İlin axırıncı günü, elə işə gələn kimi, Münəvvər xanım xəstənin sarıqlarını bir-bir açmağa başladı.
Onun sağ əlinin iki barmağında, sol qolunun dirsəyində olan çıxıqların tamam bitişdiyini həkimə sevinə-sevinə xəbər verdi. Sonra iki qadın (Münəvvər xanım və Azadə xanım) köməkləşib, artistin bədənini spirtlə yaxşı-yaxşı yudular. İndi xəstənin üzdə olan yeganə fiziki problemi sağ qıçının gibsə salınmış sınığıydı. Artistin ruhi vəziyyətində elə bir əsaslı yenilik görünmürdü: hələ artist danışa bilmirdi və onun danışılana necə reaksiya verdiyini də anlamaq mümkün deyildi.
Yeni il axşamı palatada bayram süfrəsi açmağı Azadə xanım əvvəldən planlaşdırmışdı. Fikrində qoymuşdu ki, atasını da Mərdəkandan çağırsın, o axşamı hamılıqla bir yerdə keçirsinlər. Çünki doktor Fərzani ilə Münəvvər xanımın da təzə ili bir yerdə keçirməyə özgə kimsəsi yox idi. Ancaq doktor Abasəliyev axşam şəhərə gələcəyinə söz versə də, sonra fikrini dəyişdi. Hələ axşama xeyli qalmış zəng eləyib, gələ bilməyəcəyini xəbər verdi.- Belə gündə bağı başına buraxmağa qorxuram, – dedi. – Hər yeri banditxanaya döndəriblər. Daha mərdəkanlılara da etibar yoxdu.
O gün ömründə ilk dəfə Azadə xanım təzə il axşamını atasından ayrı keçirdi. Xəstəxananın yaxınlığında yaşayan Münəvvər xanım yeni ili Azadə xanımla bir yerdə qarşılayıb, gecəyarısı evinə getdi. Qızının Moskvadan zəng eləməyini gözləyən doktor Fərzani, Münəvvər xanımın getməyi ərəfəsində, 5-10 dəqiqəliyə palatada görsənib, sonra öz kabinetinə çəkildi. Palatada əri ilə tək qalmış Azadə xanım o gecə xəstəni danışdırmaq üçün illər boyu ürəyində gizlətdiyi sözləri ilk dəfə dilinə gətirdi, o sözlərlə ərini uşaq kimi oxşadı, əzizlədi. Ancaq Saday Sadıqlının dilindən o gecə də bir kəlmə söz çıxmadı. Artistin təkcə gözləri danışırdı. O gözlər həm ağlayırdı, həm gülürdü.
Dostları ilə paylaş: |