
Mari-Luiza: Mənim Cona sözüm var. 
 
Marta: Əzizim, ümid eləyirəm, sənin səhhətində hər şey qaydasındadı. 
 
Mari-Luiza: Məndə qaydasındadı. Amma Mortimer axır vaxtlar nəsə gözümə əzgin dəyir. 
Ona görə də istədim ki, Con onu məzuniyyət götürməyə razı salsın. 
 
Marta: Nəsə mən elə bilirdim, belə hallarda cərrahın yox, terapevtin məsləhəti lazımdı.  
 
Mari-Luiza: Bilirsən, Mortimer ancaq Cona etibar eləyir. 
 
Marta: O, tamamilə haqlıdı. Con, sözsüz ki, etibar olunası adamdı. 
 


 
227
 
 
Con: Marta, sən mənim xidmətlərimdən yararlanmaq istəyirsənmi? Əgər appendisitini, 
yaxud badamcıq vəzini kəsib atmaq lazım gəlsə, utanma, de. 
 
Marta: Gözəl Conum, məndə ancaq vacib olanlar qalıb. Əgər əlavə nəsə kəsib eləsən, 
qorxuram, dözməyəm. 
 
Con: Əzizim, nə qədər ki, qadının üstündə dayana bilməsi üçün bir ayağı var, çətin o, 
cərrahın xidmətinə ehtiyac duya. 
 
(Konstans və missis Kalver daxil olur) 
 
Mari-Luiza: (Konstansı öpür) Mənim əzizim. 
 
Konstans: Dizin necədi? Yenə burxulur? 
 
Mari-Luiza: Dizim onsuz da məni həmişə narahat eləyir: gah çox, gah az. 
 
Konstans: Hə, əlbəttə. Elə bilirəm, sən çox səbirlisən. Sənin yerində olsaydım. Conu bir 
dəqiqə də rahat buraxmazdım. Amma, doğrusu, özümü nəsə birtəhər hiss eləyəndə ondan 
nəsə soruşmaq ağlıma da gəlmir. 
 
Missis Kalver: Marta, gecikdiyimə görə, bağışla. Səni çox gözlətdim? 
 
Marta: Yox, vaxtımı heç də pis keçirmədim. 
 
Missis Kalver: Səninlə birlikdə olmaq başqalarına da xoş gəlib. 
 
Konstans: Mən anamla pilləkəndə rastlaşdım. Şlyapamı dəyişməyə onunla getdim. 
Bernard məni Reynlafa aparır. 
 
Con: Nə yaxşı. 
 
Bernard: Biz gecikirik. 
 
Konstans: Bu elə vacibdi? 
 
Bernard: O qədər də yox. 
 
(Bentli içində vizit kartı olan xırda məcməyini əlində tutaraq daxil olur. Onu Konstansa 
verir. Vizit kartına baxanda Konstansın üzündə çaşqınlıq əmələ gəlir) 
 
Konstans: Qəribədi. 
 
Con: Konstans, nə baş verib? 
 
Konstans: Heç nə. (Bir neçə dəqiqə fikirləşir). O, aşağıdadı? 


 
228
 
Bentli: Bəli, madam. 
 
Konstans: Başa düşə bilmirəm, niyə, axı, o, mənə vizit kartını göndərib. Onu bura dəvət 
elə. 
 
Bentli: Baş üstə, madam. 
 
(Bentli çıxır) 
 
Con: Konstans kimdi axı? 
 
Konstans: Mari-Luiza, əyləş. 
 
Mari-Luiza: Mən qaçıb getməliyəm, elə sən də. 
 
Konstans: Hələ vaxta var. Bu şlyapa xoşuna gəlirmi? 
 
Mari-Luiza: Hə, çox yaraşıqlıdı. 
 
Konstans: Con, sən burda nə eləyirsən? Məgər pasientin yoxdu? 
 
Con: Iki-üç nəfər var. Mən elə aşağı düşməyə hazırlaşırdım. Amma fikirləşdim, bir 
siqaret çəksəm, pis olmaz. (Əlini cibinə aparır) Portsiqarımı harasa qoymuşam. Konstans, 
sən görməmisən ki? 
 
Konstans: Yox, görməmişəm. 
 
Con: Səhərdən axtarıram. Özüm də bilmirəm, hara qoymuşam. Gərək xəstəxanaya zəng 
vurub öyrənəm, bəlkə ordadı. 
 
Konstans: Ümid eləyirəm ki, sən onu itirməmisən. 
 
Con: Yox, əlbəttə ki, yox. Yəqin, harasa qoymuşam. 
 
(Qapı açılır və Bentli qonağın gəlişini xəbər verir) 
 
Bentli: Mister Mortimer Darhem. 
 
Mari-Luiza: (Dəhşət içində) O! 
 
Konstans: (Onun qolunu sıxır) Sakit dur, axmaq. 
 
(Mortimer Darhem daxil olur. O, qırmızı sifətli və çılğın xarakterli, qırx yaşlı cüssəli bir 
kişidi. Elə indi də onun bütün vücudu əsir. Bentli çıxır). 
 
Konstans: Salam, Mortimer. Bu vaxtlar biz tərəflərdə xeyir ola? Mənə vizit kartını 
göndərməyinin mənası nədi? 


 
229
 
(Mortimer qonaq otağının ortasında dayanıb ətrafa baxır). 
 
Mari-Luiza: Mortimer, nə baş verib? 
 
Mortimer: (Qəzəbini güclə boğaraq Konstansa) Fikirləşdim ki, ərinin mənim arvadımın 
məşuqu olmağını bilməyin heç də sənə maraqsız olmaz. 
 
Mari-Luiza: Morti! 
 
Konstans: (Bir əliylə Mari-Luizanın qolunu sıxaraq, çox soyuqqanlıqla) Doğurdan? 
Nədən belə düşünürsən? 
 
Mortimer: (Cibindən qızıl portsiqar çıxararaq) Tanıyırsan? Dünən axşam arvadımın 
yastığının altından tapmışam. 
 
Konstans: Nə yaxşı oldu. Mən də bayaqdan başımı sındırıram ki, görən onu hara 
qoymuşam. (Portsiqarı ondan alır) Sənə həddən artıq minnətdaram. 
 
Mortimer: (Əsəbi tərzdə) Bu sənin portsiqarın deyil. 
 
Konstans: Mənimdi. Mən Mari-Luizanın çarpayısının üstə oturmuşdum. Görünür, onu 
qeyri-ixtiyari yastığın altına basmışam. 
 
Mortimer: Onun üstündə Conun adı yazılıb. 
 
Konstans: Bilirəm. Bu portsiqarı ona bir səxavətli pasienti bağışlamışdı, mən də qərara 
aldım ki, belə hədiyyə onu xarab eləyər. Odur ki, özümə götürdüm. 
 
Mortimer: Konstans, sən məni axmaqmı hesab eləyirsən? 
 
Konstans: Mənim əziz Mortim, əgər o portsiqar mənim deyilsə, nədən onu özümünkü 
sayım? 
 
Mortimer: Onlar birlikdə şam eləyiblər. 
 
Konstans: Zavallı Mortim, mənim xəbərim var. Sən Sitiyə, ya da, nə bilim, harasa 
ziyafətə gedəndə Mari-Luiza zəng eləyib soruşdu ki, ona öz süfrəmizdə yer eləyə 
bilərikmi? 
 
Mortimer: Deməli, o, burda şam eləyib? 
 
Konstans: Məgər özü sənə deməyib? 
 
Mortimer: Deyib. 
 
Konstans: Bunu sübut eləmək çətin deyil. Əgər sən mənə inanmırsansa, indi eşikağasını 
çağırarıq, özün ondan soruşarsan... Con, zəhmət olmasa, zəngi bas. 


 
230
 
Mortimer: (Özünü itirmiş halda) Lazım deyil. Əlbəttə ki, mən sənin sözünə inanıram. 
 
Konstans: Sən çox nəcib insansan. Məni alçalmağa qoymadığın üçün sənə minnətdaram. 
Əgər sən eşikağasından mənim sözlərimin təsdiqini öyrənmək istəsəydin, çox pis 
vəziyyətdə qalardım. 
 
Mortimer: Əgər Mari-Luiza burda şam eləyibsə, bəs onda sən onun çarpayısının üstündə 
nə gəzirdin? 
 
Konstans: Conu cərrahiyyə əməliyyatı üçün təcili xəstəxanaya çağıranda Mari-Luiza 
mənə Parisdən göndərilən təzə libaslarını göstərmək istədi. Odur ki, sizə dəyməli oldum. 
Həmin gecə çox gözəl hava var idi. Sən də xatırlayırsan, eləmi? 
 
Mortimer: Lənət şeytana, mənim havaya fikir verməyə vaxtım nə gəzir. 
 
Konstans: Biz əldən düşənəcən hər şeyi ölçüb-biçdik. Sonra Mari-Luiza yerinə uzandı, 
mən də yanında oturdum. Ordan-burdan söhbət elədik. 
 
Mortimer: Əgər yorulmuşdunsa, niyə evinizə qayıtmadın? 
 
Konstans: Con söz vermişdi ki, əməliyyatdan sonra dalımca gələcək. 
 
Mortimer: Gəldimi? Saat neçədə? 
 
Con: Gələ bilmədim. Əməliyyat uzun çəkdi. Nadir hallarda belə olur, kəsirsən, kəsirsən, 
özün də bilmirsən, harda dayanasan. Nə dediyimi anlayırsan, eləmi, Mortimer? 
 
Mortimer: Yox, anlamıram, mən hardan bilim? 
 
Konstans: Olan budu. Sən Conla Mari-Luizaya qarşı dəhşətli ittihamlar irəli sürdün. Məni 
də çox dilxor elədin. Amma mən hər şeyi sonacan eşitməyincə, təmkinimi pozmayacam. 
Öz sübutlarını ortaya qoy. 
 
Mortimer: Sübut? Nə sübut? Bəs, portsiqar? Onu tapmaq, təbii ki, mənim üçün ikiylə 
ikinin cavabı kimi aydın bir şey idi. 
 
Konstans: (Gözlərini oynadaraq) Bu mənə də aydındı, amma bəs onda, cavab nədən beş 
oldu? 
 
Mortimer: (Yerin ayağının altından qaçdığını büruzə verməmək üçün özünü birtəhər 
toparlayır) Necə olub ki, mən belə səhv eləmişəm?! 
 
Konstans: Bizim içimizdəkilərdən ən varlısı da səhv eləyə bilər. Yadımdadı, Pirpont 
Morqan öləndə onun artıq bir sent belə dəyəri olmayan yeddi milyon dollarlıq aksiyaları 
tapıldı. 
 


 
231
Mortimer: (Çaşqın halda) Bunun mənim üçün necə bir sarsıntı olduğunu sən təsəvvürünə 
belə gətirə bilmərsən. Mən Mari-Luizaya özüm qədər inanırdım. O portsiqar məni 
səksəndirdi. Başqa heç nə haqqında düşünə bilmirdim, qorxurdum, başıma hava gələ. 
 
Konstans: Demək istəyirsən, yalnız Mari-Luizanın otağından mənim portsiqarımı 
tapdığına görə, bura gəlib bu biədəb səhnəni qurmusan? Mən buna inana bilmirəm. Sən 
axı, müdrik, təcrübəli, yetkin bir insansan. Əlbəttə, sənin başqa dəlillərin də olmalıdı. Sən 
nəsə sözü axıracan demirsən. Mənim hisslərimə rəhmin gəlməsin. Sən artıq o qədər çox 
söz demisən ki, hər şeyi sonuna çatdırmağa, sadəcə, borclusan. Mən hər şeyi tam 
çılpaqlığıyla bilmək istəyirəm. 
 
(Pauza. Mortimer özünü tamam itirmiş halda gah astadan ağlayan Mari-Luizaya, gah da 
Konstansa baxır) 
 
Mortimer: Deyəsən, mən özümü tamam biabır elədim. 
 
Konstans: Görünür, həqiqətən də belədi 
 
Mortimer: Çox təəssüf eləyirəm, Konstans, məni bağışla. 
 
Konstans: Məndən narahat olma. Sən məni qəddarcasına alçaltdın. Içimə Cona qarşı 
şübhə toxumu saldın, hansı ki, heç vaxt... (Söz axtarır) 
 
Missis Kalver: (Kömək eləyir) Cücərməli deyil. 
 
Konstans: Kök atmalı deyil. Mən birtəhər keçinərəm. Sən Mari-Luizadan üzr istəməlisən. 
 
Mortimer: (Yaltaqlıqla) Mari-Luiza. 
 
Mari-Luiza: Toxunma mənə! Yaxın gəlmə! 
 
Mortimer: (Kədərli baxışlarla Konstansa) Qısqanclığın insanı nə hala saldığını sən də 
bilirsən axı. 
 
Konstans: Mən hardan bilirəm? Məncə, bu, ən böyük, ən bağışlanılmaz günahdı. 
 
Mortimer: (Mari-Luizaya) Mari-Luiza mən baş verənlərdən elə təəssüflənirəm ki... Sən 
mənim günahımdan keçəcəksən? 
 
Mari-Luiza: Sən bütün dostlarımın gözü qarşısında məni alçaltdın. Konstansı necə 
istədiyimi özün yaxşı bilirsən. Sən kimi istəsən mənə məşuq çıxara bilərdin, bircə 
Condan başqa! 
 
Konstans: Bircə ən yaxın rəfiqənin ərindən başqa. Süd satan, pəncərə silən, kimi gəldi, 
deyə bilərdin, bircə ən yaxın rəfiqənin ərindən başqa. 
 
Mortimer: Mən lap heyvanam. Özüm də bilmirəm, nədən belə oldu. Mən bu hərəkətləri 
qeyri-ixtiyari elədim. 


 
232
 
Mari-Luiza: Bütün bu illər boyu mən səni necə də sevmişəm, heç vaxt heç kim səni 
mənim qədər sevməyib. Bu, mənə qarşı qəddarlıqdı, qəddarlıqdı! 
 
Mortimer: Gedək, əzizim. Sənə nə deməli olduğumu burda deyə bilmirəm. 
 
Mari-Luiza: Yox, yox, yox! 
 
Konstans: (Yüngülcə Mortimerin çiyninə toxunur) Morti, yaxşısı budu o, bir az burda 
qalsın. Sən gedəndən sonra onunla danışaram. Əlbəttə ki, o, çox dilxordu. Özün də 
bilirsən ki, o, hər şeyi necə həssaslıqla qəbul eləyir. 
 
Mortimer: Biz doqquza iyirmi beş dəqiqə işləmiş Vankuverslərdə şam yeməyində 
olmalıyıq. 
 
Konstans: Sənə söz verirəm ki, əynini dəyişmək üçün o, doqquzun yarısında evdə olacaq. 
 
Mortimer: O, mənə daha bir şans verəcəkmi? 
 
Konstans: Əlbəttə, əlbəttə. 
 
Mortimer: Onun yolunda mən hər şeyə hazıram. (Konstans barmağını dodağına aparıb 
sonra qoluna işarə eləyir. Mortimer bu işarəni dərhal anlaya bilmir, məsələ ona çatanda 
sevincək başını tərpədir) Sən dünyanın ən ağıllı qadınısan. (Gedərkən dayanıb əlini Cona 
uzadır) Dost, sən mənə əlini verəcəksənmi? Mən bir qələtdi elədim, amma qələtimi etiraf 
eləməyə də kişiliyim çatdı. 
 
Con: (Ürəklə) Əlbəttə, dost. Səninlə razıyam, əlbəttə, arvadının yastığı altında portsiqarı 
kim tapsa şübhələnər. Əgər bilsəydim, Konstans belə bahalı hədiyyəni başqa yerdə qoya 
bilər, ömrümdə ona bu portsiqarı verməzdim. 
 
Mortimer: Çiynimdən nə boyda yük boşaldığını təsəvvürünə belə gətirə bilmərsən. Bura 
mən iki yüz yaşlı qoca kimi gəlmişdim, burdan həyatının bütün sevincləri hələ qarşıda 
olan iki yaşlı körpə kimi gedəcəm. 
 
(Çıxır. Mortimerin ardınca qapı örtülən kimi qonaq otağında bayaqdan hökm sürən ab-
hava dəyişir. Gərginlik yerini yüngüllüyə verir). 
 
Con: Konstans, sən lap çaxmaq daşısan. Mən bunu heç vaxt unutmaram. Heç vaxt, son 
nəfəsimə qədər. Ilahi, sən necə də səbir yiyəsiymişsən. Mən o dünyanı görüb gəldim, 
amma sənin tükün də tərpənmirdi. 
 
Konstans: Yeri gəlmişkən, bu da sənin portsiqarın. Gərək, bunun ucuna bir halqa keçirib 
saat kimi özünə zəncirləyəsən. 
 
Con: Yox, yox. Qoy sənin olsun. Mən belə sürprizlər üçün daha qocayam. 
 
Konstans: Yeri gəlmişkən, sizin evə necə keçdiyinizi başqa görən olubmu? 


 
233
 
Con: Yox, biz Mari-Luizanın öz açarından istifadə eləmişdik. 
 
Konstans: Yaxşı eləmisiz. Əgər Mortimer qulluqçulardan nəsə öyrənmək istəsə onların 
deməyə sözü olmayacaq. Mən risqə getməyə məcbur idim. 
 
Mari-Luiza: (Xəcalət hissiylə) Ah, Konstans: indi sənin mənim barəmdə nə fikirdə 
olduğunu yaxşı başa düşürəm. 
 
Konstans: Mənmi? Mən elə əvvəlki fikrimdə qalıram. Səni çox nəcib insan kimi qəbul 
eləyirəm, Mari-Luiza. 
 
Mari-Luiza: Yox, bu ola bilməz. Mən özümü elə iyrənc apardım ki. Özümü ən alçaq 
insan kimi hiss eləyirəm. Sən məndən qisasını ala bilərdin, amma imkandan istifadə 
eləmədin. Mən xəcalətdən yer ayrılsa yerə girərəm. 
 
Konstans: (Təbəssümlə) Conu toruna saldığına, yoxsa ələ keçdiyinə görə? 
 
Mari-Luiza: Ah, Konstans, belə qəddar olma. Ürəyində nə söz varsa, hamısını de, söy, 
ağla, üstümə qışqır, amma üzümə gülmə. Mən dəhşətli vəziyyətdəyəm. 
 
Konstans: Sən istəyirsən ki, mən burda qısqanclıq səhnəsi quram. Bəli, mən 
təəssüflənirəm. Amma məsələ burasındadı ki, Mortimerin dediklərində mənim üçün təzə 
bir şey yox idi. 
 
Mari-Luiza: (Dəhşət içində) Sən hər şeyi bilirdin?  
 
Konstans: Bəs necə, əzizim. Bu son altı ayı bütün bacarığımı işə salmışdım ki, dostlar, 
doğmalar sizin bu dəhşətli sirrinizi mənimlə bölüşməsinlər. Bu mənə elə də asan başa 
gəlmədi. Anam həyatın hər cikinə-bikinə bələdliyi, Marta dəlilik dərəcəsində olan 
həqiqətpərəstliyilə, Barbara susqun təəssüfüylə günümü qara eləmişdi. Amma bu günə, 
yəni, gizlin aşkar olana qədər mən, əgər loru dillə desəm, başıma qaxınc ediləcək bütün 
dəlilləri istehzayla qarşılayacaqdım. 
 
Mari-Luiza: Niyə, niyə, axı? Bu ki, insanlıqdan deyil. Niyə sən nəsə eləmədin? 
 
Konstans: Bax bu, əzizim, öz işimdi. 
 
Mari-Luiza: (Məsələnin nə yerdə olduğunu bilən insan kimi) Hə, anlayıram. 
 
Konstans: (Kifayət qədər kəskin tərzdə) Yox, anlamırsan. Mən Cona olan sədaqətimi 
ömrüm boyu qoruyub. Və sizin bu eşqbazlığınıza dözməyim də özümünkünü gizlətmək 
üçün olmayıb. 
 
Mari-Luiza: (Halı özündə deyil) Həmişə elə bilmişəm ki, sən ürəyində mənə gülürsən. 
 
 
 


 
234
Konstans: (Ürək açıqlığıyla) Əzizim, bu qədər vaxtı sənə mane olmadığıma görə, 
istəməzdim ki, mənə acığın tutsun. 
 
Mvari-Luiza: Mənim başım fırlanır. 
 
Konstans: Belə gözəl başa fırlanmaq olmaz. Niyə, axı, uzanmayasan? Axı, sən 
Vankuverslərin verdiyi şam yeməyində yaxşı görünməlisən. 
 
Mari-Luiza: Maraqlıdı, görək, Mortimer indi hardadı? 
 
Konstans: Yadındamı, bu günlərdə mənə mirvari qolbağını göstərib dedin ki, Mortimerin 
fikrincə, bu, çox bahalı şeydi. Bax belə, indi Mortimer onu sənə almaq üçün "Kartye"yə 
gedib. 
 
Mari-Luiza: (Dərhal özünə gəlir) O, Konstans, sən belə güman eləyirsən? 
 
Konstans: Fikrimcə, bütün kişilər ucdantutma bir şeyi bilir ki, əgər zərif qadın qəlbinə 
yara vurubsa, onu sağaltmağın yeganə dərmanı zərgərdən bahalı ziynət əşyası almaqdı. 
 
Mari-Luiza: Həmin qolbağını bu axşam şam yeməyinə taxmaq üçün evə gətirmək necə, 
ağlına gələcəkmi? 
 
Konstans: Əzizim, axmaq olma, bircə o qolbağıyla sakitləşmə. Yadda saxla ki, Mortimer 
səni dəhşətli şəkildə təhqir eləyib, heç bir kişinin deməyə cəsarət eləmədiyi bir ittihamı 
hamının gözü qabağında sənə qarşı irəli sürüb, ona olan məhəbbətini tapdaq altına salıb, 
ona olan inamını tamamilə qırıb. 
 
Mari-Luiza: Sən necə də haqlısan, Konstans. 
 
Konstans: Yəqin, özünü necə aparmalı olduğunu sənə öyrətməyim artıqdı. Onunla 
danışmaqdan imtina elə, öz müdafiəsi üçün ağzından bircə kəlmə söz çıxarmağa aman 
vermə. Necə əzazil olduğunu ona anlatmaq üçün ağla, amma həddini aşma, sonra 
gözlərinin altı şişər. De ki, onu tərk eləyirsən və hönkürə-hönkürə qapıya sarı yeri, amma 
o qədər də yeyin addımlarla yox. Ki, sən qapını açanacan gəlib çata bilsin. Eyni sözü 
deyə-deyə dur. Bu, kişiləri hövsələdən çıxarır. Əgər o, nəsə desə, fikir vermə, öz işində 
ol. Nəhayət, elə ki, onu son həddə çatdırdın, başı şişməyə başladı, canından tər su kimi 
axdı, nə elədiyini başa düşdü, bax onda yumşal. Səbəb də bu olsun ki, bəs, təbiətən çox 
xeyirxah, kin saxlamayan olduğundan ürək qırmamaq üçün o mirvari qolbağını ondan 
alırsan. Bəli, o qolbağını qəbul eləmirsən, yalnız ürək qırmamaq üçün alırsan. Hansına ki, 
o bədbəxt elə indicə on min funt sayıb. 
 
Mari-Luiza: (Özündən razı halda) On iki min, əzizim. 
 
Konstans: Özü də təşəkkür eləmə. Özünü aşağılama. Onun hədiyyəsini almaqla 
göstərdiyin mərhəmətə görə, qoy o, sənə təşükkür eləsin. Sən maşınlasan? 
 
Mari-Luiza: Yox, elə haldaydım ki, taksiylə gələsi oldum. 
 


 
235
Konstans: Con, Mari-Luizanı taksiyə ötür. 
 
Mari-Luiza: Yox, Con, lazım deyil. Mən istəmirəm. Mən, axı, nə qədər də olmasa, abır-
həyamı gözləməliyəm. 
 
Konstans: Eləmi? Yaxşı, səni Bernard ötürər. 
 
Bernard: Məmnuniyyətlə. 
 
Konstans: (Bernarda) Tez qayıdacaqsan, eləmi? 
 
Bernard: Bəs necə. 
 
Mari-Luiza: (Konstansı öpərək) Bu məndən ötrü yaxşı dərs oldu. Mən axmaq deyiləm, 
Konstans. Hər bir dərs xeyrimədi. 
 
Konstans: Ümid edirəm ki, daha ən azı ehtiyatını əldən vermərsən. 
 
(Mari-Luiza, ardınca da Bernard Kersal çıxır). 
 
Con: Sən Mari-Luizanın ərinə nə dediyini hardan bildin? Bizdəki şam yeməyini 
soruşuram. 
 
Konstans: Mari-Luiza çox bic qadındı, əgər yalanın köhnəsi işə yarayırsa, təzəsini düzüb 
qoşan deyil. 
 
Con: Əgər Mortimer Bentlinin dindirilməsinə israr eləsəydi, işlər şuluq olardı. 
 
Konstans: Mən bilirdim ki, o, israr eləməyəcək. Centlmenə yaraşmayan hərəkəti yalnız 
centlmenlər eləyə bilərlər. Özü də tərəddüdsüz. Mortimer hələ bu mərtəbəyə qalxmayıb. 
Ona görə də həddən artıq ehtiyatlıdı. 
 
Marta: (Çoxmənalı tərzdə) Con, sənə elə gəlmirmi ki, pasientlərinin səni gözləməkdən 
gözləri saraldı? 
 
Con: Qoy saralsın.Dəqiqələr ötdükcə, əsəbləri gərilir, odur ki, onlara iki yüz əlli funta 
başa gələcək əməliyyatı məsləhət görəndə imtina eləməyə halları olmur. 
 
Marta: (Dodaqlarını büzərək) Çətin ki, sən mənim Konstansa deyəcəklərimi eşitmək 
istəyəsən. 
 
Con: Məhz sənin məni ən qara rənglərlə təsvir eləmək həvəsində olduğunu bildiyimdən 
dişimi-dişimə tutmalı olsam da məsuliyyət hissim diqtə eləyir ki, dediklərini öz 
qulağımla eşidim. 
 
Konstans: Son üç ayda Marta özünü səbir mücəssəməsi kimi aparıb, Con . Elə bilirəm, 
indi ürəyini boşaltmağa tam haqqı var. 
 


 
236
Con: Əgər o, susa bilmək xəstəliyindən əzab çəkirsə, ünvanı səhv salıb. Qoy, 
psixoanalitikə müraciət eləsin. 
 
Marta: Mən yalnız bir şey deyəcəm, Con. Əgər məni dinləsən, şad olaram. (Konstansa) 
Başa düşmürəm, nədən sən o iyrənc qadının zibilinin üstünü örtürsən? Belə qənaətə 
gəlirəm ki, səbəb yalnız daha böyük qalmaqaldan qaçmaq... 
 
Missis Kalveri: (Sözünü kəsərək) Əzizim, sözünə davam eləməzdən öncə, icazə ver bir 
kəlmə də mən deyim. (Konstansa) Mənim əziz balam, yalvarıram sənə, tələsik qərar 
qəbul eləmə. Biz hər şeyi yaxşıca götür-qoy eləməliyik. Ən əvvəl Conu dinləməliyik. 
 
Marta: Axı, o, nə deyə bilər? 
 
Konstans: (İstehzayla) Doğrudan da, nə deyə bilər? 
 
Con: Öz bəraətim üçün heç nə. Mən ailə həyatının nə olduğunu kifayət qədər yaxşı 
bilirəm... 
 
Konstans: (Gülərək sözünü kəsib) Başqalarının ailə həyatını, bizim yox. 
 
Con: (Davam eləyərək) Başa düşürəm ki, bu vəziyyətdən heç müqəddəs Qavriil də baş 
aça bilməzdi. 
 
Konstans: Amma mənə elə gəlir ki, müqəddəs Qavriil heç vaxt bu vəziyyətə düşməzdi. 
 
Con: Mən sənin təyin edəcəyin bütün cəzaları çəkməyə hazıram. 
 
Konstans: (İstehzayla) Heç bir kişi bundan yaxşı söz tapa bilməzdi. 
 
Con: Sənin məni yıxıb sürüyəcəyini gözləyirəm, Konstans. Buna tam haqqın var. Mən 
hər şeyə dözərəm. Lap həyatımı cəhənnəmə döndər. Mən buna layiqəm. Saçımdan tutub 
məni otaq boyu sürü. Sifətimə tüpür. Məni təpiklə. Qarşında dizin-dizin sürünəcəm. 
Torpaq yeyəcəm. Mənim bir adım var - çirkab. Çirkab! 
 
Konstans: Əziz Con, nədən səni yıxıb sürüməliyəm? 
 
Con: Sənə qarşı necə iyrənc hərəkət elədiyimi yaxşı başa düşürəm. Mənim sadiq, sevimli, 
yalnız ərinin qayğısına qalmaqla məşğul olan həyat yoldaşım. Ideal ana, evdarlıqda tayı-
bərabəri olmayan qadın. Məndən on dəfə yaxşı bir insan. Bütün bunlar hamısı səndə 
cəmləşib. Heç olmasa, zərrə qədər abır-həyam olsaydı səninlə belə rəftar eləməzdim. 
Bəraətim üçün sözüm yoxdu. 
 
Marta: (Onun sözünü kəsərək) Sən bütün doğmalar, dostlar qarşısında onu alçaltdın. 
 
Con: Bu, nə centlmenə, nə də adi bir kişiyə yaraşan hərəkətdi. 
 
Marta: Bu, bağışlanılmaz hərəkətdi. 
 


 
237
Con: Mən hər üzdən günahkaram. 
 
Marta: Əgər ona məhəbbətin yox idisə, heç olmasa hörmətin olardı. 
 
Con: Mən özümü ürəksiz və məqsədsiz bir insan kimi apardım. 
 
Konstans: Dediklərinizə mənim sadəcə, heç bir əlavəm yoxdu. 
 
Marta: Lazım deyil. Sən tamamilə haqlısan. Bu artıq elə bir həddi ki, kişini yıxıb-
sürümək qadın ləyaqətinə yaraşmaz. Əgər Con fikirləşirsə, Konstans bu vəziyyətdə 
söyüşlə əl-qol atmaqla özünü alçaldacaq, deməli, qadınları yaxşı tanımır. (Cona) Elə 
bilirəm, Konstansın sərbəstlik qazanmasının qarşısında maneə olmamağa kişiliyin çatar. 
 
Missis Kalver: Ah, Konstans, ümidvaram, sən boşanmaq istəmirsən? 
 
Marta: Ana, sən necə də səhvsən. Məgər o, ona hörmət eləməyən bir kişiylə bir damın 
altında yaşaya bilər? Bir sözünə inanmadığın və nifrət etdiyin bir kişiylə birgə həyata 
həyat demək olarmı? Hələ üstəlik onların övladlarını düşün. Məgər Konstans bundan 
sonra qızının bu monstr yanında böyüməyinə razı olarmı? 
 
Konstans: Con həmişə çox gözəl ata olub. Bunu deməmək günahdı. 
 
Missis Kalver: Əzizim, çox da qəddar olma. Yaxşı başa düşürəm, indi ürəyin necə qan 
ağlayır, amma ayıq başla fikirləş, dərdinin fitvasına getmə, sonra peşiman olarsan. 
 
Konstans: Mənim ürəyim qan-zad ağlamır. Əksinə, ordan bal damır. 
 
Missis Kalver: Əzizim, anan heç vaxt səni aldatmaz. Mən sənin hikkəni və heyrətini 
aydın görürəm. Belə vəziyyətdə bu, təbiidi. 
 
Konstans: Amma mən öz ürəyimə baxanda, orda heyrətin izini də görmürəm. Məni 
heyrətləndirən yalnız Conun səfehliyidi ki, onun da ucbatından hər şey üzə çıxdı. 
 
Con: Imkan ver, bir kəlmə də mən deyim. Mən bacardığımı elədim, amma mələklər aman 
vermədi. 
 
Konstans: Mələklərin siqaret çəkmək kimi pis vərdişi yoxdu.  
 
Con: Amma əgər heç olmasa bir qullab vursaydılar, ömür boyu tərgidə bilməzdilər. 
 
Missis Kalver: Konstans, əzizim, belə xudbin olma. Bu, ürəkdən ağrını almağın ən pis 
yoludu. Gəl, ananın qucağına, canım mənim, qoşa ağlayaq. O dəqiqə yüngülləşəcəksən. 
 
Konstans: Ana, sənə çox minnətdaram, amma ölsəm də gözümdən bircə damla yaş çıxara 
bilmərəm. 
 


 
238
Missis Kalver: Belə amansız olma. Əlbəttə, Con günahkardı. Mən bunu etiraf eləyirəm. 
O özünü biədəb, çox biədəb aparıb. Amma kişilər zəif məxluqdular, həyasız qadınlar da 
bundan istifadə eləyirlər. Əminəm ki, o, sənə verdiyi bu əzaba görə peşimandı. 
 
Marta: Konstans, məni heyrətləndirən odur ki, Conun gəzdiyini biləndə sənin heç vecinə 
də olmadı. 
 
Konstans: Doğrusu, elə düşündüm ki, bu, mənim vecimə olmamalıdı. 
 
Marta: (Təəccüblə) Məgər sən onun arvadı deyilsən? 
 
Konstans: Conla mən xoşbəxt insanlarıq. Biz ideal cütlük olmuşuq. 
 
Marta: Sən necə belə danışa bilərsən? 
 
Konstans: Biz beş il bir-birimizdən ötrü əldən getmişik. Heç bir ailədə məhəbbət bu 
qədər tab gətirə bilməz. Bəli, bizim bal ayımız düz beş il çəkdi, sonra isə taleyin bizə 
daha bir hədiyyəsi oldu - bu məhəbbət hissi hər ikimizi eyni vaxtda tərk etdi. 
 
Con: Mən etiraz eləyirəm, Konstans. Sənə olan məhəbbətim məni heç vaxt tərk etməyib. 
 
Konstans: Mən başqa söz demək istəyirəm, əzizim. Sənin məhəbbətinə mənim zərrə 
qədər də şübhəm yoxdu. Mənim sevgim də səngiməyib. Biz bir-birimizin maraqlarını 
bölüşürdük, birlikdə olmağın ləzzətini yaşayırdıq, sənin uğurların məni qürrələndirirdi, 
xəstələnəndə qayğıyla başımın üstünü kəsdirirdin. Biz eyni zarafata gülür, eyni həyəcanı 
yaşayırdıq. Mən məhəbbət telləriylə bir-birinə bizim qədər bağlı olan ikinci bir cütlük 
tanımırdım. Amma vicdanla de, son on ildə də sən məni sevirdin? 
 
Con: Məgər on beş il evli olan bir kişidən belə şey gözləmək... 
 
Konstans: Əzizim, məni sənin bəraətin maraqlandırmır. Mən səndən sadə və aydın cavab 
gözləyirəm. 
 
Con: Böyük mənada mən səni hamıdan üstün sayıram. Sənin qədər bəyəndiyim ikinci bir 
şəxs yoxdu. Rastıma çıxanlar arasında sən ən gözəlisən. Və mən lap sənin yüz yaşında da 
belə deməkdən yorulmayacam. 
 
Konstans: Mənim pilləkəndən gələn addım səslərimi eşidəndə ürəyin çırpınırmı? Otağa 
girən kimi səndə güclü əllərinlə məni bağrına basmaq həvəsi oyanırmı? Nəsə mən bunu 
hiss eləmirəm. 
 
Con: Çünki mən axmaq kimi görünmək istəmirəm. 
 
Konstans: Onda deməli, mən öz sualıma cavab ala bildim. Artıq nə sən mənə, nə mən 
sənə aşiqəm. 
 
Con: Sən bu haqda heç vaxt mənimlə danışmamısan. 
 


 
239
Konstans: Fikrimcə, ər-arvadlar bir-biriylə bizdən qat-qat artıq danışır. Amma elə 
nüanslar var ki, bir-birinə doğma olan iki insan bunu yaxşı bilsə də özlərini elə aparırlar 
ki, guya bilmirlər. Güman eləyirlər ki, belə olmağı hər ikisinin xeyrinədi. 
 
Con: Sən nədən bu qənaətə gəlmisən? 
 
Konstans: İndi sənə deyəcəm. Bir dəfə biz rəqs eləyəndə aşkar elədim ki, hərəkətlərimiz 
əvvəlki qədər sinxron alınmır. Məsələ mənim fikrimin dağınıq olmasındaydı. Bizimlə 
yanaşı rəqs eləyən bir qadının saç düzümünə baxıb fikirləşdim ki, görən, beləsi mənə 
yaraşar? Sonra sənə baxıb gördüm ki, onun ayaqlarına məftun olmusan. Elə onda anladım 
ki, sən daha məni sevmirsən. Dərindən nəfəs aldım, çünki artıq mənim də sənə sevgim 
ölmüşdü. 
 
Con: Etiraf eləməliyəm ki, bu, heç mənim ağlıma da gəlməyib. 
 
Konstans: Bilirəm. Vurğunluq müvəqqəti bir şeydi. Kişinin ağlına da gəlməz ki, qadın 
onu sevməyə bilər. Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir 
çatışmazlıqlarından biridi. 
 
Marta: Sən bu sözlərlə mənə, anama, işarə eləyirsən ki, bundan sonra Conun eşq 
macəraları bir-birini sıraladı, o da doydum demədi. 
 
Konstans: Onu illər sonrası ilk dəfə pis ayaqda, ən dar cığırda yaxaladıq deyə, gəl elə 
düşünək ki, heç də vəfasız olmayıb. Sən mənə qarşı acıqlı deyilsən ki, Con? 
 
Con: Yox, əzizim, acıqlı deyiləm... Amma bir az dilxoram. Elə bilirəm ki, sən məni gülüş 
hədəfinə çevirmisən. Ağlıma da gəlməzdi ki, mənə olan hisslərin belə dəyişə bilər. 
Əlbəttə bu, mənim xoşuma gəlmir. 
 
Konstans: Bəsdi, görək. Sən ki, ağlı-başı yerində olan adamsan. Doğrudanmı, elə bilirdin 
ki, mən bütün bu illərimi cavabsız ehtirasıma həsr eləməyə hazıram? Hansı ki, uzağı 
bunun qarşılığında yalnız dostluq və doğmalıq qazanacam? Məgər bilmirsən ki, böyründə 
özünün sevmədiyin bir qadının sənin sevdiyini hiss eləməkdən əzablı bir şey yoxdu? 
 
Con: Sənlə əzab yanaşı dayana bilməz, Konstans. 
 
Konstans: (Hava öpüşü göndərərək) Doğrudanmı, sən bizim necə xoşbəxt həyat 
sürdüyümüzü hiss eləmirsən? Biz Tanrının sevimliləriyik. Mən sənin mənə hədiyyə 
etdiyin o beş illik xoşbəxtliyi ömrümün sonunacan unutmaram. Mən dəlicəsinə sənə aşiq 
idim və ömrümün sonunacan bu hiss mənlə olacaq. Sən mənim kimi sevmirdin. Bizim bu 
məhəbbət nə səndən, nə də məndən ötrü yükə çevrildi. O yük birdən-birə boşaldı. Odur 
ki, səndə də, məndə də,nə bir mübahisə, nə bir iddia yarandı, bəzən birində yenicə 
başlayan, o birində çoxdan olan hirs-hikkə ikimizdə də olmadı, qarşılıqlı ittihamlar və 
sair kimi ağrılı şeylər olmadı. Bizim məhəbbət, bilirsən, nəyi xatırladır? Eyni vaxtda hər 
iki tərəfdən dəqiqliklə doldurulmuş krossvordu. Bax elə buna görə də hamı bizi xoşbəxt 
sayırdı, bizi ideal cütlük hesab eləyirdi. 
 


 
240
Marta: Demək istəyirsən ki, sən Conun Mari-Luizayla sevişdiyini biləndə heç nə hiss 
eləmədin, eləmi? 
 
Konstans: İnsan təbiətən mükəmməl məxluq deyil. Etiraf eləyim ki, ilk əvvəl 
əsəbiləşdim, amma yalnız ilk əvvəl. Sonra qərara aldım ki, Cona görə əsəbiləşmək 
ağılsızlıqdı. Çünki başqası heç də ondan artıq deyil. Həm də, axı, mən elə də əzazil insan 
deyiləm, Cona ən isti hisslər bəsləyən, onun xoşbəxt olmasını arzulayan birisiyəm. Və 
əgər o, öz hisslərinə güc gəlmək istəyirsə, qıraq-bucaqda kimisə gözaltı eləyibsə... Mən 
düzmü izhar eləyirəm, Con? 
 
 
 
Con: Mən hələ hisslərimə qarşı getməyi ağlıma gətirmirəm. 
 
Konstans: Fikirləşdim ki, bəlkə, elə belə yaxşıdı. Yaxşı ki, onun diqqətini mənim yaxın 
rəfiqəm cəlb eləyib. Bu halda bir ana kimi hər ikisini öz nəzarətimdə saxlaya bilərəm. 
 
Con: Bu lap çox oldu, Konstans. 
 
Konstans: Mari-Luiza çox yaxşıdı. Con kifirin birisiylə gəzsəydi, mənim xətrimə dəyərdi. 
Mari-Luiza çox varlıdı. Deməli, onun Conun puluna ehtiyacı yox idi. Həmin pulları mən 
geninə-boluna öz evim üçün xərcləyə bilmişəm. Mari-Luiza elə ağıllı deyil ki, səni öz 
nəzarətində saxlaya bilsin. Nə qədər ki, sənin ürəyin mənə məxsus idi, bədəninin onun 
olması fikriylə barışmalı olmuşdum. Con, əgər qıraqda bir başqasıyla gəzmək istəsəydin 
və məsləhət üçün mənə müraciət eləsəydin, sənə yalnız Mari-Luizanı təklif eləyərdim. 
Əgər sənə nəsə bir məşuqə arzulasaydım, seçimim məhz Mari-Luiza olardı. 
 
Con: Əzizim, elə başa düşdüm ki, biz sənə elə də güclü kəf gəlməmişik. Sən elə 
müdriklik nümayiş eləyirsən ki, elə bil, mənim bütün içimi görürsən. 
 
Missis Kalver: Konstans, sənin bu münasibətini bəyənmirəm. Mənim vaxtımda əgər 
arvad kişisinin bir başqasıyla gəzdiyini bilsəydi, hönkür-hönkür ağlayıb düz üç həftə 
anasının yanında qalardı. Ərinin peşimançılıq hissi keçirdiyini, öz günahını yumaq üçün 
hər şeyə hazır olduğunu görməyincə, yanına qayıtmazdı. 
 
Marta: Belə başa düşürük ki, sən Conla boşanmaq fikrində deyilsən, eləmi? 
 
Konstans: Bilirsiz, başa düşə bilmirəm, nədən qadın ərinin, sadəcə, bir başqasıyla 
gəzdiyinə görə, öz rahat evini atmalı, yanındakı kişi nəfəsindən, qazancdan ona düşən heç 
də az olmayan paydan imtina eləməlidi. Bu bilirsiz nəyə bənzəyir? Elə bil, burnunu kəsib 
atırsan ki, üzün genişlənsin. 
 
Marta: Mənim daha sözüm yoxdu. Bunu təsəvvürümə belə gətirə bilməzdim. Qadın 
oturub onu necə axmaq yerinə qoyduqlarını təmkinlə müşahidə eləyir. 
 
Konstans: Mənim zavallı Conum, sən özünü çox səfeh apardın. Həyatda səfehlik 
naqislikdən pis sayılır. Çünki naqisliyi birtəhər düzəltmək olar, amma təəssüf ki, səfehliyi 
düzəltmək mümkün deyil. 


 
241
 
Con: Mən necə də axmaq olmuşam, Konstans. Özüm də bunu bilirəm. Amma başına 
gələn başmaqçı olar. Bu bir daha təkrarlanmayacaq. 
 
Konstans: Demək istəyirsən ki, gələcəkdə ehtiyatını əldən verməyəcəksən, hə? 
 
Missis Kalver: Yox, Konstans, o demək istəyir ki, əsl dərs aldı, gələcəkdə 
şikayətlənməyə sənin heç bir əsasın olmayacaq. 
 
Konstans: Mən həmişə elə bilmişəm, kişilər yalnız yaşlaşanda günahlardan azad olurlar. 
Çünki onda özləri də həyatda artıq yükə çevrilirlər, heç bir dəyərləri olmur. Gördüyünüz 
kimi, Conun canı hələ çox suludu. Mənim hesablamalarıma görə, sən hələ bir on beş il də 
özünə korluq verən deyilsən, hə, əzizim? 
 
Con: Qulaq as, Konstans, nəsə mən səni heç cür başa düşə bimirəm. Bəzi sözlərin adamı 
lap hövsələdən çıxarır. 
 
Konstans: Hər halda, elə bilirəm, Mari-Luizaya bir yox, bir neçə əvəz tapılacaq. 
 
Con: Konstans, vicdanıma and içirəm ki... 
 
Konstans: Vicdan sənin yeganə yerindi ki, ona əvəz tapa bilmərəm. Görürsənmi, mən 
sənin eşq macəralarını görməzliyə vuranda hər şey bizdə yağ kimi gedirdi. Amma indi 
vəziyyət pis tərəfə dəyişib. Sən məni çox qəliz vəziyyətə salmısan. 
 
Con: Mən çox təəssüflənirəm, Konstans. 
 
Marta: Konstans, sən ondan ayrılmaq istəyirsən? 
 
Konstans: Yox, istəmirəm. Con, Barbaranın mənə iş təklif elədiyini unutmamısan ki? 
Mən imtina eləmişdim. Amma indi fikrimi dəyişib təklifi qəbul eləmək istəyirəm. 
 
Con: Niyə? Başa düşə bilmirəm, bunun nə mənası var? 
 
Kontans: Çünki daha bütünlüklə səndən asılı olmaq istəmirəm, Con. 
 
Con: Amma, axı, mənim əzizim, qazandıqlarımın hamısı həm də sənindi. Səni hər şeylə 
təmin etmək mənim ən böyük sevincimdi. Tanrı da şahiddi ki, sənin tələbatın elə də 
böyük deyil. 
 
Konstans: Səninlə razıyam. Con, etiraf elə ki, bu vaxtacan mən özümü ağıllı aparmışam, 
eləmi? İndi isə mənim istəklərimə qarşı çıxma. 
 
(Qısa pauza) 
 
Con: Başa düşə bilmirəm, işləmək sənin nəyinə lazımdı, axı? Amma əgər məsələni belə 
qoyursansa, bir kəlmə də deyən deyiləm. Təbii ki, arzularını gerçəkləşdirmək sənin 
haqqındı. 


 
242
 
Konstans: Bax, bu lap gözəl oldu. Indi pasientlərinin yanına get. Yoxsa, mən tək özümü 
yox, səni də saxlamalı olacam. 
 
Con: Səni öpə bilərəmmi? 
 
Konstans: Niyə də yox? 
 
Con: (Onu öpür) Deməli, barışdıq? 
 
Konstans: Barış və qarşılıqlı anlaşma. (Con çıxır) O, çox şirin oğlandı, eləmi? 
 
Missis Kalver: Konstans, nə plan qurmusan? 
 
Konstans: Mənmi, ana? (Onu sorğuya çəkir) Sən özün necə bilirsən? 
 
Missis Kalver: Sənin baxışların xoşuma gəlmir. 
 
Konstans: Heyif. Amma çoxları bu baxışların qarşısında əriyib gedir. 
 
Missis Kalver: Sən nəsə yaramaz bir şey düzüb qoşmusan, amma onun məhz nə 
olduğunu anlamıram. 
 
Marta: Başım çıxmır, Barbaranın yanında işləmək sənə nə verəcək? 
 
Konstans: Ildə min funtdan min beş yüz funta qədər pul. 
 
Marta: Özün də bilirsən ki, mən pulu demirəm. 
 
Konstans: Ev qadını olmaqdan bezmişəm. 
 
Marta: Ev qadını dedikdə sən nəyi nəzərdə tutursan? 
 
Konstans: Pulu verməyə yox, almağa öyrəncəli fahişəni. 
 
Missis Kalver: Əzizim, sənin bu sözlərini atan eşitsəydi, nə deyərdi. 
 
Konstans: Əzizim, iyirmi beş il əvvəl ölmüş bir centlmenini nə deyəcəyini bilmək üçün 
fal açdırmaq lazımdı. O, hazırcavab adam idi? 
 
Missis Kalver: Əlbəttə, yox. O, yaxşı adam idi, amma başdan bir az xarab idi. Tanrılar da 
belələrini çox sevdiklərindən onu tez öz yanlarına çağırdılar. 
 
(Bernard Kersal qapını açıb qonaq otağına baxır) 
 
Bernard: Gəlmək olar? 
 
Konstans: Axır ki. Mən də elə bildim, yəqin, hardasa ilişib qalmısan. 


 
243
 
Bernard: Mənim maşınımı görəndə Luiza xahiş elədi ki, özüm onu aparım. Mən də 
imtina eləyə bilmədim. 
 
Konstans: Deməli, sən onu evinə aparmısan? 
 
Bernard: Yox, mənə dedi ki, mütləq saçını qaydaya salmalıdı. Mən onu Bond-stritdəki 
salona apardım. 
 
Konstans: Bəs, sonra? 
 
Bernard: Dedi ki, özüm də bilmirəm, siz mənim barəmdə nə fikirdəsiz. 
 
Konstans: Qadınların əksəriyyəti kişinin fikri onu maraqlandırmasa da belə deyir. Sən nə 
cavab verdin? 
 
Bernard: Dedim, çalışıram, mənə qəti aidiyyatı olmayan məsələlər barədə fikir 
bildirməyim. 
 
Konstans: Əzizim Bernard, səndə mənə ən xoş gələn şey özündən çıxmamaq bacarığındı. 
Hətta yerlə göy birləşsə belə, sən ideal ingilis centlmeni olaraq qalacaqsan. 
 
Bernard: Mən fikirləşdim ki, bu, ən yerinə düşən cavabdı. 
 
Konstans: Hə, əziz anam, daha səni burda saxlamağa cürət eləmirəm. Martayla sənin 
yəqin o qədər işiniz var ki. 
 
Missis Kalver: Işimizi yadımıza saldığına görə təşəkkür. Gedək, Marta. Görüşənədək, 
əzizim, sağ ol, mister Kersal. 
 
Bernard: Sağ olun. 
 
Konstans: (Martaya) Görüşənədək, əzizim. Dərdimə şərik olduğuna görə sənə 
minnətdaram. Ağır günümdə mənə çox dayaq oldun. 
 
Marta: Mən səni başa düşə bilmirəm, nə desən də başıma girməyəcək. 
 
Konstans: Sizə uğurlar. (Missis Kalver və Marta çıxır. Bernard onların ardınca qapını 
bağlayır). Biz çoxmu gecikirik? 
 
Bernard: O qədər çox gecikirik ki, bir neçə dəqiqə bizi xilas eləyə bilməz. Mənim sənə 
çox vacib bir sözüm var. 
 
Konstans: (Bernarddan söz çəkə-çəkə) Sənin, yoxsa mənim üçün vacib? 
 
Bernard: Bu dəhşətli səhnənin məni necə təəssüfləndirdiyini təsəvvürünə belə gətirə 
bilməzsən. 
 


 
244
Konstans: Elə düşünürəm, bunun bir işıqlı tərəfi də var? 
 
Bernard: Mən yalnız bu gün həqiqəti bildim. Amma ağlıma da gəlməzdi ki, sən çoxdan 
bu məsələdən xəbərdarsan. Əgər bu qədər vaxtı bu boyda əzabı gülüş pərdəsi arxasında 
gizləyə bilmisənsə, sən çox güclü qadınsan. Əgər əvvəllər mən sənə, sadəcə, pərəstiş 
edirdimsə, indi on dəfə artıq pərəstiş eləyirəm. 
 
Konstans: Bernard, sən məni lap utandırdın. 
 
Bernard: Sənin nələr yaşadığını fikirləşəndə ürəyim qan ağlayır. 
 
Konstans: Başqalarının bədbəxtliyini ürəyə belə yaxın qoymaq olmaz. 
 
Bernard: Ürəyin nə vaxt nə istəsə qulluğunda hazıram. Bu sözləri sənə deməyimin 
üstündən heç bir saat da keçməyib. Ağlıma gəlməzdi ki, vaxt belə tez keçəcək. Artıq 
ruhuma hakim kəsilən məhəbbətimi gizlətməyə ehtiyac yoxdu. O, Konstans, mənə ərə 
gəl. Özün də bilirsən ki, sizin can bir qəlbdə yaşadığınıza inanmaqda davam eləsəydim, 
bu haqda bir kəlmə də deməzdim. O, səni sevmir. Nədən, axı, səni belə alçaldan birisiylə 
bir damın altında yaşayasan? Özü də bilirsən ki, neçə illərdi sənə qarşı necə 
sədaqətliyəm. Sən özünü mənə etibar eləyə bilərsən. Çəkdiyin bu mənəvi əzabı sənə 
unutdurmaq üçün lazım gəlsə həyatımı da qurban verərəm. Konstans, mənə ərə 
gələrsənmi? 
 
Konstans: Əzizim, əlbəttə ki, Con özünü çox iyrənc aparıb, amma o, əvvəlki kimi mənim 
ərimdi. 
 
Bernard: Yalnız kağızda. Sən qalmaqaldan yayınmaq üçün gücün çatanı elədin, indi əgər 
boşanmaq istəsən, o, sənə etiraz eləyə bilməz. 
 
Konstans: Doğrudanmı sən elə fikirləşirsən ki, Con özünü çox iyrənc aparıb? 
 
Bernard: (Heyrətlə) Bəlkə, mənə demək istəyirsən ki, onunla Mari-Luiza arasındakı 
münasibətlərdə sənə nəsə şübhəli qalan məqamlar var? 
 
Konstans: Yoxdu. 
 
Bernard: Onda, and verirəm, de görüm nə məsələdi? 
 
Konstans: Mənim doğma Bernardım, sən varlı adamlar üçün nikahın nə olduğu barədə nə 
vaxtsa düşünmüsənmi? Fəhlə sinfiylə bağlı məsələ məlumdu. Arvad yemək bişirir, evi 
silib-süpürür, corabları yuyur, uşaqlara baxır, onlara paltar tikir. Nə isə o, öz qiymətinə 
uyğun borcdan çıxır. Amma indi gəl bizim zümrənin qadınlarına diqqət verək. Ev işlərini 
qulluqçular görür, əgər qadın özünə əziyyət verib doğmaq istəyirsə, uşaqlara dayələr 
baxır və imkan düşən kimi onlar özəl internat məktəblərə göndərilir. Gəl həqiqətin 
gözünün içinə baxaq. Əslində qadın kişinin ona sahib çıxmaq həvəsini ustalıqla 
dəyərləndirən bir məşuqədi. Bu həvəsdən bərk-bərk tutaraq kişini nikah mərasiminə tərəf 
çəkir. Səbəb də odur ki, hətta bu həvəs öləndən sonra da o kişiylə bir damın altında 
yaşaya bilsin. 


 
245
 
Bernard: O, həm də kişinin həyat yoldaşı və dostudu. 
 
Konstans: Əzizim, ağlı başında olan hansı kişi brici klubda yox, evdə arvadıyla, yaxud da 
qolfu kişiylə yox, qadınla oynamaq istəyər? Muzdlu katib kişinin işinə onu sevən 
yarından daha çox yarayır. Lap dərinə getsək, müasir arvad həşarat kimi bir şeydi. 
 
 
Bernard: Mən səninlə razı deyiləm. 
 
Konstans: Çünki zavallı dostum, məni sevdiyin üçün həqiqətin gözünün içinə baxa 
bilmirsən. 
 
Bernard: Sənin nə demək istədiyini heç cür başa düşmürəm. 
 
Konstans: Con mənə başım üstə dam, oturmağa yer, əyin-baş almağa, əylənməyə pul, 
yolum üçün avtomobil verir, cəmiyyətdə mənə mövqe qazandırıb. Onun başqa çıxış yolu 
da yoxdu. Çünki on-on beş il mənə dəlicəsinə vurulub və bütün bu sadaladığımla 
razılaşıb. Əlbəttə, əgər indi onun özündən soruşsan deyər ki, dəliliyin məhəbbət qədər 
ötəri, ani növü yoxdu. Bu hərəkəti onun ya ürəyi açıqlığından, ya da burnundan o yanı 
görməməsindən xəbər verir. Necə düşünürsən, onun bu ürəyi açıqlığından və burnundan 
uzağı görə bilməməsi kimi qüsurundan istifadə eləməklə mən vicdansızlıq nümayiş 
elətdirmirəm ki? 
 
Bernard: Nə mənada? 
 
Konstans: Daha ucuz ala biləcəyi bir şey ona həddən artıq baha başa gəlib. Bu, daha ona 
lazım olmayacaq. Odur ki, mən nədən tərəddüd eləməliyəm? Həvəsin, istəyin gec-tez 
söndüyünü mən başqalarından pis bilmirəm. Həvəs gəlir və gedir, bunun ötəriliyinin 
səbəbini isə bilən yoxdu. Əminlik yalnız bir şeydədi: əgər həvəs öldüsə, bir də 
dirilməyəcək. Ona görə də, əgər Con lazım olan hər şeylə hələlik məni təmin eləyirsə, 
mənə qarşı naxələf çıxmasından şikayətlənməyə nə haqqım var? O, özünə bir oyuncaq 
alıb və əgər daha onunla oynamaq istəmirsə, özünü zorlamalı deyil ki? O, həmin 
oyuncağı alıb, axı. 
 
Bernard: Haqlısan, amma bu yalnız özü haqqında düşünən kişilərə aiddi. Bəs, qadın? 
 
Konstans: Hesab eləmirəm ki, qadının vəziyyətinə təəssüflənmək lazımdı. Mən də yüz 
qızdan doxsan doqquzu kimi yalnız bir məqsədlə ərə getmişəm. Bunun yaşamaq üçün 
daha asan, daha yüngül və daha sərfəli üsul olduğu səbəbindən. On beş il ərdə olan bir 
qadın kişisinin ona qarşı naxələf çıxdığını biləndə ürəyi yox, qüruru sınır. Əgər həyata 
ayıq başla baxmağı bacarırsa, anlamalıdı ki, bu, arvadlıq adlı ümumilikdə çox xoş bir 
peşənin qaçılmaz tərəflərindəndi. 
 
Bernard: Bununla da sən məni bəyənmədiyini demək istəyirsən. 
 
Konstans: Elə bilirsən, mənim prinsiplərim cəfəngiyyatdı? 
 


 
246
Bernard: Elə bilirəm ki, sən də məni mən səni sevdiyim qədər sevsəydin, bütün bunları 
ciddi qəbul eləməzdin. Sən hələ də Cona aşiqsən? 
 
Konstans: O, mənə çox əziz bir insandı, eynimi açır, biz bir-birimizlə çox yaxşı yola 
gedirik, amma mən daha ona aşiq deyiləm. 
 
Bernard: Sadaladıqlarım sənə kifayətdi? Səni həddən ziyadə yeknəsəq gələcək gözləmir 
ki? Doğrudanmı, sənə məhəbbət lazım deyil? 
 
(Pauza. Konstans fikirli-fikirli Bernarda baxır). 
 
Konstans: (Cazibədar baxışlarla) Əgər mənə məhəbbət lazım olsaydı, sənin yanına 
gələrdim, Bernard. 
 
Bernard: Konstans, sən ciddimi deyirsən: Doğrudanmı, sən mənə qarşı biganə deyilsən? 
Ah, mənim əzizim, sənin ayaqların dəyən torpağa mən baş qoyaram! 
 
(Konstansı bağrına basıb ehtirasla öpüşlərə qərq edir). 
 
Konstans: (Bernardın qolları arasından çıxaraq) Əzizim, tələsmə. Conun məni yedirib-
içirdiyi bir vaxtda ona xəyanət etsəm özümü bağışlamaram. 
 
Bernard: Bəs, əgər məni sevirsənsə, onda necə? 
 
Konstans: Mən demədim ki, səni sevirəm. Amma, əgər sevsəm belə, nə qədər ki, Con 
məni lazım olanlarla təmin eləyir, ona olan sədaqətimi qoruyub saxlayacam. Bütün 
məsələ maddiyyatdı. O, məni satın alıb və əgər mən onun pulunu ödədiyi malla ürəyim 
istəyən kimi rəftar eləsəm, özümü fahişədən də aşağı məxluq sayaram. 
 
Bernard: Amma ümidim qalır, eləmi? 
 
Konstans: Indi sən yalnız biz Reynlafa çatanacan oyunun qurtarmayacağına ümid eləyə 
bilərsən. 
 
Bernard: Istənilən halda, sən ora getmək istəyirsən, eləmi? 
 
 
 
Konstans: Bəli. 
 
Bernard: Çox yaxşı. (Bütün ehtirasıyla) Mən səni sevirəm. 
 
Konstans: Onda aşağı düş, mühərriki işə sal, radiatora yağ tök, nə bilim, nə lazımdı elə. 
Mən bir dəqiqədən sonra yanındayam. Zəng eləməliyəm. 
 
Bernard: Oldu. 
 
(Bernard gedir. Konstans telefon dəstəyini əlinə alır). 


 
247
 
Konstans: Meyflauer 2646... Barbara sənsən? Konstansdı. Ay yarım əvvəl mənə elədiyin 
təklif... qüvvəsində qalırmı? Neynək, mən onu qəbul eləməyə razıyam... Yox, yox, heç nə 
baş verməyib. Con lap əladı. Özün bilirsən ki, həmişəki kimi nazımı çəkməklə məşğuldu. 
Məsələ burasındadı ki, mən özüm-özümü təmin eləmək istəyirəm. Nə vaxt işə başlaya 
bilərəm?.. Nə qədər tez olsa yaxşıdı. 
 
ÜÇüncü pƏrdƏ 
 
Əhvalat əvvəlki məkanda cərəyan edir. 
 
Üstündən bir il ötüb. Günün ikinci yarısıdı. Konstans stol arxasında əyləşib  
 
məktub yazır. Eşikağası Barbara Fosettin və Martanın gəlişini xəbər verir. 
 
Bentli: Missis Fosett və miss Kalver. 
 
Konstans: O! Əyləşin. Mən indi. 
 
Barbara: Biz astanada rastlaşdıq. 
 
Marta: Ayaqüstü sənə dəymək istədim. Fikirləşdim, bəlkə, sənə nəsə köməyim lazım 
oldu. 
 
Konstans: Sən çox nəzakətlisən, Marta. Amma, yəqin ki, köməyə ehtiyacım olmayacaq. 
Mən hazıram, hər şeyimi yığmışam. Ömrümdə ilk dəfə əminəm ki, heç nə yaddan 
çıxmayıb. 
 
Barbara: Fikirləşdim ki, gəlib sənlə sağollaşım. 
 
Konstans: Əzizim, mən arxamca qapını bağlayan kimi iş danışmaq lazım deyil. 
 
Barbara: Düzünə qalsa, mən elə iş üçün gəlmişəm. Səhər mənə bir evdən sifariş gəlib, 
onlar Italiya üslubunda otaq istəyirlər. 
 
Konstans: Sənin bu baxışların heç xoşuma gəlmir, Barbara. 
 
Barbara: Mən də fikirləşdim, bir halda ki, sən Italiyaya gedirsən, nədən ordakı 
mağazalara baş çəkib bəyəndiyin bir şey seçməyəsən. 
 
Konstans: Ağlına da gətirmə. Bütün ili öküz kimi işləmişəm, yalnız dünən axşam saat 
altıda iş alətlərini bir kənara qoyub, çirkli kombinezonumu soyunub, alnımın tərini silib, 
rəngli-pasaqlı əllərimi yuyub özümə gəlmişəm. Sən dedin ki, mən altı həftəlik 
məzuniyyət götürə bilərəm. 
 
Barbara: Etiraf edim ki, sən bu istirahəti zəhmətinlə qazanmısan. 
 


 
248
Konstans: Mən qapını arxamca bağlayan kimi zəhmətkeş ingilis fəhləsi qiyafəsindən 
çıxıb yenidən ideal ingilis xanımı qiyafəsinə düşmüşəm. 
 
Marta: Səni heç vaxt belə gözəl əhval-ruhiyyədə görməmişəm. 
 
Konstans: Mən nəsə elmişəm, nəyəsə nail olmuşam. Və özümə söz vermişəm ki, qarşıdan 
gələn bu altı həftədə vanna otaqları, divar kağızları, mətbəx əl-üz yuyanları, mərmər 
döşəmələr, portyerlər, mebel üzlükləri, soyuducular, daha nə bilim nələr, yuxuma da 
girməyəcək. 
 
Barbara: Bunu heç mən də istəmirəm. Sadəcə, istəyirəm, sən Italiyadan rəngli mebel 
dəsti, bir neçə güzgü gətirəsən. 
 
Konstans: Yox, mən var gücümlə işləmişəm, özü də deyim ki, işimdən həzz almışam. 
Indi də istirahətdən həzz almaq istəyirəm. 
 
Barbara: Özün bilərsən. 
 
Marta: Konstans, əzizim, sənə sözüm var. 
 
Konstans: Mən də elə bilirdim, sən artıq sözünü demisən. Adətən, sən mənə heç vaxt sirr 
açmırsan.  
 
Marta: Ağlına belə gəlməz ki, bu gün Bond-stritdə kimi görmüşəm. 
 
Konstans: Ağlıma gəlir. Mari-Luizanı. 
 
Marta: Axı! 
 
Konstans: Əzizim, heyif ki, səni dilxor eləməli olacam. Bir saat əvvəl özü mənə zəng 
eləmişdi. 
 
Marta: Amma mən elə bilirdim o, hələ bir ay da burda olmayacaq. Axı, bir illik getmişdi. 
 
Konstans: Dünən axşam qayıdıb, indilərdə gəlib çıxar. 
 
Marta: Bura? 
 
Konstans: Hə. Dedi ki, mən evdən çıxanacan gəlib görüşəcək. 
 
Marta: Maraqlıdı, görən ona nə lazımdı? 
 
Konstans: Bəlkə, ayrılığımızı daha da uzatmaq istəmir. Fikrimcə, bu, istənilən halda onun 
tərəfindən çox nəcib addımdı. Yaddan çıxarmayaq ki, o, yenidən qayıdıb, yəqin, işi-gücü 
xirtdəkdəndi. 
 
Barbara: O, bütün dünyanı gəzib, eləmi? 
 


 
249
Konstans: Hə, Malayziyada olub, Mortimerin o ölkədə biznes maraqları var, Çində olub, 
Ingiltərəyə də Hindistandan üzüb gəliblər. 
 
Marta: Dəfələrlə özüm sual vermişəm, görən, həmin biabırçı səhnədən sonra onları o 
uzaq səfərə sən yollamamısan ki? 
 
Konstans: O səhnə ki, etiraf elə, əzizim, sənə sonsuz məmnunluq gətirdi. 
 
Barbara: Şübhəsiz, onlar düzgün qərar qəbul etdilər. 
 
Marta: Təbii ki, öz işindi, əzizim, amma onun şəhərdə peyda olduğu bir vaxtda sənin altı 
həftəliyə qeyb olmağın düzgündürmü? 
 
Konstans: Biz zəhmətkeş qadınlar məzuniyyəti ancaq bizə veriləndə götürə bilərik. 
 
Barbara: Con, əlbəttə ki, yaxşı dərs aldı. Ikinci dəfə bu səhvi eləməz. 
 
Marta: Elə düşünürsən ki, o, daha Mari-Luizanı sevmir? 
 
Konstans: Nə bilim. Bu da Con. Yaxşısı budu, özündən soruş. 
 
(Bu zaman Con qonaq otağına daxil olur). 
 
Con: Nə soruşsun? 
 
Marta: (Özünü itirmədən) Fikirləşirəm, görən, Konstans səfərdə olan müddətdə sən burda 
nəylə məşğul olacaqsan? 
 
Con: Mənim o qədər işim var ki. Bilirsən, klubda daha tez-tez olacam. 
 
Marta: Təəssüf, vaxt ayıra bilmirsən. Gərək sən də məzuniyyət götürüb Konstansla 
gedəydin. 
 
Barbara: Bu məsələdə mənim günahım yoxdu. Mən vaxt seçimini onun ixtiyarıma 
buraxmışdım. 
 
Konstans: Bilirsən, mən Italiyaya getmək istəyirdim, amma Con qitənin elə ölkəsinə 
üstünlük verir ki, onu Ingiltərədən fərqləndirmək mümkün olmasın. 
 
Marta: Bəs Elen? 
 
Konstans: Avqust üçün Xenlidə ev tutmuşuq. Conun orda qolf oynamaq, çayda çimmək 
imkanı olacaq, mən də işin başsız qalmaması üçün hər gün şəhərə gedəcəm. 
 
Barbara: Əzizim, icazə versən, gedərdim. Ümidvaram ki, əla istirahət eləyəcəksən. Sənin 
buna tam haqqın var. Bilirsən, Con, əgər mən Konstansı öz yanımda işləməyə razı sala 
bilmişəmsə, deməli, çox ağıllı qadınam. Onun tayı-bərabəri yoxdu. 
 


 
250
Con: Mən bu ideyanı əvvəldən bəyənməmişəm. Hələ də bu qənaətimdə qalıram. 
 
Barbara: Sən məni hələ də heç cür bağışlaya bilmirsən? 
 
Con: Konstans israr eləyirdi, odur ki, mənim susmaqdan başqa əlacım yox idi. 
 
Barbara: Yaxşı yol. 
 
Konstans: (Onu öpərək) Görüşənədək, əzizim, özünü çox yorma. 
 
Marta: Mən də səninlə çıxıram, Barbara. Anam dedi ki, o da sağollaşmaq üçün gələcək. 
 
Konstans: Lap yaxşı. Görüşənədək. 
 
(Konstans hər ikisini öpüb qapıya ötürür. Onlar gedirlər). 
 
Con: Konstans, mən belə başa düşdüm ki, sən Barbaranın təcili işləri olduğu üçün 
məzuniyyətini indi götürürsən. 
 
Konstans: Məgər mən belə dedim? 
 
Con: Bəli. 
 
Konstans: Yadımda deyil. 
 
Con: Əgər bilsəydim, sənə konkret vaxt ayrılmayıb, əlbəttə ki, mən də məzuniyyətimi 
ikimizə də uyğun olan vaxta... 
 
Konstans: (Sözünü kəsərək) Sənə elə gəlmirmi ki, ər-arvad gərək məzuniyyətlərini eyni 
vaxta salmasın? Məzuniyyətin məğzi dincəlmək, havanı, şəraiti dəyişmək, yeni 
təəssüratlar qazanmaqdı. Səncə, kişi, əgər, məzuniyyətə arvadıyla getsə, bunları ala 
biləcək? 
 
Con: Hər şey arvaddan asılıdı. 
 
Konstans: Mənim üçün belə cütlükləri otelin restoranında görməkdən qüssəli mənzərə 
yoxdu. Hər ikisi eyni stol arxasında, kişi qadınla qabaq-qənşər əyləşib, amma bir-
birlərinə deməyə sözləri yoxdu. 
 
Con: Boş sözdü. Əksər ər-arvad şən və xoşbəxtdi. 
 
Konstans: Hə, ola bilər, amma qadının barmağındakı nişan üzüyünə baxanda adama elə 
gəlir ki, onu çoxdan deyil, təzəcə taxıb. 
 
Con: Biz həmişə yollaşmışıq. Mən sənin barmağına nişan üzüyü taxanda da mərasimə 
keşiş nəzarət eləyirdi. Güman eləyirəm ki, mənimlə darıxmazsan. 
 


 
251
Konstans: Əksinə, sən həmişə məni qarnım cırılanacan güldürmüsən. Məsələ mənim 
ciddiliyimdəydi. Qorxurdum ki, səni bezdirərəm. Ona görə də belə qərara gəldim ki, bir 
neçə həftəlik ayrılıq sənin ancaq xeyrinə olar. 
 
Con: Zarafatından heç qalmırsan. 
 
Konstans: Hər halda, artıq nəyisə dəyişmək gecdi. Çamadanlar yığılıb, hamıyla 
sağollaşmışam. Insanlar da, bilirsənmi, öz aləmlərində artıq səninlə bir də ay yarımdan 
sonra görüşəcəyini yəqinləşdirib səhəri gün qarşısında görəndə nəsə birtəhər olur. 
 
Con: Hə... yəqin... Qulaq as, Konstans, səndən bir şey soruşmaq istəyirəm. 
 
Konstans: Buyur. 
 
Con: Mari-Luizanın qayıtdığından xəbərin varmı? 
 
Konstans: Bəli. Söz verdi ki, mən yola çıxanacan gəlib görüşəcək. Məmnuniyyətlə 
onunla görüşəcəm. 
 
Con: Onda səndən bir xahişim olacaq. 
 
Konstans: Nə xahiş? 
 
Con: Sən məni yaman gizlədin, xilas elədin. Mən sənin bu mərhəmətinə həmişəlik bel 
bağlaya bilmərəm. Odur ki, sənin borcundan çıxmaq istəyirəm. 
 
Konstans: Nəsə səni başa düşə bilmirəm.  
 
Con: Mən Mari-Luizanı Mortimer bura gəlib, necə deyərlər, buynuz çıxardığı gündən 
görməmişəm. Mari-Luiza təxminən bir il burda olmayıb. Yaranan şəraiti nəzərə alaraq, 
əminəm ki, biz keçmiş münasibətləri bərpa eləyə bilmərik.  
 
Konstans: Sən nədən bildin ki, onda belə bir həvəs yarana bilər? 
 
Con: Onun öz gəlişini sənə xəbər verməsi nəsə məni narahat eləyir. 
 
Konstans: Narahat eləyir? Bəzi qadınlar telefon aparatını görəndə, sadəcə, özlərini 
saxlaya bilmirlər, telefonçu qızın "nömrəni, zəhmət olmasa" deməsini eşidəndə isə nəsə 
cavab verməlidir, axı. Belə güman eləyirəm ki, Mari-Luizanın ağlına ən birinci bizim 
nömrə gəlib. 
 
Con: Mari-Luizanın mənə dəlicəsinə vurulduğunu gizlətməyin mənası yoxdu. 
 
Konstans: Yəqin, buna görə onu nə sən, nə də mən təqsirləndirə bilərəm. 
 
Con: Mən daş qəlbli görsənmək istəmirəm, amma tale əgər bizim münasibətlərin 
üstündən xətt çəkdisə, ümid eləyirəm, bu, həmişəlikdi. 
 


 
252
Konstans: Sən azad insansan və istəklərinə uyğun hərəkət eləməyə tam haqqın var. 
 
Con: Mən özümü düşünmürəm, Konstans. Məni Mari-Luizanın, amma etiraf eləyim ki, 
əsas da sənin gələcəyin narahat eləyir. Əgər mənimlə Mari-Luizanın münasibətlərinə bir 
yağlı nöqtə qoyulmasa, heç vaxt sənin gözünün içinə baxa bilmərəm. 
 
Konstans: Sənin belə məsum və ucuz həzdən məhrum olacağının fikri mənə ağır gəlir. 
 
Con: Əlbəttə, bu, ağır qərardı, amma, əgər qəbul olunubsa, hesab eləyirəm ki, çevik 
hərəkət eləmək lazımdı. 
 
Konstans: Səninlə tamamilə razıyam. Bilirsən, mən nə eləyəcəm? Mari-Luiza burda 
peyda olan kimi çıxıb sizi təklikdə qoyacam. 
 
Con: Amma mən tam əksini düşünürdüm. 
 
Konstans: Niyə? 
 
Con: Çünki qadın bu işin öhdəsindən kişidən qat-qat yaxşı gələr. Ağlıma belə bir fikir 
gəlib: niyə, axı, sən ona hər şeyi izah eləməyəsən? 
 
Konstans: Mən? 
 
Con: Səndən nə gedir ki? Mən desəm yaxşı düşməz. Deyərsən, bəs, insan özünə hörmət 
qoymalıdı. Odur ki, sən məsələni belə qoyursan: ya o mənə yaxın gəlmir, ya da sən əks 
halda onu bütün şəhərdə biabır eləyirsən. 
 
Konstans: Axı, özün də bilirsən, mənim necə yumşaq ürəyim var. Əgər o, hönkürüb 
ağlasa, sənsiz yaşaya bilmədiyini bəyan eləsə, əlbəttə ki, dözə bilməyib deyəcəm ki, lənət 
şeytana, qoy, Con elə sənin olsun. 
 
Con: Konstans, sən mənə belə badalaq vurmarsan. 
 
Konstans: Niyə ki? Özün də bilirsən, sənin xoşbəxtliyin mənim üçün hər şeydən irəlidi. 
 
Con: (Qısa pauzadan sonra) Konstans, səninlə tam açıq olmaq istəyirəm. Mari-Luizadan 
mən xirtdəyəcən doymuşam. 
 
Konstan: Əzizim, niyə əvvəlcədən belə demirdin? 
 
Con: Konstans, özün yaxşı başa düşürsən ki, qadına belə şeyləri deməzlər. 
 
Konstans: Başa düşürəm. Bu onun heç xoşuna gəlməyəcək. 
 
Con: Qadın qəribə məxluqdu. Əgər sən onu bezdirdinsə, bunu azca da tərəddüd eləmədən 
birbaşa üzünə vuracaq, sənin reaksiyan qəti vecinə olmayacaq. Amma əgər kişi qadından 
bezirsə, yazıq bir göz qırpımındaca əclafa və qorxunc məxluqa çevrilir, cəhənnəm 
odunda yanmaq ona ünvanlanmış qarğışlardan ən yüngülü olur. 


 
253
 
Konstans: Yaxşı, danışdıq, özüm əncam çəkərəm. 
 
Con: Səndən bir dənədi. Amma onunla elə kobud davranmayacaqsan, eləmi? Istəməzdim 
onun xətrinə dəyək. O, elə xoşxasiyyət insandı. Elə deyilmi, Konstans? 
 
Konstans: Səninlə tamamilə razıyam. 
 
Con: Bu onun üçün çox böyük zərbə olacaq. 
 
Konstans: Qorxuram, bir xeyli müddət özünə gələ bilməsin. 
 
Con: Ona başa sal ki, Con üçün də çətin olacaq. Istəmirəm ki, məndən pis təəssüratla 
ayrılsın. 
 
Konstans: Əlbəttə. 
 
Con: Amma iki ayağını bir başmağa dirə ki, ayrılıq qaçılmazdı. 
 
Konstans: Hər şey sən istəyən kimi olacaq. 
 
Con: Sənsiz, axı, mən neylərdim, Konstans. And içirəm ki, sənin kimi arvadı çıraqla da 
gəzsən tapa bilməzsən. 
 
(Eşikağası Mari-Luizanın gəlişini xəbər verir). 
 
Bentli: Missis Darhem. 
 
(Qadınlar mehribancasına qucaqlaşıb öpüşürlər). 
 
Mari-Luiza: Əzizim, səni yenidən görməyimə çox şadam. Bu nə gözəl gündü, nə gözəl 
gündü. 
 
Konstans: Əzizim, sən çox gözəl görünürsən. Bu sənin təzə mirvari qolbağındı? 
 
 
 
Mari-Luiza: Qiyamətdi, elə deyilmi? Hindistanda Mortimer mənə tayı-bərabəri olmayan 
zümrüdlər də aldı. O, Con, necəsən? 
 
Con: Təşəkkür edirəm, hər şey qaydasındadı. 
 
Mari-Luiza: Son görüşümüzdən sonra kökəlmisən ki? 
 
Con: Qəti. 
 
Mari-Luiza: Amma mən arıqlamışam. (Konstansa) Yol qabağı sənə çatdığıma görə necə 
də şadam. Əgər geciksəydim, yanıb-yaxılardım. (Cona) Hara gedirsiz? 


 
254
 
Con: Heç hara. Konstans tək gedir. 
 
Mari-Luiza: Hə, əlbəttə. Sən axı, həmişə məşğulsan, düz demirəm? 
 
Con: Elədi. 
 
Mari-Luiza: Konstans burda olmadığı müddətdə ümidvaram ki, biz vaxt eləyib 
görüşəcəyik. 
 
Con: Nə bilim. 
 
Mari-Luiza: Mortimer indi qolfu əvvəlkindən xeyli yaxşı oynayır. O, məmnuniyyətlə 
sənlə yarışa çıxar. 
 
Con: Hə, əlbəttə. Elə mən də onunla. 
 
(Çıxır) 
 
Mari-Luiza: Elə istəyirdim ki, səni evdə tək tutam. Konstans, sənə deməyə o qədər sözüm 
var. Con necə də diqqətlidi. Dərhal çıxıb getdi. Ondan başlamaq istəyirəm ki, hər şey yağ 
kimi alındı. Sən tamam haqlıymışsan. Sənin məsləhətinə qulaq asıb Mortimeri az qala bir 
illik burdan dartıb aparmağım çox yerinə düşdü. 
 
Konstans: Mortimer axmaq deyil ki. 
 
Mari-Luiza: Hə kişilərlə müqayisədə yetərincə ağlı var. Əlbəttə ki, məndən 
şübhələndiyinə görə həyatını cəhənnəmə döndərdim, axır-axırda lap mum kimi oldu. 
Amma görürdün ki, mənlə bağlı onda tam arxayınçılıq yoxdu. Kişilərin nə məxluq 
olduğunu məndən yaxşı bilirsən. Əgər nəsə beyninə girdisə, onu ordan maqqaşla da 
dartıb çıxara bilməzsən. Amma səfərin səmərəsi oldu. Mən özümü mələk kimi apardım, o 
da xeyli pul qazandı. Odur ki, indi mənə də, insanlara da daha çox etibar eləyir. 
 
Konstans: Mən çox şadam. 
 
Mari-Luiza: Mən sənin qarşında çox borcluyam, Konstans. Mən Mortimerə Seylonda 
sənin üçün çox gözəl sapfir aldırdım. Dedim ki, sənin qabağında işlətdiyi günahı az da 
olsa yumalıdı. Əzizim, onu yüz iyirmi funta aldıq. "Kartye"yə aparıb özünə layiq ziynət 
əşyası düzəltdirərsən. 
 
Konstans: Nə gözəl. 
 
Mari-Luiza: Elə fikirləşmə ki, mən yaxşılıq itirənəm. Konstans, səni əmin eləmək 
istəyirəm ki, mənimlə Con barədə bundan sonra narahat olmaya bilərsən. 
 
Konstans: Mən onsuz da narahat deyiləm. 
 


 
255
Mari-Luiza: Bilirəm ki, özümü çox iyrənc aparmışam, amma ağlıma da gəlməzdi ki, sən 
bundan xəbər tutacaqsan. Əgər ağlıma gəlsəydi, özün məni kifayət qədər tanıyırsan ki, 
onu yaxınıma belə buraxmazdım. 
 
Konstans: Təşəkkür eləyirəm. 
 
Mari-Luiza: Istəyirəm, mənə bir yaxşılıq da eləyəsən, Konstans. Rədd eləməzsən? 
 
Konstans: Rəfiqəmə kömək eləmək mənə xoşdu.  
 
Mari-Luiza: Sən bizim o Conu yaxşı tanıyırsan. Canlara dəyən kişidi, amma əgər bu işə 
nöqtə qoyulubsa, o da başa düşməlidi. 
 
Konstans: Nöqtə qoyuldu? 
 
Mari-Luiza: Əlbəttə, mən bilirəm ki, o, yenə də əvvəlki kimi mənə dəlicəsinə aşiqdi. Mən 
bunu indicə otağa girən kimi gördüm. 
 
Konstans: Hə, sən kişiləri ovsunlayırsan. 
 
Mari-Luiza: Bu həyatda bəzən özünü də fikirləşməlisən. Amma Con başa düşməlidi ki, 
məsələ sənə agah olandan sonra bizim münasibətlər daha o cür qala bilməz. 
 
Konstans: Mən bacardığım qədər özümü görməzliyə vurdum. 
 
Mari-Luiza: Nəticədə elə alındı ki, demə, sən nə vaxtdan bəri kənardan bizə gülürmüşsən. 
Deməli, romantikadan da əsər-əlamət qalmadı. Sən məni başa düşürsən də? 
 
Konstans: Belə, tutqun. 
 
Mari-Luiza: Bilirsən, Conun ürəyinə qəti toxunmaq istəməsəm də, məsələni uzatmağa 
qəti həvəsim yoxdu. Istəyirəm, sən çıxıb gedənəcən hər şeyə biryolluq son qoyulsun. 
 
Konstans: Bu çox qəfil oldu. Qorxuram, Cona pis təsir eləyə. 
 
Mari-Luiza: Mən artıq qəti qərar qəbul eləmişəm. 
 
Konstans: Uzun və təsirli səhnə üçün əlbəttə ki, vaxt yoxdu, baxım görüm, Con 
evdədimi. Sən sözlərini on dəqiqəyə yerləşdirə biləcəksən? 
 
Mari-Luiza: Mənim üzüm gəlməz! Yaxşı olar, sən özün ona deyəsən. 
 
Konstans: Mən?! 
 
Mari-Luiza. Özün onu yaxşı tanıyırsan, vəziyyətinə uyğun söz tapıb deyə bilərsən. Sənə 
pərəstiş eləyən bir kişinin üzünə ona qarşı biganə olduğunu demək nəsə yaxşı alınmır. Bu 
sözləri üçüncü tərəfin dilindən eşitsə onun üçün daha yüngül olar. 
 


 
256
 
Konstans: Sənin qərarın qətidi? 
 
Mari-Luiza: Mən buna əminəm. Ona deyə bilərsən ki, bundan sonra biz ancaq dost ola 
bilərik. Sən bizə qarşı necə də mərhəmətli davrandın. Sənin bu inamından sui-istifadə 
eləmək insanlıqdan olmaz. De ki, onu həmişə xoş hisslərlə xatırlayacam, o, ürəkdən 
sevdiyim yeganə kişidi, amma artıq ayrılmalıyıq. 
 
Konstans: Əgər o, səninlə görüşə israr eləsə necə? 
 
Mari-Luiza: Mənası yoxdu, Konstans, mən onu görmək istəmirəm. Özümü saxlaya 
bilməyib ağlayacam, gözlərim dolacaq. Əzizim, məni əvəz elə, nə olar. 
 
Konstans: Yaxşı. 
 
Mari-Luiza: Parisdən açıq yaşıl rəngdə ziyafət libası almışam, sənə çox yaraşar. Onu sənə 
versəm, etiraz eləməzsən? Cəmi bir dəfə geyinmişəm. 
 
Konstans: Indi mənə Conla nədən belə tələsik əlaqələri pozmaq niyyətinə düşməyinin əsl 
səbəbini açıqla. 
 
(Mari-Luiza gözlərini geniş açıb gülür) 
 
Mari-Luiza: And iç ki, heç kimə deməyəcəksən.  
 
Konstans: And içirəm. 
 
Mari-Luiza: Bilirsən, əzizim, Hindistanda qiyamət bir gənclə rastlaşdım. Qubernatorun 
yavəridi. O, evə bizim bərədə qayıdırdı. O, mənə aşiqdi. 
 
Konstans: Sən də təbii ki, ona aşiqsən. 
 
Mari-Luiza: Mən lap ağlımı itirmişəm. Bilmirəm, axırı necə olacaq. 
 
Konstans: Məncə, hər ikimiz axırını təxmin eləyə bilərik. 
 
Mari-Luiza: Mənim bu ehtirasım başıma bəladı. Əlbəttə, sən məni başa düşə bilmərsən. 
Çünki soyuq qadınsan. 
 
Konstans: (Çox təmkinlə) Amma sən, Mari-Luiza, abır-həyasını küçədə qoyan balaca 
ləçərsən. 
 
Mari-Luiza: Yox, yox. Düzdü, eşq macəralarım olur, amma mən hər küçədən keçənlə 
yatmıram. 
 
Konstans: Əgər əsl fahişə olsaydın, sənə daha çox hörmət eləyərdim. Çünki o, çörəyini, 
yağını təmin eləmək üçün bu işlə məşğul olur. Amma sənin hər şeyini ərin təmin eləsə də 


 
257
canını pulunu ödəyən kişiyə vermirsən. Mənim təsəvvürümdə sən, sadəcə, qabanın, 
oğrunun birisisən. 
 
Mari-Luiza: (Heyrətlə, incikliklə) Konstans, sən bu sözləri mənə necə deyə bilirsən? 
Amansız olma. Mən də elə bilirdim, sən məni çox istəyirsən. 
 
Konstans: İstəyirəm. Səni yalançının, mənasızın, həşaratın birisi hesab eləyirəm, amma 
istəyirəm. 
 
Mari-Luiza: Sən, doğrudanmı, məni bu cür görürsən? 
 
Konstans: Bəli. Bununla bərabər sənin yumşaq xasiyyətin var, səxavətlisən, hərdən 
məzəli olursan. Və plyuslar, etiraf eləyim ki, minusları üstələyir. Ona görə də sən məndə 
ikrah doğurmursan. 
 
Mari-Luiza: (Təbəssümlə) Sənin ciddi dediyinə inanmıram. Özün bilirsən ki, mənim 
səndən yaxın rəfiqəm yoxdu. 
 
Konstans: Mən insanları olduqları kimi qəbul eləyirəm və mərc gəlməyə hazıram ki, sən 
iyirmi ildən sonra mərhəmət mücəssəməsi olacaqsan. 
 
Mari-Luiza: Əzizim, dərhal hiss elədim ki, sən mənimlə məzələnmək qərarına gəlmisən. 
 
Konstans: İndi qaç get, canım-gözüm, mən də Cona bu faciəvi xəbəri çatdırım. 
 
Mari-Luiza: Görüşənədək, onunla bir az yumşaq danış. Biz onun hisslərinə rəhm 
eləməliyik. (Dönüb gedir və qapıya çatanda dayanıb Konstansa baxır) Mənə həmişə 
qəribə gəlir ki, görən, sən belə gözəl ola-ola nədən kişilərin diqqətini o qədər də cəlb 
eləmirsən? Cavab indi mənə aydın oldu. 
 
Konstans: Mənə də de. 
 
Mari-Luiza: Bilirsən... sən yumoru xoşlayan qadınsan. Kişilər də yumoru xoşlayan qadını 
xoşlamırlar. 
 
(Çıxır. Bir az sonra qapı astaca açılır və Conun başı görünür) 
 
Con: Getdi? 
 
Konstans: Gəl. Yol açıqdı, hər şey də qaydasındadı. 
 
Con: (Qonaq otağına daxil olur) Qapını necə bağladığını eşitdim. Sən ona dedin? 
 
Konstans: Hə. 
 
Con: Dilxor oldu? 
 
Konstans: Əlbəttə, sarsıntı keçirdi, amma zərbəyə dözə bildi. 


 
258
 
Con: Ağladı? 
 
Konstans: Yox. O qədər də yox. Düzü, elə bilirəm, sözlərim onu, sadəcə, keyitdi. Amma 
qəti əminəm ki, evə gəlib donu açılanda, hər şeyi olduğu kimi dərk eləyəndə içindən bir 
dəli hönkürtü qopacaq. 
 
Con: Ağlayan qadın! Dəhşətli mənzərədi. 
 
Konstans: Eləsinə baxanda adamın ürəyi qan ağlayır. Amma bilirsən, insan ağlayanda 
yüngülləşir. 
 
Con: Məncə, sən həddən artıq soyuq insansan. Amma mənə ağır təsir eləyir. Ona əzab 
verdiyimi özümə bağışlaya bilmirəm. 
 
Konstans: Əminəm, o, anlayacaq ki, bu addımı mənə görə atmısan. O, bilir ki, sən hələ də 
ona ən məhrəm hisslərlə bağlısan. 
 
Con: Amma sən ona azca da ümid yeri qoymadın, eləmi? 
 
Konstans: Əmin ola bilərsən. 
 
Con: Həl halda, sevinirəm ki, sən məzuniyyətə can rahatlığıyla yollanırsan. Yeri 
gəlmişkən, sənə pul lazım deyil ki? Lazımdısa, qəbz yazım. 
 
Konstans: Yox, minnətdaram. Kifayət qədər pulum var. Bir ilə min dörd yüz funt 
qazancım olub. 
 
Con: Amma! Bu çox iri məbləğdi. 
 
Konstans: Özümlə iki yüzünü götürürəm, iki yüzünü əyin-başıma, başqa şeylərə 
xərcləmişəm. Yerdə qalan mini də bu səhər sənin hesabına köçürdüm. Son on iki aydakı 
yeməyimi və kirayə haqqımı ödəmək üçün. 
 
Con: Əzizim, bax bunu nahaq eləmisən. Mən bunu eşitmək belə istəmirəm. Istəmirəm ki, 
sən yeməyinə, yatmağına pul verəsən. 
 
Konstans: Mən fikrimdə qətiyəm. 
 
Con: Sən daha məni sevmirsən? 
 
Konstans: Bunun nə dəxli var? Elə bilirsən, qadın kişini ancaq onu himayə elədiyinə 
görə, sevə bilər? Öz cazibəni nədən belə aşağılayırsan? Sənin o xoş siman və yumor 
hissin hara qeyb oldu? 
 
Con: Bu, axı, absurddu, Konstans. Mən səni lazım olan hər şeylə təmin eləyə bilərəm. 
Yemək, kirayə haqqı kimi min funt təklif eləməyin məni alçaldır. 
 


 
259
Konstans: Bunu necə həzm eləyəcəyin sənin öz işindi, amma udmalısan. Min funta çox 
şey almaq olar. 
 
Con: Mən o pulu istəmirəm. Sənin işləmək istəyini mən heç vaxt bəyənməmişəm. Elə 
hesab eləmişəm ki, ev işləri sənin üçün kifayətdi. 
 
Konstans: Mən işləməyə başlayandan məgər sənin üçün nəsə narahatlıq yaranıb? 
 
Con: Elə də yox. 
 
Konstans: Inan mənə, yalnız heç bir işi olmayan qadınlar ev işlərinin onların bütün 
gücünü və vaxtını aldığından gileylənirlər. Əgər sən nə istədiyini bilirsənsə, təcrübəli 
qulluqçuların varsa, bütün işləri cəmi onca dəqiqədə eləmək olar. 
 
Con: Istənilən halda, sən işləmək istədin, mən də buna qarşı çıxmadım. Fikirləşdim, 
vaxtın xoş keçər, amma, əlbəttə, bundan qazanc götürəcəyimi ağlıma da gətirməmişəm. 
 
Konstans: Bilirəm, ağlına da gətirməmisən. 
 
Con: Konstans, mənim bir an belə başımdan çıxmır ki, sənin bu qətiyyətin Mari-Luiza ilə 
aramızda olan hadisəylə əlaqəlidi. 
 
(Pauza. Sonra Konstans xeyli ciddiləşir) 
 
Konstans: Con, Mari-Luizayla arandakı eşq macərasına görə səni tənbeh eləməməyim 
təəccüblü deyildimi? 
 
Con: Təəccüblüydü. Səbəbi ancaq sənin müqayisə olunmaz dərəcədə böyük 
mərhəmətində axtarırdım. 
 
Konstans: Sən səhvsən. Mən hesab eləmirdim ki, səni tənbeh eləməyə haqqım çatır. 
 
Con: Niyə, axı, Konstans? Sənin tam haqqın var idi. O da, mən də özümüzü heyvan kimi 
aparmışdıq. Bəli, mən murdar köpəyəm, amma şükür ki, murdar köpək olduğumu özüm 
də bilirəm. 
 
Konstans: Sənin mənə həvəsin sönmüşdü. Buna görə səni necə tənbeh eləyə bilərdim? 
Əgər bədənin məni istəmirdisə, sənin qarşını necə kəsə bilərdim? Özün də görürsən ki, 
mən səliqə-sahmanı yerində olan bu evə də sən deyən diqqət ayırmıram. 
 
Con: Amma, axı, sən mənim övladımın anasısan. 
 
Konstans: Gəl, işin bu tərəfini elə də qabartmayaq, Con. Mən öz cinsimə aid olan təbii bir 
vəzifəni yerinə yetirmişəm. Doğulandan sonra da ona başqaları, bu cansıxıcı işə daha 
dərindən bələd olanlar baxıblar. Gəl, vicdanla etiraf eləyək ki, sənin evində mən həşarat 
kimi bir şey idim. Məni itirməmək üçün rəsmən bəzi öhdəlikləri öz üzərinə götürməyə 
razılaşdın ki, buna görə sənə hədsiz dərəcədə minnətdaram. Çünki sən mənim interyer 


 
260
üçün bahalı, amma hərdən əl-ayağa dolaşan bir element olduğumu nə sözünlə, nə də 
hərəkətinlə üzə vurdun. 
 
Con: Mən heç vaxt sənin mənə mane olduğunu düşünməmişəm. Və sənin nədən özünə 
həşarat deməyin mənə çatmır. Məgər mən nə vaxtsa xərclədiyin pulların bir pensinə görə 
nəsə mızıldanmışammı? 
 
Konstans: (Kinayə ilə) Doğrusu, mən elə bilirdim, sən hər şeyin yerin-yurdun bilənsən, 
amma belə çıxır, axmağın birisiymişsən. Doğrudanmı, sən dərhal orta statistik qadının 
tələsinə düşən orta statistik kişilər kimi səfehsən? Yəni, bir halda ki, evlənmisən, gərək o 
qadının hər istəyini yerinə yetirib, bütün təlabatlarını ödəyəsən, eləmi? Özü də, təbii ki, 
öz rahatlığını, maraqlarını, məşğuliyyətini qurban vermək bahasına. Həm də onun nökəri 
və sərmayədarı olmağını özünün ən böyük xoşbəxtliyi saymaqla, eləmi? Yetər, Con, bu, 
mümkün olan şey deyil. Bir halda ki, qadınlar artıq hərəmxana divarlarını söküb qaçıblar, 
indi onlar üçün yeganə yol küçə qanunlarıyla yaşamaqdı. 
 
Con: Sən çox şeyləri mötərizə arasında saxlayırsan. Doğrudanmı elə fikirləşirsən ki, kişi 
keçmişdə sevdiyi qadına qarşı mərhəmət hissini saxlaya bilməz? 
 
 
 
Konstans: Elə bilirəm, kişidə mərhəmət hissi onun nəsə qurban verəcəyi ana qədər olur. 
 
Con: Neynək, sənin, əlbəttə ki, kişi-qadın münasibətlərinə özünəməxsus baxışların var, 
amma hesab eləyirəm ki, bu mənə əl verir. Sən məsələdən iş şişəndən xeyli əvvəl agah 
olmuşdun. Amma mənə hələ də aydın deyil ki, səni işləməyə nə vadar etdi. 
 
Konstans: Bütün qadınlar kimi mən də tənbələm. Abır-ismət yerində olana qədər əvəz 
qaytarmadan aldıqlarımla razılaşırdım. Hə, özüm də bilirdim ki, həşarat kimiyəm. Amma 
sonra iş elə gətirdi ki, bunu mənim üzümə vurmaqdan səni ancaq nəcibliyin, bir də 
ağıldan kəmliyin saxlayanda həyatımı dəyişmək qərarına gəldim. Düşünürdüm, artıq elə 
bir mövqe qazanmağın vaxtı çatıb ki, ürəyim istəyən an təmkinli və nəzakətli tərzdə, 
amma tam qətiyyətlə sənə rədd olmağı təklif eləyim. 
 
Con: İndi də həmin mövqedəsən? 
 
Konstans: Məhz həmin mövqedəyəm. Mənim səndən heç bir asılacağım yoxdu. Özümü 
saxlaya bilərəm. Son bir il üçün öz xərclərimin hamısını özüm ödəmişəm. Əslində, bütün 
azadlıqların başında bir azadlıq durur - maddi azadlıq. Hara fırlatsan da hər şeyi pul həll 
eləyir. Hə, indi mən bu azadlığa çatmışam və qəlbim sevinc hissiylə aşıb-daşır. 
Yadımdadı, bu hissləri mən yalnız həyatımda ilk dəfə çiyələk dondurması yeyəndə 
yaşamışdım. 
 
Con: Bilirsən, yaxşı olardı, sən indi üstümə yağdırdığın bu bumbuz nifrəti bir il xırda-
xırda yığıb saxlamaqdansa, orta statistik qadın kimi mənə bir ay dişinin dibindən çıxanı 
deyəydin. 
 


 
261
Konstans: Əzizim, sən nə danışırsan? Sən məni düz on beş ildi tanıyırsan. Məgər məni 
qeyri-səmimilikdə günahlandırmaq olarmı? Məndə sənə qarşı nifrət-filan yoxdu. Bu necə 
ola bilər, əzizim, mən, axı, səni çox sevirəm. 
 
Con: Belə çıxır ki, sən bütün bunları mənə özümü əclaf yerində hiss elətdirməkdən ötrü 
deyirsən. 
 
Konstans: Elə şey yoxdu. Vicdanıma and olsun. Ürəyimin içinə baxanda orda ancaq sənə 
qarşı məhrəm, isti hisslər görürəm. Yoxsa, sən mənə inanmırsan? 
 
(O, bir müddət lal-dinməz Konstansa baxır. Conun baxışlarında təəccüb var) 
 
Con: Qəribə də olsa, inanıram, Konstans, sən möcüzə qadınsan. 
 
Konstans: Bilirəm, amma sən başqalarına bunu demə. Yaxın adamı tərifləmək heç də 
yaxşı şey deyil. 
 
Con: (Valehedici təbəssümlə) Heyif ki, mən sənə qoşulub gələ bilmədim. Sənin tək yola 
çıxmağın heç yaxşı olmadı. 
 
Konstans: Yox, mən tək getmirəm. Məgər sənə deməmişəm? 
 
Con: Yox. 
 
Konstans: Hə, onda yadımdan çıxıb. Mən Bernardla gedirəm. 
 
Con: Hə? Yox, mənə deməmisən. Başqa kim gedir? 
 
Konstans: Başqa heç kim. 
 
Con: Amma, axı! (O, bu xəbərdən açıq-aşkar sarsılıb) Nəsə bu, gözlənilməz oldu. 
 
Konstans: Niyə, axı, burda nə var ki? 
 
Con: (Hiss olunur, əməlli-başlı karıxıb) Bilirsən, gənc bir qadının hansısa bir kişiylə - hər 
halda, atası deyil - altı həftəliyə harasa getməsi qəbulolunmazdı. 
 
Konstans: Doğrudan ha, Bernard səndən bir az böyükdü. 
 
Con: Şayiələrdən qorxmursan? 
 
Konstans: Əzizim, mən bunu bütün dünyaya elan eləməyə hazırlaşmıram. Üstəlik, mən 
burda kiməsə, nəsə deməmişəm. Sən birincisən. Sənin bu xəbəri kiminləsə 
bölüşməyəcəyinə arxayın ola bilərəmmi? 
 
(Con qəflətən hiss eləyir ki, köynəyinin yaxalığı boğazını sıxır. Barmaqlarıyla onu açmaq 
istəyir). 
 


 
262
Con: Səni, yəqin ki, kimsə görəcək, sonra söz-söhbət başlanacaq. 
 
Konstans: Mənim buna çox böyük şübhəm var. Çünki biz avtomobildə olacağıq, özü də 
tünlük yerləri yox, kənar-bucaqları seçəcəyik. Bizim əziz dostlarımız başımızı 
ağrıtmayacaqlar, əmin ola bilərsən. Əgər mövsümün ən qızğın çağında məşhur kurortlara 
getsən, bax onda dostların gözü qarşısında olacaqsan. 
 
Con: Əlbəttə, mən o qədər axmaq deyiləm ki, kişiylə qadın birlikdə səyahətə çıxırsa 
bunun ən pis tərəfini fikirləşim, amma bu hərəkətin kifayət qədər qeyri-adi olduğunu da 
inkar eləyə bilmərəm. Sizin aranızda nəsə ola biləcəyini mən ağlıma belə gətirmirəm, 
amma adi adam məhz pis tərəfi düşünəcək. 
 
Konstans: (Kifayət qədər soyuq) Mənə həmişə elə gəlib ki, adi adamlar özlərini müdrik 
sayanlardan daha ayıqdı. 
 
Con: (Üç-gözünü turşudaraq) Bununla nə demək istəyirsən? 
 
Konstans: Əlbəttə ki, biz səfərə ər-arvad kimi yollanırıq. 
 
Con: Konstans, mənim başımı xarab eləmə. Nə dediyini özün də bilmirsən. Bu, heç də 
gülməli deyil. 
 
Konstans: Zavallı Con, bəs sən bizi necə qəbul eləyirsən? Məgər mən belə kifirəm ki, 
sözlərim sənə inandırıcı görünmür? Bəs, başqa nədən mən məhz Bernardla yola çıxıram? 
Əgər mənə yol yoldaşı lazım olsaydı, qadınla gedərdim. Bir-birimizə baş ağrısından 
gileylənərdik, eyni salonda bir-birimizin başını yuyardıq, əyin-baş qeybəti eləyərdik. 
Qadınla səfərə çıxmaq daha xoşdu. 
 
Con: Ola bilsin, mən lap dəli olmuşam, amma sənin nə demək istədiyini heç cür başa 
düşə bilmirəm. Doğrudanmı, Bernard Kersalın sənin məşuqun olduğuna məni inandırmaq 
istəyirsən? 
 
Konstans: Əlbəttə, yox. 
 
Con: Bəs onda bu nə söhbətdi? 
 
Konstans: Əzizim, məncə hər şey aydındı. Mən altı həftəlik məzuniyyətə gedirəm, 
Bernard da səmimi qəlbdən mənə yol yoldaşı olmasını təklif edib. 
 
Con: Bəs mən? 
 
Konstan: Heç nə olmaz. Sən evdə qalıb öz pasientlərinlə məşğul olarsan. 
 
Con: (Özünü ələ almağa çalışaraq) Mən həmişə özümü təmkinli insan hesab eləmişəm, 
indi də hisslərimə sərbəstlik vermək niyyətində deyiləm. Mənim yerimdə başqa kişi 
olsaydı, indi ayağını yerə vurub ev-eşiyi alt-üst eləyərdi. Mən aləmi bir-birinə qatmaq 
fikrində deyiləm, amma sən bu sözlərinin məndən ötrü böyük sürpriz olduğunu etiraf 
eləməlisən. 


 
263
 
Konstans: Yalnız ilk baxışdan, əzizim. Əminəm ki, cəmi bir neçə dəqiqədən sonra 
dərindən götür-qoy eləyib anlayacaqsan ki, mən qeyri-adi nəsə deməmişəm. 
 
Con: Inanmıram, bu dəqiqələrə dözə biləm. Nəsə halım yaxşı deyil, qorxuram, elə indicə 
infarkt olam. 
 
Konstans: Onda yaxanı aç. Sən doğrudan da yaman pörtmüsən. 
 
Con: Hardan bilirsən, bəlkə, sənə getməyə icazə vermədim? 
 
Konstans: (Ürək açıqlığıyla) Ordan bilirəm ki, sən mənə getməyə icazə verməyə 
bilməzsən. 
 
Con: Mən sənin ciddi olduğuna, sadəcə, inana bilmirəm. Heç cür başa düşə bilmirəm ki, 
bu ideya hardan ağlına gəldi? 
 
Konstans: Fikirləşdim, bu dəyişiklik xeyrimə olar. 
 
Con: Boş şeydi. 
 
Konstans: Niyə ki, sənin xeyrinə oldu, axı. Yoxsa unutmusan? Mısmırığını sallaya-
sallaya qalmışdın. Sonra Mari-Luizayla macəran başladı və sən tamamilə dəyişdin. Şən, 
xoş bir insan oldun, enerjin aşıb-daşmağa başladı. Beləsiylə bir damın altda yaşamaqdan 
gözəl nə ola bilərdi?! Hər şey göz qabağındaydı. 
 
Con: Kişiylə qadın bir deyil. 
 
Konstans: Sən bunun fəsadları haqqında düşünürsən? Amma yadda saxla ki, Viktorianlıq 
dövrü keçmişdə qaldı. 
 
Con: Məni narahat eləyən başqa şeydi. Ər arvada xəyanət eləyəndə hamının qadına rəhmi 
gəlir, tərsinə olanda kişi gülüş hədəfinə çevrilir. 
 
Konstans: Camaatın təsəvvüründə belədi. Ağlı-başında olan adam gərək belə şeyi eyninə 
də almasın. 
 
Con: Istəyirsən, mən əlimi qoynuma qoyub yad bir kişinin arvadımı məndən necə 
oğurladığına tamaşa eləyim? Bəlkə, məndən əlini sıxıb ona yaxşı yol arzulamağımı xahiş 
eləyəsən? 
 
Konstans: Elə bunu deməyə hazırlaşırdım. O, səninlə sağollaşmaq üçün indilərdə 
gələcək. 
 
Con: Mən onun əngini əzəcəm. 
 
Konstans: Məsləhət görməzdim. O, möhkəm kişidi, həm də məndə belə təsəvvür var ki, 
solaxay zərbəsi çox tutarlıdı. 


 
264
 
Con: Elə isə mən ürəyimdə olanların hamısını onun üzünə boşaltmaqla yüngülləşərəm. 
 
Konstans: Yaxşı görək. Yoxsa sən Mari-Luizayla nə hoqqalardan çıxdığını unutmusan? 
Biz ən yaxın rəfiqəydik. O, mənlə məsləhətləşmədən başına şlyapa da almazdı. 
 
Con: Mənim damarlarımdan axan su deyil, qandı. 
 
Konstans: Hal-hazırda məni yalnız sənin başının içindəki o boz şey maraqlandırır. 
 
Con: O, səni sevir? 
 
Konstans: Dəli kimi. Guya özün bilmirsən? 
 
Con: Mən? Hardan bilim? 
 
Konstans: Bu axırıncı ilini o elə buralarda keçirib. Olmaya elə bilirdin, bura səni görməyə 
gəlir? 
 
Con: Mən ona fikir vermirdim. O, mənə darıxdırıcı görünürdü. 
 
Konstans: Düzdü, adamı darıxdırır. Amma o, çox ürəyəyatımlı kişidi. 
 
Con: Yaxın adamının xörəyini yeyib, şərabını içib, sonra da arvadıyla yatana kişi demək 
olar? 
 
Konstans: Deməliyəm ki, o, elə sənə oxşayıb, Con. 
 
Con: Qətiyyən. Buynuz çıxarmaq Mortimerin alnına yazılıb. 
 
Konstans: Hamımız üçün yeganə düzgün yol hər şeyi gizli saxlamaqdı. 
 
Con: Görürəm, sən məni özümdən çıxarmaq niyyətindəsən. Mən bu dəqiqə əlimə keçəni 
vurub sındıracam. 
 
Konstans: Henri əminin bizim toyumuza hədiyyə elədiyi bax oradakı o güldandan başla. 
Sındır onu. Bu, müasirliyin qədimlik üzərində möhtəşəm qələbəsi olacaq. 
 
(Con güldanı əlinə alıb döşəməyə çırpır. Güldan cilik-cilik olur). 
 
Con: Gördün? 
 
Konstans: Nədi, yüngülləşdin? 
 
Con: Qəti yüngülləşmədim. 
 
Konstans: Onda çox təəssüf. Biz onu sənin xəstəxanadakı həmkarlarından birinin toyuna 
hədiyyə eləyə bilərdik. 


 
265
 
(Eşikağası missis Kalveri qonaq otağına ötürür) 
 
Bentli: Missis Kalver. 
 
Konstans: Anacan, nə yaxşı ki, gəlib çıxdın. Səninlə səfər öncəsi görüşməyi çox 
arzulayırdım. 
 
Missis Kalver: Belə görürəm, güldanınız aşıb. 
 
Konstans: Elə deyil. Con özündən çıxmışdı, belə düşündü ki, nəsə sındırsa özünə 
gələcək. 
 
Missis Kalver: Boş şeydi. Con həmişə özündədi. 
 
Con: Siz də belə düşünürsüz, missis Kalver? Bəli, mən özümdən çıxmışdım. Mən çox 
çılğınam. Siz də Konstansla dilbirsiz? 
 
Konstans: Yox, anamın heç nədən xəbəri yoxdu. 
 
Con: Nəsə bir şey eləyin, onu saxlayın. Siz, axı, ona təsir eləyə bilərsiz. Başa düşməlisiz 
ki, onun bu qərarı ağılsızlıqdı. 
 
Missis Kalver: Əzizim, sənin nə demək istədiyin mənə çatmır. 
 
Con: Konstans Bernard Kersalla Italiyaya səfərə hazırlaşır. Ikilikdə. 
 
Missis Kalver: (Heyrətlə) Bu ola bilməz. Sənə kim dedi? 
 
Con: Indicə Konstans özü dedi. Yeri gəlmişkən, elə səslə danışırdı ki, elə bil söhbət 
havanın isti-soyuqluğundan gedirdi. 
 
Missis Kalver: Doğrudanmı belədi, Konstans? 
 
Konstans: Heç bir doğru bu qədər doğru ola bilməz. 
 
Missis Kalver: Məgər Conla yola getmirsiz? Mən həmişə elə bilmişəm, sizin aranızdan su 
da keçmir. 
 
Con: Mən də. Biz heç vaxt dalaşmamışıq, sözümüz həmişə üst-üstə düşüb. 
 
Missis Kalver: Əzizim, sən daha Conu sevmirsən? 
 
Konstans: Əlbəttə, sevirəm. 
 
Con: Qadının kişiyə qarşı eləyə biləcəyi ən alçaldıcı hərəkətə yol verdiyin halda hansı 
üzlə məni sevdiyini bəyan eləyirsən? 
 


 
266
Konstans: Gicləmə, Con. Düz bir il əvvəl sən də eynən bu şəkildə məni alçaltmısan. 
 
Con: (Nəhayət, məsələnin nə yerdə olduğunu anlayaraq Konstansa yaxınlaşır) Deməli, 
sən Mari-Luizaya görə haqq-hesabı mənimlə bu cür çürüdürsən? 
 
Konstans: Sən doğrudan da axmaqsan, Con. Belə fikir mənim ağlıma da gəlməyib. 
 
Missis Kalver: O haqq-hesab tamam başqaydı. Con, təbii ki, düz hərəkət eləməmişdi, ona 
görə də həm özü üzr istədi, həm də cəzasını aldı. Əlbəttə, onun bu hərəkəti bizə başağrısı 
oldu. Amma kişiyə kişi deyiblər, ondan belə hərəkətləri həmişə gözləmək olar. Ona görə 
də gərək günahından keçəsən. Amma qadın başqadı. Poliqamlıq kişilərin qanındadı. Odur 
ki, müdrik qadın qeyri-iradi hərəkətlərini kişiyə bağışlamağı bacarmalıdı. Çünki onlar 
təbiətlərini dəyişə bilməzlər. Qadın isə təbiətən monoqam məxluqdu. Onlar, sadəcə, bir 
kişidən artığını arzulaya bilməzlər. Bax buna görə də onlar öz cinsləri üçün müəyyən 
olunmuş təbii məhdudiyyətləri pozanda bütün dünyanın qınaq yerinə çevrilirlər. 
 
Konstans: (Təbəssümlə) Qəribə işdi. Bilirsən, adam heç cür anlaya bilmir ki, nədən ər 
üçün şirin olan şeyə, arvad tamarzı qalsın. 
 
Missis Kalver: Hamımıza məlumdu ki, sədaqət anlayışı kişi üçün boş şeydi. Onlar qadını 
paltar kimi dəyişə-dəyişə vicdanlı, zəhmətkeş, etibarlı ər adını da özlərində saxlaya 
bilərlər. Amma qadında hər şey başqa cürdü. Bu zaman onları yalançı, ikrahedici, laqeyd, 
yiyəsiz, riyakar məxluq kimi qəbul eləyir. Bax elə buna görədi ki, bəşəriyyətin on min 
illərdən bəri olan təcrübəsi qadından sədaqət tələb eləyir. Hamı bilir ki, sədaqət bütün 
insani keyfiyyətlərin açarıdı. 
 
Konstans: Onların ən böyük sədaqətsizliyi elə özlərini satmaqlarıdı. Onlar yemək, 
geymək, yatmaq üçün özlərini bazara çıxarırlar. Onlar yeriyən, daşınan şəxsi əmlakdılar. 
Onlar büsbütün ərlərindən asılıdılar və ərlərinə xəyanət eləyəndə namussuz, riyakar 
adlarıyla damğalanırlar. Amma mən başqayam. Mənim Condan maddi asılılığım yoxdu, 
ona görə də seksual azadlıq tələb eləyirəm. Bu gün mən bir illik xərclərimin müqabilində 
Conun hesabına min funt köçürmüşəm. 
 
Con: Mən o puldan imtina eləyirəm. 
 
Konstans: Istəsən də, istəməsən də o pul sənindi. 
 
Missis Kalver: Bu sənin belə özündən çıxmağına əsas vermir. 
 
Konstans: Mən özümdən çıxıb eləməmişəm. 
 
Con: Əgər azad məhəbbəti həzz sayırsansa, səhv eləyirsən. Inan mənə, o barədə 
deyilənlər həddən artıq şişirdilib. 
 
Konstans: Elə isə, adamı heyrət bürüyür ki, görən, insanlar niyə bu azadlığın üstündən 
xətt çəkmirlər. 
 
 


 
267
 
Con: Mən nə dediyimi yaxşı bilirəm. Mənə inana bilərsən. Kənar münasibətlər ailə 
həyatıyla müqayisədə boş bir şeydi. Əzizim, səni əmin eləyirəm ki, bu yolun axırı yoxdu. 
 
Konstans: Ola bilsin, sən haqlısan, amma bilirsən, nəyisə başqasının təcrübəsinə istinadən 
müəyyənləşdirmək çətindi. Fikrimcə, insan gərək hər şeyi öz üzərində təcrübədən 
keçirsin. 
 
Missis Kalver: Sən Bernardı sevirsən? 
 
Konstans: Doğrusu, hələ müəyyənləşdirməmişəm. Kimisə sevib-sevmədiyini necə bilmək 
olar? 
 
Missis Kalver: Əzizim, mən bunu yoxlamağın yolunu bilirəm. Sən onun diş fırçasından 
istifadə edərsənmi? 
 
Konstans: Yox. 
 
Missis Kalver: Deməli, onu sevmirsən. 
 
Konstans: O, düz on beş il mənə pərəstiş eləyib. Belə sədaqət təbii ki, mənim də 
ürəyimdə öz əksini tapmalıdı. Ona hansısa yolla göstərmək istəyirəm ki, məni 
qədirbilməz adlandırmaq olmaz. Bilirsən, altı həftədən sonra o, Yaponiyaya qayıdır. Indi 
otuz altı yaşım var və o, mənə heyrandı. Yeddi ildən sonra qırx üç yaşım olacaq. 
Doğrudu, qadınların əksəriyyəti bu yaşda da cazibəsini saxlayır, amma əlli beş yaşlı 
kişinin diqqətini cəlb eləyə biləcək qədərində yox. Odur ki, mən belə qərara gəldim: ya 
indi, ya da heç vaxt. Onun da artıq fikrini öyrənmişəm. Soruşdum ki, son altı həftəni 
onunla birlikdə Italiyada keçirməyimə razıdımı? Razılaşdı. Hə, Neapolda onun üzərək 
məndən ayrılan gəmisinin ardınca yaylıq yelləyəndə başa düşəcək ki, bu uzun illik 
təmənnasız məhəbbətə dözməyə dəyərmiş. 
 
Con: Altı həftə. Sən altı həftədən sonra onu atırsan? 
 
Konstans: Hə, əlbəttə. Bizim məhəbbət üçün vaxt çərçivəsi müəyyənləşdirdiyimə görə, 
elə bilirəm, cənnət həzzi yaşayıb bir-birimizdən ayrılanda özümüzü göyün yeddinci 
qatındakı kimi hiss edəcəyik. Con, özün yaxşı bilirsən ki, qızılgül təzətər olanda gözəldi, 
sonra ləçəkləri bir-bir düşür. 
 
Con: Sən məni son həddə qədər heyrətləndirdin, sarsıtdın. Mən sadəcə, çaşıb qalmışam. 
Sən məni yaman yerdə yaxaladın. 
 
(Pəncərənin qarşısında dayanan missis Kalver qışqırır) 
 
Konstans: Nə olub? 
 
Missis Kalver: Bernard. O, bura gəlir. 
 
Con: (Konstansa) Sən istəyirsən, mən onu hər şeydən bixəbər kimi qarşılayım? 


 
268
 
Konstans: Bu, ən yaxşı variantdı. Qısqanclıq səhnəsi qurmağın axmaqlıq olar. Mən 
onunla getmək qərarımı dəyişən deyiləm. 
 
Con: Mən, bəyəm şəxsi ləyaqətimi qorumağa borclu deyiləm? 
 
Konstans: Onları ən yaxşı halda cibində gizləməklə qoruya bilərsən. Con mən Mari-
Luiza sənin məşuqən olduğunu bilə-bilə, necə qəbul elədimsə, sən də bu cür hərəkət 
eləsən minnətdar olaram. 
 
Con: O, bilirmi, mən bilirəm? 
 
Konstans: Əlbəttə, bilmir. O, ənənəvi baxışlara malik insandı və dostun gözü görə-görə 
ona xəyanət eləməz. O, sənin məsələdən xəbərdar olmadığına qəti əmindi.  
 
Missis Kalver: Konstans, mənim heç bir sözüm sənin qərarını dəyişdirməyəcək, eləmi? 
 
Konstans: Bəli, əzizim. 
 
Missis Kalver: Onda boşuna çənəmi yormaq fikrim yoxdu. O, bura qalxanacan çıxıb 
gedəcəm. 
 
Kontans: Necə məsləhətdi. Anacan, görüşənədək. Ordan sənə xeyli açıqca göndərəcəm. 
 
Missis Kalver: Mən sənin bu hərəkətini təqdir eləmirəm, Konstans, əksini deməyi də 
artıq bilirəm. Nə faydası var? Pozğunluq, yalana meyllilik, arvadına xəyanət kişinin 
qanındadı. Qadının alnına isə abır-həyanı qorumaq, əzab çəkmək və günahları 
bağışlamaq yazılıb. Əsrin əvvəllərindən üzü bəri belə gəlir və yeni heç bir ideya bizim 
cəmiyyətin bu yazılmamış qanunu poza bilməz. 
 
(Eşikağası, ardınca da Bernard daxil olur) 
 
Bentli: Mister Kersal. 
 
Missis Kalver: Salam və sağ ol, Bernard. Mən elə getməyə hazırlaşırdım. 
 
Bernard: Təəssüf. Neynək, görüşənədək. 
 
(Missis Kalver gedir) 
 
Konstans: (Bernarda) Gün aydın. Bircə dəqiqə. 
 
(Eşikağasına) Bentli, zəhmət olmasa mənim yüklərimi aşağı aparıb, taksiyə qoyarsan, 
yaxşımı? 
 
Bentli: Yaxşı, madam. 
 


 
269
Bernard: Konstans, sən artıq gedirsən? Yaxşı ki, səni görə bildim. Səninlə sağollaşa 
bilməsəydim, bunu ömrüm boyu özümə bağışlamazdım. 
 
Konstans: (Eşikağasına) Taksi gələndə mənə xəbər elə. 
 
Bentli: Oldu, madam. 
 
Konstans: Indi sənə də vaxt ayıra bilərəm. 
 
(Eşikağası çıxır) 
 
Bernard: Deyəsən, istirahət üçün yaman tələsirsən? 
 
Konstans: Tələsirsən də sözdü. Belə səyahət həyatımda ilk dəfədi. Burda güclə 
dayanıram. 
 
Bernard: Sən tək gedirsən, eləmi? 
 
Konstans: Hə, tək-tənha. 
 
Bernard: Dost, heyif ki, sən imkan eləyə bilmədin. 
 
Con: Hə, çox heyif. 
 
Bernard: Elə bilirəm, bu, bütün yaxşı mütəxəssislərin problemidi. Iş aman vermir. Sənin 
də öz pasientlərindən başın açılmır. 
 
Con: Neyləmək olar? 
 
Konstans: Həm də Italiya Conun bəyəndiyi ölkə deyil. 
 
Bernard: Deməli, sən Italiyaya gedirsən? Elə bil ağzından Ispaniya çıxmışdı, axı? 
 
Konstans: Yox, söhbət həmişə Italiyadan gedib. 
 
Bernard: Doğrudan da sənin üçün heç yaxşı olmadı, Con. Özü də Komo gölünün 
yaxınlığında əla qolf meydançası var. 
 
Con: Doğrudan? 
 
Bernard: Iyulun sonunda təsadüfən Neapolda olmayacaqsan? 
 
Konstans: Bilmirəm. Hələ planlarımı müəyyənləşdirməmişəm. 
 
Bernard: Ona görə soruşuram ki, mənim üzəcəyim bərə Neapoldan tərpənəcək. Orda 
görüşsəydik, yaxşı olardı. 
 
Con: Çox yaxşı olardı. 


 
270
 
Konstans: Ümid eləyirəm, mənim yoxluğumda sən Conla tez-tez görüşəcəksən. 
Qorxuram, yazıq mənsiz çox darıxa. Niyə gələn həftə birlikdə nahar eləməyəsiz? 
 
Bernard: Çox təəssüf. Axı, mən də yola çıxıram. 
 
Konstans: Doğrudan? Deyəsən, axı, sən Yaponiyaya gedənəcən Londonda qalmaq 
niyyətindəydin. 
 
Bernard: Mən də istəyirdim. Amma həkimim mənə müalicəvi suyu olan bir yeri məsləhət 
bildi. 
 
Con: Sən nədən müalicə olunmalısan ki? 
 
Bernard: Elə bir xüsusi xəstəlik yoxdu. O, mənə gümrahlıq kursu keçməyi məsləhət bildi. 
 
Con: Eləmi? Sənin həkiminin adı nədi? 
 
Bernard: Sən onu tanımırsan. Biz birlikdə döyüşmüşük. 
 
Con: Aydındı. 
 
Bernard: Hə, ona görə də təəssüf ki, səninlə xudahafizləşməliyəm. Əlbəttə, Avropaya kim 
bilir, bir də neçə ildən sonra qayıdacağımı fikirləşəndə, Londonu tərk eləmək mənə ağır 
gəlir, amma digər tərəfdən əgər mütəxəssisə müraciət eləmisənsə, onun məsləhətini qulaq 
ardına vurmaq da düzgün deyil. 
 
Con: Xüsusən də, həmin mütəxəssis öz məsləhətini pulsuz veribsə. 
 
Konstans: Çox təəssüf. Mən də elə bilirdim, burda olmadığım müddətdə Con sənin 
sayəndə özünü yaxşı aparacaq. 
 
Bernard: Çətin ki, mən bunu təmin eləyə bilərdim. Amma hər halda, teatra, qolf 
oynamağa gedərdik. 
 
Konstans: Ümumiyyətlə, vaxtınızı əla keçirərdiz eləmi, Con? 
 
Con: Çox əla keçirərdik. 
 
(Eşikağası daxil olur) 
 
Bentli: Taksi gözləyir, madam. 
 
Konstans: Təşəkkür eləyirəm. 
 
(Eşikağası çıxır). 
 


 
271
Bernard: Onda icazə verin, gedək. Ola bilsin, sizi bir də görmədim. Ona görə də 
Londonda keçirdiyim bu bir ildə mənə göstərdiyiniz qayğı və qonaqpərvərliyə görə sizə 
təşəkkür edirəm. 
 
Konstans: Bizə baş çəkdiyinizə görə minnətdarıq. 
 
Bernard: Səninlə Con məni elə isti qarşıladız ki. Bu ilin mənim üçün belə uğurlu 
olacağını təsəvvürümə də gətirməzdim. 
 
Konstans: Sənsiz çox darıxacağıq. Con təcili əməliyyata çağırıldığı vaxtda onu əvəz 
eləyə biləcək bir insanın olduğuna elə şad idi ki. Elə deyilmi, əzizim? 
 
Con: Əlbəttə, əzizim. 
 
Konstans: Mən sənin yanında olanda rahat idi. Rahat idinmi, əzizim? 
 
Con: Əlbəttə, rahat idim, əzizim. 
 
Bernard: Nəyəsə lazım olduğuma görə, elə mən də çox şadam. Məni unutmayın, 
yaxşımı? 
 
Konstans: Biz unuda bilərikmi, heç vaxt. 
 
Con: Heç vaxt. 
 
Bernard: Əgər boş vaxtınız olsa, mənə yazın, yaxşımı? Təsəvvür belə eləyə bilməzsiz ki, 
bizlərə - qəriblikdə olanlara vətəndən gələn məktub necə qiymətlidi. 
 
Konstans: Əlbəttə, yazarıq. Ikimiz də. Eləmi, əzizim? 
 
Con: Əlbəttə, əzizim. 
 
Konstans: Con elə gözəl məktublar yazır ki, maraqlı, məzəli. 
 
Bernard: Deməli, danışdıq. Əlvida, dost. Uğurlar. 
 
Con: Əlvida, dost. 
 
Bernard: Əlvida, Konstans. Sənə o qədər sözüm var ki. Özüm də bilmirəm, hansından 
başlayım. 
 
Con: Mən səni tələsdirmək istəmirəm, amma taksi gözləyir, deməli, hesab da yazır. 
 
Bernard: Con elə dəqiqlik sevəndi. Yaxşı, bircə kəlmə deyəcəm: Tanrı səni qorusun. 
 
Konstans: Au revoir. 
 


 
272
Bernard: Neapolda olsan xəbər elə, yaxşımı? Əgər klubuma məktub yollasan, mənə 
çatdıracaqlar. 
 
Konstans: Hə, əlbəttə. 
 
Bernard: Əlvida. 
 
(O, hər ikisi qarşısında dostyana başını tərpədib gedir. Bernard qapını arxasınca örtən 
kimi Konstans gülməyə başlayır və az sonra uğunub gedir) 
 
Con: Nəyə güldüyünü mənə də desən, çətin olmaz ki? Əgər sən mənim şalban kimi 
dayanıb-durub təhqir olunmağımdan həzz aldığımı düşünürsənsə, səhv eləyirsən. 
Neapolda təsadüfi görüş nə deməkdi? 
 
Konstans: O, səni azdırır. 
 
Con: O, axmağın biridi! 
 
Konstans: Sən doğrudanmı bu qənaətdəsən? Amma məncə o, heç də özünü pis aparmadı. 
Belə məsələlərdə onun heç bir təcrübəsi olmadığını nəzərə alsaq, deyə bilərəm ki, o, öz 
rolunun öhdəsindən gələ bildi. 
 
Con: Əgər beyninə onun mükəmməllik mücəssəməsi olduğunu yeritmisənsə, sənlə 
mübahisə eləməyin mənası yoxdu. Amma ürəyim ağrıyır, özünü belə bir adama vermək 
qərarına gəlməyinə təəssüflənirəm. 
 
Konstans: Yəqin, arvadın gələcək məşuqəsinin kim olmasıyla bağlı ər-arvadın fikri üst-
üstə düşməyə də bilər. 
 
Con: Elə bilirəm, sən onu məndən üstün saymağa iddialı deyilsən. 
 
Konstans: Qətiyyən. Mən səni həmişə kişi gözəzlliyinin zirvəsi hesab eləmişəm. 
 
Con: Özü də o, eynilə mənim kimi geyinir. 
 
Konstans: Bu, təbiidi. Sizin axı, dərziniz eyni adamdı. 
 
Con: Mən elə bilirəm, sənin təsəvvüründə o, heç də məndən hazırcavab deyil. 
 
Konstans: Əlbəttə. 
 
Con: Bəs, onda, niyə səfərə onunla çıxmaq istəyirsən? 
 
Konstans: Sənə məgər bir də izah eləməliyəm? Səbəb çox sadədi. Istəyirəm, qatar 
tərpənənəcən ayağımı qoyduğum yerə başını qoymağa hazır bir kişinin ağuşunda olum. 
Istəyirəm, mən otağa girəndə xoşbəxtlikdən onun gözlərinin necə parıldadığını görüm, 
biz birlikdə aya baxanda onun əllərinin mənim əllərimi necə sıxdığını, belimi 


 
273
qucaqlayanda bədənini necə şirin üşütmə tutduğunu bütün canımla duyum. Istəyirəm, 
başımı onun çiyinlərinə qoyub dodaqlarının saçıma incə toxunuşundan həzz alım. 
 
Con: Bax bunu, ağlına da gətirmə. Yazığın boynu qırılar, xəstəxanalıq olar. 
 
Konstans: Onunla kənd cığırıyla yanaşı addımlaya-addımlaya mənə dovşanım, pişiyim 
deməsini eşitmək istəyirəm. Istəyirəm, onunla boş şeylər barədə saatlarla söhbət edək. 
 
Con: İlahi, özün saxla. 
 
Konstans: Istəyirəm biləm, hətta susanda belə ən hazırcavab, ən dilli-dilavər 
qadınam.Con, sənin on illik diqqətin məni tamamilə qane eləyirdi, odur ki,biz ən yaxın və 
doğma dostlar idik, amma indi qısa müddətə olsa da ürəyimdən başqa şey keçir. 
Doğrudanmı, sən bunu mənə çox görəcəksən? Istəyirəm, məni sevsinlər. 
 
Con: Amma, axı, əzizim, mən səni sevirəm. Əlbəttə, mən özümü iyrənc apardım, sənə az 
diqqət ayırdım, amma hələ gec deyil, hər şeyi dəyişmək olar. Sən mənim üçün yeganə 
qadınsan. Mən hər şeyi başlı-başına buraxıb səninlə gedəcəm. 
 
Konstans: Bu ideya məni heç də təmin eləmir. 
 
Con: Bəsdi görək, əzizim, heç olmasa bir tikə rəhm göstər. Mən Mari-Luizanı atdım. 
Sənin də, əlbəttə ki, öz əlindədi, Bernarda qapını göstər. 
 
Konstans: Amma sən Mari-Luizanı mənim yox, öz istəyinlə atdın. 
 
Con: Məsələni qəlizləşdirmə, Konstans. Gəl, birlikdə yola çıxaq. Bu cür ikimizə də yaxşı 
olar. 
 
Konstans: Zavallı Conum, mən maddi azadlığı bal ayını öz ərimlə keçirmək məqsədilə 
qazanmamışam. 
 
Con: Elə düşünürsən ki, mən, əgər ərəmsə, məşuq roluna yaramaram? 
 
Konstans: Ay mənim əzizim, qızardılmış qoyun ətiylə quzu kababının dadı bir olmur. 
 
Con: Sən heç bilirsən, nə yoldasan? Mənim ideal ər olmaq üçün dəridən-qabıqdan 
çıxdığım bir vaxtda sən məni təzədən Mari-Luizanın ağuşuna itələyirsən. Vicdanıma and 
içirəm, sən evdən çıxan kimi mən onun yanına gedəcəm. 
 
 
 
Konstans: Nahaq yerə vaxt itirib benzin yandıracaqsan. Qorxuram onu evdə tapmayasan. 
Onun bir gənc adaxlısı peyda olub. Mari-Luiza ona bir könüldən min könülə aşiqdi. 
 
Con: Nə? 
 


 
274
Konstans: Hansısa əyalətin qubernatorunun yavəridi. Bu gün yanıma o xahişlə gəlmişdi 
ki, ikinizin arasında hər şeyin bitdiyini yumşaq tərzdə sənə başa salım. 
 
Con: Ümidvaram ki, sənə bu qədər əzab verən münasibətlərimizi mənim daha əvvəl 
pozmaq qərarına gəldiyimi ona demisən. 
 
Konstans: Yox, fürsət eləyə bilmədim. O, mənə öz xahişini çatdıranda çox tələsirdi. 
 
Con: Bilirsən, Konstans, heç cür mənə çatmır. Bəs sənin o qürurun hara qeyb oldu? Sənin 
ərini axmaq yerinə qoydular. Yerində başqa qadın olsaydı, Mari-Luizaya bax belə 
deyərdi: Nə qəribə təsadüf. Elə indicə Con da mənə dedi ki, bir daha səninlə görüşməmək 
qərarına gəlib. Amma, Konstans, təbii ki, sən belə deməmisən. Çünki məni adam yerinə 
qoymursan. 
 
Konstans: Sən düz demirsən, əzizim. Mən həmişə sənin qayğını çəkəcəm. Mən ola bilsin, 
sənə xəyanət eləyəcəm, amma səni atan deyiləm. Həmişə də sədaqətimi özümün ən üstün 
keyfiyyəti saymışam. 
 
(Eşikağası qapını açır) 
 
Con: (Əsəbi tərzdə) Nə məsələdi? 
 
Bentli: Fikirləşdim, bəlkə, madam onu aşağıda taksinin gözlədiyini unudub. 
 
Con: Cəhənnəm ol! 
 
Bentli: Necə məsləhətdi, ser. 
 
(Gedir) 
 
Konstans: Anlamıram, sən nədən onu acıladın? Taksinin pulunu Bernard verəcək. Mən 
hər halda artıq çıxmalıyam, yoxsa Bernard elə düşünər ki, qərarımı dəyişmişəm. 
Görüşənədək, əzizim. Ümidvaram, mən burda olmayan müddətdə çox darıxmayacaqsan. 
 
Aşpazın bişirdiklərinə mız qoymasan, ac qalmayacaqsan. Mənimlə xudahafizləşmək 
istəmirsən? 
 
Con: Cəhənnəm ol. 
 
Konstans: Baş üstə. Altı həftədən sonra qayıdıb gələcəm. 
 
Con: Qayıdacaqsan? Hara? 
 
Konstans: Bura. 
 
Con: Bura? Bura? Elə bilirsən, səni evə buraxacam? 
 


 
275
Konstans: Niyə də yox? Dərindən götür-qoy eləyəndə özün də başa düşəcəksən ki, 
mənim heç bir günahım yoxdu. Bir də axı, mən səndən sənin özünə lazım olan nəyisə 
istəmirəm. 
 
Con: Heç başa düşürsənmi, mən səninlə boşanmaq istəyə bilərəm? 
 
Konstans: Əlbəttə. Amma mən kimə ərə getdiyimi yaxşı bilmişəm. Əri xeyli düşünüb 
daşınandan sonra seçmişəm. Çalışmışam, centlmenə ərə gedim və sən özün baiskarı 
olduğun günahlarıma görə məni boşamazsan. 
 
Con: Mən səninlə boşanmayacam. Çünki qorxuram risq eləyib ikinci dəfə evlənsəm, elə 
bir qadına rast gəlim ki, o da əriylə eynilə sənin kimi davranan birisi olsun. 
 
Konstans: (Qapıdan) Mən qayıda bilərəmmi? 
 
Con: (Qısa pauzadan sonra) Sən dünyanın ən dəymə-düşər, ərköyün, heç nədən özündən 
çıxan, səhvlərini israrla yeridən, həm də ən cazibədar, gözəlliyi göz qamaşdıran 
qadınısan. Sənin kimisinə ər olmaq Tanrının ən böyük cəzasıdı. Hə, lənət şeytana, qayıda 
bilərsən. 
 
(Konstans ona əliylə öpüş göndərib, arxasınca qapını çırparaq, qonaq otağından qeyb 
olur.) 
 
 
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1170 
 
 
 
 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin