Əmək təhlükəsizliyi standartlar sisteminə görə əmək mühafizəsi fənninə uyğun aşağıdakı terminlər qəbul edilmişdir.
1.Əmək mühafizəsi – bu qanunvericilik aktlarından, təşkilati, texniki, gigiyenik, müalicə – profiliktiki, sosial – iqtisadi tədbirlər sistemindən ibarət olub, insanların əmək prosesində sağlamlığını və işləmə qabiliyyətini qorumaqla təhlükəsizliyi təmin edir.
2.Təhlükəsizlik texnikası – istehsalat prosesində yaranan təhlükəli istehsalat amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək üçün texniki vasitələr və təşkilati tədbirlər sistemidir.
3.Əməyin təhlükəsizliyi – işçi yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur.
4.Istehsalat sanitariyası – işçi yerlərində zərərli istehsalat amillərinin işçilərə təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar – gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir.
5.Əməyin gigiyenası – işçi yerlərində əmək şəraitinin sağlamlaşdırılması sahəsində sanitariya- gigiyena və müalicə profilaktiki tədbirlər kompleksidir.
6. Təhlükəli istehsalat amilləri – müəyyən iş şəraitində istehsalat amillərinin təsiri nəticəsində işçilərin gözlənilmədən zədələnməsi, travma alması başa düşülür.
7. Zərərli istehsalat amilləri – iş zamanı istehsalat amillərinin işçilərə təsiri (zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə xəstələnmələrinə, yaxud iş qabiliyyətinin azalmasına səbəb olur.
8.Bədbəxt hadisələr – işçilərin əmək fəaliyyəti zamanı istehsalat tapşırığını yerinə yetirərkən təhlükəli amillərin təsiri nəticəsində əmələ gələn zərərçəkmələrdir.
9. Peşə xəstəlikləri – istehsalat prosesində əmələ gələn istehsalat zərərlərinin təsiri nəticəsində yaranan xəstəliklərdir.
10. Təhlükəsiz əmək tələbləri – qüvvədə olan qanunvericilik aktlarının, normativ texniki sənədlərin və təlimatların tələblərini ödəyən işlərdə, işçilərin təhlükəsizliyini təmin edən tələbatlardır.
11. Təhlükəsiz istehsalat avadanlıqları – normativ texniki sənədlərə əsasən əməyin təhlükəsizliyi tələbatını ödəyən istehsalat avadanlıqlarıdır.
12. Istehsalat estetikası – istehsalat binalarının texnoloji istehsalat avadanlıqları, konstruksiyaları və işçi yerlərinin xoşagələn səviyyədə gözəl olmasının işçilərin bədii zövqünə uyğun olması kimi əsas vasitələrdən biri hesab edilir.
13. Əmək fiziologiyası – işçilərin əmək fəaliyyəti zamanı funksional vəziyyət öyrənilir və insanın işləmə qabiliyyətini daha yüksək səviyyədə saxlamaqdan ötrü tədbirlər nəzərdə tutulur.
14. Əmək psixologiyası – işçilərin əmək fəaliyyətində onun yaratdığı əmək məhsuldarlığının artmasını öyrənməklə peşə xüsusiyyətlərinin daha da formalaşmasına baxılır.
15. Yanğın profilaktikası – yanğınla mübarizə texnikasının mühüm hissəsi olmaqla yanğın və partlayışın qarşısının alınması və ləğvi üçün nəzərdə tutulan təşkilati – texniki tədbirlər sistemidir.