Elektron quruculuq dövlətin diqqətindədir



Yüklə 22,78 Kb.
tarix30.11.2016
ölçüsü22,78 Kb.
#500

Elektron quruculuq dövlətin diqqətindədir

İnformasiya cəmiyyətinə transformasiya prosesində əsas elementlərdən biri elektron dövlətin yaradılmasıdır. Bu o deməkdir ki, dövlətin bütün qolları - hökumət, parlament və məhkəmə sistemi fəaliyyətində elektron vasitələrdən istifadəni genişləndirməlidir. 

   Hazırda ölkəmizdə "Elektron hökumət" konsepsiyasının həyata keşirilməsinə böyük əhəmiyyət verilir. Təbii ki, əsas məqsəd hökumətin vətəndaşlar və biznes sektoru ilə qarşılıqlı fəaliyyətinə yardım etməkdir. Buna görə də "Elektron hökumət" çərçivəsində bir çox layihələr həyata keçirilir. Bu konsepsiya çərçivəsində təqdim olunan xidmətlər vətəndaşlara müəyyən tapşırıqların yerinə yetirilməsinə az vaxt sərf etməyə imkan verir. 

   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiq edildi. Dövlət Proqramının əsas hədəflərindən biri də ölkəmizdə bütün sahələrə informasiya-kommunikasiya texnologiyalarının (İKT) səmərəli tətbiqinin genişləndirilməsi və "Elektron hökumət" quruculuğunun daha da sürətləndirilməsidir. 

   Etiraf edək ki, "Elektron hökumət"in xidmətlərindən hamı eyni səviyyədə yararlana bilmir. Dövlət qulluqçularının bəziləri, xüsusilə də yaşlı nəslin İKT-nin nailiyyətlərindən bəhrələnməsi gənc nəslə nisbətən qaneedici deyil. Yaşlı nəslin elektron xidmətlərdən istifadəyə hazır olmaması elektron hökumət quruculuğunda ləngidici amil hesab olunur. Bu baxımdan informasiya cəmiyyəti quruculuğunda kompüter savadı olmayan və internetdən düzgün istifadə etməyi bacarmayan şəxsin yüksək vəzifə tutması bir qədər qeyri-normal görünür. Bu da o deməkdir ki, informasiyalaşdırma proseslərinin mahiyyətini başa düşməyən məmurlar baş verən proseslərdə üzərinə düşən rolu anlamırlar. 

   Qeyd edək ki, "Elektron hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)" əsasən işlənib hazırlanıb. Layihə İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. Layihənin əsas məqsədi dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsindən ibarətdir. 

   Rabitə və informasiya texnologiyalari naziri Əli Abbasovun fikrincə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına, vətəndaşların ictimai fəallığını və məşğulluğunu aktivləşdirən, korrupsiya ilə mübarizəni gücləndirməyə imkan verən və hökumətin şəffaflığını təmin edən "Elektron hökumət" layihəsi gələcək inkişaf üçün perspektiv hesab olunan layihələrdəndir və İKT-nin tətbiqinin genişləndirilməsi və e-hökumətin qurulması demokratikləşmə proseslərini sürətləndirir, korrupsiya və bürokratik əngəlləri aradan qaldırır və cəmiyyətdə şəffaflaşma proseslərinə xidmət edir: "2020-ci il üçün hədəfimiz dövlət xidmətlərinin tamamilə elektronlaşdırılmasını, vətəndaşların elektron xidmətlərə çıxışını 100 faizə çatdırmaq, yəni bütün evlərdə, iş yerlərində yüksək sürətli internetə çıxışı təmin etmək, elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisini 80 faizə çatdırmaqdır". Ə.Abbasov onu da qeyd edib ki, tətbiq ediləcək e-hökumət modeli sonda cəmiyyətdə şəffaflığın və etibarın təmin olunmasına şərait yaradacaq: "Bu etibar artımı xarici investisiya və sərmayə üçün son dərəcə önəmlidir. İş mühitində yaşanan bu şəffaflaşma və etibar nəticəsində xarici sərmayəçilər ölkəmizə daha rahat gələ biləcək və buradakı yatırımlarını davamlı olaraq artıra biləcəklər. Region və digər xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində artıq bir neçə layihə həyata keçirilməkdədir". 

   "Elektron hökumət" layihəsinin uğurla həyata keçirilməsində ən böyük iş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərinə düşür. Nazirlik "Elektron hökumət"in formalaşdırılmasına görə bir sıra işlər görür ki, onlardan biri də digər dövlət orqanları ilə hər zaman əməkdaşlıq etməkdir. Təsadüfi deyil ki, "Elektron hökumət" portalı (e-gov.az) da məhz bu səbəblə yaradılıb. "Elektron hökumət" portalı vətəndaşların dövlət orqanları ilə təmaslarının təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil edilib. Portalda təqdim olunan elektron xidmətlər dövlət qulluqçuları və vətəndaşlar arasındakı "məsafənin" maksimum azaltmasına, münasibətlərin sadələşməsinə və şəffaflaşmasına xidmət edir. 

