E.ə. II minilliyin axırı I minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış ibtidai-icma quruluşunun dağılması sürətlənmişdir
E.ə. II minilliyin axırı – I minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış ibtidai-icma quruluşunun dağılması sürətlənmişdir. Bu dövrdə Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başçıları rəhbərlik edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı olan ərazilərə yiyələnmişlər.
Tayfalar daxilində də təbəqələşmə gedirdi. Güclü ailələr, tayfa başçıları və ağsaqqalları, icma şurası üzvləri, nüfuzlu hərbçilər, kahinlər çoxlu var-dövlətə sahib olurdular.
İcmanın daha münbit əkin sahələrini, əsas otlaqlarını, mal-qarasını, at ilxılarını varlı ailələr ələ keçirirdilər. Gəncə yaxınlığında, Qarabağda və s. ərazilərdə belə ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir. Həmin binalar bir neə otaqdan ibarət olub, həyətyanı sahə ilə başqalarından ayrılırdı.
Azərbaycanda əhalinin belə təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənilir. Yoxsul qəbirlərində ölünün yanına az əşya qoyulmuşdur. Varlı adamların dəfn olunduğu kurqanlar həmçinin böyüklüyü, quruluşu və qəbirə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir.
Sinifli cəmiyyyət Azərbaycan ərazisinin hər yerində eyni vaxtda meydana gəlməmişdir. Bu da ictimai, iqtisadi və sosial dəyişikliklərlə bağlıdır.
Bu dövrdə Mesopotimayada baş verən dəyişiklər Azərbaycana da təsir edirdi. Bunun nəticəsi olaraq artıq e.ə III minillikdə Azərbaycanın cənuunda erkən dövlət qurumları meydana gəlmişdir.Cənubi Azərbaycanda eramızdan əvvəl III minilliyin I yarısında İkiçayarası Şumer dövlətləri ilə ünsiyyətdə olan qədim dövlət quruluşu mövcud idi. Şimali Azərbaycan qədim İkiçayarası sivilizasiyasından xeyli kənarda yerləşmişdi. Buna görə də burada sinifli cəmiyyətin ruşeymləri gec yaranmışdır. Şimali Azərbaycanda dövlət hakimyyətinin ruşeymi tunc dövrünün sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir. Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında təsvir olunurdu. Aratta ölkəsi Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasıın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula (rəis) və b. Dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özunə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı.
Bizim eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda ikinci dövlət qurumu olan Lullubi dövləti yarandı. Sosial cəhətdən azad lullubilər hürri və het dövlət idarələrinə əşə cəlb olunurdular. Onlar muzdlu döyüşçü kimi orduda da xidmət edirdilər.
Lullubi dövlət qurumuna hökmdar başçılıq edirdir. Lullubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır.
Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənub-qərbində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.
Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə maçal tapmır, təkbə-tək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar və s. Yaşayırdılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar Lullubi və Kuti dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Bu tayfalar Zaqros dağ keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar. Lakin Mesopotamiyanın şimalında yerləşən Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər müqavimət göstərərək öz torpaqlarını vermədilər, əksinə assuriyaların nəzarəti altında olan Şuşarra vilayətini tutdular və bu ərazi uğrunda onlar dəfələrlə Assuriya ilə mübarizə aparmağa məcbur oldular.
Şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ildə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi – İran körfəzi regionuna daxil idi.
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.
Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydanlandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.
Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.
Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.
Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.
Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda – Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə - Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.
Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına – Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.
Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu – VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində - Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru – Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.
Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. “Tarixin atası” Herodotun (e.ə.V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat sürürdülər. Onlar yeganə bir allaha – Günəş allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan – atdan qurban verirdilər.
İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində uğurla müdafiə etmişdilər.
Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran – Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. “Məğluğedilməz” Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə “Böyük Kir” ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.
İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı. Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.