Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə29/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   25   26   27   28   29   30   31   32   ...   52
Gülşən Əliyeva

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin iqtisadiyyat və

informatika kafedrasının müəllimi
Ailə və ev təsərrüfatı iqtisadi təhlil obyekti kimi
Müasir elm yeni tətqiqat vasitələri və üsullarının axtarışındadır. Cəmiyyətdə baş verən bütün proseslərin tarixi dərki ilə bağlı çətinliklər əldə olunan nəticələrə yenidən baxmaqdan başqa həm də tədqiqat obyektinə tamamilə yeni yanaşma tələb edir.
Son vaxtlar "gender" anlayışı, gender tədqiqatları populyarlıq qazanmış və geniş yayılmışdır ki, bu da cinsi mədəniyyətdən asılı olaraq cəmiyyətdəki sosial rolların bölüşdürülməsi ilə bağlı problemlərin aktuallaşmasından xəbər verir.
"Gender" anlayışı ictimaiyyətdə ən yeni və aktual məhfumlardan biridir. Gender - sosial cins olaraq cinsi fərqlərin sosial xarakterini nəzərə çarpdırır. Gender - mürəkkəb sosiomədəni konstruktordur: kişi və qadının cəmiyyət tərəfindən yaradılmış rollarında, davranışında, mental və emosional xüsusiyyətlərindəki fərqdir.
Cəmiyyətdəki geniş miqyaslı sosial-iqtisadi və siyasi dəyişikliklər müxtəlif sosial qrupların status dəyişikliklərinə, gender münasibətlərində problemlərin meydana gəlməsinə səbəb olur. İctimai həyatın ayrı-ayrı sahələrində, özəl səhədə qadın və kişilərin vəziyyəti dəyişir, ailə quruluşunda və sosial zəmanətlər sistemində dəyişiklik baş verir.
Gender elmi və elmdən kənarda olan təsəvvürlərin geniş spektrini özündə ümumiləşdirən tədqiqatların yeni istiqaməti kimi çıxış edir. O, kişi və qadının cəmiyyətdə olan rolunu, yerini və əhəmiyyətini nəzərdən keçirən yeni fəlsəfi cərəyanın əsasını təşkil edir.
Gender iqtisadiyyatı gender tədqiqatlarının daha gənc və eyni zamanda daha fəal inkişafda olan istiqamətidir. Bu istiqamətin əsasında kişi və qadın arasındakı iqtisadi fərqlərin təhlili və bu fenomenin səbəblərinin araşdırılması durur. Genden iqtisadiyyatına iqtisadi nəzəriyyənin istiqamətləri çərçivəsindəki geniş çeşidli müxtəlif cür konsepsiyalar daxildir.
"İqtisadiyyat" termini yunan dilində "Oikonomia" sözündəndir, ev təsərüffatının idarə edilməsi və qaüğı deməkdir.
Gender iqtisadi nəzəriyyəsinin diqqət mərkəzində qadının ev təsərrüfatında ödənişsiz əməyinin ölçülməsi və qiyməti problemi, eləcə də ailə daxilində əməyin bölüşdürülməsi, gəlir və amiranə səlahiyyətləri kimi məsələlər durur.
Cinslər arasındakı ənənəvi əmək bölküsünə əsasən, kişiyə məhsuldar əməklə bağlı fəallıq aid edilir, qadına isə, həyatın mühafizəsi üçün şərait və iş qüvvəsinin təkrar istehsalı kimi baxılır. İqtisadiyyatın ən əsas məsələsi ödənişsiz ev əməyinin ölçülməsi və qiymətləndirilməsi, onun milli hesablar, iqtisadi statistika və ümumi milli məhsullarda nəzərə alınmasıdır. Gender rollarına görə bölüşdürməyə uyğun olaraq qadın əməyinə aşağıdakılar daxildir:
- ev işi;
- uşaqlara və qocalara qayğı;
- könüllü əmək;
- ailə biznesində iştirak;
- kənd təsərrüfatı əməyi;
- ərin karyerası üçün qoyulmuş ödənişsiz qadın əməyi.
Qadın əməyinin hesaba alınması - sadəcə olaraq, qadının özünə hörmət və özünüdərkini gücləndirmək üçün vasitə deyildir, eyni zamanda milli iqtisadiyyatın və işçi qüvvəsi bazarının real vəziyyətinin göstərilməsinə qarşı edilən bir addımdır. Adi bazar istehsalatı bazar gəlirinə kapitalı və bazar əməyini dəyişdirdiyi kimi ev təsərrüfatının fəaliyyəti də ev əməyini və ailə gəlirinə kapitalı dəyişdirir. Hər iki sahəyə - biznes və ev təsərrüfatına eyni qiymət vermək lazımdır.
Hər ailə öz-özlüyündə, "istehsal amillərindən" (bazar məhsulları, ailə üzvlərinin vaxtı və digər resurslar) istifadə edərək "yekun məhsul" (istehlak malları) istehsal edən mini-fabrikdir. Bu mallar müxtəlif texnologiyalardan istifadə olunmaqla istehsal oluna bilər: yeməyi evdə də yemək olar, restoranda da, otağı özün də yığışdıra bilərsən, qulluqçu da tuta bilərsən. Seçim ailənin gəlirindən asılıdır. Ev istehsalı üçün ən əsas resurs ailə üzvlərinin vaxtıdır. Məsələn, ailə üzvlərindən biri ev işləri ilə məşğul olmağa sərf etdiyi vaxtı bazar sektorunda itirdiyi üçün, onun bazar sektorunda əldə edə biləcəyi əmək haqqı azalır. Ona görə də, qadının təhsili, ixtisas dərəcəsi nə qədər yüksək olursa, ev işləri ona bir o qədər baha başa gəlir. Qadınların məşğulluğunun və bazarda əmək haqqının artırılması onların ev təsərrüfatında istehsal etdikləri nemətlərin bahalaşdırılması deməkdir. Bu isə öz növbəsində çox vaxt aparan ev işlərinin daha az vaxt aparan texnologiyalarla həyata keçirilməsinə imkan yaradır. Məsələn, ev təsərrüfatında işlədilən qabyuyan, paltaryuyan maşınlar, mətbəx avadanlığı, tozsoran və s. qadınlara ev işlərinə az vaxt sərf olunmasında yardımçıdırlar.
Siyasi icmal inkişaf və cinslər arasında bərabərlik məsələlərinin araşdırılmasında yeni nəzər deməkdir. Qadınlar və onların cəmiyyətdə rolu məsələsinə xüsusi diqqət verilir. Siyasətin icmalında hüquq bərabərsizliyinin aradan qaldırılması üçün onun dərin köklərinin tapılması və ləğv edilməsi məsləhət görülür.
Cinsi əlamətə görə fərqləndirmənin əsas struktur səbəblərinin ləğv edilməsinə xüsusi diqqət yetirilir. Bu problemin həll edilməsi məqsədilə həyat tsikllərinin konsepsiyaları şərh edilir. Bu konsepsiya əsasən bu günkü qız - sabahkı qadının, öz inkişafının hər mərhələsində (anadan olandan 5 yaşınadək, 6-dan 12 yaşa və 13-dən 18 yaşa qədər) qarşılaşdığı problemin həllinə yönəldilmişdir. Bu konsepsiya qadın həyatının bərabərhüquqlu olmayan təzahürlərinin ləhğvinə yönəldilmişdir. Cinslər arasında bərabərliyin təmin edilməsinə yönəldilmiş strategiya və konkret tədbirlər arasında aşağıdakıları qeyd etmək olar:
- ailə daxilində bərabərliyə yardım etmək;
- ev işləri və valideynlik borcunun yerinə yetirilməsində ataların daha yaxından iştirakının rəğbətləndirilməsi;
- çıxılmaz vəziyyətlərdə gender problemlərinə aid olan məsələlərin həlli; kasıb ailələrdə yaşayan qadınlar, daha çətin şəraitdə olan qız və qadınlar üçün tədbirlərin həyata keçirilməsi.
Sosial proqramlar və əmək haqqında qanunlar istehsalatda qadın və kişilər arasında bərabərsizliyinin azaldılmasına yardımçı oldular. Ev təsərrüfatında isə cinslər arasında əmək bölgüsünin çoxəsrlik qaydası hələ də saxlanılır. İşləyən qadınlar evə gəldikdən sonra "ikinci növbə" işə başlayırlar, kişilər isə ev işləri və uşaqların tərbiyəsi ilə demək olar ki, məşğul olmurlar.
Ev təsərrüfatında cinslər arasında ənənəvi əmək bölgüsünün qalması qadınların özfəaliyyət göstəricilərinə, iş qüvvəsi bazarında kişi və qadınlar arasında bərabərliyə, əmək sferası, əhali, sosial məsələlər və iqtisadiyyatda dövlət siyasətinin effektivliyinə təsir göstərir. Nə qədər ki, qadınlar ev işləri və uşaqların tərbiyəsi üçün cavabdehdirlər, onlar üçün xidmət nərdivanında yüksəlmək, bəzən isə iş bazarında ümumiyyətlə iş tapmaq çətin olacaq. Bundan əlavə, o qadınlar ki, ailənin təmin olunması üçün işlə təmin olunmanı vacib hesab edirlər, çətin ki, çox uşağın olmasına razı olsunlar.
Qadınlar istənilən ölkənin var-dövlətidir. Lakin heç bir ölkə öz qadınlarına öz kişilərinə yanaşdıqları kimi yanaşmırlar, heç bir qadına onun iqtisadiyyata verdiyi xeyirə uyğun qiymət vermir.
Ailə istehsalatı çərçivəsində qadınlar yer üzünün əzilən və istismar edilən yeganə sinfidirlər, hakim sinif isə bütün kişilərdir.
Aydındır ki, ev təsərrüfatında məşğul olan qadınların təhsili və ixtisas dərəcəsi nə qədər yüksəkdirsə, onların bazarda məşğulluq səviyyəsi və əmək haqqı o qədər yüksəkdir.
İqtisadi böhran şəraitində qadının sosial vəzifələri arasında münaqişə kəskinləşir. İşləyən qadın ailəyə gələn gəlirin cəmini ən azı 1,5 dəfə artırır. Buna görə onun işdən imtina edib və ev işləri ilə məşğul olması bu gəlirin gözə çarpan dərəcədə aşağı düşməsinə səbəb olur.
Milli iqtisadiyyatda qadınların geniş iştirak etməsinə baxmayaraq, onlar qərarların qəbul edilməsi ilə bağlı olan idarəedici orqanlarda və vəzifədə çox az yer tuturlar. Sənaye müəssisələrində məşğul olan qadınla, əsasən az ödənişli vəzifələrdə işləyirlər. Bu işlər isə xüsusi qabiliyyət tələb etmir. Qadınların xoşagəlməyən vəziyyətə düşməsinin səbəblərindən biri də Azərbaycanda kişilər və qadınlar arasında geniş vüsət almış fikirdir: ev işləri və uşaqların tərbiyəsi ancaq qadının vəzifəsidir. Məhz bu fikrin olması ev işləri ilə məşğul olan az sayda kişiləri gördükləri işi gizlətməyə məcbur edir, axı ev işləri yalnız qadınlara aiddir. Müasir iqtisadi çətinliklər şəraitində qadınlar kişilərə nisbətən daha ağır həyat şəraiti keçirirlər.
Müasir ailə əvvəlki kimi kişinin qadın üzərindəki hakimiyyəti sferası olaraq qalır. Kişi hakimiyyətinin ölçüsü isə ailə vəzifələri və ev əməyindən azad olmaqla ölçülür. Bir çox təsərrüfatlar sübut edir ki, evdar qadın vəziyyətinə keçid təşəbbüsü kişilərə məxsusdur, çünki kişiyə psixoloji rahatlıq lazımdır.
Ailədə münaqişəyə səbəb gender rollarının bölüşdürülməsidir. Bizim şəraitimizdə evdar qadının xoşbəxtliyi ərin arzusundan asılıdır. Ər öz hakimiyyətini hiss edir, qadın xidmətçi heyət yerini tutur.
Azərbaycanda xüsusən qadınlar üçün ailə həyatın ən vacib olan sahəsidir və konservativ, sabit olan bir institut olaraq qalır. Ərə getmək probleminin olması (iqtisadi cətinliklə əlaqədar), kişilərin proporsional olmayan emiqrasiyası, müharibələr zamanı kişi itgisi, bunlar hamısı birlikdə tənha qadınların sayının çoxalmasına səbəb olur. Azərbaycanlı kişilərin qarışıq nigaha girməsi (şəhər rayonlarında 16% təşkildir), azərbaycanlı qadınlar arasında isə bu təcrübənin demək olar ki, olmaması da tənha qadınların sayının artmasına səbəbdir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin