Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, ər-Rəhmanın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”43.
Ey Allahın qulu! İnsan o gün qəbrindən çıxanda özünə fayda vermək üçün öz yaxınlarına, tanışlarına, atasına, anasına, qadın öz ərinə, valideyn öz övladına müraciət edəcək. Ana deyəcək: ”Ey övladım! Səni bir müddət qarnımda daşıdım, əziyyətlərə dözdüm, sənin üçün gecələri oyaq qaldım, səni böyütmək üçün hər bir əziyyətə qatlaşdım. Bunların müqabilində heç olmasa mənə bir savab ver ki, onunla Allahın hüzuruna gedim”.
O gün insanların bütün yaxınları, oğul-uşağı, qardaşı-bacısı, ata-anası və bütün əzizləri onu əli boş geri qaytarıb deyəcəklər: “Məndən uzaq ol. Mənim səndən buna daha çox ehtiyacım var”. Allah Təalə bu yerdə buyurur:
“O gün insan öz qardaşından, anasından, atasından, arvadından və övladlarından qaçacaq! O gün onlardan hər birinin yetərincə işi olacaqdır.”44
Ey insan! O günün dəhşətindən analar öz südəmər körpələrini atacaqlar. Amma dünyada ikən o körpəsi üçün hər şeyini qurban verərdi. Allah Təalə buyurur:
“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli körpəsi olan qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir.”45
O gün insan ağlayaraq sağa-sola çevrilib, ətrafına baxacaq və bədənləri çılpaq, ayaqları yalın və O günün dəhşətindən saçları ağarmış insanları görəcək. Allah Təalə bu barədə buyurur:
“Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.”46
Ey insan! O gün günahkarların gözləri zəlilcəsinə yerə dikilərək qorxudan az qala ürəkləri ağızlarına gələcək və onları gətirib bir yerə toplayacaqlar. Günəş də bir milə qədər onların başları üzərində olacaqdır. Sonra isə sorğu-sual başlayacaq. İnsanlar o gün adbaad çağırılacaq. Filankəs oğlu filankəs haradadır? Filankəs qızı filankəs haradadır? Bunu eşidəndə insanın əl-qolu əsəcək, az qalacaq ki, dizi üstə yerə çöksün.
Cəlil olan Allah Təalə belə buyuracaq: ”Aparın qulumu Cəhənnəmə”
Heç o an barəsində fikirləşdinmi? Allah Təalə buyurur:
«O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”. »47
Ey insan! o gün bütün günahlarını, valideynlərinə asi olmağını xatırlayacaqsan. O an ki, anan, atan sənə iş buyurdu: Dedin “yox”. Hamısını Qiyamət günü xatırlayacaqsan və o zaman insan günahları ilə özü arasında uzaq bir məsafə olmasını arzulayacaq. Ey insan! Həmin gün suallara cavab vermək üçün bu gün dünyada ikən nəfsini hesaba çək. Allah Təalə buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.”48
Ey Allahın qulu, ey insan! Yatmazdan əvvəl, və ya vitir namazını qılmazdan əvvəl, və ya dəstəmaz aldıqdan sonra, və yaxud da yuxu zikrlərini etdikdən sonra fikirləş gör ki, Allah üçün nə etdin. Günahlarını bir əlinə qoy, savablarını da o biri əlinə. Sonra öz nəfsini hesaba çək. Gör hansı ağır gəlir. Ey Allahın qulu! Qiyamət günü hesaba çəkməzdən əvvəl öz nəfsini hesaba çək. Yoxsa Qiyamət günü gələndə Allah Təala o kimsələr barəsində buyurur:
“Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı? O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək.”49
Allah Təalə başqa bir ayədə buyurur:
“Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik!”50
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Macəda rəvayət olunan bir hədisdə belə buyurur:
“Qiyamət günü əməlləri dağlar boyda olan qövmlər, camaatlar gələcəklər. Allah Təalə onların əməllərini heç bir şey edəcək”.
Souban (Allah ondan razı olsun) soruşur: “Onlar kimlərdir, ya Rasulullah? Onları bizə vəsf et ki, biz onlardan olmayaq”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Onlar sizin namaz qıldığınız kimi namaz qılarlar, oruc tutarlar, hətta gecə namazına da qalxarlar. Amma Allahın haramları ilə tək tənha qaldıqda bu haramlara yol verərlər, insanların gözü önündə özlərini saleh bir insan kimi apararlar. Amma özü evdə tək qalanda, otaqda tək oturanda, artıq onu heç kim görməyəndə Allaha asi olmağa başlayar, və yaxud bazara gedərkən fikirləşər ki, heç kimsə onu izləmir və nə istəyir onu da edər”51.
Allah Təalə buyurur:
“Məgər o bilmir ki, Alah Təalə onu görür?”52
Allah Təalə Qiyamət günü onun etdiyi əməllərin hamısını ona göstərəcək. Cəhənnəmi görəndə o insan dərindən bir ah çəkəcək və etdiyi bütün əməlləri xatırlayacaq. Necə ki, Allah Təalə buyurur:
«“Cəhənnəm gətiriləndə, məhz o gün, insan öz günahlarını xatırlayacaq, peşman olacaq, artıq o peşmançılığı ona heç bir fayda verməyəcək və O gün insan belə deyəcək: “Kaş ki, həyatımı yaxşı işlərə həsr edəydim”.»
Elmi olan kimsə deyəcək: “Kaş ki, insanlara bu elmi çatdırardım. Kaş ki, pis əməllərdən onları çəkindirərdim, səhlənkarlıq etməyərdim”. Ey Allah yolunda dəvət edən kimsə! Sənən nə olub? Sənə Allah yoluna, Islama dəvət etməyə nə mane olur? Utanmaqmı? Allah utanılmağa daha layiqdir, yoxsa qorxumu? Allah qorxulmağa daha layiqdir. Ey insan, Allahın əmr etdiyi yerdə danışmadın. O məclisdə ki, Allaha qarşı, saleh insanlara, dinə qarşı xoşagəlməyən söhbətlər edirdilər. Amma sən o yerdə elmin, ixtiyarın olduğu halda sakit dururdun, hətta o məclisi tərk etmirdin və bu hərəktini xatırlayıb belə deyəcəksən:
“Kaş ki, həyatımı yaxşı işlərə həsr edəydim.”
Həmin şəxs Qiyamət günü öz günahlarına baxıb bunların səbəbkarı olan pis dostlarını xatırlayacaq.
Allah Təalə Qurani Kərimdə buyurur:
“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.”53
Dünyada ikən yaxşı və pis dostlarını xatırlayacaqsan, o dostları ki, dünyada ikən səni məscidlərə, dini elm məclislərinə, xeyir yığıncaqlarına dəvət edirdilər. Amma pis insanlar, pis dostlar isə sənə belə deyirdi: “ Cavansan, beş günlük dünyadır, get kefini çək, bunlara qoşulub özünü bədbəxt etmə. Avaralanmaq yox, içki içmək yox, gəzmək yox, kef çəkmək yox. Onlar həyatını itiriblər” Şübhə yoxdur ki, bu anları sən Qiyamət günü xatırlayacaqsan. O zaman peşmançılıqdan nəinki bir barmağını, əfsuslar olsun ki, iki əlini ağzına salıb çeynəyəcəksən. Mələklər gəlib həmin şəxsi Cabbar, Qabbar və dünyaya, yerlərə, göylərə sahib olan Allah Təalənin hüzuruna aparacaqlar.
Qiyamət günü sıxıcı anlar barəsində Aişə (Allah ondan razı olsun)dən belə rəvayət olunur: “Bir gün cəhənnəmi xatırlayıb ağladım və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)dan soruşdum: “Ey Allahın rəsulu Qiyamət günü bizi xatırlayacaqsanmı?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Üç an vardır ki, o zaman heç kim, heç kimi xatırlamaz: Əməl dəftərləri veriləndə, hətta sağ və ya sol əlinə çatana qədər; Əməllər tərəzidə çəkilməyə başlayandan qurtarana qədər və Sirata ayaq qoyandan, hətta keçib qurtarana qədər”.54
Ey insan! Nəhayət sən o sıxıcı anları yaşamaq üçün, sorğu–suala çəkilməyə, Uca Allahın hüzuruna gətiriləcəksən. Allah, insanı aralarında heç bir tərcüməçi olmadan sorğuya çəkəcək. Əgər bu insan Rəbbinə itaət etməyən, zalımlardan, inadkarlardandırsa, Allah ona etdiyi günahları xatırladacaq: “Ey qulum! Mənə asi olub, günah işləməyini, sabah namazına yatıb qalmağını, insanları əyri yola yönəldib düz yoldan sapdırmağını, rüşvət almağını, oğurluq etməyini, haram faiz yeməyini xatırlayırsanmı? Dünyada ikən faizin haram olduğunu bilirdin, amma əl çəkmirdin. Bilirdin ki, öz ailənin bir günah etdiyini görəndə, zövcən və ya qızın hicabi tərk edəndə buna görə sənin üzərinə məsuliyyət düşür. Amma bir şey demirdin”. O gün insan bu suallara hansı üzlə cavab verəcək?! Allah bilir. Əgər boynuna almayıb deyərsə ki, “mən deməmişəm, mən etməmişəm” onda Allah mələklərdən və onu bu iş üzərində görən insanlardan şahidlər gətirəcək. Dünyada ikən ona nəsihət edən kimsələr gəlib deyəcək: “Ya Rəbbi! Dəvət etdim, amma icabət etmədi, başa saldım, lakin təkəbbürlük edib qəbul etmədi, dünyaya olan məhəbbətinə güc gələ bilmədi, nəfsinin arzularına uydu”. Bu insan əgər bu şahidləri də qəbul etməsə, onda Allahın izni ilə onun ağzına möhür vurulacaq və öz əzaları özünə qarşı şahidlik edəcək. Əlləri, ayaqları və dəriləri danışacaq.
Allah Təalə buyurur:
“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.”55
Bunları görən insan dəhşətə gələrək öz əzalarına belə xitab edəcək:
«Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. »56
Bəli, ey insan! O gün əl şahidlik edərək deyəcək: ”Ya Rəbbi! mən verdim, mən aldım, mən götürdüm”. Ayaq deyəcək: “Mən getdim”. Dil deyəcək: “Mən danışdım”. Göz isə deyəcək: “Mən baxdım”. O gün insanın bütün əzaları danışacaq.
Sorğu-sualdan sonra onun əməl dəftəri ona soldan veriləcək. Allah Təalə Qurani Kərimdə bu barədə belə xəbər verir:
«Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”57 ».
Başqa bir ayədə Allah Təalə belə buyurur:
“ Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!”58
Amma indi o insan görəsən nə istəyir? Allah Təalə Səcdə surəsində buyurur:
“Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!”– deyəndə görəydin!”59
Vallahi ki, o zaman insan dünyaya qayıdıb məsciddə oturmağı, Allaha səcdə halında qovuşmağı, bircə qəpiyi olsa belə onu Allah üçün sədəqə verməyi düşünəcək. Amma artıq çox gecdir. Əgər hesaba çəkilən insan Rəbbinin hüzuruna tövbə edərək gələnlərdən olarsa, bütün günahlarını etiraf etdikdən sonra Allah Təalə ona belə deyəcək: “Dünyada ikən sənin etdiyin günahları insanlara bəyan etmədim, bildirmədim və sənin günahlarını örtdüm. Bu gün isə səni bağışlayıram”. Həmin insanın kitabı isə ona sağdan veriləcək və o, başqalarının yanına gedib belə deyəcək:
“Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.60
Gedib insanlara müjdələndiyini çatdıracaq və belə deyəcək: “Mənim kitabıma, səhifələrimə, gecə qıldığım namazlara, gündüz tutduğum oruclara, sədəqələrə, insanlara etdiyim yaxşılıqlara baxın”. Allah bizləri həmin kimsələrdən etsin.
Qiyamət günü sıxıcı anlardan biri də hədisdə zikr olunduğu kimi əməllərin tərəzidə çəkildiyi vaxtdır. Həmin an barəsində Allah Təalə buyurur:
“Biz Qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Hər hansı bir əməli bir xardal dənəsi ağırlığında olsa belə onu tərəziyə gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.”61
Başqa bir ayədə Allah Təalə buyurur:
“O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.”62
Ey Allahın qulu! O gün insanların yaxşı və pis əməllərini tərəzidə çəkmək üçün gətirəcəklər və bu zaman insanlar üç qrupa bölünəcəklər:
-
Savabları günahlarından çox olanlar;
-
Günahları savablarından çox olanlar;
-
Savabları günahlarından çox olub, amma sahibinə fayda verməyənlər, yəni Allahın həmin şəxsin savablarını adilliklə puça döndərdiyi kimsələr.
Birinci qrup, savabları günahlarından çox olan kimsələr, möminlərdir. Allah Təalə bizləri onlardan etsin. Möminlərin əməllərini tərəzidə çəkmək üçün gətirəcəklər. Onların tövhidini, namazlarını, oruclarını, zəkatlarını, sədəqələrini və gözəl əxlaqlarını gətirib tərəziyə qoyacaqlar. Onların savabları ağır gələcək.
Sonra günahları savablarından çox olan kimsələrin əməlləri tərəzidə çəkilmək üçün gətiriləcək. Amma savabları az olduğu üçün bu onlara fayda verməyəcək. Sonra Allah tərəfindən onların Cəhənnəmə atılması üçün bir nida gələcək:
« “Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun”.63 »
Cəhənnəmə üzü qoylu süründürüləcəklər və oda yaxınlaşdırıldıqları zaman Cəhənnəmin qapıları açıq olacaq. Allah Təalə bu yerdə belə buyurur:
“O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir”64.
Üçüncü qrupdan olanlar barəsində isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz səhabələrinə belə xitab edir: “Bilirsinizmi müflis kimdir?” dedilər. “Ey Allahın rəsulu! İçimizdən malı-mülkü olmayanlar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ümmətimdən müflis olan kimsə Qiyamət günü çoxlu savablarla gələr, amma dünyada ikən insanlarn haqqını tapdaladığına görə həmin insanlar gəlib öz haqqlarının əvəzinə onun savablarını götürüb gedərlər. Hətta onun savabları qurtarar. Başqa bir dəstə haqqlarının əvəzinə savab almağa görərlər ki, artıq onun savabı qalmayıb və bu zaman haqqı tapdalanmış bu insanlar öz günahlarını onun üstünə töküb gedərlər”65. Ey insan! O gün dünyada ikən zülm etdiyin, döydüyün, söydüyün, böhtan atdığının, qeybətini etdiyin, malını haqsız yerə yediyin insanların hamısı səndən öz haqqlarını tələb etmək üçün gələcəklər və bunun əvəzində onlara sənin savablarından veriləcək. Savabların bitdikdən sonra onlar günahlarını sənə yükləyəcəklər və həqiqətən də sən müflislərdən olacaqsan, əlin boş qalacaq.
Allah Təalə adildir, dünyada zülm etdiyin insanların haqqlarını səndə qoyan deyil. O gün bu insan, Allahın ondan qəbul etdiyi, yaxşı əməllər yazılmış kitabına baxacaq, amma heç bir şey görməyəcək. Hamısı silinib getmişdir. Onun qıldığı namazları, tutduğu orucları və s. başqa ibadətlərin savabı haradadır? Artıq onun yaxşı əməlləri başqalarının xeyrinə oldu. Halbuki, insan onları uzun müddət əziyyət çəkib toplamışdır. Amma indi onun savabları haqqlarını tapdaladığı insanların səhifələrinə yazıldı. Öz kitabı isə başqalarının günahları ilə doldu. Bax, ey insan! Kiməsə zülm və xəyanət edənin, böhtan atanın, haqsız yerə insanların malını yeyənin, qeybət edənin müflislikdən payı var.
Allah Təalə buyurur:
“Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır). İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. Onlara deyiləcəkdir: “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”. Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir. O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hüzurunda duracaqlar. O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir”66.
Ey Allahın qulu! Qiyamət günü ən çətin anlardan sonuncusu sirat körpüsündən keçməyin çətinliyidir. İnsanlar Qiyamət günü bu mərhələlərdən keçdikdən sonra sirat körpüsünə tərəf yönələcəklər. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun)nin rəvayətinə görə, “Bu körpü Cəhənnəm üzərində Cənnətə keçmək üçün salınmışdır. Özü də tükdən nazik, qılıncdan itidir”67.
Kim dünyada ikən Allahın buyurduqlarına əməl edib, qadağan etdiklərindən çəkinmişdirsə Allahın köməkliyi ilə bu körpünün üzərindən keçəcəkdir. Kimlər ki, dünyada öz Rəbbinə asi olaraq günahları çox olub, tövbə etmədən Allahın hüzuruna gələrsə körpünü salamat başa vurmaq onlara nəsib olmayacaq və körpünün üzərindən Cəhənnəmə düşəcəklər.
Ey Allahın qulu! Siratın üzərindən keçərkən yaşanacaq qorxulu anları qəlbində canlandır və fikirləş ki, artıq sirat körpüsünün üzərindəsən və Cəhənnəm də ayağının altında alovlanır. Oraya düşən insanların ah-naləsinin səsi gəlir və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də körpünün yanında durub keçənlər üçün belə dua edir:
“Ey Rəbbim, sən onları salamat saxla”.
İnsanlardan bəziləri siratdan külək kimi yüngül, bəziləri qaçan at kimi, bəziləri sürünərək keçəcək və digər bir qismi də yıxılaraq Cəhənnəmə düşəcəklər.
Ey insan! Heç Cəhənnəmin vəsfi barədə eşitdinmi? Ey Allahın qulu! Səhih qaynaqlardan toplanmış Cəhənnəmin vəsfinə qulaq as:
Cəhənnəm - Allahın kafirlərə, zalimlərə, Allahın əmrlərinə qarşı gələnlər üçün hazırladığı bir məskəndir. Odu çox şiddətli, qamçıları dəmirdir. Cəhənnəmin dibi, atılan daşın yetmiş ildən sonra ora çatacaq məsafəsi qədər dərindir. Qiyamət günü Cəhənnəmi sürüyüb gətirəndə Cəhənnəmin yetmiş min qulpu olacaq və hər bir qulpundan yetmiş min mələk tutacaq. Cəhənnəm odu dünya odundan yetmiş dəfə artıq yandırır. Orada insanlara əzab vermək üçün böyük ilanlar və əqrəblər var. Onlardan biri kafiri sancanda kafir zəhərin ağrısını qırx ilə kimi çəkər. Cəhənnəm əhlinin paltarı od, yeməkləri zəqqum, içkiləri isə qaynar və qanlı irinli sudan başqa bir şey deyil. Zəqqum Cəhənnəmin ortasında bitən bir ağacdır. Meyvəsi çox acı, iyi çox pis, şəkli isə çox iyrəncdir. Əgər zəqqumun bir damcısı bu dünyaya düşsəydi, dünya əhalisinin həyatını korlayardı. Gör onu yeyənin vəziyyəti necə olar?! Cəhənnəm əhli ondan qarınlarını doyuzdurana qədər yeyər, sonra isə üstündən qaynar su içərlər. Daha sonra isə onları orada dəmir qamçılarla vurarlar. Zərbənin şiddətindən əzaların hərəsi bir yerə düşər. Sonra yenidən birləşib, əzaba məruz qalarlar. Sonra onların əllərini boyunlarına dəmir halqalarla, saçlarını isə çəkib arxadan ayaqlarına bağlayarlar və beləcə onlar Cəhənnəm odunu üzləri ilə qarşılayarlar, əlləri ilə üzlərini yandıran odu dəf edə bilməzlər. Allah bizləri Cəhənnəm əzabından qorusun! Həmin zaman Cəhənnəm əhli Cəhənnəmə düşməkdə pis dostlarını təqsirləndirərlər.
Necəki Allah Təalə buyurur:
«Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər tayfa Oda girdikcə havadarlarını lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!”68»
Dünyada ikən öz nəfslərinə uyub, şeytanın vəsvəsələri ilə oturub duran, Allahın insanlara doğru yol göstərdiyi halda Allahın əmrlərini tərk edən, şeytanın insana zərər verdiyi halda ona tabe olan, özlərini şeytanın əsgərinə çevirən kimsələrə, şeytanın heç bir köməyi çatmayacaq və bu zaman onlar peşman olacaqlar, amma bu peşmançılıq onlara fayda verməyəcək. Bununla belə Cəhənnəmə düşdükləri üçün pis dostlarını qınadıqları kimi, şeytanı da qınayacaqlar.
Allah Təalə bu barədə Quarni Kərimdə buyurur:
“İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır”69. Sonra onlar Cənnət əhlinə belə müraciət edəcəklər. Allah Təalə buyurur:
«Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”70».
Onlar qəlbi daşdan da sərt olan Cəhənnəm mələyinə belə deyərlər: “Allaha dua et ki, əzabımızı heç olmasa bircə gün belə yüngülləşdirsin. Onlar deyəcəklər: “Məgər, sizə öz Peyğəmbəriniz açıq– aşkar möcüzələr göstərmədimi?” Onlar: “Bəli” deyə cavab verərlər. Bu zaman onlara deyərlər: “Elə isə özünüz dua edin!” Kafirlərin duası isə boş şeydir, heç vaxt qəbul olunmaz. Onlar Cəhənnəm mələyinə deyərlər: “Ey Malik! Rəbbin bizim üçün ölüm hökmü kəssin və öldürsün ki, bu əzabı görməyək”. Cəhənnəm mələyi olan Malik isə onlara yalnız bir cavabla kifayətlənərək: “Siz orada qalacaqsınız” deyəcək. Sonra onlar Allaha dua edəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart. Əgər bir də günahlara qayıtsaq biz zalimlərdən olarıq”. Allah Təalə onlara belə deyəcək: “Orada qalın və məni dindirməyin”. Bunu eşidəndə onlar hər şeydən ümidlərini kəsəcəklər. Allah bizləri Cəhənnəm əzabından qorusun.
Müsəlman bacı və qardaşlar! Kimə sirat körpüsünün üzərindən keçib Cənnətə girmək nəsib olarsa o, artıq nicata çatmışdır. Allah Təalə öz saleh qulları üçün orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, xəyallara gəlməyəcək şəkildə nemətlər hazırlamışdır. Hər bir möminin Cənnətdə hurilərindən iki zövcəsi olacaq. Əgər onlardan biri dünya əhlinə görsənsəydi, Günəşin işığını batırıb bütün dünyanı işıqlandırar, gözəl qoxusu yerlə göylərin arasını doldurardı. Cənnətdə bir qırmanc qədər kiçik bir yer, dünya və onun içində olan hər bir şeydən daha xeyirlidir. Cənnət əhlinə verilən ən böyük nemət isə Allah Təaləni görməkdir. Necə ki, onlar Allah Təaləni görəndə onlara bəxş olunmuş bütün nemətləri unudaraq ona baxacaqlar. Necə ki, Allah Təalə buyurur:
“
Dostları ilə paylaş: |