Ümidləri doğruldan seçim
Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız ağrılı problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Düşünürəm ki, sadaladığım və tam əksəriyyətinə hələ toxunmadığım uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır - lider amili!
Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin və onun rəhbərlik etdiyi siyasi təşkilatın idarəetmə qabiliyyətindən ilk növbədə dövlətin və xalqın taleyi asılıdır. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Rusiya üçün belə lider əgər Böyük Pyotrdursa, Hindistan üçün Mhatma Qandi, Çin üçün Mao Tszedun, qardaş Türkiyə üçün Mustafa Kamal Atatürk, Azərbaycan üçün isə Heydər Əliyevdir! Böyük strateq 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı addımları ilə Azərbaycanın dövlətçiliyini məhv olmaqdan xilas edən millət fədaisi, sərkərdə və lider kimi xatırlanır.
Tarixin böyük sınaqları ilə üzləşən Azərbaycan xalqı ötən əsrin sonlarında məhz 70-80-ci illərdə formalaşmış möhkəm iqtisadi təməl üzərində dövlət müstəqilliyini bərpa etdi. Fəqət, müstəqilliyin ilk illərində yaşanan sarsıntılar xalqa böyük acılar, ağrılar yaşatdı. Respublikada 1991-ci ildən 1993-cü ilin iyununadək hökm sürən xoşagəlməz durumu bu gün hər bir azərbaycanlı ürək ağrısı ilə xatırlayır. Məhz belə bir mərhələdə cəmiyyətin üzdə olan ziyalılarının, reallığı düzgün dəyərləndirən çoxsaylı insanların ümid dolu nəzərləri yenidən Heydər Əliyev fenomeninə yönəldi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın çoxsaylı ziyalı və sadə vətəndaşlarının müraciətləri ilə bir sırada keşməkeşli zamanın, çətin və mürəkkəb ictimai-siyasi proseslərin, xüsusən ağır vəziyyətə salınmış xalqın gələcək taleyinin Heydər Əliyev dühası tərəfindən nəzərə alınması isə YAP-ın yaranması ilə nəticələndi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında yeni partiyanın yaranması Azərbaycanın ən yeni tarixinin parlaq səhifəsinə çevrildi.
YAP-ın yaranmasının 20-ci ildönümü münasibətilə noyabrın 16-da "Buta" sarayında təşkil olunmuş tədbirdə dərin məzmunlu çıxış edən partiya sədri, möhtərəm Prezident İlham Əliyev demişdir: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir".
Dostları ilə paylaş: |