Elektron tullantılardan yaşıl İkt-yə doğru: problemlər və həllər



Yüklə 55,83 Kb.
tarix28.04.2017
ölçüsü55,83 Kb.
#15874
Elektron tullantılardan yaşıl İKT-yə doğru: problemlər və həllər
İnsanların istənilən sahədə fəaliyyəti prosesində maddi nemətlər və xidmətlərlə yanaşı tullantılar da yaranır. Beynəlxalq terminologiyada tullantılar dedikdə xammalların, yarımfabrikatların, digər məmulat və məhsulların istehsalı və istehlakı prosesində yaranmış qalıqları, eləcə də istehlak xüsusiyyətlərini qismən və ya tam itirmiş mallar (məhsullar) başa düşülür. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP – United Nations Environment Programme) məlumatına görə keçən il dünyada 250 mld. ton müxtəlif çeşidli tullantılar yaranmışdır ki, bu da istehsal edilmiş maddi nemətlərin həcmindən bir neçə dəfə çoxdur. İnsanların fəaliyyət dairəsi genişləndikcə və istehsal intensivliyi yüksəldikcə tullantıların həcmi daha sürətlə artır. Tədqiqatlar göstərir ki, son bir neçə on il ərzində bu artım dinamikası getdikcə daha da intensivləşir.

Əhalinin həyat fəaliyyəti nəticəsində, məişət şəraitində (yaşayış yerində) yaranan, fiziki və mənəvi aşınma nəticəsində öz ilkin istehlak xüsusiyyətlərini itirmiş məmulat və materiallar isə məişət tullantıları kimi təsnifatlaşdırılır. Məişət tullantılarının əsas hissəsini təşkil edən bərk məişət tullantıları (BMT) məişətdə, adətən, “zibil” termini ilə (zibil tullantıları) adlandırılır və ümumi tullantıların orta hesabla beş faizini təşkil edir. Tullantılar problemi ilə məşğul olan beynəlxalq təşkilatların təsnifatına görə elektron cihaz, qurğu və avadanlıqlarla (o cümlədən kompyuterlər) bərabər elektrik (elektrotexniki) avadanlıqlarından yaranan tullantılar elektron tullantılar (e-tullantılar) adlanır və beynəlxalq terminologiyada qısaca olaraq “e-waste” və ya WEEE (Waste Electrical and Electronic Equipment) kimi göstərilir.

2012-ci ilin sonunda bəzi ölkələrdə və dünyada yaranmış tullantıların əsas sinifləri üzrə həcmi aşağıdakı kimi olmuşdur.

Subyektlər

Ümumi tullantı

mld. ton


BMT

mln. ton


E-tullantılar

mln. ton


Dünya

ABŞ


Rusiya

Azərbaycan



110,0

11,0


4,3

0,04


5000,0

120,0


43

1,2


50,0

6,0


2,1

0,04

Tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir. Son bir neçə ildə tullantıların həcmi o həddə çatmışdır ki, ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qlobal təhlükələr sırasına daxil edilmişdir.

Tullantılar ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükəyə (ziyana) görə beş sinfə bölünür: I sinif – fövqəladə təhlükəli, II sinif – yüksək təhlükəli, III sinif – orta təhlükəli, IV sinif – az təhlükəli və V sinif – təhlükəsiz (inert). E-tullantılar təhlükəlilik dərəcəsinə görə II sinfə aid edilir. Ənənəvi qaydada poliqonlara (zibilxanalara) atılmış tullantılar, günəş şüaları, yağış, külək və s. kimi ətraf mühit amillərinin təsiri ilə aşınır və ayrılan metan, karbon dioksid, azot və kükürd oksidləri, ftorlu hidrogen, ammiak, hidrogen sulfid və digər zəhərli qazlar havaya ayrılır. Digər tərəfdən özbaşına alışmalar və törədilən yanğınlar nəticəsində əlavə olaraq yaranan dioksinlər, fenol və xlorfenol birləşmələri və s. kimi zəhərli maddələr ətrafa yayılaraq ekoloji vəziyyəti, həyat fəaliyyəti üçün əlverişli təbii mühiti pisləşdirir, əhalinin səhhətinə təsir edir. Nəticədə bir sıra ağır xəstəliklərin (bədxassəli şişlərin, qan xəstəliklərinin, toksikozların və s.) yaranması ehtimalı artır. Qeyd olunan ziyanlı maddələr uşaqlar və hamilə qadınlar üçün xüsusilə təhlükəlidir: ağır metalların birləşmələri və dioksinlər aktiv inkişaf edən orqanizmin hüceyrələrində daha aktiv toplanmaq xüsusiyyətinə malikdir. Eyni zamanda tullantı poliqonlarında yaranan və ziyanlı kimyəvi və biokimyəvi komponentlərdən ibarət maddələr torpağı, su axarlarını, qrunt sularını zəhərləyir.

Digər tərəfdən tullantılar sənaye və energetika üçün böyük həcmdə ucuz resurs mənbəyidir və daim bərpa olunur, yenilənir. Hesablamalar göstərir ki, e-tullantılların tərkibində orta hesabla 48% polad, 22% plastika, 14% əlvan və qiymətli metallar, 10% kağız, karton və ağac, 6% digər materiallar var. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu tullantıları “e-tullantılar – utilizasiya – təkrar emal” sxemi və sənaye üsulu ilə emal etməklə komponentlərinin 85-90%-ni təkrar istifadə etmək mümkündür. Təxmini hesablamalara görə keçən il dünya üzrə bu sinif tullantıların ümumi kütləsi 50 mln. tondan çox olmuşdur ki, bu da sənaye sahələri üçün 40-45 mln. ton əlavə material-xammal resursu ekvivalentinə bərabərdir. Daha önəmlisi odur ki, bu qədər tullantının poliqonlarda təbii aşınması nəticəsində insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qarşısı alınır, xeyli ərazi təsərrüfat dövriyyəsinə daxil edilir. Məsələn, sahildən və gəmilərlə daşınıb Sakit Okeana atılan tullantılardan su axınlarının toplayaraq yaratdığı sahə təxminən ABŞ sahəsinin 25%-nə bərabərdir ki, bu da həmən ərazidə dəniz ovu və nəqliyyat üçün böyük əngəllər yaranıb. Bu kütlənin xeyli hissəsini e-tullantılar təşkil edir. Halbuki, məsələn, təcrübələr nəticəsində sübut edilmişdir ki, içməli su hövzələrinə atılmış iki ədəd adi batareya 1000 litr suyu istifadə üçün yararsız hala salır.

Digər tərəfdən bir istilik-energetik resurs kimi bir ton BMT-nın utilizasiyası, daha doğrusu yandırma üsulu ilə ləğv edilməsi nəticəsində təxminən 250 kvt/saat elektrik enerjisi yaranır. Məsələn, hesablamalar göstərir ki, Azərbaycanda hər il yaranan bu sinif tullantıları tam utilizasiya etməklə 400 min nəfərlik şəhərin əhali kateqoriyasından olan istifadəçilərinin illik elektrik enerjisinə olan tələbatını ödəmək olar.

Hal-hazırda dünyanın bütün ölkələrində böyük həcmdə tullantılar toplanıb və yeni tullantıların yaranma intensivliyi ildən-ilə artır. Ona görə də tullantılarla bağlı münasibətlərin tənzimlənməsi bəşəriyyət qarşısında duran aktual və qlobal problemlərdən biri hesab edilir. Bu problemin həlli əsasən iki məqsəd daşıyır: tullantıların ətraf mühitə və insan sağlamlığına ziyanlı təsirini azaltmaq və alternativ xammal-enerji mənbəyi kimi istifadə etmək. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu iki məqsədə yalnız dövlət qanunvericiliyi və bazar tənzimləmə mexanizmlərindən birgə və səmərəli istifadə etməklə nail olmaq mümkündür. Halbuki, son illərədək ikinci məqsədin bazar mexanizmlərinin təsiri ilə avtomatik həll ediləcəyi güman edilirdi.

E-tullantılarla bağlı təhlükəsiz və resursyaradıcı münasibətlərin tənzimlənməsi standartlaşdırma, pasportlaşdırma, sertifikatlaşdırma, lisenziyalaşdırma, ekspertiza, informasiya və texniki təminat mərhələlərini həyata keçirməyə imkan verən infrastrukturun – istehsalat (sənaye) sahəsinin yaradılmasını zəruri edir. Əlbəttə, e-tullantıların kompleks emalı prosesinin təşkili mürəkkəb və böyük kapital qoyuluşu tələb edən bir problemdir və bu xüsusilə e-tullantılara aiddir. Çünki, elektrik və elektron avadanlıqları istehsalı sahəsi yüksək artım sürəti və avadanlıqları isə daha qısa həyat dövrü (istismar müddəti) ilə fərqlənir. Məsələn, təxmini hesablamalara görə hal-hazırda dünyada 11 mld. kompyuterdən istifadə edilir və bu avadanlıqlar parkının 25%-i cari ildə fiziki və mənəvi aşınaraq tullantı halına keçəcək. Son illər kompüterlərin daha yüksək yenilənmə dinamikası fondunda tullantılarının zəif emalı intensivliyi onların ümumi həcmini kəskin şəkildə artırır ki, bu da bir sıra amillərlə bağlıdır. Əsas səbəblər kimi dövlətlərin milli maraqlarının üst-üstə düşməməsi nəticəsində mükəmməl və işlək beynəlxalq və milli qanunvericilik bazalarının olmaması, tullantıların emalının qənaətbəxş gəlir yaratmaması və ya ümumiyyətlə rentabelli olmaması səbəbindən iş adamlarını bu sahə biznesinə geniş şəkildə cəlb etməyin çətinliyi və s. göstərilir. Bunun nəticəsidir ki, əlverişli hüquqi bazanın, həvəsləndirici iqtisadi bazar mexanizmlərinin – güzəştli kredit və vergi siyasətinin, məqsədli subsidiyaların geniş tətbiq edildiyi Avropa ölkələrində e-tullantıların toplanması və təkrar emalı səviyyəsi dünya göstəricilərindən 2-2,5 dəfə yüksəkdir. Lakin buna baxmayaraq bir sıra inkişaf etmiş Avropa ölkələri, xüsusilə ABŞ “Təhlükəli tullantıların transsərhəd daşınması və onların ləğv edilməsinə nəzarət haqqında ” beynəlxalq Bazel Konvensiyasına (Basel Convention on the control of transboundary movements of hazardous wastes and their disposal) məhəl qoymayaraq mənəvi aşınmış, bərpa edilmiş və zay kompyuter avadanlıqlarını “xeyriyyəçilik fəaliyyəti” adı altında (əslində istehsalçıların öz ölkələrində tullantıların emalı ilə bağlı maliyyə məsrəflərini azaltmaq məqsədilə) bir sıra zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana “bağışlama” praktikası sistem halını almışdır. Hərçənd ki, bu ölkələrin özləri də iş yerlərinin açılması, “rəqəmsal uçurumun” (ölkələr üzrə İKT-nin tətbiqi səviyyəsindəki kəskin fərq) azaldılması və s. səbəblərdən bu məhsulun “eksportunda” maraqlıdırlar. Çünki geniş əhali kütləsi kompüter avadanlıqlarını yalnız bu yolla çox ucuz qiymətə almaq imkanına malikdir. Yeri gəlmişkən qeyd edək ki, xarici ölkələrdən Azərbaycana gətirilmiş və “Second Hand” (ikinci əl) şəbəkəsi ilə satılan kompyuter avadanlığının müəyyən hissəsinin tam yararsız olması və ya bərpasının rentabelli olmaması səbəbindən adi məişət tullantısı kimi zibilxanalara və ya ətrafa atılması halları məlumdur.



Qana Respublikasının paytaxtı Akkranın şəhərətrafı yaşayış məntəqəsi Aqoqbloşda yaranmış ekoloji fəlakət və onun acı nəticələri, e-tullantıların insan sağlamlığı və ətraf mühit uçun yaratdığı vəziyyət xarakterik nümunə kimi məşhurdur. Burada böyük bir ərazidə torpaq, su, hava civə, qurğuşun, tallium, sinil turşusu, polivinilxloridlər, müxtəlif qaz birləşmələri ilə zəhərlənmiş vəziyyətdədir. Əhalinin əsas məşğuliyyəti e-tullantıların emalı ilə bağlı olduğu üçün onlar bu şəraitdə yaşamaq məcburiyyətindədirlər. Hesablanmışdır ki, dünyanın e-tullantılarının 50% Çinə, 20% Hindistana, 20% Afrika ölkələrinə və digər yerlərə qeyri-qanuni olaraq “ixrac” edilir. İnkişaf etmiş ölkələrdə ilkin istehlak xüsusiyyətlərini qismən itirmiş və ya mənəvi aşınmış kompüterlərin sosial zəif qrupların istifadəsinə verilməsi praktikasından da geniş istifadə edilir. Bu ölkələrdə e-tullantıların (eyni zamanda digər tullantı növlərinin) emalı sahibkarlar üçün güzəştli kredit, vergi, tarif siyasəti və əlverişli qanunvericilik bazasına əsaslanır. Məsələn, Avropa Birliyində (AB) tullantılar və e-tullantılarla bağlı münasibətlər uyğun olaraq AB Şurasının 75/442 saylı direktivi (Council Directiv 75/442 of 15 July1975 “On Waste”) və Avropa Parlamenti və Şuranın 2002/96 saylı direktivi (Directiv 2002/96 of the Euvropean Parlament and of the Council of 27 January 2006 “On Waste Electrical and Electronic Equipment, WEEE”), digər normativ aktlarla tənzimlənir. Sonuncu sənədin tələblərinə görə AB-yə üzv olan ölkələr hələ 2006-cı ilin sonunadək, bu qanunla təsnifatı verilmiş və e-tullantıların 3-cü qrupuna daxil olan informasiya texnologiyaları və telekommunikasiya avadanlıqları tullantılarının bərpa edilib yenidən istifadəsini 70%-ə, tərkibindəki komponentlərin material–xammal resursu kimi təkrar istifadəsini 60%-ə, il ərzində növ kimi istifadəçilərdən ayrıca toplama həcmini isə əhalinin hər nəfəri hesabilə 4 kiloqrama çatdırılmışdır. Qeyd etmək lazımdır ki, bu göstəricilər təkcə tullantıların emalı üzrə istehsalçıların qanunla məsul edildiyi fəaliyyətin nəticələrini əks etdirir. Məsələ ondadır ki, AB-də tullantıların emalı “istehsalçıların məsuliyyəti” prinsipinə, başqa sözlə “kim çirkləndirirsə o da ödəyir” prinsipinə əsaslanır. Bu prinsipin tətbiqi mexanizmlərindən biri ondan ibarətdir ki, istehsalçı öz məhsulunun e-tullantılarının idarə edilməsi ilə bağlı çəkiləcək xərcləri məhsulun satış qiymətinə daxil edir, əvəzində, tullantıların toplanması və kompleks emalı üzrə məsuliyyəti öz üzərinə götürür. E-tullantıların xeyli hissəsinin fərdi və kollektiv istifadəçilər (firmalar, idarə və təşkilatlar), eləcə də bu sahə ilə məşğul olan geniş biznes şəbəkəsi tərəfindən emal edildiyini, AB-yə daxil olmayan ölkələrə “ixracını” nəzərə alsaq problemin həlli səviyyəsi daha aydın təsəvvür edilər. Qeyd etmək lazımdır ki, e-tullantılar həmin sənədlərlə məişət tullantıları (zibil) kateqoriyasına aid edilmədiyi üçün onların adi qaydada zibilxanalara atılması inzibati xəta, bəzi hallarda isə cinayət əməli kimi qiymətləndirilir.

Bütün bu tədbirlərin nəticəsidir ki, AB-də tullantıların emal səviyyəsi orta dünya göstəricilərindən 2-2,5 dəfə yüksəkdir.



Subyekt

Ümumi tullantılar

%


BMT

%


E-tullantılar

%


Dünya

ABŞ


Rusiya

Azərbaycan



25

50

15





30

70

15



30

35

85

10



8

Aparılan araşdırmalar göstərir ki, tullantıların aşağı emal səviyyəsinin səbəblərindən biri də sahə üzrə xüsusiləşdirilmiş beynəlxalq təşkilatların, xüsusilə də milli hökumətlərin, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin məsələyə laqeyd münasibəti, maarifləndirmə və təbliğat işlərinin lazımı səviyyədə aparılmamasıdır. Halbuki, bu sahənin problemləri ilə, o cümlədən maarifləndirmə işinin aparılması məqsədilə məqalənin əvvəlində qeyd olunmuş UNEP-dən başqa Birləşmiş Millətlər Təşkilatı Universitetinin e-tullantılar problemləri bölməsi (StEP – Solving the E-waste Problem) və UNIDO (United Nations Industrial Development Organization) təşkilatları, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO – International Organization Standartization) 5-ci işçi qrupu, Bazel Konvensiyası Katibliyi (SBC – Secretariat of the Bazel Convention), çoxlu sayda regional və milli tədqiqat mərkəzləri yaradılmışdır. Ümumiyyətlə problem o dərəcədə təhlükəli xarakter almışdır ki, dünya öz intellektual, maliyyə və s. resurslarının xeyli hissəsini bu sahəyə yönəltmək məcburiyyətindədir. Məsələn, hər il bir sıra beynəlxalq təşkilatların (BMT, ITU, ISO, və s.) dəstəyi ilə ekoloji təhlükəsizlik problemlərinin həllinə həsr edilən İnformasiya Cəmiyyəti Məsələləri üzrə Dünya Sammitinin (WSIS – World Summit on the Infamation Society Forum) bir bölməsi e-tullantılar problemlərinin həlli məsələlərinə həsr edilir. Bundan başqa, bir çox beynəlxalq, regional, milli elmi tədbirlər keçirilir, jurnallar nəşr edilir. Yeri gəlmişkən, cari ildə keçirilən Sammitdə Azərbaycanın nümayəndə heyəti tərkibində müəllifin əməkdaşı olduğu institutun rəhbəri də iştirak etmişdir.

E-tullantıların emal problemlərindən biri də onlarda əks olunmuş sirr xarakterli məlumatların informasiya təhlükəsizliyinin təmin edilməsidir. E-tullantıların informasiya təhlükəsizliyi dedikdə bu tullantıların informasiya daşıyıcılarında (o cümlədən kağız daşıyıcılarda) müəyyən fəaliyyət, texnoloji proses, hadisə, şəxs, nou-hau və s. haqqında saxlanılan məxfi və sirli məlumatların etibarlı məhv edilməsi prosesi başa düşülür, başqa sözlə, elə zərərsizləşdirmə prosesi nəzərdə tutulur ki, tullantıların material-energetik resurs xüsusiyyətlərini saxlamaq şərtilə onlardakı ilkin məlumatları bərpa etmək mümkün olmasın. Problem ondadır ki, yaddaşı etibarlı silinməmiş (məhv edilməmiş) e-tullantıların informasiya daşıyıcılarında qalan izə əsasən ilkin məlumatları bərpa etmək və müxtəlif qərəzli məqsədlərlə istifadə etmək mümkündür. Məsələn, ABŞ-da e-tullantıların informasiya təhlükəsizliyi problemləri ilə məşğul olan Identity Theft Resource Center təşkilatının məlumatına görə e-tullantıların zərərsizləşdirilməsinin etibarlı metodlarla aparılmaması nəticəsində, keçən il ölkədə, 50 halda, dövlət sirri də daxil olmaqla, hökümət və hərbi sektorda sirli məlumatların itirilməsi baş vermişdir (2,5 mln. ədəd mətn – fayl şəklində).

Məsələnin mahiyyəti ondan ibarətdir ki, İKT avadanlıqlarının yaddaş qurğularına (maqnit, optik, lazer və s.) yazılmış məlumatları həmin qurğuların öz funksional imkanlarından istifadə etməklə etibarlı şəkildə silmək mümkün deyil: belə bir qovşaq güclü maqnit sahəsi (və ya cərəyan şiddəti) tələb etdiyi üçün böyük qabarit ölçülərə malik olardı ki, bu da miniatürləşmə prinsiplərinə ziddir. Ona görə də bu məqsədlə böyük silmə gücünə malik avtonom qurğulardan – maqnit məhvedicilərdən istifadə edilir.

Optik informasiya daşıyıcılarının məlumatlarını etibarlı silmək üçün prinsipial fərqli texnologiyalardan istifadə edilir: optik diskin xüsusi tərkibli həssas yazma qatı məhv edilir. Bu məqsədlə müxtəlif metodlardan, o cümlədən pirotexniki metodlardan istifadə edilir. Məlumatları etibarlı silməklə yaddaş qurğusunun özünü korlamayan metodlara üstünlük verilir. Tullantı kimi atılmış kağız daşıyıcılardakı informasiyanın zərərsizləşdirilməsi məqsədilə əsasən onların doğranmasından istifadə edilir. Aşağı sirlilik sinfinə aid məlumat daşıyan kağızlar şreder (shreder) adlanan qurğular vasitəsilə eni 12 mm. olan zolaqlar şəklində, yüksək sirr daşıyan (V sinif – dövlət sirri) kağızlar eni 0,8 mm., uzunluğu 13 mm. olan zolaqlara doğranır. Daha kiçik ölçüləri təmin edən qurğulardan (qrinder, dezinteqrator və s.) da istifadə edilir. Emalın mahiyyəti kağızı oxuna bilən ən kiçik ölçülü şriftin enindən də kiçik hissələrə doğramaqdadır.

Elektron və elektrik avadanlıqları istehsalı prosesində yaranan axar çirkab sular, ətrafa yayılan hava axını, eləcə istifadə edilən radioaktiv element və birləşmələrin ətrafa yayılan şüaları da özündə müəyyən sirli informasiya daşıya bilər və texniki vasitələrlə kənardan bu məlumatları əldə etmək mümkündür. Bir informasiya daşıyıcısı kimi bu mənbələrin informasiya təhlükəsizliyini təmin etmək məqsədilə mövcud metodlardan yararlanaraq müəyyən tədbirlər görülməlidir.

Təbiidir ki, tllantılar problemi Azərbaycandan da yan keçməyib. Məlumdur ki, tullantıların əsas kütləsi təbii sərvətlərin çıxarılması, faydalı qazıntıların zənginləşdirilməsi və İKT sahələrində yaranır. Azərbaycanda bu sahələrin yüksək inkişaf səviyyəsi və inkişaf dinamikası indiyədək böyük həcmdə sənaye və e-tullantıların əmələ gəlməsinə səbəb olmuşdur. Araşdırmalar göstərir ki, son illər bu resursların yüksək artım dinamikası müşahidə olunur və İKT sahəsi üçün bu hal daha səciyyəvidir. Məsələn, AB ölkələrində kompyuterlərin yenilənmə tezliyi 1-1,5, ABŞ-da bir il olduğu halda Azərbaycanda dövlət təşkilatlarında 7, özəl firmalarda orta hesabla 3 ildir. Nəticədə mənəvi aşındiğı üçün istifadə olunmayan, lakin hesabdan silinməsinə icazə verilməyən kompyuter avadanlıqları potensial tullantılar kimi anbarlarda yığılıb qalır və sonda adi məişət tullantıları kimi atılır. Səbəb isə bu günədək respublikamızda e-tullantıların idarə edilməsi probleminin sistemli şəkildə həll edilməməsidir. Aydındır ki, şəxsi təşəbbüsü ilə bu avadanlıqların (əsasən kompyuterlərin) qəbulu, kustar formada bərpası və pərakəndə satışı ilə yarımleqal şəkildə məşğul olan bir qrup şəxs bu problemi əsaslı şəkildə həll edə bilməz.

Digər tərəfdən, ölkə rəhbərliyi İKT-ni prioritet sahə elan edib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 8-10 ildə sahə üzrə orta illik artım dinamikası 20-25% olmuşdur ki, bu da orta ümumdünya göstəricilərindən 2-3 dəfə yüksəkdir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə 2011-ci ildə hər yüz nəfərə 48 kompyuter, 65 internet istifadəçisi və 110 mobil telefon düşmüşdür ki, bu da ümumilikdə təxminən 5 mln. kompyuter, 10 mln. mobil telefon deməkdir. Aydındır ki, bu siyahıya digər elektron və elektrik (elektrotexniki) avadanlıqlarını da əlavə etsək istismarda olan bu qədər elektron və elektrik avadanlıqlarının e-tullantılarının həcmini təsəvvür etmək olar.

Qeyd etmək lazımdır ki, son 10-15 ildə digər sahələrlə yanaşı, ümumilikdə, tullantılar problemləri də ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, qanunvericilik bazasının yaradılmasında və praktiki istiqamətdə mühüm irəliləyiş əldə edilmişdir.

Hələ 1990-cı illərin ikinci yarısından başlayaraq ümummilli lider H.Əliyevin təşəbbüsü ilə bu sahə üzrə qanunvericilik bazasının yaradılması işinə başlanmış və 1998-ci ildə onun imzası ilə “İstehsalat və məişət tullantıları haqqında” Respublika Qanunu qəbul edilmişdir. Bu Qanun adı çəkilən tullantı sinifləri üzrə dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirən və münasibətləri tənzimləyən çərçivə sənədidir. 2006-cı ildə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” qəbul edildi. Bu tədbirlər planı çərçivəsində Bakı şəhəri ərazisində əmələ gələn BMT-nin idarə edilməsinə aid “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident Sərəncamı imzalandı və utilizasiya mərhələsini həyata keçirmək məqsədilə “Təmiz Şəhər” ASC yaradıldı (2008). “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” və “Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamları qəbul edildi (2011) və s. Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində qeyd olunan digər normativ hüquqi aktların və normativ aktların vəformalaşdırdığı qanunvericilik bazası əsasında məişət tullantılarının emalı sahəsində bir sıra mühüm praktiki işlər görüldü. Bu işlər sırasında keçən ilin sonunda istismara verilmiş Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ) və Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BMTÇZ) xüsusi əhəmiyyət daşıyır. Fərəhli haldır ki, 500 mln. ton məişət tullantıları və 10 mln. ton tibbi tullantı emalı gücündə olan BMTYZ şərqi Avropa və MDB məkanında bu tipli ən böyük müəssisədir. Zavodun fəaliyyəti nəticəsində çox qısa müddət ərzində Bakıda BMT-nin həcminin 10 dəfə azalacağı, hər il 100000 ton karbon dioksidi ekvivalentinə bərabər qazların atmosferi zəhərləməsinin qarşısının alınacağı və 60 mln. kub metr təbii qaz ekvivalentinə qənaət yaranacağı gözlənilir. İllik gücü 200000 ton olan BMTÇZ-da qəbul edilən tullantılar tərkib hissələrinə görə çeşidlənir və ümumi həcmin 40%-i təkrar material-xammal resursu kimi emal müəssislərinə, qalıq kütlə isə istilik-energetik resurs kimi BMTYZ-yə göndərilir.

Qeyd edilməlidir ki, əsas vəzifəsi Balaxanıdakı Şəhər Tullantılarının Zərərsizləşdirılməsi Poliqonunun, BMTYZ və BMTÇZ-nin idarəçiliyini həyata keçirmək olan “Təmiz Şəhər” ASC fəaliyyət göstərdiyi beş ildən az müddətdə tullantılarla bağlı digər sahələrdə də xeyli işlər görmüş, respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsinə böyük töhfələr vermişdir. Belə ki, əhalinin maarifləndirilməsi məqsədilə təşkil etdiyi seminarlar, şəhər ərazisindəki qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi, qısa müddət ərzində poliqon və ətraf ərasilərdə aparılmış abadlıq işləri, Bakının Xəzər rayonunun bir sıra qəsəbələrində tullantıların növlərə görə ayrıca yığılması və daşınması üzrə pilot layihələrin təşkili və s. çox əhəmiyyətli məsələlərdir.

Araşdırmalar göstərir ki, bütün bu nailiyyətlərə baxmayaraq Respublikamızda bu günədək e-tullantılarla bağlı münasibətləri tənzimləyən normativ hüquqi baza və emal mərhələlərini həyata keçirən infrastruktur yaradılmamışdır. Lakin təməli 2012-ci ilin sonunda qoyulan Balaxanı Sənaye Parkında digər istehsal və xidmət sahələri ilə yanaşı e-tullantıların kompleks emalı üzrə yaradılması nəzərdə tutulan istehsal sahəsinin və infrastrukturun fəaliyyəti nəticəsində bu sahədəki çatışmazlıqların xeyli dərəcədə aradan qaldırılacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutu olaraq İnformasiya Texnologiyaları İnstitutu informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərinin müxtəlif problemləri ilə yanaşı e-tullantıların elmi-texniki problemləri ilə də məşğul olur. İnstitutda e-tullantılar üzrə aparılan tədqiqat işlərinin əsas məqsədi dünya təcrübəsinin analiz edilməsi, Azərbaycanda problemin mövcud vəziyyətini monitorinqinin aparılması, Azərbaycan özəlliklərini nəzərə almaqla mütərəqqi texnika və texnologiyaların respublikamızda tətbiqi məsələləri üzrə tövsiyələrin işlənməsi, əhalinin sahə üzrə maarifləndirilməsi işində iştirak etməkdir. İnstitut həmçinin qrant layihəsi çərçivəsində kiçik yaşayış məntəqələrinin birində e-tullantıların ayrıca toplanması və sonrakı emal mərhələlərinin təşkili üzrə pilot layihəsini həyata keçirməyi planlaşdırır.

Ümidvarıq ki, ölkə rəhbərliyinin, aidiyyatı olan təşkilatların, ictimaiyyətin qarşılıqlı səyləri nəticəsində respublikamız digər sahələrdə olduğu kimi, e-tullantılarla bağlı problemlərin həlli istiqamətində də yüksək göstəricilər əldə edəcək və qabaqcıl ölkələr səviyyəsinə yüksələcək.

AMEA İnformasiya Texnologiyaları

İnstitutunun baş mühəndisi

tex. fəl.dok., Rəşid Ələkbərov

AMEA İnformasiya Texnologiyaları

İnstitutunun şöbə müdiri



tex. fəl.dok., B.Agayev




Yüklə 55,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin