Oruz (Orus) Azərbaycan tarixində mühüm rol oynamış bir neçə şəxsin adıdır. Er.əv. 66-cı ildə Roma sərkərdəsi Qney Pompeylə vuruşmuş Alban çarının adı Oroyz (Oruz) idi. V əsrdə Albaniyanın Girdman əyalətinin hakiminin adı da Orus idi. Erməni mənbələrində və Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərində qədim ermənicə yazılışda əvvəlinə “h” səsinin əlavə olunması ilə bu ad Hurs kimi, əsərin ruscaya tərcüməsində Xurs kimidir. Azərbaycan tarixçiləri bu adı ruscadan Xurs kimi götürüb əsərlərinə salmışlar. Həmin Orusun (yaxud Oruzun) Daşkəsən r-nun Xaçbulaq kəndinin yaxınlığındakı qəbri XIX əsrdə azərbaycanlı və erməni ailələrinin sitayiş yeri idi. Orusun qəbrinin ziyarətgah olması onun Girdmanda xristian dinini yayması ilə əlaqədardır. “Kitabi-Dədə Qorqud”da Oruz (bu adın “Uruz” kimi oxunması səhvdir) şəxs adı da bu sıradandır. Er.əv. 336-cı ildə Arminidə Əhəmən sülaləsindən Kodoman adlı bir nəfər canişinlik edirdi. Həmin ildən sonra o, er.əv. 331-ci ilə qədər III Dara adı ilə Əhəmənlərdən axırıncı İran şahı olmuşdur.
Er. əv. 331-ci ildə Makedoniyalı İsgəndər ilə İran şahı III Dara arasında döyüşdə Əhəmənlər dövlətinə daxil olan Armini əyalətinin canişini Oront da iştirak edirdi. Məlum olduğu kimi həmin döyüşdə İsgəndər qalib gəlmiş və İran Əhəmənlər dövləti süqut etmişdir. Er.əv. 321-ci ildə İsgəndərin ölümündən sonra Ərməniyədə Orontlar (erməni mənbələrində Eruandlar) sülaləsinin dövləti yarandı və müstəqil çarlığa çevrildi.
İsgəndərin ölümündən sonra onun sərkərdələri imperiyanı parçaladılar. Er.əv.312-ci ildə Ön Asiyanın bir hissəsi və Kiçik Asiya, o cümlədən qədim Armeini sərkərdə Selevkə keçdi və onun adı ilə Selevklər dövləti yarandı.
Orontlar dövlətinin sərhədləri dəqiq məlum olmasa da, əsas etibarilə indiki Ermənistan ərazisinin qərb hissəsini əhatə edirdi. Məhz əvvəlcə Orontlar dövləti sayəsində Kiçik Asiyanın şərqində yerləşən Armini əyalətinin adı indiki Ermənistan ərazisinə də şamil olundu. Dövlətin paytaxtı əvvəlcə Ararat vadisində er.əv VIII əsrdə Urartu çarı Argiştinin əsasını qoyduğu Argiştihinili (sonrakı Armavir) şəhəri idi. Sonra Eruandlar Zəngiçayın Araza töküldüyü yerdə Eruandaşat adlanan şəhər saldılar (“şad” sözü fars şahlarının saldığı şəhər adları üçün də səciyyəvidir, məsələn, Şah Firuz (459-484) Şad Firuz şəhərini salmışdı). Erməni tarixçiləri bu adın “şad” (ermənicə yazılışda “şat”) hissəsinin farsca olduğunu yazırlar, çünki erməni dilində belə söz yoxdur, bilmirlər ki, fars dilində şad sözü (eynilə Azərbaycan dilində şad “sevinc” “xoş əhval-ruhiyyə”) şumercədir, ikincisi, şad sözü are dilindəki şahr sözündəndir (48, 30). Er.əv. III minillikdə şumer dilində farscə “şad” sözü ola bilməzdi, heç olmasa, ona görə ki, onda hələ fars etnosunun özü mövcud deyildi.
Er.əv. 201-ci ildə Selevklər dövlətinin hökmdarı III Antiox Orontlar (erməni mənbələrində Yeruandlar) dövlətinin başçısı Orontu Arminidə və qismən indiki Ermənistan ərazisində hakimiyyətdən kənarlaşdıraraq oranı canişinliyə çevirdi və əslən midiyalı (o dövr üçün atropatenalı) sərkərdə Artaşesi oraya canişin (strateq) təyin etdi. Bu canişinin adı antik mənbələrdə Artakses kimidir. Adın bu forması “Alban tarixi”ndə də əksini tapmışdır. Bu şəxs adı qədim yunan dilində “ş” səsi olmadığına görə Ərtaş, yaxud Ar-Taş adının yazılışıdır, “es” sonluğu isə yunan dilində adlıq hal şəkilçisidir (məsələn, Aristotel şəxs adının yunanca “Aristoteles” kimi yazılışı ilə müqayisə edin). Qeyd edilməlidir ki, Strabon onun adını məhz Artaks kimi yazmışdır (Strabon, XI, 14, 5). Adın əslinin Artaş olmasını onun qədim erməni mənbələrində Artaşes kimi yazılışı da göstərir ki, bu da “Artaş” şəxs adından və yunan dilindəki “-es” adlı hal şəkilçisindən ibarətdir. Deməli, erməni mənbələrində Artaşes kimi yazılmış adın əsli Artaşdır. Bu, təmiz türk mənşəli şəxs adıdır. Ərməniyədə Çinli türk tayfasından (bu barədə aşağıda danışacağıq) çıxmış sərkərdələr içərisində ermənicə yazılışda Artaş kimi qeyd olunmuş şəxs adları da məlumdur. Məsələn, sərkərdə Manvel Mamiqunun atasının adı Artaşen, oğlunun adı Artaşes idi (Favst Buzand, III kitab, 37-ci fəsil). Qədim türk xalqlarının tarixində Artaş hökmdar adları olmuşdur. Məsələn, XI əsrdə Səlcuq oğuz bəylərindən biri və XVI əsrdə Özbəkistanda bir xan Ərtaş adlanırdı. Adın “ər” hissəsi qədim türk dillərində “kişi”, “döyüşçü”, “igid” mənalarında, bir sıra türk hökmdar adlarında (məsələn; Alp-Arslanın kürəkəni Ər-Barsqan, Səlcuq bəylərindən Ər-Toğrul, Ər-Tuğan və b.) əksini tapmışdır. Türklərdə sonu “taş” sözü ilə bitən şəxs adları qədim tarixə malikdir. Hələ er.əv. II minilliyin ortalarında Cənubi Azərbaycan ərazisində yaşamış və bir müddət Mesopotamiyada hökmdarlıq etmiş qədim türk mənşəli Kas tayfasının çar adları içərisində Kantaş, Karaintaş, Karakardaş, Maruttaş, Kikkiurtaş adları mövcuddur. (Bu barədə bax:13) Antik müəlliflərdən biri er.əv. IV əsrdə Orta Asiyada Makedonyalı İsgəndərə qarşı çıxmış bir hakimin adını Kartazes kimi qeyd etmişdir. (Курций Руф, VII, 7,1). Bu ad şübhəsiz ki, türkcə Kartaş şəxs adının qədim yunan dilində yazılış formasıdır. Erkən orta əsrlərdə Mərkəzi Asiyada Uyğur xaqanlığında hökmdar Kinq-Daş, Xarəzm əyalətinin hökmdarı Altun-Taş (1017-1032), Mahmud Qəznəvinin sərkərdəsi Altun-Taş, XII əsrdə Azərbaycanda, Bəyləqan şəhərində Altun-Taş, həmin əsrdə Orta Asiyada Qara-Kitayların xanı Yeloy-Daş, Səlcuq oğuzlarının sultanı Məlikşahın (1072-1092) əmirlərindən biri Arslan-Taş, 1029-cu ildə ilk dəfə Cənubi Azərbaycana gəlmiş oğuzların başçısı Kök-Taş, Səlcuq oğuzlarının bəylərindən Su-Taş və b. şəxs adları Ərməniyə canişini Artaşın (əsli Ər-Taş) adı ilə sıra təşkil edir. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında adı çəkilən Türktaz şəxs adı da, fikrimizcə, əslində Türk-Tas (yaxud Türk-Taş) idi. Ərtaşın (Artaşın) türk mənşəli şəxs adı olması bir də onunla təsdiqlənir ki, birinci, Ərtaş Kiçik Midiyadan, yəni Atropatenadan idi. Erməni müəllifləri ənənəvi surətdə atropatenalıları Mar (Mad, yəni Maday etnoniminin qədim ermənicə yazılışı) adlandırırlar. V əsr erməni tarixçisi Moisey Xorenasi Artaşesin etnik mənsubiyyətcə mar (midiyalı) olduğunu yazmışdır. O yazır ki, Ərməniyə çarı Yeruand “Marların" (yəni atropatenalıların - Q.Q.) ölkəsindən Artaşesin onun üçün təhlükə olduğunu hiss etdiyinə görə səfir vasitəsilə və hədiyyələrlə Pars çarını ələ almaq istəyirdi ki, madaylı Artaşesi tutub ona versin” (Moisey Xorenasi, II kitab, 38-ci fəsil). Məlumatın bu hissəsi doğrudur ki, Artaşes atropatenalı idi. Atropatenalıların isə azərbaycanlıların türk mənşəli ulu əcdadlarımızdan biri olduğu indi şübhəsizdir. Rus, fars və erməni tarixçilərinin, Azərbaycanda onların dediklərini təkrarlayan İqrar Əliyevin atropatenalıları iran dilli xalq hesab etmələri, ümumiyyətlə, türk xalqlarına və Azərbaycan xalqının türk mənşəli ulu əcdadlarına qarşı çevrilmiş ikrah hissinin təzahürüdür. Lakin gec-tez tarixi həqiqət yerini tutacaqdır. İkinci, Moisey Xorenasinin yazdığına görə Artaşes döyüş vaxtı örkən (arkan) işlədirdi. Döyüşdə uzaqdan düşmənin boğazına salıb sürütmək üçün örkən işlədilməsi qaydası türk xalqlarının bir döyüş üsuludur. Antik müəlliflərin əsərlərində bu döyüş üsulunun türk mənşəli sarmatlarda, hunlarda, basillərdə, alanlarda və b. tətbiqi haqqında məlumatlar vardır. Hələ Herodot (Herodot, IV, 85) Midiyada yaşayan saqartilər içərisində bu döyüş üsulu barədə yazmışdır. İran dilli tayfalarda və ermənilərdə belə döyüş üsulu barədə heç nə məlum deyil. Üçüncü, Moisey Xorenasinin yazdığına görə, Artaşes Alban çarının qızı Satenikə evlənəndə atası qızın əvəzinə kalım (başlıq) istəmişdi. Qız əvəzinə kalım alınması mənşəcə qədim türk adətidir. Erməni dilində başlıq sözünü ifadə etmək üçün söz yoxdur, deməli, onlarda bu adət də olmamışdır. XIX əsrdə Ermənistandakı ermənilərin toy adətlərində qeyd olunmuş “sutqağan” sözü Azərbaycan dilində “süd” (süd pulu) və “qalan” (kalım sözünün qədim forması “kalan”dır, lakin ermənicə “l” səsi “ğ” səsi ilə ifadə olunduğuna görə “qağan” formasını kəsb etmişdir) sözlərindən ibarətdir.
Selevklər dövlətini Roma süquta yetirdikdən sonra bu dövlətin tərkibinə daxil olan ölkələr müstəqil oldular. Er.əv. 183-cü ildə Selevklərin Arminidə canişini Ər-Taş (erməni mənbələrində Artaşes) də Arminini müstəqil elan etdi və er. əv. 165-ci ildən başlayaraq ixtiyarındakı ordu ilə işğalçılıq siyasətinə keçərək qonşu dövlətlərdən ərazilər fəth etməyə başladı. Ər-Taş Orodlar (Yervandlar) dövlətinin ərazisinə - indiki Ermənistan ərazisinə yeni ölkələr birləşdirərək Böyük Ərməniyə yaratdı. Bununla da Anadolunun şərqindəki “Armini” əyalətinin adı daha geniş ərazilərə şamil olunan ada çevrildi. Orondun (ermənicə Yervandın) hakimiyyəti illərində “Armina” adının indiki Ermənistan ərazisinə şamil olunduğunu yuxarıda qeyd etmişdik. Artaş dövründə (er.əv. 189-160) isə həm də indiki Ermənistan ərazisini əhatə edən «Böyük Ərməniyə» («Böyük Ermənistan») adı yarandı və bununla ümumiləşdirici “Armini” (“Ərməniyə” mənasında ) anlayışı meydana çıxdı.
Deməli, əvvəlcə Arme əyalətinin köklü hurri dilli və luviya dilli sakinlərinin adı olan “erməni” sözü Balkanlardan gəlmə friqlərin bir qolu Arme əyalətində yerləşdikdən sonra həm də bu qolun adamlarına şamil olunmuş ad idi. «Böyük Ərməniyə»nin yaranması ilə Şərqi Anadoludakı Armini əyalətinin adı indiki Ermənistan ərazisinə şamil olduqdan sonra (qədim gürcülər də Urartu ölkəsinə verdikləri ”Yuxarı ölkə” mənasında “Somxeti” adını sonra indiki Ermənistan ərazisinə şamil etmişdilər) “erməni” adı “ərməniyəli” mənasında həm Ərməniyədə yaşayan, lakin azlıq təşkil edən “hay”lara, həm də er.əv. VIII və sonrakı əsrlərdə burada məskunlaşmış, həm də çoxluq təşkil etmiş türk tayfaları üçün ümumiləşdirici etnik ada çevrildi. Bunun səbəbi o idi ki, nə Sak çarlığı, nə də Ervandlar dövləti vaxtında Ərməniyədə yaşayan türk dilli tayfalar üçün vahid etnik ad yox idi, eləcə də formalaşmamışdı. Yeri gəlmişkən qeyd edək ki, indiki Ermənistan ərazisinin adı kimi “Ərməniyə” adı da XI-XII əsrlərdən sonra unuduldu. Hər halda əsas etibarilə indiki Ermənistan ərazisində yaşamış “Dədə Qorqud” oğuzları bu adı işlətmirdilər. Onun əvəzində “Oğuz eli” adı vardır.
Ar-Taş Ərməniyədə fars mənşəli Yervandların hakimiyyətinə son qoydu. Alban tarixçisi Musa Kalankatlı yazır ki, Artaşes Yervanda hücum edərkən, Yervand Albaniyanın Uti əyalətində idi. “Ordusunu orada saxlayıb Artaşes öz şəhərinə qayıdır. Orada Alban ordusunu yanına dəvət edir. Onlar (yəni Artaşes və albanlar Q.Q) Göycə gölünün yanına gəlir və onların (yəni albanların) köməyi ilə Yervandı qovub Ərməniyəni (indiki Ermənistan ərazisini - Q.Q.) istila edir” (Alban tarixi, I kitab, 9-cu fəsil). Bu məlumatda nə “hay”, nə də “erməni” adı çəkilmir. Məlumatın qiymətli cəhəti budur ki, birinci, Ar-Taş (Artaşes) indiki Ermənistan ərazisini “hay” ların yox, albanların hərbi köməyi ilə ələ keçirmişdir; ikinci, Alban tarixçisinin qeyd etdiyi “Albaniyanın Uti vilayəti” Göycə gölünün hövzəsində idi. Ona görə də erməni tarixçilərinin Yervandın ordusunun Albaniyanın Uti vilayətində olması haqqında ermənicə mənbədə olan məlumata əsasən (onlar bu Uti əyalətini Kürdən cənubda lokalizə edirlər, halbuki, Urartu mənbələrində Göycə bölgəsində Etiuni kimi qeyd olunan bu Uti Albaniya ərazisində - Kür sahilində ola bilməzdi) Kürdən cənubdakı ərazimizin hələ Yervandlar vaxtında Ermənistana məxsus olması fikrinin qondarma olması üzə çıxır; üçüncü və ən əhəmiyyətlisi odur ki, deməli, er.əv. II əsrdə Göycə mahalı albanların ərazisi idi. Bu məlumatdan bir məsələ aydın deyil; Artaşa kömək edən albanlar kimlərdir? Eradan əvvəl mövcud olmuş Alban dövləti Kürdən şimalda yerləşirdi. Lakin albanlar həm də Kürdən cənubda yaşayırdılar (Aşağıda deyəcəyik ki, Strabonun yazdığına görə Kaspiana albanlara aiddir, halbuki, onun vaxtında Albaniya Kürdən şimalda yerləşən ərazini əhatə edirdi). Şübhəsiz, Kürdən cənubda siyasi qurum vardı, lakin onun necə adlandığı məlum deyil. Görünür, Ar-Taşın Kürdən şimalda Albaniyanı da tutmaq məqsədi vardı. Alban tarixçisi yazır ki, “albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses (Ar-Taş) da öz ordusunu yığır və onlara qarşı çıxaraq Kür qırağında (təəssüf ki, bu məlumatda Kürün hansı hissəsinin nəzərdə tutulduğu bilinmir) düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının (çarın adı çəkilmir - Q.Q.) oğlu (onun da adı çəkilmir - Q.Q.) Artakseksin əlinə əsir düşür. Çar (yəni Ar-Taş) onun bacısını (yəni əsir düşmüş çar oğlunun bacısını) – Satinik adlı (bu qızın qədim ermənicə yazılışda təhrif olunmuş adı türk dillərindəki sat, şat “cürətli”, “cəsarətli”, “ürəkli”, “qoçaq” və ınak “dost”, “etibarlı adam”, “yaxşı yoldaş” sözlərindən ibarətdir; Orta Asiyada Qaraxanlar dövlətinin banisinin adı Satuk-Buqra xan (901-995-ci illər), XIII əsrin əvvəllərində Azərbaycan hökmdarı Sultan Məhəmməd Xudabəndənin qızının adı Satibeq idi) çar qızını alır və sülh bağlayaraq Ərməniyəyə qayıdır" (Alban tarixi, I kitab, 10-cu fəsil). Məlumatın “Ərməniyəyə qayıdır” ifadəsi göstərir ki, Kürdən cənubdakı ərazi Ərməniyəyə məxsus deyildi.
Ar-Taş Ararat vadisində, Araz çayının sahilində Artaşat şəhəri saldı. (Buradan aydın olur ki, çarın əsl adı həqiqətdə də Ar-Taşdır və adın ”es” sonluğu yunan dilində əlavə olunma şəkilçidir, belə olmasaydı şəhər “Artaşesaşat” adlanardı). Bu şəhərin adı Artaş adından və şad (Yervandaşat şəhərinin adında olduğu kimi) “şəhər” sözündən ibarətdir.
Oxucu görür ki, “Böyük Ərməniyənin” əsasını heç də etnik mənsubiyyəti “hay” olanlar deyil, Atropatenalı Ar-Taş qoymuşdu. Kənardan «onun-bunun» dediklərini köçürmək əvəzinə mənbələr əsasında beynimizin məhsulunu yazsaq, onda tarixi həqiqətin belə olduğunu görərik.
Ar-Taşdan sonra hakimiyyət oğlu Artavaza keçdi. Artavaz (antik müəllif Yuliy Kapitolinin məlumatında bu ad Artabast, Strabonun əsərində Artavast kimidir) adı da qədim türkcə olmaqla arda “şux”, “oynaq”, “itiqaçan”, “cəld” (bax: 147, I, 172-173) və bas (başçı) sözlərindən ibarətdir. Adın yazılışı qədim yunancadır, erməni müəllifləri də onu həmin mənbələrdən götürmüş və elə də əsərlərinə salmışlar. Artabast adının sonunu təşkil edən “t” səsi yunanca artırılmadır. XI əsrə aid gürcü mənbəyində bu ad Artavaz kimidir. (Леонти Мровели. Жизнь царей. Пер. с др. грузинского Г.В.Цулая, М.,1979, s.35 ). Adın ikinci hissəsini təşkil edən “bas” (baş) sözü Ermənistan ərazisində hələ er.əv. V əsrdə Embas sərkərdə adında vardır.Bu adın türkcə mənası haqqında yuxarıda demişik. Qeyd edilməlidir ki, Artavaz (Artabas) şəxs adı Atropatenanın hökmdarları içərisində də vardı. Roma imperatoru Avqustun məlumatında “Midiyalı Artabazın oğlu Ariobarzana Ərməniyəni verdim” ifadəsi vardır (51. 51) Artavazdan sonra oğlu II Tiqran (er. əv. 160-95-ci illər) hökmdar oldu. “Tiqran” şəxs adının türkcə olduğunu yuxarıda demişik. Qədim erməni mənbələrində Tiqranın etnik mənsubiyyətcə erməni (“hay”) olduğu göstərilmir, o yalnız “Ərməniyə çarı” kimi qeyd olunur.
Ərməniyə dövləti məhz II Tiqranın vaxtında daha da genişləndi və Kiçik Asiyadakı qədim Armeni əyaləti də ona qatıldı. II Tiqran Atropatenada da bir müddət hakim oldu və aşağıda deyəcəyimiz kimi, er.əv. 80-ci illərdə onun Sakasena, Araksena və Kaspiana əyalətlərini Böyük Ərməniyəyə birləşdirdi. Aşağıda bu barədə deyəcəyik. Lakin er.əv. 66-cı ildə Roma ordusu II Tiqranı məğlub etdikdən sonra Böyük Ermənistan dağıldı.
Göründüyü kimi, Böyük Ərməniyəni yaradanlar türk mənşəli sərkərdələr idilər. Böyük dövlət yaratmaq üçün böyük ordu lazım idi. Etnik mənsubiyyətcə Kiçik Asiyadakı Arminidə haylardan belə böyük ordu təşkil oluna bilməzdi. Artaşın sülaləsindən çar II Artavaz (er.əv.55-34) er. əv. 34-cü ildə Roma ordusu tərəfindən məğlub edildi, özü və ailəsi əsir düşdü. Təkcə oğlu II Artaş (II Artaksis) xilas oldu (er.əv. 30-20). Onu III Tiqran (er.əv. 20-ci illər) və qısa müddətdə III Artavaz əvəz etdikdən sonra sülalə süqut etdi. Eradan əvvəl 20-ci illərdə Atropatena çarı Artavazın oğlu Ariobarzan Sezar tərəfindən Ərməniyəyə hökmdar təyin edildi.
Eramızın I əsrinin 51-ci ilində Parfiya dövlətinin Arşaklar sülaləsindən Vologez (50-76-cı illər) qardaşı Tiridadı (erməni mənbələrində onun adı Trdat kimidir; Tiridad qədim fars dilində - tiri “Merkuri ulduzu” və dad “verilmiş” sözlərindən ibarətdir) Ərməniyəyə hökmdar göndərdi. (Antik müəllif İosif Flavi qeyd edir ki, Vologez Midiyanı qardaşı Pakora, Ərməniyəni qardaşı Tiridada verdi (İosif Flaviy, XIX, 3, 4). Erməni tarixçisi N.Q.Adons yazmışdır ki, I əsrdə Ərməniyə Parfiyadan asılı vəziyyətdə idi (48, 387). Ona görə ki, bu vaxt artıq Böyük Ərməniyə parçalanmış, indiki Ermənistan ərazisi və Kürdən cənubdakı ərazimiz Parfiyanın, Kiçik Asiyanın Armini əyaləti isə Romanın tabeliyinə keçmişdi. Moisey Xorenasi er.əv. 330-cü ildən sonrakı əsrləri Ərməniyə ərazisində hərc-mərclik dövrü adlandırır və yazır ki, “ona görə Vologez Böyük Arşak Ərməniyəyə asanlıqla daxil olub qardaşı Valarşakı (Tiridadı nəzərdə tutur) erməni ölkəsində çar etdi (I kitab, 31-ci fəsil). Moisey Xorenasi yazır ki, Parfiya hökmdarı Vologez “dövlətinin (yəni Parfiya dövlətinin -Q.Q.) mövqeyi üçün münasib hesab edərək Ərməniyəyə Tiridadı çar təyin etdi” (Moisey Xorenasi, I kitab, 8-ci fəsil). Tiridad Ərməniyəyə ordusu ilə gəlmişdi. Tatsit yazır ki, Tiridad Ərməniyəyə gələndə orada Tiqran adlı hökmdar vardı, Tiridad onu qovdu və 54-75 -ci illərdə çar oldu. (Tatsit, Annallar, XV, 2). Bununla da Ərməniyədə (indiki Ermənistan ərazisində) Parfiyanın Arşaklar sülaləsinin yan qolu hakimiyyəti ələ əldı. Erməni mənbələrində “Arşakuni”adlanan bu sülalə 387-ci ilə qədər Ərməniyədə hökmdarlıq etmişdir. Arşakların Ərməniyədə hakimiyyəti ələ alması ilə orada er.əv. VII əsrdən türk mənşəli hakimlərin hökmdarlığı bitir və onu iran mənşəli hökmdar əvəz edir.
Lakin Ərməniyədə əyalət hakimləri yenə türklər idi. Moisey Xorenasi eranın I əsrində Alban hökmdarı Aranın (Ərənin) Kürdən cənubdakı əraziyə hakim təyin edilməsindən danışarkən qeyd edir ki, Tiridad Ərməniyədə Kanqark (Kəngər), Kolb, Taşir, Quqar və Basen əyalətlərinə də hakimlər təyin etmişdi (II kitab, 8-ci fəsil). Müəllif həmin hakimlərin adlarını da çəkir. Məsələn, o, Ərməniyənin qərbinə təyin olunan hakimin Tork adlandığını yazır. Moisey Xorenasinin əsərində çəkilən Ərməniyə əyalətlərinin və oralara Tiridad tərəfindən təyin olunmuş şəxslərin adlarının hamısı türkcədir. Alban tarixçisi aydın yazır ki, “həmin Aranın (hökmdar Ərən nəzərdə tutulur -Q.Q.) nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir” (Alban tarixi, I kitab, 5-ci fəsil). Haralara təyin olunmuşlar? Kür-Araz ovalığı artıq Ərənə verildiyinə görə, onun nəslindən olan digər ərlərə yalnız indiki Ermənistan ərazisindən əyalətlər verilə bilərdi. Göründüyü kimi, Ermənistan ərazisində əyalətlər türk mənşəli hakimlər tərəfindən idarə olunurdu. Bu hakimlər isə, şübhəsiz, orada yaşayan türk dilli tayfaların başçıları idilər.
387-ci ildə Ərməniyə Bizansla İran arasında bölüşdürüldü və bundan sonra İrana məxsus Ərməniyədə fars canişinləri hökmdarlıq etməyə başladılar.
Məhz I Tiridad eranın I əsrinin 60-cı illərində Kürdən cənubdakı ərazimizə (deməli, bu ərazi indiki Ermənistanın ərazisi ilə birlikdə Parfiyanın tabeliyində idi), Moisey Xorenasinin "Ərməniyə tarixi" və Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərlərində deyildiyi kimi, Araz çayından Xunan qalasına (bu qalanın xarabalığı "Torpaqqala" adı ilə Tovuz r-nun ərazisində, Kür çayının sağ sahilində "Xunan düzü" adlı düzənin kənarında indiyədək qalmaqdadır) qədər olan torpağa Sisakanda (sonrakı Zəngəzurda) hakimiyyətdə olan Sisak sülaləsindən (Moisey Xorenasi bu sülaləni "böyük və adlı-sanlı nəsil" adlandırır; II kitab, 8-ci fəsil) Ərən (erməni dilində "ə" səsi olmadığına görə ermənicə yazılışda Aran) adlı bir şəxsi hökmdar təyin etdi («Alban tarixi», I kitab, 5-ci fəsil; Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Alban tarixçisi bu hadisədən danışarkən qeyd edir ki, "Aran (Ərən) Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır". Bu məlumatdan aydın olur ki, hökmdar Aranın əcdadları da bu ərazidə hökmranlıq etmişlər. Həqiqət də belədir, aşağıda bu məsələyə qayıdacığıq. Bununla da Kürdən cənubdakı ərazimizdə "Alban” adlanan yeni (ona görə "yeni" ifadəsini işlədirik ki, antik mənbələrdə adı çəkilən və paytaxtı Qəbələ şəhəri olan "Alban" dövləti Kürdən Dərbəndə qədərki ərazini əhatə edirdi) dövlət qurumu yaranır.
Burada söhbətimizi dayandırıb Sisakan barədə qısaca məlumat verək, çünki çar Ərən Sisakandakı hakim sülalədən idi.
Er. əv. VII əsrdə gəlmiş saklar indiki Zəngəzur bölgəsində də məskunlaşmışdılar. Sak çarlığı parçalandıqdan sonra orada yerli sülaləyə mənsub hökmdarların dövlət qurumu yaranmışdı. "Alban tarixi"ndə Sisakan adı (qədim ermənicə yazılışda Sisak forması) I əsr hadisələri ilə əlaqədar çəkilmişdir. Qədim erməni mənbələrində bu ölkə Siuni adlanır ki, bu da "Si" (Si - Sakan adının birinci hissəsi) və Urartu dili mənşəli mənsubiyyət bildirən "-uni" şəkilçisindən ibarətdir. Sisakan adı "Si sakları" mənasındadır. Addakı "Si" sözü Sisakanda hakimiyyətdə olmuş Sak mənşəli sülalənin adıdır. Bu sülalədən olan hökmdarların hamısının adları məlum deyil. Mənbələrdə Vasak, Andok, Qdixon, Sunbat və b. çar adları vardır. Qədim ermənicə yazılışda təhrifə uğramış bu şəxs adları qədim türkcədir (bax: 13, 166-167). Sisakanın əhalisinin türk mənşəli saklar olması Stepan Orbelianın (XIII əsr) "sisaklar təkcə Suininin yox, həm də albanların əcdadlarıdır, hətta onlara nisbətən daha qədimdir" (Степанос Оребелиан. Из истории рода Сисакан. Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, inv.№1274) ifadəsindən aydın görünür.
Sisakların türk dilli olduqlarını göstərən bir fakt da vardır. Alban tarixçisi yazır ki, sisaklar Yafəsin nəslinə mənsubdur. Yafəs dedikdə müəllif ümumi mənada türkləri nəzərdə tutur, çünki o, Yafəsin oğlanları içərisində Qamər (türk kəmərlər, yaxud qamərlər), Maqos (skiflər) və Mada (madaylar) adlarını da çəkir (Alban tarixi, III kitab, I fəsil). Moisey Xorenasi qeyd edir ki, Siuninin hakimləri Hay yox, Sisak sülaləsindəndir (I kitab, 12-ci fəsil).
Diqqəti burası cəlb edir ki, Ərənin hökmdar təyin edilməsindən sonra Kürdən şimalda yerləşən Alban dövləti barədə antik mənbələrdə sinxron məlumatlar kəsilir. Belə nəticə alınır ki, Ərən az sonra Kürdən şimaldakı Alban dövlətinə də yiyələnmiş və beləliklə, indiki Şimali Azərbaycan ərazisini bütövlükdə əhatə edən yeni Alban dövləti təşəkkül tapmışdır.Bu birləşmənin dəqiq tarixi məlum deyil. Hər halda, eranın ilk əsrlərində Albaniyada xristianlıq yayıldığı zaman Kürdən şimaldakı Maskut əyaləti bu vahid alban dövlətinə mənsub idi. Bu dövlətin paytaxtının hara olması bilinmir. V əsrdə paytaxt Bərdə idi.
Kürdən cənubda yeni Alban dövlətinin təşəkkülü ilə əlaqədar qarşıya yeni sual çıxır: nəyə görə Kürdən cənubdakı hökmdar Ərənin çarlığı da "Alban" adlanmışdır? VII əsrdə yaşamış Musa Kalankatlının özü də bunun səbəbini bilmədiyinə görə yazmışdır ki, ölkəyə (yəni Kürdən cənubdakı əraziyə) "Alban" adını ona görə vermişdilər ki, Aranın özünü yumşaq xasiyyətinə görə «aqu» deyə çağırırdılar" ("Alban tarixi" I kitab, 5-ci fəsil). Bu məlumatda albanların türk dilli olduğunu göstərən qiymətli bir fakt vardır: həqiqətdə də qədim türk dillərində aqi sözü "yaxşı", "mehriban", "xoş xasiyyətli" (93, 48: aqi "səxavətli") mənasındadır (Bax: Е.Наджип. ИсследовИния по тстории июркских языков XI-XIV вв. М.1989. с.266). Lakin bu fikia Musa Kalankatlıda "Alban" adının qədim ermənicə "Ağuan" kimi yazılışından irəli gəlmişdir. Deməli, ölkə Aranın (Ərənin) "mehriban" xasiyyətinə görə adlana bilməzdi. Əslində bunun səbəbi özünü adlandırması "Alban" olan etnosun həm Kürdən şimalda, həm də Kürdən cənubda yaşamasında idi. Kürdən cənubdakı ərazi, xüsusilə, Kür-Araz arası ovalıq həm də Aran adlanırdı. Bununla əlaqədar olaraq "Alban" və "Aran" ölkə adları haqqında qısa məlumat vermək zərurəti ortaya çıxır.
Alban etnosunun adı ilə Şimali Azərbaycan ərazisi I əsr müəllifi Strabondan başlayaraq antik mənbələrdə "Albaniya", qədim erməni dilində XI-XII əsrlərə qədər sözün ortasında samit səsdən əvvəl duran literal "l" səsi "ğ" səsi ilə ifadə olunduğuna görə Musa Kalankatlının "Alban tarixi"ndə və erməni mənbələrində "Ağvan" adlanmışdır. Lakin parfiyalılar, farslar və suriyalılar eranın əvvəllərindən etibarən Alban ölkəsinə "Aran" demişlər. İlk dəfə olaraq İranın Sasanlar sülaləsindən I Şapurun (242-272) 262-ci ilə aid üç dilli (yunan, parfiya və fars dillərində) kitabəsində yunan versiyasındakı "Albaniya" adı parfiya dilində versiyada "Aran" kimi yazılmışdır (fars dilində versiya xarab olduğuna görə oxunmur). Suriya dilində "Aran" adı ilk dəfə VI əsrin ortalarına aid mənbədə çəkilmişdir (140). 642-ci ildən başlayaraq Alban ölkəsini işğal etmiş ərəblər ölkəyə Arran demişlər. XI əsrə aid gürcücə mənbədə də "Alban" adı Ran(i) kimidir. Deməli, "Alban" adı qədim gürcülərə də məlum deyildi.
Dostları ilə paylaş: |