Qida toksikoinfeksiyaları (zəhərlənmələri) müxtəlif mikroblar və onların toksinləri tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu verən və sağalma ilə qurtaran kəskin xəstəlikdir.
Etiologiyası:
Qida toksikoinfeksiyaları patogen və şərti-patogen spor əmələ gətirən aerob və anaerob mikroblar tərəfindən törədilir. Bu mikroblar təbiətdə geniş yayılmaqla müxtəlif ərzaqları kirlədirlər. Əlverişli şərait yarandıqda onlar sürətlə çoxalır və güclü ekzotoksin əmələ gətirirlər. Mikrobların bəziləri 300 dərəcəyə qədər qaynamaya davam gətitir.
Epidemiologiyası:
İnfeksiyanın əsas mənbəyi insandır. Bu mikroblar insanda irinli iltihabi prosesləri, frunkulyoz, angina, pnevmoniya, faringit kimi xəstəliklər törədir. Çox vaxt insanlar həmin mikrobun gəzdiricisi olur. Qida toksikoinfeksiyaları külli miqdarda mikrob və onun toksini ilə çirklənmiş ərzaq, süd, kremli qənnadı məhsulları, ət, balıq və tərəvəz yeməklərini yedikdə baş verir. Bu məhsulları hazırlayarkən yaxud saxlama qaydasına düzgün əməl etmədikdə mikrob inkişaf edir.
Patogenezi:
Əlverişli temperatur və nəmlik şəraiti olduqda mikrob xeyli çoxalır və ərzaq məhsullarında toplanır. Bu mikroblar orqanizmdə də toksin hazırlayırlar. Bakterial toksinlər bağırsağın selikli qişasının hüceyrələrinə təsir göstərərək onların fəaliyyətini, mədə-bağırsaqların peristaltikasını artırır. Belə olduqda xəstələrdə çox vaxt ishal baş verir. Yayda əlverişli hava şəraiti mikrobun çoxalmasına və yayılmasına şərait yaradır. Ona görə də bu xəstəliklə adətən yay aylarında xəstələnirlər.
Klinikası:
Qida toksikoinfeksiyalarının kliniki mənzərəsi törədicinin növündən və tipindən asılı olmur. Xəstəlik 30 dəqiqədən 24 saata qədər davam edən qısa, gizli dövründən sonra aşkara çıxır. İlk simptomlar ürəkbulanma, qusma, mədə nahiyyəsində ağrılardır. Bundan sonra ishal başlayır. Bəzən qusma, öyümə və mədədə ağrı ilə birlikdə baş verir. Adətən qusuntu çoxlu və turş iyli olur. Tərkibində həzm olunmamış qida qalıqları görünür. Ishalın sayı gündə 10-15-ə çata bilər.
Xəstəliyin ilk saatlarından baş ağrısı, başgicəllənmə, ümumi zəiflik, laqeyidlik aşkar edilir. Xəstənin üzünün və bədəninin dərisi solğunlaşır, dili ağ ərplə örtülür. Bəzi hallarda xəstədə qızdırma və üşütmə də baş verir.
Diaqnozu:
Qida toksikoinfeksiyalarının diaqnozu xəstəliyin ilk saatlarında müəyyən edilməlidir ki, xəstələnməyə səbəb olan ərzaq məhsulu tapılıb zərərsizləşdirilsin. Xəstəliyin adətən eyni ərzaq məhsulunu yemiş xəstələr arasında baş verməsi, gizli dövrün qısa olması, xəstələrdə eyni əlamətlərin tapılması, ilk yardımdan – mədənin yuyulması və təmizləyici imalədən sonra xəstələrin vəziyyətinin tez yaxşılaşması, qida toksikoinfeksiyaları üçün xarakterik hesab olunur.
Müalicəsi:
Mikrobəleyhinə, bakteriyaəleyhinə preparatalardan istifadə olunur. Xəstəyə təmizləyici imalə qoyulur. Pəhrizə diqqət yetirilir.