   Elektron hökumət vətəndaşların mənafeyinə hesablanmış bir sistem olsa da, onlara rahatlıq gətirsə də, bu, bəzi qüvvələrə sərf etmir. Təbii ki, uzun müddət bürokratik idarəetmə sisteminə öyrənənlər elektron hökumət ideyasını könüllü olaraq qəbul etmək fikrindən çox uzaqdır. Məhz bu səbəbdən bəzi təşkilatlarda internet saytları interaktiv deyil, vaxtlı-vaxtında yenilənmir. Əslində elektron hökümətin formalaşmasına səhlənkar yanaşanlar çoxluq təşkil etmir, ancaq unutmayaq ki, elektron quruculuğun fəaliyyəti birbaşa dövlət başçısının diqqət mərkəzindədir. Zənnimizcə, ""Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli fərmanini xatırlatmaq, həmçinin Nazirlər Kabinetinin iclaslarında dövlət başçısının tapşırıqlarını xatırlatmaq yetərlidir. 

   Bütün bunlara baxmayaraq "Elektron hökumət" portalından (e-gov.az) istifadə və burada göstərilən elektron xidmətlərin çeşidi artır. Ölkədə "Elektron hökumət" portalı fəaliyyətdədir və günü-gündən onun fəaliyyətinə əhali tərəfindən diqqət artır. Artıq 43 mərkəzi icra hakimiyyəti orqanı və dövlət şirkəti bu portala qoşulub. Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarına əsasən 417 xidmətin elektron formada göstərilməsi tələb edilir. 

   Elektron Hökumət Bülleteninin son sayında olan məlumata əsasən qurumların öz saytlarında yerləşdirilən e-xidmətlərin ümumi sayı 437-dir. Təsdiq edilən e-xidmətlərdən portalda olanların sayı 184-ə, portalda yerləşdirilən e-xidmətlərin sayı 238-ə, təsdiq olunan e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı 327-ə yüksəlib. 2013-cü ilin yalnız iyul ayı ərzində bütün qurumlar üzrə "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə sayı 74 min olub. Bu zaman hüquqi və fiziki şəxslər 130 xidmətdən yararlanıb. 

   2013-cü ilin avqustun 1-nə kimi təqdim olunan elektron imza vəsiqələrinin sayı isə 14997 olub. Elektron imza vəsiqələrinin 11 483-nü dövlət qurumları, 3210-nu vətəndaşlar, 304-nü isə hüquqi şəxslər alıb. 

   Bu rəqəmlər bəlkə də ayrılıqda "Elektron hökumət" Portalından, burada olan xidmətlərdən istifadəyə dair yüksək nəticələr haqqında təsəvvür yaratmır. Amma 2012-ci ilin sonunda "Elektron Hökumət" Portalından istifadə ilə bağlı nəticələrə diqqət yetirdikdə hüquqi və fiziki şəxslərin dövlət təşkilatlarının elektron xidmətlərindən istifadə həcminin kifayət qədər yüksəldiyini göstərir. 

   Ötən ilin sonunda portalda 30 dövlət qurumu tərəfindən 179 elektron xidmət 

   istifadəçilərə təqdim edilib. Həmin dövrdə e-xidmətlərdən portalda olanların sayı 109 idi. Portaldan aylıq istifadə sayı 8 min, e-imza sahiblərinin sayı 2328 olub. Vətəndaşların sahib olduğu e-imza sayı 2125, hüquqi şəxslərin sahib olduğu e-imza sayı isə 203 idi. 

   Müqayisədən görünür ki, son 7 ayda "Elektron Hökumət" Portalından istifadə göstəricisi xeyli yaxşılaşıb. Portaldan aylıq istifadə 35 dəfə artıb. Portaldan istifadənin artmasında "Elektron Hökumət" Portalının rəsmi "Facebook" səhifəsi ("www. facebook.com/egov.az) fəaliyyətini genişləndirməsi də böyük rol oynayıb. Avqustun 1-nə olan məlumata əsasən səhifə istifadəçilərin sayı 62 mini ötüb. Sözügedən "Facebook" səhifəsi vasitəsilə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda, dövlət trukturlarının göstərdiyi elektron xidmətlər barəsində məlumatlar etmək və eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək mümkündür. 

   Qeyd edək ki, "Elektron hökumət" portali üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır. Səhifədə həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elan edilən "Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti "Elektron Hökumət" Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. Hal-hazırda Azərbaycanda geniş vüsət götürən "Elektron Hökumət" Proqramı uğurla davam etdirilir. 

   Statistika onu göstərir ki, vətəndaşlar portalın elektron xidmətlərinə çox böyük maraq göstərir. Günü-gündən "Elektron Hökumət" Portalına daxil olan vətəndaşların, giriş üçün kod parollar alanların, elektron viza alan şəxslərin, biləvasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artır. 

   Ekspertlərin fikrinə istinad edərək deyə bilərik ki, Azərbaycanda "Elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə şərait yaratmaqdadır. 

   


Vasif CƏFƏROV




Yüklə 22,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin