2. ELEKTRİK QURĞULARININ ŞƏBƏKƏYƏ QOŞULMASI ÜÇÜN TEXNİKİ ŞƏRTLƏR
2.1. Yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi “Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları”na əsasən həyata keçirilir.
2.2. Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə aşağıdakılar göstərilir:
2.2.1. qoşulma nöqtələri (yarımstansiya, elektrik stansiyası və ya elektrik verilişi xətti), obyekti qidalandıran hava və ya kabel xətlərinin hansı gərginliyə hesablanması, qoşulma nöqtələrində gərginliyin gözlənilən səviyyəsi, ayn-ayrı hallarda istilik enerjisinin istehlakına tələbat olduqda, qidalandırıcı istilik şəbəkələri sxeminin variantlarının işlənilməsi;
2.2.2. yeni obyektin yaranması ilə əlaqədar (məişət abonenti istisna ol-maqla) qoşulması nəzərdə tutulan gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər (naqilin en kəsiyinin artırılması, transformatorların gücünün artırılması və ya dəyişdirilməsi, ehtiyat yuvaların quraşdırılması və s.);
2.2.3. qısa qapanma cərəyanlarının hesabat hədləri (ustavka), rele mühafizəsinə, avtomatikaya, rabitəyə, izolyasiyaya və ifrat gərginlikdən mühafizəyə verilən tələblər;
2.2.4. elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər;
2.2.5. elektrik enerjisinin uçotuna olan tələblər;
2.2.6. Azərbaycan Respublikasında qüvvədə olan standartlara (bundan sonra - standartlar) uyğun elektrik enerjisinin keyfiyyətinə nəzarət edən cihazların, elektrik şəbəkələrində və elektrikqəbuledicilərində enerjinin keyfiyyətini təmin edən stabilləşdirmə qurğularının quraşdırılmasına xüsusi tələblər;
2.2.7. qidalandırma xətlərinə qoşulmuş elektrik qurğularına olan xüsusi tələblər (ehtiyat qidalandırmanın və girişdə avtomatik mühafizənin vacibliyi, qidalandırıcı xətlərin paralel işləməsinin mümkünlüyü, enerjisistemdə güc çatışmazlığı yarandıqda, elektrik qəbuledicilərinin məsul yüklərinin elektrik təchizatını təmin etmək məqsədilə ehtiyatı olan qidalandırma xətlərinə ayırma);
2.2.8. istehlakçılarının sutkalıq yük qrafikinin tənzimlənməsinə olan tələblər;
2.2.9. müəssisənin, binanın, qurğunun layihəsində (işçi layihəsində) elektrik qurğularının istismarının təşkilinə dair layihə qərarlarının hazırlanması üzrə tələblər;
2.2.10. elektrik enerjisinin istehlakı və yüklər haqqında əsas perspektiv məlumatları göstərməklə, istehlakçının şəbəkəsinə qoşulmuş subabonentlərin siyahısı.
2.3. Texniki şərtlərin yerinə yetirilməsi sifarişçi və layihəçilər üçün məcburidir. Texniki şərtlərin qüvvədəqalma müddəti sənaye tikintisi üçün sahə ayrıldıqda və ya yaşayış obyektləri tikintisini, habelə əlavə sahə tutmadan müəssisə və qurğuların yenidən qurulmasını layihələndirmək haqqında tapşırıq hazırlandıqda müəyyən edilir və bu müddət texniki şərtlərdə göstərilir. Göstərilən müddət mövcud normalara əsasən müəssisisə, bina, qurğu, onun növbələri və ya ayrı-ayrı istehsalat tikintilərinin layihələndirilməsi və tikilib başa çatdırılması üçün müəyyən olunmuş müddətdən az olmamalıdır. Bir qayda olaraq, texniki şərtlərin qüvvədəqalma müddəti iki il müəyyən edilir. Texniki şərtlərin qüvvədəqalma müddəti keçdikdə, sifarişçi və ya layihəçi həmin şərtləri verən təşkilatla onun müddətinin uzadılması məsələsini həll etməlidir.
2.4. Müəssisənin, binanın, qurğuların, onların növbələrinin və ya ayrıca istehsalatın layihəsinin texniki şərtlərə, “Elektrik qurğularının quraşdırılması qaydaları”na və digər normativ sənədlərin tələblərinə uyğunluğu texniki şərtləri vermiş təşkilat və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən baxılır və razılaşdırılır. Layihə razılaşdırıldıqdan sonra texniki şərtlərin müddəti keçdikdə, onun təkrarən razılaşdırılması tələb olunmur. Ayn-ayrı hallarda müəssisəni, qurğunu, onun növbəsini və ya hər hansı bir istehsalatı layihələndirdikdə, razılaşdırılmış layihə qərarından və texniki şərtlərdən kənara çıxmaq lazım gələrsə, onda bu kənaraçıxma həmin təşkilatlarla yenidən razılaşdırılmalıdır. Baxılan tikinti layihəsində texniki şərtlərdən və ya mövcud normativ sənədlərdən kənaraçıxma halları aşkar olunarsa, texniki şərtləri vermiş təşkilat və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sifarişçiyə tikilən obyektin elektrik şəbəkəsinə qoşulmasından imtina edilməsi haqqında əsaslandırılmış məktub göndərilir.
2.5. Sifarişçi layihəçinin iştirakı ilə obyektdə tikinti işlərinə başlamazdan əvvəl, texniki şərtləri vermiş təşkilata və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müəssisənin, binanın, qurğunun, onun növbələrinin və ya ayrıca istehsalatının layihəsinin müvafiq fəsillərini və işçi cizgilərini təqdim edir. Texniki şərtləri vermiş təşkilat və Enerji Məsələlərini Tənzimləmə Agentliyi on gün müddətində qəbul olunmuş tikinti layihəsinin texniki şərtlərə, “Elektrik qurğularının quraşdırılması qaydaları”na və digər normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırır və layihəni razılaşdırır.
Ayrı-ayrı hallarda əlavə araşdırma tələb olunarsa, göstərilən tikinti layihəsinin baxılma müddəti bir aya qədər artırıla bilər.
Dostları ilə paylaş: |