276
Jan Kokto
"İnsan səsi"
(monopyes)
Jan KOKTO (Jean COCTEAU) (1889-1963) Keçən yüzildə Fransız mədəniyyətinin
yetişdirdiyi universal istedadlardan biridir, eyni zamanda şair, yazar, rəssam, ssenari
yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. “Şerlər” (1920)
və “Opera” (1927) adlı şer kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı
sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb.
“Əllamə Toma” (1923) və “Ədəbsiz uşaqlar” (1929) romanlarında o, gəncliyin
problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri
(”Antiqona”, “Orfey”) dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. “Orfey”
(1950) və “Orfeyin vəsiyyəti” (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi
kimi özünü sınayıb.
Oxuculara təqdim edilən bu əsər təkşəkilli monotamaşadır, ilk dəfə 17.02.1930-cu ildə
Bert Bovinin iştirakı ilə səhnələşdirilib. Əsərin motivləri əsasında fransız modernist
musiqisinin parlaq simalarından olan bəstəkar Frensis Pulenk eyni adlı monoopera
bəstələyib.
"İnsan səsi"
(monopyes)
Səhnə məkanı kimi qadına məxsus yataq otağının bir küncü seçilib. Göy rəngin tonları ilə
boyandığından səhnə yarıqaranlıq təsiri bağışlayır. Bu məkan tamaşaçılara, qırmızı parça
ilə üzlənmiş çərçivə əhatəsində təqdim olunur. Sol tərəfdə yığışdırılmamış çarpayı, sağ
cinahda isə ağappaq və güclü işıqlandırılmış vanna otağının yarıaçıq qapısı gözə dəyir.
Səhnənin mərkəzində və dərinliyində divardan məşhur bir tablo və ya hərhansı ailə
portreti asılıb - bu tablonun insana vahimə aşılaması əsas şərtdir.
Suflyor köşkünün böyründə alçaq kreslo və kiçik masa qoyulub. Masanın üstündə
kitablar, telefon və ətrafa gözqamaşdırıcı işıq salan gecə lampası var. Bu otaqda sanki
qətl törədilib. Çarpayının yanında, döşəmədə, əynində uzun gecə paltarı olan qadın
uzanıb. Adama elə gəlir ki, o, ölüb. Pauza. Qadın hərəkətə gələrək, bir başqa poza alır və
yenidən maneken kimi donur. Bir azdan o, yerdən qalxmaq fikrinə düşür, qalxıb
çarpayının üstündən kürkünü alır. Telefonun yanından keçərkən bir anlığına duruxsa da,
qapıya sarı yönəlir. Qapının dəstəyinə toxunduğu an telefondan zəng gəlir. Kürkünü yerə
ataraq, telefona tərəf cumur. Ayağına ilişən kürkü təpiyiylə bir kənara atıb, cəld dəstəyi
qaldırır. Bu andan etibarən telefonu özüylə ora-bura daşıyan qadın, öz telefon danışığını
oturaraq, ayaq üstə, üzünü yana və ya zala tutaraq, bəzən də arxasını dönərək, kreslonun
hündür söykənəcəyinin ardında dizi üstə çökərək, başını kreslonun arxalığına nazla
söykəyərək (sanki başı bədənindən ayrılıb) və ən nəhayət, otaqda var-gəl edərək davam
etdirir və bu durum, ta qadın gəlib çarpayıya üzüquylu sərələnənə qədər sürür. Qadının
başı çarpayının kənarından sallana qalır, telefonun dəstəyi isə ağır dəyənək misalı onun
əlindən düşür.
277
Qadının aldığı hər poza onun monoloq-dialoqunun bu və ya digər diliminə (yalanlar
bölümü, xətdə nasazlıq və s.) uyğun gəlməlidir. Onun əsəbiliyi hərəkətlərinin tezliyindən
deyil, sadəcə qadının rahatsızlığını maksimum ifadə edən poza dəyişimlərindən bəlli
olmalıdır. Səhnədəki hər şey - gecə köynəyi, gecə xələti, tavan, qapı, kreslolar, mebel
üzlükləri, masa lampasının abajuru parlaq ağ rəngdədir.
Suflyor köşkündən gerçəkləşəcək işıqlanmanı elə ayarlamaq lazımdır ki, oturmuş
qadından düşən nəhəng kölgə səhnənin arxa divarında, fonda əks olunsun. Bu işıqlanma,
masa lampasının abajurundan yaxın çevrəyə yayılan işığı bir heçə endirməlidir. Bu
pyesin quruluşunda “brio” adıyla tanınan “parlaq aktyor ifası” üslubundan heç bir əsər-
əlamət olmamalıdır. Təhqir olunmuş qadından normal şərtlərdə gözlənilən acıdillilikdən,
kinayədən və tikanlı sözlərdən imkan daxilində qaçmaq xahiş olunur, çünki əsərdəki
qadın - özünü dəli bir sevgiyə qurban verib və tamaşa boyu tək bircə yol hiyləyə əl atır -
bunu da ondan ötrü edir ki, sevgilisini etirafa məcbur etsin və öz yaxasını bu ağrılı və
çirkin şübhələrdən qurtarsın. Müəllif, aktrisanın al-qana boyanan və hər çırpınışında
sürəkli qan itirən yaralı məxluq kimi davranmasını nəzərdə tutub ki, bu yolla tamaşanın
sonuna doğru artıq bütün səhnənin qan içində üzmə effekti doğsun. Mətndə rastlanacaq
bütün təkrarların, yanlışların, ədəbi ricətlərin, zövqsüzlüyün və ədəbsiz deyimlərin
müəllif tərəfindən dönə-dönə gözdən keçirildiyi bunların mətnboyu ən uyğun şəkildə
paylaşdırıldığı nəzərə alınmaqla, aktrisanın mətnə sadiq qalması xahiş olunur.
Allo, allo, allo… “Yox” dedim də, xanım, səhv düşmüsünüz, dəstəyi qoyun… Yox, bu
özəl mənzildir. Yenə də… Allo!.. Yox, xanım, dəstəyi siz qoymalısınız… Allo, xanım
qız, allo… xətti açın… “Yox” dedim də, bu doktor Şmidt deyil… Bu, sıfır yeddi yox,
sıfır səkkizdir. Allo… Əcəb işə düşmüşük də… Mənə zəng edirlər, mən də cavab
verirəm…
Dəstəyi qoysa da, əlini ondan çəkmir.
Zəng çalınır.
Allo!.. Amma, xanım, elə isə bəs siz məndən nə istəyirsiniz? Sizə necə yardım edə
bilərəm axı?.. Niyə mənimlə bu tonda danışırsınız?.. Mənim bunda nə günahım var?..
Heç də yox… Yox, elə deyil…
Allo!.. Allo, xanım qız… Yox, danışıq alınmadı. Daim araya başqası girir. Xətt normal
işləmir. Bu xanıma da deyin ki, xətti boşaltsın.
Dəstəyi qoyur. Zəng çalınır.
Allo! Sənsən?.. Bu sənsən?.. Hə… Çox pis eşidirəm… Məndən elə uzaqdasan ki…
Allo!.. Dəhşətdir… Görürsən də, xətdə nə qədər səs var… Təzədən yığ. Allo! Tə-zə-dən
yı-ğğğ… Deyirəm ki: təzədən yığ… Xanım, bəsdirin də. Bayaq da sizə dedim ki, mən
doktor Şmidt deyiləm… Allo!
Dəstəyi qoyur. Zəng çalınır.
Hə! Axır ki… Sənsən… Hə… İndi çox yaxşı… Allo! Hə… Səsini bir sürü səsin içindən
ayırd etmək əsil işgəncə idi mənə… Hə… Hə… Yox… həqiqətən də uğurlu oldu…
İndicə gəlmişəm, bir on dəqiqə olar… Bundan əvvəl zəng eləməmişdin ki?.. Hə-ə! Yox,
yox… Marta qonaq çağırmışdı… onlarda yedim… İndi yəqin ki, on ikiyə on beş dəqiqə
278
işləyər… Evdən zəng edirsən?.. Elə isə elektrikli saata bax da… Mən elə belə də
bilirdim… Hə, əzizim, hə… Dünən axşammı? Dünən axşam gələn kimi tez yuxulamaq
üçün həb atdım… Yox… Bircə həb… Saat doqquzda… Bir az başım ağrıyırdı, amma
özümü birtəhər ələ aldım. Marta mənə baş çəkdi. Birlikdə səhər yeməyi yedik. Sonra
bazarlığa çıxdım. Evə dönüb, bütün məktubları sarı çantaya yığdım. Mən… Necə?..
Dözürəm də… And içərəm ki… Axı, mən çox, çox dözümlüyəm… Hə, sonra neylədim?
Sonra geyinib-kecindim, Marta gəlib maşınla məni evdən götürdü və… Elə indi də
onlardan gəlirəm. Qiyamət qızdır… Məndən ötrü heç bilmir ki, nə eləsin, lap əldən-
ayaqdan gedir… Bəlkə bu kənardan elə görünür, əslində isə o, belə deyil. Sən həmişəki
kimi haqlı çıxdın… Çəhrayı paltarımı və xəzi… Qara şlyapa ilə… Hələ də əynimdədir…
Yox, canım, siqaret çəkmirəm. Vur-tut üçcə siqaret çəkdim… Yox, doğru sözümdür…
Hə, hə… Necə də qayğıkeşsən…
Sən də indicə gəlmisən?.. Bütün vaxtı evdəydin… Nə məhkəməsi?.. Hə, onu deyirsən…
Özünü çox da yorma belə… Allo! Allo! Yox, hələ ki danışırıq! Allo!.. Allo! Əzizim…
Allo! Əgər danışıq kəsilsə, nömrəmi təzədən yığ… əlbəttə ki… Allo! Yox… Qulağım
səndədir… Çantadadır… Bizim məktubların hamısı, istədiyin vaxt bir adam göndərib, ala
bilərsən… Əlbəttə, ağırdır… Başa düşürəm… Əzizim, üzrxahlığın yersizdir, bu, son
dərəcə təbii sayılmalıdır… Sadəcə mən bir az anlamazam… Sən isə o qədər xeyirxahsan
ki… Sən çox, çox xeyirxahsan… Heç vaxt inanmazdım ki, buna dözümüm çatar…
Bunda heyrətlənəcək bir şey yoxdur. İndi lap yuxudagəzənlərə dönmüşəm. Eynilə robot
kimi geyinib evdən çıxır, yenə robot kimi geri dönürəm… Bəlkə də heç sabah bu qədər
dözümlü ola bilməyəcəyəm… Sənmi?.. Yox, canım… yox, əzizim, mən sənə heç nəyi
nöqsan tuta bilmərəm… mən… mən… Qoy görək də… Nə?.. Bu, çox doğal olardı…
Əksinə… Axı, biz… Axı, biz heç vaxt biri-birimizə yalan söyləməmək haqda
şərləşmişdik və əgər sən sonuncu ana qədər mənə bunu açıb söyləməsəydin, bu, sənin
cinayət işləməyinə bərabər olardı. Bunu özümə qarşı amansız zərbə sayardım, çünki
mənim yetərincə vaxtım var idi anlayım ki… Hansı komediyanı?.. Allo!.. Kim?.. Mənəm
komediya çıxaran, eləmi?.. Sən ki, mənə bələdsən və yaxşı bilirsən ki, mən… Heç də
yox… Yox ki, yox… Son dərəcə sakitəm… Bu, sənin gözündən yayınmazdı… Dedim ki:
bu, sənin gözündən yayınmazdı. Bəyəm mənim səsim nəyi isə gizlədən birisinin səsinə
bənzəyir ki… Yox. Mən dözümlü olmağa qərarlıyam və belə də qalacağam… Dayan
görüm… Bunlar heç də eyni şeylər deyil… ola bilər, amma bədbəxtliyi duyub, ona hər nə
qədər hazırlaşsan belə, o, adamın başının üstünü elə qəfil alır ki, əl-ayağın yerdən
üzülür… Bir elə də şişirtmə… Hər halda bu duruma uyğunlaşmaq üçün yetərli zamanım
vardı. Sən isə məni sakitləşdirməyə, uyutmağa çalışırdın. Sevgimiz xeyli maneəni aşmalı
oldu. Bir an içində qərar verməliydik: beş il sürən səadətdən vaz keçək, yoxsa riskə
gedək. Şəxsən mən heç vaxt inanmazdım ki, hər şey yenidən yoluna düşər. Bu sınırsız
səadət yolunda mən nələrdən keçmədim…
Allo!.. hə, sınırsız… Peşiman da deyiləm… Mən heç… mən heç nəyə heyifsilənmirəm -
heç nəyə - heç nəyə… Sən… onda sən yanılırsan… sən… sən… sən yanılırsan…
Mən… Allo!.. Mən haqq etdiyimi aldım. Mən dəlicəsinə sevir və qarşılığında da sınırsız
bir səadət umurdum… Əzizim… Qulaq as… Allo!.. Əzizim… qoy bir… Allo!.. Qoy bir
mən sözümü bitirim də. Sən özünü heç suçlama. Hər şeyin günahkarı tək mənəm. Hə,
hə… Versaldakı o bazar gününü və o teleqramı xatırla… Hə!.. Gördün!.. Axı, mən onda
gəlmək istəyirdim, bir də ki, səni ağız açmağa da qoymadım. Onda sənə dedim ki, mən
hər şeyə biganəyəm… Yox… Yox… Yox… Bunda yanılırsan… Mən… Əvvəlcə mən
zəng etdim… Yox, o gün çərşənbə axşamıydı… çərşənbə axşamı… Hə, bundan əminəm.
Ayın iyirmi yeddisi, çərşənbə axşamı. Sənin teleqramını isə iyirmi altısında, yəni bazar
279
ertəsi axşamı aldım. O tarixləri mənim əzbər bildiyim sənə də yaxşı bəllidir… Anan? Nə
üçün?.. Narahatçılığa elə bir səbəb yoxdur… Hələlik özüm də bilmirəm… Hə… ola
bilər…
O! Əlbəttə ki, bir az sonra. Bəs sən?.. Sabah?.. Bunun belə erkən baş tutacağını heç zənn
etmirdim… İndicə, bir dəqiqə dur… Amma bunda çətin heç nə yoxdur… günü sabah
çanta xidmətçidə olacaq. Jozef gəlib onu alar… Mən? Əslində mən bəlkə də heç yana
getməyəcəyəm, uzaqbaşı bir neçə günlüyünə şəhər kənarına, Martagilə yollana bilərəm…
O, buralardadır. Dəngəsi pozulub, bir yerdə qərar tuta bilmir. Dünən bütün günü otaqla
dəhliz arasında var-gəl edib. Məni şübhəli baxışlarla, həm də lal-dinməzcə dinlədi. Daha
səni axtarmadığı yer qalmadı. Hətta arada mənə elə gəldi ki… səni tapmaqda ona…
yardım etmədiyim üçün mənə acığı tutur… Mənə qalsa, onu öz yanına aparman daha
məsləhətdir… əgər bu heyvan da bədbəxt olmalıydısa… O! Mən!…
Axı, bu qadının saxlayacağı it cinsi deyil. Mən ona sən deyən yaxşı baxa bilmərəm. Onu
gəzməyə də çıxara bilmərəm. Məncə, onun səninlə qalmağı daha məsləhətdir… Yox,
yəqin ki, tezliklə məni yadırğayacaq… Baxarıq… Amma bu, çox da qəliz bir şey deyil.
Deyərsən ki, guya bu dostunun itidir. İt Jozefə yamanca isnişib. Elə o da gəlib onu
aparar… Mən itin boğazına nömrəsiz qırmızı xalta taxacam… Yaxşı, gözləyək görək…
Hə… Hə… Hə, yaxşı, əzizim… Anladım… Oldu, əzizim… Hansı əlcəkləri?… Sənin
maşın sürəndə geydiyin içi xəzli əlcəkləri?… Xəbərim yoxdur. Heç gözümə dəyməyib.
Ola bilər. İndicə baxaram… Gözlə bir… Diqqət elə, danışığımızı kəsməsinlər…
Masanın üstündə, masa lampasının arxasındaki dəri əlcəkləri götürüb,
ehtirasla opür. Əlcəkləri yanağına sıxaraq,
dəstəyə deyir.
Allo!.. Yox… Komoda, kreslonun üstünə, dəhlizə, hər yerə baxdım. Heç yerdə yoxdur…
Qulaq as… Yaxşı. Yenə də axtararam, amma arxayınam ki… Əgər sabahacan tapsam,
onları da xidmətçi qadına verəcəyim çantaya qoyaram… Necə, əzizim?.. Məktubları…
Hə… Yandır getsin… Səndən bir şey də xahiş etmək istəyirdim… Əlbəttə, bu yersiz
səslənəcək… Bilirsən… deməli… Sənə deyəcəkdim ki, məktubları yandırsan, külü sənə
bağışladığım siqaret yığmaq üçün qutuya yığarsan… həmin qutunu sən… Allo!.. Yox…
Bilirəm ki, bu düşük səslənir…
Bağışla məni. Vaxtilə mən hədsiz dözümlü idim…
Hönkürür.
Hə, artıq keçib getdi. Burnumu silirdim. Sadəcə olaraq həmin külü xatirə kimi saxlamaq
istəyirdim, vəssalam. Necə də geniş qəlbin var… Nə?..
Bundan sonra gələn və dırnaq arasında verilən cümlələri aktrisa nisbətən yaxşı bildiyi
xarici dildə səsləndirir.
“Bacının kağız-kuğuzlarını mətbəxdəki sobada yandırdım. Əvvəlcə haqqında mənə söz
açdığın o rəsmi onların arasından götürmək fikrinə düşdüm, amma mənə ” hər nə var -
yandır” dediyin üçün, sözündən çıxmadım… Hə, yaxşı… Oldu… Hə!
Yenidən əvvəlki dildə davam edir.
280
Doğru sözündür ki, artıq xalatdasan?.. Yatmağa hazırlaşırsan?.. Çox gec saatlara qədər
işləmə, əgər sabah tezdən qalxacaqsansa, erkən də yat. Allo!.. Allo!..
Bəs belə necədir?.. Amma mən olanca səsimlə danışıram… İndi necə eşidirsən?..
Soruşuram ki: İndi necə? Eşidirsən?.. Qəribədir, mən səni çox aydın eşidirəm, elə bil lap
yanımdasan… Allo!.. Allo! Allo! Bəli də! İndi artıq heç mən də səni eşitmirəm… İndi
azca yaxşılaşdı, amma səsin yenə quyu dibindən gəlir… Sən necə, məni eşidirsən?..
Yaxşı, hər şeyin sırası var… Yox, yox, dəstəyi qoyma!.. Allo!..
Xanım qız, mən hələ ki, danışıram… Mən səni eşidirəm. Mən səni çox aydın eşidirəm.
Hə, bu, çox xoşagəlməz bir şeydir. Sən eşidirsən, amma dəridən-qabıqdan çıxsan da, səni
eşitmirlər ki, eşitmirlər, elə bil kabussan… Hə, yaxşıdır, çox-çox yaxşıdır. Qəribədir ki,
bizə belə uzun-uzadı danışıq imkanı tanıyıblar. Adətən üç dəqiqə sonra danışığı kəsir,
sonra isə tamam başqa nömrə ilə calayırlar… Hə, hə… İndi mən əvvəlkindən də yaxşı
eşidirəm, sadəcə sənin aparatında nə isə küy var. Heç elə bil sənin telefonun deyil…
Xəbərin var ki, mən səni həm də görürəm?
Kişinin suallarına cavab verir.
Hansı şərfini taxmısan?.. Qırmızı… düyün soldadır… köynəyinin qollarını
çırmalamısan… Sol əlində nə var? Telefon dəstəyi. Sağ əlində? Qələm. Bloknotda
ürəklər, ulduzlar, başlar çəkirsən. İndi gülümsünürsən. İstəyəndə mən hətta öz
qulaqlarımı da görə bilirəm. (Cəld hərəkətlə üzünü örtür). Yox, əzizim, mənə elə baxma
da… Qorxuram?… Yox, qorxub eləmirəm… Bu daha betərdir… Sadəcə mən yalqız
yatmağı yadırğamışam… Hə… Hə… Hə… Hə, hə… Sənə söz verirəm… Mən, mən…
Söz verirəm… Bunu sənə vəd edirəm… Sən çox xeyirxahsan… Bilmirəm. Özümü
güzgüdə süzməkdən də qaçınıram. Vanna otağında işığı yandırmaqdan çəkinirəm. Dünən
aynada yaşlı bir qadınla burun-buruna gəldim… Yox, yox! Həqiqətdir, üzü narın
qırışlarla örtülmüş ağ saçlı bir qarıydı… Sən çox nəcib insansan! Amma, əzizim, hardan
idi məndə elə gözəl üz? Adətən sənət adamları belə süni danışırlar, o da nə işə yarar ki…
Yadında, mənə “bu iyrənc sifətə baxın” deməyin əslində bundan çox ləzzət edirdi
mənə… Haqlısınız, əlahəzrət!… Zarafat edirdim… Əcəb də söz anlamazsan ha…
Yöndəmsiz olsan da, əsas odur ki, məni sevirsən. Əgər sən ayıq olub, üstəlik, məni
sevməsəydin, yəqin ki, telefon qorxu saçan silaha çevrilərdi. İz buraxmayan, səssiz
işləyən silaha… Mənmi? Hikkəliyəm? Allo!… Allo! Allo!… Allo, əzizim… Haraya yox
oldun belə?.. Allo, allo, allo, xanım qız. (Nömrəni yığır.) Allo, xanım qız, danışığımız
kəsildi.
Dəstəyi qoyur. Pauza.
Təkrar dəstəyi qaldırır.
Allo! (Nömrəni yığır.) Allo! Allo! (Nömrəni yığır). Allo, xanım qız!
Nömrəni yığır. Zəng çalınır.
Allo, sənsən?… Yox, xanım qız. Söhbətimiz yarıda kəsildi… Hardan bilim?! Yəni ki…
Gözləyin… Otöy, sıfır-dörd-yeddi. Allo!… Məşğuldur… Allo, xanım qız, yəqin o mənim
nömrəmi yığır… Yaxşı.
281
Dəstəyi qoyur. Zəng.
Allo! Allo!.. Yaxşı.
Dəstəyi qoyur. Zəng gəlir.
Allo! Allo! Sıfır-dörd-yeddi? Yox, altı demədim, yeddi. Off!
Yenidən nömrəni yığır.
Allo!.. Allo, xanım qız. Nömrə yanlışdır. Məni sıfır-dörd-altıya bağlayırlar. Mən isə sıfır-
dörd-yeddini sifariş vermişəm. Otöy. (Gözləyir.) Allo! Otöy, sıfır-dörd-yeddidir? A! Hə.
Danışan Jozefdir?.. Bu, mənəm… Cənabla söhbətimizi bayaq yarıda kəsdilər. Evdə
yoxdur?.. Hə… Hə… Bu gün evə qayıtmayacaq ki?.. İlahi, mən əcəb huşsuzam! Cənab
mənə restorandan telefon etmişdi, söhbətimiz yarıda kəsildi, mən isə indi onu evində
axtarıram… Bağışlayın məni, Jozef… Sağ olun… Sağ olun… Yaxşı… Gecəniz xeyrə
qalsın, Jozef…
Dəstəyi qoyur. Qanı qaralıb. Zəng gəlir.
Allo! A-a! Əzizim, sənsən?.. Sözümüz ağzımızda qaldı… Yox, yox. Mən gözləyirdim.
Kimsə mənə zəng eləmişdi, dəstəyi qaldırdım, o biri başda susurdular. Əlbəttə…
Sözsüz… Hə yatmaq istəyirdin… Sağ olki, zəng etdin… Çox xeyirxahsan…
Ağlayır. Pauza.
Yox, qulağım səndədir… Necə?.. Bağışla məni… Anlayıram ki, bu axmaqlıqdır… Eybi
yox… Mənim işlərim qaydasındadır… And içərəm ki, bütün işlərim öz yolunda gedir…
Yox, bu sənə elə gəlir… Heç nə baş verməyib. Yanılırsan… Eynilə əvvəlki səs tonuyla…
Bilirsən, fərq ondadır ki, danışdığın zaman adamın ağlına da gəlmir ki, dəstəyi qoyan
kimi susacaq və yenidən boşluğun, zülmətin ağuşuna düşəcəksən… Deməli… (Ağlayır.)
Əzizim, bir məni dinlə. Sənə heç vaxt yalan satmamışam… Hə, bilirəm, bilirəm, sənə
inanıram, bu barədə sənə güvənirəm… Yox, məhz bu barədə… Amma bir azca qabaq
sənə bir yalan dedim… bir az qabaq… indicə… telefonla, bu son on beş dəqiqə ərzində
sənə bəzi yalanlar sırıdım. Yaxşı bilirəm ki, heç bir ümid yerim və umacağım qalmayıb,
dar gündə heç yalan da adamın karına gəlmir, bir də ki bu sənin hətta xeyrinə olsa belə,
sənə yalan satmağı sevmirəm, bunu bacarmıram və istəmirəm bunu… Of! Elə bir şey
deyil, əzizim, qorxma… Geyimimi sənə təsvir etməklə və Martagildə yemək yediyimi
deməklə bir az qabaq sənə yalanlar sırıdım.
Hələlik dilimə heç nə vurmamışam, əynimdə çəhrayı paltar yoxdur. Gecə köynəyinin
üstündən çiynimə qısa kürkümü atmışam. Çünki sənin zənginin intizarında gözümü
telefona zillədiyim, gah qalxıb, gah oturduğum, gah da otaqda var-gəl etdiyim bu müddət
ərzində yavaş-yavaş ağlımı itirdiyimin fərqinə vardım! Ona görə də kürkümü çiynimə
atdım ki, küçəyə çıxıb taksi tutum, yaşadığın mənzilin pəncərələri altında dayanıb səni
gözləyim… Bilmirəm! Nəyi gözlədiyimi özüm də bilmədən, sadəcə gözləyim…
Haqlısan… Hə… Hə, qulaq asıram… Özümü ağıllı aparacağam… Qulaq asıram… And
içirəm ki, suallarına gerçək cavablar verəcəyəm… Qulağım səndədir… Yox, hələ ki, heç
nə yeməmişəm… Meylim çəkmirdi… Əhvalım qarışmışdı… Dünən axşam yuxulamaq
282
üçün yuxu həbi içmək istədim: özlüyümdə düşündüm ki, əgər bir neçə həb içsəm, daha
rahat yataram, yox, əgər bütün həbləri içəsi olsam, onda həmişəlik yataram. (Ağlayır.) …
Düz on iki həb içdim…
İlıq su ilə…
Lap ölü kimi yatmışdım. Yuxuda gördüm ki, məni atıb getmisən. O dəqiqə yuxudan
ayıldım, yerimdən sıçrayınca bunun sadəcə yuxu olduğuna xeyli sevindim. Az sonra
bunun gerçək olduğunu, yalqız qaldığımı, başımın sənin çiynində uyumadığını,
aramızdaki məsafənin uzaqlığını anlayınca, bundan belə yaşamağın mənasızlığına qərar
verdim… Vücudum lələk kimi yüngül və soyuq idi, ürəyim dayanmaq üzrə idi, amma
ölmək bilmirdim, sonunda içimi elə qorxunc həsrət sardı ki, aradan bircə saat keçməmiş
Martaya zəng etdim. Yalqızlıqda ölməyə cəsarətim yetmədi…
Əzizim… Əzizim… Səhər saat dörd idi. Marta bizə binalarında yaşayan həkimlə birlikdə
gəlmişdi. Hərarətim qırxa yaxın idi. Görünür, özünü zəhərləmək asan iş deyil, çünki çox
adam öz dozasını bilmir. Həkim dərman yazıb getdi, Marta bütün günü yanımdan
ayrılmadı. Bir az var gedib, bunda da mən israr etdim, mənə son kərə zəng edəcəyin
barədə vədin xatirimdəydi və qorxurdum ki, Marta yanımda olsa, səninlə rahat danışa
bilmərəm… İndi yaxşıyam, çox, həm də çox yaxşıyam… Yox, ağrımıram… Hə,
haqlısan… Bir az qızdırmam var… Otuz səkkiz və üç… O da əsəbilikdəndir…
Rahatlığını pozma… Tamam unutmuşam! Bax ha, üstəlik də söz vermişdim ki, səni
həyəcanlandırmayacağam, səndən sabah görüşəcəkmişik kimi arxayın ayrılmışdım, səni
arxayın yola salmışdım… Yox, bu, ağılsızlıq olardı… Hə, hə, sözsüz ki, bu ağılsızlıq
olardı!.. Dəstəyi asıb, təkrar tənhalığa qapılmaq daha müşküldür… (Ağlayır.) Allo… Elə
bildim yenə danışıq kəsildi…
Sən elə səmimi, mehriban adamsan ki… Mən isə sənin kimi zavallı tifilin könlünü
qırdım… Daxilən elə əzablar çəkirdim ki, istəyirdim özümü yerdən yerə vurum, amma
sənin səsini duyan kimi könlümə rahatlıq və sərinlik yayıldı. Səninlə yanaşı uzanıb,
başımı həmişəki yerinə, yəni sənin çiyninə qoyub, şirin söhbətinə qulaq verəndə də səsin,
bax, eynilə indii telefondan eşitdiyim kimi gəlirdi…
Alçaqlıqdır?.. Əksinə, mən özümü yaramaz aparıram. Axı, sənə söz vermişdim ki…
Mən… Nə danışırsan! Axı, sən… Sən… Sən həmişə məni xoşbəxt etməyə çalışırdın…
Əzizim, əmin ola bilərsən ki, bunlar yalandır. Mən aramızda bütun bu olub-keçənlərin
gec-tez baş verəcəyinə heç vaxt şübhə etmirdim. Dünyada minlərlə qadın zənn edir ki, öz
sevgilisi ilə ömürboyu birlikdə olacaq və elə buna görə də onlardan ötrü ayrılıq tamamən
gözlənilməz bir şey sayılır. Mən isə bunu gözləyirdim… həm də çoxdan gözləyirdim…
Sadəcə sənə heç nə demirdim… Onun fotosunu dərziyə gedəndə jurnalda görmüşdüm…
Masanın üstündəki jurnal nədənsə məhz həmin səhifədəcə açılmışdı… Amma bu, çox
təbiidir, daha dəqiq desəm, qadınsayağıdır… Çünki səninlə keçirəcəyim son həftələri bir
heçə döndərmək istəmirdim… Yox. Bu, çox təbiidir… Gəl, məni olduğumdan daha yaxşı
və üstün görməyə çalışma, canım… Allo! Qulağıma nəsə bir melodiya gəlir… Deyirəm
ki, melodiya eşidirəm… Divara döyüb onlara təpin ki, gecənin bu vaxtı sakitliyi
pozmasınlar. Gecədən keçmiş musiqi dinləmək onların köhnə adətidir, həm də
arxayındırlar ki, sən evində gecələmirsən… Yox, istəməz… Martanın gətirdiyi həkim
sabah mənə baş çəkəcək… Yox, əzizim, çox yaxşı həkimdir və bir başqasını gətirməklə
onun xətrinə toxunmağa dəyməz… Narahat olma… Həqiqətən… Doğru sözümdür…
Marta sənə bildirər… Başa düşürəm… Anladım… Yox, bu səfər mən dözümlü, çox
dözümlü olacağam… Necə?.. Oh, indi son dərəcə yaxşıyam və əgər işdir-şayət sən zəng
etməsəydin, çoxdan o dünyalıq olmuşdum… Yox… Gözlə görüm… Gözlə… Bir çarə
tapmağa çalışarıq…
283
Otaqda var-gəl edir, arada ahlayıb-uflayır.
Bağışla məni. Mən də anlayıram ki, nə qədər səbirli davransan da, bütun bunlar
dözülməzdir, amma unutma ki, mən əzablar içində çapalayıram. Bu telefon xətti - bizi
birləşdirən sonuncu bağdır… Srağagün axşam? Hə, yatmışdım. Telefonu yatağa, yanıma
götürmüşdüm… Yox, yox… Yatağa…
Hə, bunun gülünc olduğunu anlasam da, telefonu özümlə məhz yatağa götürmüşdüm,
çünki bunun bizi birləşdirən son bağ olduğunu bilirdim… Kabel… Həm də axı, sən söz
vermişdin ki, yenə zəng edəcəksən. İnanmazsan ki, o az vaxtda nə qədər rəngarəng yuxu
gördüm. Bir gördüm ki, guya sənin telefon zənginin səsindən qulaqlarım ba
tıb, sən məni vurunca yerə sərilirəm. Sonra gördüm ki, məni boğurlar və ağlım başıma
gəlincə özümü sənin Otöydəki mənzilində, amma dənizin dibində buluram, əynimdəki
skafandrın kabelinin bir ucu sənə bağlıdır və sənə yalvarıram ki, məbadə onu üzüb
atasan. Dilinə alıb danışanda bütün bunlar bəlkə axmaq səslənir, amma yuxuların hədsiz
reallığı məni dəhşətə gətirmişdi… Artıq o hiss keçib gedib, çünki səninlə danışa bilirəm.
Bu son beş ilimi ancaq sənə bağlı yaşamışam, ancaq səninlə nəfəs almışam, ancaq sənin
yolunu gözləmişəm. Görüşə gecikdiyin zaman öldüyünü zənn eləmişəm, bu fikirdən
özüm də ölməyə başlamışam, amma sən otağıma qədəm basınca, yanımda peyda olunca
mən də dirilmişəm və yenidən məni tərk edəcəyini düşününcə qorxular canımı alıb. İndi
rahat nəfəs ala bilirəm, çünki səninlə danışıram. Əslində yuxum sən deyən də mənasız
deyilmiş. Məsələn, əgər sən indi dəstəyi assan və ya bizi qovuşduran bu son bağı
kəssən…
Hə, əzizim, birinci gecə mən ona görə yuxuladım ki, bu mənə ilk dəfə uyğulanmışdı.
Həkim dedi ki, sinir şoku keçirmişəm, həm də ki, birinci gecə bütün xəstələr yatır. Bu cür
sarsıntı adətən gözlənilməz olduğundan ağrısı da dözülməz təsir bağışlayır, adamı necə
çaşdırırsa, zərbədən yayınır və dözürsən. İkinci gecə isə, yəni dünənki gecə - artıq tam
çəkilməz oldu, bugün isə üçüncü gecəmdir. Sən dəstəyi asandan sonra, yəni bir azdan
başlanacaq və sabahkı günü, birisigünü və daha neçə-neçə belə mənasız günləri əhatə
edəcək. İlahi, özün mənə bir çarə qılsana!
Yox, qızdırmam tamam keçib gedib və hər şeyi tam ayıq başla dəyərləndirməyə
qadirəm… Bu, çarəsizlikdən doğmuşdu, odur ki, var gücümü toplayıb, sənə yalan
sırımalı oldum… Lap elə yuxulasam belə, bunlar yuxuda da məni rahat buraxmayacaq.
Sonra da gərək qalxıb geyinim, yemək yeyim, yuyunum, adam içinə çıxım. Yaxşı, bəs
hara gedim, hə?.. Amma, əzizim, mənim səni sevməkdən başqa bir işim-gücüm yox idi
axı… Ola bilsin ki, mən həmişə məşğul görünürdüm, haqlısan, amma bütün fikrim-
zikrim ancaq səninlə məşğul idi, sənin yanında idi… Marta?.. Amma onun da öz yaşamı
var… Əzizim, bu, balıqdan susuz necə yaşayacağını soruşmağa bənzədi ha… Axı, sənə
dedim ki, mənə başqa heç kim lazım deyil… Əylənməkmi?.. Sənə bir etiraf etmək
istərdim, düzdür, şairanəlikdən uzaq olsa da, bu, əsil həqiqətdir. Məni qoyub getdiyin o
mənhus gecədən sonra fikrimdən təkcə bir yol çıxmısan, o da ki, həkim dişimin sinirini
çıxaranda…
Təkəm… təppətək… Bayaq sənə dedim ki, it də iki gündür dəhlizdən otağa keçmir…
Onu çağırıb, bir az oxşamaq, sığallamaq istədim. Amma yaxın buraxmır. Bir az da
zəhləsini töksəm - dişləyə də bilər… Hə, elə məni də dişləyər!.. Dişlərini qıcayıb
mırıldanır. İnan ki, o əməlli-başlı dəyişib, ondan lap qorxuram… Martanı?.. Bəs sənə
demirəm ki, it heç kimi yaxına qoymur?! Marta da onu gəzməyə güc-bəla çıxara bildi,
çünki ona qapını açmağa da imkan vermirdi…
284
Hə, bu pis olmazdı. Sən inanırsan ki, mən artıq ondan qorxuram? Dilinə heç nə vurmur.
Yerindən də tərpənmir. Gözlərini mənə zilləyəndə canımdan soyuq gizilti keçir… Mən
bunu hardan bilim, axı? Bəlkə də itə elə gəlir ki, məndən sənə bir yamanlıq toxunub…
Yazıq heyvan… Onun durumunu çox yaxşı anladığımdan ona zərrəcə acığım tutmur. İt
sənə yamanca isnişib. Sən isə geri dönmək bilmirsən ki, bilmirsən… İt elə zənn edir ki,
bunun tək baisi də mənəm…
Bacarsan Jozefi yolla… Məncə, it ona qoşulub gedər… Ah, mən… Bunun ki, zamanı
gəlməyib… O mənə heç vaxt bağlı olmayıb… Nə sübutum ola bilər ki? Bu sənə belə
gəlirmiş, əslində, inan mənə, it məni artıq bir qarışlığına da buraxmır…
Əgər sən onu bizdən almasan, gərək onu bir başqasına verim. Çünki onun bunca əsəbilik
keçirməsini və ya xəstələnməsini heç istəmərəm… Səninlə qalsa, o heç kimi dişləməz.
Çünki sənin seçib-sevdiklərinə o da könüldən bağlanır… Demək istədim ki, səninlə
yanaşı yaşayanlara o da rəğbət bəsləyir… Bu barədə haqlısan, əzizim, amma unutma ki, o
itdir, hər nə qədər ağıllı olsa da, anlaya bilməz ki… Mən şəxsən ondan heç çəkinmirdim.
Sənin gedişindən sonra onun nələr çəkdiyini bir Allah bilir!.. Demək istəyirəm ki, it son
dərəcə dəyişdiyim üçün it artıq məni tanımır və məndən qorxur… Nə bilmək olar axı?..
Əksinə… Oğlunun ölüm xəbərini Janna xalaya çatdırdığım axşamı yadına sal. Xatirində
deyil o adətən rəngi avazımış və cılız qadın həmin axşam necə də nəhəng və qıp-qırmızı
olmuşdu?.. Hə, it də sanki dam boyda olmuşdu, adama elə gəlirdi ki, başı tavana dəyir,
otaqda onun əlindən dəbərmək olmurdu, kölgəsi və zəhmi hər yeri basmışdı, qəribə
şəkildə də hürürdü… Mənim nə elədiyim heç xatirimdə deyil, əzizim! Hardan bilim axı?
Elədə insan sanki öz mehvərindən çıxır. Yəqin ki, mən də ətrafa dəhşət saçırmışam.
Təsəvvür eləməzsən ki, mən öz fotolarımla dolu qalın bir zərfi, özümdən xəbərsiz
ortadan cırmışam. Adi vaxtda bunu cırmağa heç kişi xeylağının da gücü yetməz.
Hansıları? Sürücülük vəsiqəsi üçün çəkdirdiklərimi… Necə?.. Yox, daha o vəsiqə
gərəyim deyil… Heyifslənməyə də dəyməz. Tamam özümdən çıxıbmışam… Yox, bir də
eləməyəcəyəm! Çünki yolda sənin qarşıma çıxman məndən ötrü bir səadət idi. İndi isə
əgər səyahətə çıxası olsam, səninlə rastlaşmamı bədbəxtlik sayardım…Yox, məni dilə
çəkmə… Yetər…
Allo! Allo! Xanım, dəstəyi qoyun, sizi yanlışlıqla başqa nömrə ilə bağlayıblar… Allo!
Yox, xanım, axı… Heç kim sizin əsəbilərinizlə oynamır. Amma başqasının danışığına da
qulaq asmamalısınız… Əgər bizim söhbətimiz sizə gülünc gəlirdisə, bəs onda niyə
vaxtınızı boş şeylərə sərf etməmək üçün bayaqdan dəstəyi asmırdınız? Oh!.. Nə
dediniz?.. Əzizim! Əzizim! Sinirlənmə… Ən nəhayət… Yox. Yox, mən idim. Mən
telefonun çəngəlinə basdım. Qadın da içində yığılan çirkabı boşaldan kimi dəstəyi asdı…
Allo! Könlünə toxundu?.. Əlbəttə ki, yəqin bu eşitdiklərindən könlün qırıldı. Bunu
səsindən sezirəm… Sən küskünsən!.. Mən… Əzizim, əvvəla, bu qadın çox hirsli idi,
ikincisi də, o səni tanımır. Yəqin o zənn edib ki, sən də bütün qalan kişilərin tayısan…
Yox, əzizim, yox! Bunlar eyni şeylər deyil… Vicdan əzabı çəkmək?.. Allo!.. Bunu bir
yana qoy. Belə axmaq şeyləri könlünə yük etmə. Oldu, bitdi… Əcəb sadəlövhsən
amma!.. Kimdi o? Nə fərqi varmış axı. Məsələn, srağagün mən, soyadı S hərfi ilə
başlayan bir tanış qadına rast gəldim… S hərfi ilə… B. S. Hə, hə, o qadın Anri Marten
küçəsində yaşayır…
Səni xəbər alırdı, deyirdi ki, onun qardaşı var, ya yox. Sonra da açıb dedi ki, qəzetlərdə
sənin qardaşının toy elanına rast gəlib… Zənn eləmə ki, mən bu xəbərdən sarsıldım…
Çünki bu, bir gerçəkdir… Hansı üzlə? Dərin hüznlə… Əlbəttə, mən ondan ayrılmağa
çalışdım. Dedim ki, evdə qonaqlarım var… Gəl, bunu bu qədər qəlizləşdirmə. Hər şey
çox bəsitdtr. İnsanlar özlərinə olan diqqətsizliyə qarşı amansızdırlar. Mən isə get-gedə
285
bütün dostlarımla üzülüşürəm… Mən birlikdəliyimizin hər dəqiqəsini dəyərləndirməyə
çalışıram… Şayiələrə qarşı tam biganəyəm. Qoy istədiklərini danışsınlar… İnsafı əldən
qoymaq olmaz. Başqaları bizim münasibətləri anlamağa qadir deyillər… Kənar
adamlar… Onlardan ötrü ancaq sevgi və nifrət mövcuddur. Ayrılıq isə ayrılıqdır. Onlar
hər şeyə üzdən yanaşırlar. Bunu onlara heç vaxt aşılaya bilməzsən… Sən… Bəzi şeylər
var ki, sən onları başqalarına heç vaxt açıqlaya bilməzsən… Ən asan yol isə, mən etdiyim
kimi, bunu yalanlamaqdır. Yerli-dibli…
Qəfil ağrıdan sarsılıbmış kimi çığırır.
Of!.. Heç. Önəmli deyil. Səninlə belə uzun-uzadı və ordan-burdan danışsaq da, arada
xatırlamalı oluram ki, aramızda hər şey bitib… (Ağlayır.) Niyə özümü aldatmalıyam ki?..
Hə… Hə… Yox, keçmişdə bənzər durumlara düşən adamlar çaşqınlıq keçirsələr də,
sözlərinə xilaf çıxsalar da, hər şeyi yenidən başlamağı, yenidən sevgililərinə sahib
çıxmağı, onların köksünə sığınmağı, onlardan dördəlli yapışmağı bacarırdılar. Bircə
baxışla hər şey alt-üst olurdu. İndi isə, bu telefonlar zəmanəsində, bir şey qırıldısa, yerli-
dibli qırılır… Fikir eləmə. Sui-qəsdlə ölmək təkcə bir yol mümkündür… Bəlkə də biri
yetər uyumaq üçün… Yox, mən tapança satın ala bilmərəm. Sən təsəvvürünə gətirə
bilirsən ki, mən necə tapança alıram?.. Axı, mənim yalan danışmağa da tabım-taqətim
qalmayıb, əzizim… Haradan alım?.. Mən güclü, dözümlü olmalıydım… Bəzi durumlarda
yalan da köməyə gəlir. Məsələn, sən hicran əzablarımı xəfiflətmək üçün əgər mənə yalan
satmış olsaydın… Mən demirəm ki, sən yalan danışırsan. Dedim ki: əgər sənin yalan
satdığını mən anlamış olsaydım… Məsələn, əgər indi sən evdə olmasaydın, amma mənə
desəydin ki… Yox, yox, əzizim! Bir qulaq as da… Sənə etibarım var… Mən demək
istəmədim ki, sənə inamım qalmayıb… Niyə belə əsəbiləşirsən?.. Yox, əsəbiləşirsən axı.
Səsindən əsəbilik yağır. Mən dedim ki, sənin mənə hərhansı ardniyyətsiz yalan satdığını
anlamış olsaydım, səni əvvəlkndən daha artıq sevərdim… Allo! Allo!.. Allo!.. (Dəstəyi
yerinə qoyub, sakit səslə, amma sürətlə danışır.) İlahi, bir səbəb sal ki, bir də zəng etsin.
İlahi, bir səbəb sal ki, yenə zəng eləsin.
Bu cümləni daha 2 dəfə təkrarlayır.
İlahi bir səbəb sal ki…
Zəng. Dəstəyi qaldırır.
Danışığımız kəsildi, elə sənə onu deyirdim ki, sənin mənə ard niyyətsiz yalan satdığını
anlamış olsaydım, səni əvvəlkindən daha artıq sevərdim… Əlbəttə ki… Sənin ağlın
çaşıb… Eşqim mənim… Mənim tək eşqim…
Dəstəyin kabelini boynuna dolayır.
Mən də bilirəm ki, belə lazımdır, amma bu, dözülməzdir… Yox, buna mənim heç vaxt
cəsarətim yetməz… İndi biz danışırıq və mənə elə gəlir ki, biz yanaşı durmuşuq, biz bir-
birimizə söykənmişik, söhbət kəsilən anda yenidən aramızda zirzəmiləri və
kanalizasiyalarıyla bir şəhər zühur edəcək… Xatirindədir, insan səsinin kabellərlə
ötürülməsinə İvonna necə heyrətlənirdi. İndii mən telefon kabelini boynuma dolamışam.
Və deməli, sənin səsin də … mənim boynuma dolanıb… Əgər bu ara telefon
286
qovşağından təsadüfən danışığımızı kəssəydilər, heç fəna olmazdı… Ah, əzizim! Yəni
səncə, mən sənə bunca az bələdəm ki? Bu əməliyyatın mənə nisbətən sənin üçün daha
dözülməz olduğunu da yaxşı anlayıram… Yox… Yox, canım… Marselə?.. Əzizim, əgər
siz birisigün axşam Marselə gələcəksinizsə, mən də istərdim ki… yəni xahiş edərdim
ki… xahiş edərdim ki, sən adətən bizim qaldığımız oteli seçəsən. Acığın tutmur ki,
mənə… Çünki insanın təsəvvür edə bilmədiyi şeylər ondan ötrü, ümumiyyətlə, mövcud
deyil və ya hansısa duman arxasında mövcuddur. Bundan isə faciə yaratmağa dəyməz…
Anladın?.. Sağ ol… Sağ ol… Necə də xeyirxahsan. Sevirəm səni.
Yerindən qalxır, telefon aparatı əlində
yatağa sarı gedir.
Bax belə… Bax… Həmişəki kimi az qala deyəcəkdim “hələlik”… Güman etmirəm…
Bunu heç kim və heç vaxt biləmməz… O!.. Hə… Belə daha yaxşıdır. Həm də çox
yaxşıdır…
Telefonu köksünə sıxıb, çarpayıya uzanır.
Əzizim… Sevgilim… Gözəlim… Mən dözümlü olacağam. Tez ol. Tez ol, dəstəyi qoy!
“Tez ol” dedim axı. Qoy yerə! Tez ol! Mən səni sevirəm, sevirəm, sevirəm, sevirəm…
Telefonun dəstəyi döşəməyə düşür.
Pərdə.
Ruscadan çevirən: Azad Yaşar
E-mənbə / link: http://xariciedebiyyat.azeriblog.com/2007/12/22/jan-kokto-insan-sesi-
monopyes
Dostları ilə paylaş: |