Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Saday Sadıqlının xəstəxanaya düşməyinin, düz 10-cu günü, hələ səhər erkən, doktor Abasəliyev kürəkəninin yatdığı palatanın qapısını açıb, qəflətən içəri girdi



Yüklə 192,11 Kb.
səhifə62/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   58   59   60   61   62   63   64   65   ...   71
Saday Sadıqlının xəstəxanaya düşməyinin, düz 10-cu günü, hələ səhər erkən, doktor Abasəliyev kürəkəninin yatdığı palatanın qapısını açıb, qəflətən içəri girdi.

Onun xəstəxanaya gələcəyini heç kəs əvvəlcədən bilmirdi.

Uzunboğaz köynəyinin üstündən qalın gödəkçə geymiş qocaman psixiatr palatanın qapısından portfel əlində içəri girəndə doktor Fərzani xəstənin səhər müayinəsini təcəzə bitirib, otağın aşağı başında - pəncərənin böyründəki əlüzyuyanda əllərini yuyurdu. Münəvvər xanım pəncərədən bir azca aralıdakı dairəvi yemək stolunun üstündə həkim üçün çay-çörək hazırlamışdı. Həkimin gəlib oturmağını gözləyirdi. Azadə xanım pəncərənin qabağında dayanıb, həyətə baxa-baxa ötən həftə gedib baş çəkə bilmədiyi atasını fikirləşirdi. Xəstə isə elə əvvəlki vəziyyətində qalırdı: sifətində - 4-5 yaşlı uşağın bakirə təbəssümü, gözlərində -həsrətin və xəstəliyin həzin işığı...

Bayırda güclü külək əssə də, hava günəşli və aydın idi. Və bu saat o palatadakı adamlara kənardan baxan hər kəs ilk növbədə düşünə bilərdi ki, palatanın üçgözlü böyük pəncərəsindən içəriyə düşən gün işığına orada hamıdan çox xəstə sevinir.

Doktor Abasəliyev, hələ gödəkçəsini əynindən çıxarmamış, birbaşa kürəkəninin üstünə yüyürüb, onun üz-gözünü marçamarç öpdü. Sonra qayıdıb, doktor Fərzaninin əlini bərk-bərk sıxdı. Münəvvər xanımın ağ saçlarına ərklə sığal çəkdi. Gödəkçəsini əynindən çıxarıb, boş stulun üstünə atdı və qızının alnından öpüb, gedib xəstənin yanındakı kresloda əyləşdi.

Doktor Fərzanini heyrət bürümüşdü: ya çoxdan görmədiyi köhnə tanışının cavanlığına, çevikliyinə təəccüblənirdi, ya da qocaman psixiatrın həddən ziyadə impulsiv və ekspressiv hərəkətləri onun özünün də psixi cəhətdən nə dərəcədə normal olub-olmamağı barədə cərrahı şübhəyə salmışdı.

Doktor Abasəliyev nə həkimin bir kəlmə söz deməyinə imkan verdi, nə də qızının təşviş dolu gözlərindəki gizli mətləbi anlaya bildi. Dizinin üstünə qoyduğu portfelini həyəcandan əlləri əsə-əsə açdı. Portfelin içindəki yazılı vərəqlərdən birini götürüb, əlində bayraq kimi yellədə-yellədə, Əylisin böyük patriotu görünməmiş coşqun və atəşin bir ehtirasla öz söhbətinə belə başladı:

-Mən sənə 340 il bundan qabağın bir gözəl Əylisin gətirmişəm, növcavan. Ancaq elə bilmə ki, nağıl deyirəm. Burda hər nə var, hamısı 100 faiz olmuş şeydi. Bir Əylis tacirinin gündəlik yazmağın mən bir vaxt sənə Əylisdə danışmışdm. Yadında qalmış olar. Hələ türk ordusu Əylisi dağıtmamışdan, o gündəliyin ermənicəsini Mirzə Vabahda mən özüm görmüşdüm. 41-45-in müharibəsindən sonra o gündəliyin ruscasını bir dostum Yerevandan mənə göndərmişdi. Nə vaxtdan axtarırdım, bilmirdim ki, hara qoymuşam. Axır ki, özü tapılıb çıxdı – köhnə kitablarımın arasından. “Dnevnik Zakaria Akulisskoqo”* – gündəliyin rusca adı belədi. «Дневник Закария Акулисского» - Ermənistan SSR Elmlər Akademiyası tərəfindən 1939-cu ildə Yerevanda nəşr edilib. Ancaq məncə, Akulis yox, Aqulis olmalıdı. Çünki bu söz köhnə kitabların çoxusnda “K” yox, “Q” səsiynən yazılıb. “Q” hərfini “K” hərfiynən, ola bilər ki, sonralar ruslar əvəz eləyiblər. Əylisdə də, bilirsən, bu adam indiyəcən Zəkəriyyə Əylisli adıynan qalıb. Bu adı Mirzə Vahab da həmişə belə deyirdi. O tacirin haqqında rəhmətlik dədəm də çox şey bilirdi. –Doktor Abasəliyev gözlərini artistdən ayırıb, Fərzaninin üzünə baxdı. – Gör necə hörmətli insanmış ki, Fərid, Əylisin müsəlman camaatı onun adın öz uşağına qoyur! – Üzünü yenə kürəkəninə tutdu. – Heç görmüsən ki, növcavan, başqa yerin müsəlmanı götürüb uşağına Zəkəriyyə adını qoya? Amma o Əylisdəki Zəkəriyyəni sən məndən də çox görmüsən. Yadındadı, o vaxt biz Əylisdə olanda gedib patefon almışdı özünə. Cəmi bir dənə də plastinkası vardı – Xan Şuşinskinin ifasında. Səhər açılandan gecənin yarısınacan o valı oxudurdu: “Kim nazın çəkər, ay qadası, Kim nazın çəkər, ay qadası?” – Doktor Fərzaninin palatadan çıxmaq istədiyni görüb, sözünə ara verdi. – Ə, hara? Otur, qulaq as! – dedi və cərrah yerində oturandan sonra sözünə davam elədi:

-Gündəliyində özü yazdığına görə, 1630-cu ildə anadan olub. Sən bu Əylis ermənisindəki nemes dəqiqliynə bax – lap günün, saatın da yazıb: “Bazar günü, Müqəddəs Gevorqun doğum günü, günün ikinci yarısında. – Portfelindən yeni vərəq çıxardı. – Ticarətə başlamağı belə olub: 1647-ci ilin mart ayının 5-də, 17 yaşında, bir tay ipək götürüb, Əylisdən yola düzəlib. “Mən Zakari bu gün Əylisdən yola çıxıram. O müqəddəs ruh köməyim olsun! Harada hansı bir maraqlı hadisə rastıma çıxsa, onu dəftərimə yazacağam. Və əgər yazdığımda kimsə yalan axtarsa, qoy o Müqəddəs Ruh onun zəkasına işıq salsın”.

Fikir verirsən də, ağıl versin demir, işıq salsın deyir. Gör, necə alicənab insanmış!.. İndi, səfərinin marşrutuna fikir ver: Yerevan, Qars, Ərzurum, Toqat, Bursa, İzmir, sonra Stambul. Stambulu hər yerdə “Stambol” yazır. Birinci səfəri on ay çəkir, dekabrın axırında Əylisə qayıdır. Sonra day hara qalır ki, bunun ayağı dəyməsin: Yunanıstan,Venetsiya, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Polşa, Hollandiya... Hələ sən bu cavan oğlanda kəlləyə bax: təxminən 1 il sonra 1648-ci ilin oktyabr ayında yeniçərilərin Sultan İbrahimi taxtdan salmağını, gör, necə dəqiq yazır: “Stambolda su yerinə qan axırdı. Şəhər düz 20 gün qan içində üzdü. Axırda Sultan İbrahimi boğub öldürdülər. Onun böyük oğlu Məhəmmədi sultanlıq taxtına əyləşdirdilər. Sultan İbrahimin 45, Sultan Məhəmmədin 7 yaşı vardı”. Zakari, 38 il sonra, gündəliyində bu məsələyə bir də qayıdır: “Sultan Məhəmməd çox müharibələr eləmişdi, çox ölkələri, kənd-şəhərləri viran qoymuşdu. Bəlkə dənizdəki qumu saymaq bu müharibələrdə qırılan adamları saymaqdan asan olardı. Onun padişahlığı 1687-ci ilədək çəkdi. Sonra Sultan Məhəmmədi tutub, zindana saldılar. Qardaşı Süleymanı padişah elədilər. İndi Sultan Süleyman padişahdır, Sultan Məhəmməd zindandadır”.

Azadə xanım süzüb atasının qabağına qoyduğu soyumuş çayı götürüb təzələdi.

-Bir çay iç də, nə olar, - dedi. – Erməni taciri qaçmır ki.

-Çay içmişəm. Bilirsən ki, mən çayı gündə bir dəfə içirəm. – Doktor Abasəliyev bir qədər qəzəbli səslə dedi və həmin qəzəbli səslə də söhbətinə davam elədi: - Biləsən, İranın o şahları, xanları Əylisin başına nə oyunlar gətirib!.. Eşit, oxuyuram: “1653-cü il, 10 iyul, Əylis. Şah Abbasın göndərdiyi Ağa Lətif adlı xacə bu gün Əylisə gəldi. 16 nəfər azyaşlı oğlan və qızın adını kağıza yazdı, ancaq heç birin aparmadı. Allah bizə bu dəfə də rəhm elədi”.

Bu qəbildən başqa bir maraqlı məlumat: “1653, 26 iyul. Padişahın əmri ilə şərab çəkməyi qadağan elədilər. Xanın darğası Hümmət bəy bu gün Əylisə gəlib, dilimizdən iltizam aldı ki, bundan sonra Əylisdə şərab çəkilməyəcək. Bu qadağa 6-7 ay davam elədi. Sonra, Allahın köməkliyi ilə, hər şey yoluna düşdü”. İranın Şah Abbasdan sonrakı padişahı Süleymanın vaxtında da elə bir müsibət qalmayıb ki, o Əylisin başına gətirilməsin. “Səfiqulu xanın göstərişilə Qaqayız bəy deyilən birisi bu gün Yerevandan Əylisə gəldi. Özü ilə 30 atlı gətirmişdi. Onlar şahın fərmanı ilə Əylis camaatından 1000 tümən pul yığmalıydılar. Rüşvət, dərəbəylik, zülm ərşə qalxmışdı. 100-dən çox adama işgəncə verib, 35 adamı dar ağacından asdılar... Bütün bu zülmlərdən sonra camaatdan cəmi 350 tümən pul yığa bildilər”.

“Yanvar ayında çörək qıtlığı oldu”. Bunu Zəkəriyyə Əylisli 1673-cü ildə yazır. “Bu qıtlıq iyul ayında taxıl yetişənəcən davam etdi. Aclıq təkcə Qoxtan...” – Naxçıvanın cənub-şərqindən başlayıb, Ələngəz sıra dağlarınacan uzanıb gedən əraziyə o vaxt Qoxtan deyilirmiş – “...mahalında deyil, Təbrizdən Yerevana, Çarsudan Gəncəyəcən hər yeri bürümüşdü. Əylisə ordan-burdan o qədər dilənçi tökülüşüb gəlmişdi ki, onların üstündə xüsusi ordu nəzarəti qoyulmuşdu. Əylisə yaxın Vənənd, Truna...” – indi “Dırnıs” dediyimiz kənddi – “kəndləri, Əylisin monastırı talan edilmişdi. Quldurlar adamların əl-qolunu bağlayıb, mal-mülkünü, nə ki var, talayıb aparırdılar”.

Doktor Abasəliyev 340 il bundan qabaq Əylisdə yaşayıb, dünyanı gəzib-dolanan erməni tacirinin gündəliyini büsbütün əzbərləmişdi. Portfelindəki yazılı vərəqlərə gözünün ucu ilə baxan kimi, hər şey əlbəəl yadına düşürdü. Bəzən heç kağıza baxmadan da hansı sözün harda yazıldığını fəhmlə təyin eləyirdi. Yaşı səksəni keçmiş bu adamın qeyri-adi yaddaşı hamıdan çox doktor Fərzanini heyrətə gətirmişdi. Həmkarının bütün hərəkətlərini diqqətlə izləyən doktor Fərzani onun dediklərinə də get-gedə daha artıq maraqla qulaq asırdı.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin