Əmək pensiyaları haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra-sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir;
1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;
1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir;
1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir;
1.0.5. təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;
1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir;
1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;
1.0.8. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır;
1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır;
1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;
1.0.11. əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır;
1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir;
1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir;
1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir;
1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir.
Maddə 2. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.
Maddə 3. Əmək pensiyası təminatı hüququ
3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.
3.3. Bu qanunun 1.0.3 - cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4 - cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.
Maddə 4. Əmək pensiyasının növləri və tərkibi
4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:
4.1.1. yaşa görə əmək pensiyası;
4.1.2. əlilliyə görə əmək pensiyası;
4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.
4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir:
4.2.1. baza hissəsindən;
4.2.2. sığorta hissəsindən;
4.2.3. yığım hissəsindən.
4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:
4.3.1. baza hissəsindən;
4.3.2. sığorta hissəsindən;
4.3.3. yığım hissəsindən.
4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:
4.4.1. baza hissəsindən;
4.4.2. sığorta hissəsindən.
Maddə 5. Pensiya seçmək hüququ
5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
5.2. Sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı qeyri-dövlət pensiyası hüququ vardır.
Maddə 6. Əmək pensiyası ödənişinin maliyyə mənbələri
6.1. Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunan baza hissəsinə əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri, dövlət büdcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir.
6.2. Əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir.
6.3. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.
II fəsil. Yaşa görə əmək pensiyası
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası
8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
8.3. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər
9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
9.2. Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır.
9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır.
9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:
9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;
9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
9.6. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:
9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;
9.7.2. cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:
-
kişilər - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə;
-
qadınlar - 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə.
9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
Maddə 10. Yaşa görə əmək pensiyasının məbləği
10.1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/T, burada:
SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:
YH=PYK/T, burada:
YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;
PYK - sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P=BH+SH+YH, burada:
P - yaşa görə əmək pensiyasıdır;
BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;
SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.
III fəsil. Əlilliyə görə əmək pensiyası
Maddə 11. Əlilliyə görə əmək pensiyası
11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.
11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər:
11.2.1. müharibə əlilləri-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;
11.2.2. hərbi qulluqçular sırasından digər əlillər-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.
11.3. Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər.
Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri
12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
12.2. Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.
Maddə 13. Əlilliyə görə əmək pensiyasının məbləği
13.1. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.
13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.
13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/(TxK), burada:
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K - sığorta davamiyyəti əmsalıdır.
13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3. maddəsində göstərilən qaydada müəyyən edilir.
13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P = BH+SH+YH, burada:
P - əlilliyə görə əmək pensiyasıdır;
BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir;
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.
IV fəsil. Ailə başçısını itirməyə görə əmək pensiyası
Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri
14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
14.1.1.1. 18 yaşına çatmamış;
14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;
14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;
14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
14.2. Sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.
14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.
Maddə 15. Ögey atanın, ögey ananın, ögey oğulun və ögey qızın əmək pensiyası hüququ
15.1. Ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər.
15.2. Ögey oğulun, ögey qızın doğma övladlarla bir səviyyədə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
Maddə 16. Övladlığa götürənlərin və övladlığa götürülənlərin əmək pensiyası hüququ
16.1. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır.
16.2. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.
Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri
17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 - ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.
17.2. Hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur.
Maddə 18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği
18.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.
18.4. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qanunun 18.1-18.3 - cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir.
18.5. Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür.
18.6. Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.
Dostları ilə paylaş: |