Giriş
Qruplararası münasibətlərin öyrənilməsi psixoloji tədqiqatlarla sıx əlaqədardır. Sərbəst işimdə psixoloji və sosioloji tədqiqatlara nəzəri yanaşmalar tahlil olunmuşdur. Eyni zamanda Samner və Freydin konsepsiyaları, Şerif va Teşfelin eksperimentləri, eləcə də Ə.S.Bayramovun etnoslararası münasibətlərə nəzəri yanaşmaları nəzərdən keçirilmişdir.Daha sonra etnik və sosial stereotiplərin mahiyyəti ,etnosentrizm ,etnik konfliktlər və eyni zamanda onların növləri barəsində məlumat verilmişdir.Ə.S.Bayramov və Ə.Ə.Əlizadə’in “Sosial psixologiya”kitablarında qeyd olunan “qrup və sosial qrup” anlamı haqqında məlumat verilmişdir.Sərbəst işdə xüsusi aktuallıq kəsb edən müasir dövrdə respublikamızda qruplararası münasibətlərin sosial psixoloji məsələləri ,əlavə olaraq qruplararası qarşılıqlı münasibətlərin əsas formalarına aid nəzəriyyələr təhlil edilmiş və dahi Azərbaycan şairi N.Gəncəvinin problemlə bağlı ideyaları öz əksini tapmışdır.
_Respublikamızın ali məktəb tələbələri üçün yazılmış «Sosial psixologiya» dərsliyinin müəllifləri professor .S.Bayramov və professor Ə.Ə.Əlizadə haqlı olaraq qeyd edirlər ki, sosial psixologiyanın ən mücərrəd anlayışlarından biri qrup anlayışıdır. Müxtəlif psixoloji məktəblərdə qrupun mahiyyəti müxtəlif ölçülərdə dəyərləndirilir və şərh olunur. Qrup əsasən sosial-psixoloji anlayışdır. O, müəyyən miqdarda insan birliyini bildirir. Yəni qrupa daxil olan insanlar onlar üçün tipik olan fəaliyyət növü ilə məşğul olaraq, həm də münasibətlər sistemində olurlar, onların münasibətlər sistemi müəyyən normalar və sərvətlərlə tənzim olunur. Başqa sözlə, «sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bağlı olan insanların nisbətən sabit birliyidir. Bunun özünəməxsus məkan və zaman ölçüləri var». Deməli, qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Həmin strukturda bir neçə cəhət diqqəti xüsusi olaraq cəlb edir. Yəni qrupun bir neçə mühüm əlamətləri var: a) qrupa daxil olan şəxslərin qrupa mənsubluğunu dərk etməsi; b) qrup üzvləri arasında müəyyən münasibətlərin yaranması; v) daxili mütəşəkkillik, qrup daxilində vəzifələrin bölünməsi; q) liderlik, mövqelərin ierarxiyası, qrupun müəyyən etdiyi normalara uyğun rəftar və davranışların tərzi və s.
Qrupun sosial-psixoloji xarakteristikası zamanı onun məcmu halında götürülən iki başlıca cəhəti ayırd edilir. Əvvəla, formal struktur (təşkilati) tərəfi. Buraya qrupun həcmi və ya kəmiyyəti, tərkibi, rabitə sistemləri, rolların bölüşdürülməsi, qrupdaxili tabelik sistemi və s. aid edilir. İkincisi isə sosial-psixoloji tərəfləri, yəni qrupdaxili şəxsiyyətlərarası münasibətlər, rəhbərlik (liderlik) üslubu, qrup sərvətləri və normaları, rəğbətləndirmə və cəza və s. kimi cəhətləri əhatə edir. Bu, necə deyərlər, sosial-psixoloji cəhətdən qrupu xarakterizə edərkən ilk növbədə nəzərə alınmalı cəhətlərdir. Onu da nəzərə almaq lazımdır ki, bu və ya digər qrupa daxil olan bir adam onda müəyyən rol və vəzifə ifa edir. Həm də bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir, onları rəğbətləndirir və ya cəzalandırır, bəzən də öz qrup üzvlərinə tam laqeyd olur. Bütün bu cəhətlər qrupdaxili münasibətlərə təsir etməklə məhdudlaşmır, həm də qrupda şəxsiyyətlərarası münasibətlərə, eləcə də qruplararası münasibətlərə ciddi təsir edir, orada ya “yaxınlaşma”, ya da “uzaqlaşma” effektini şərtləndirir. Bu əlbəttə, məsələnin nisbətən bəsit tərəfidir. Əsl məsələ qrupun xarakteri və onun müəyyən əlamətlərə görə təsnif olunmasındadır. Məlumdur ki, sosial psixologiyada qruplar müxtəlif əlamət və keyfiyyətə görə təsnif edilir. Rus sovet psixologiyasında ən məqbul hesab edilən təsnifat Q.M.Andreyevanın təsnifatıdır. Bizdə də həmin təsnifat əsasən qəbul edilir və psixoloji ədəbiyyatda öz əksini tapmışdır. Həmin təsnifata görə qruplar ilk növbədə şərti və real, təbii və laborator, böyük və kiçik qruplara bölünür. Böyük qruplar da öz növbəsində mütəşəkkil, qeyri-mütəşəkkil qruplara ayrılır. Kiçik qruplar isə ilkin və ikinci dərəcəli qruplara bölünür. Bunlardan başqa nominal qruplar, referent qruplar və s. də mövcuddur. Bütün bu müxtəlifliklərlə yanaşı böyük qrupların bir sıra mühüm növləri də ayırd edilir. Buraya: 1) siniflər, ictimai təbəqələr və sosial-peşə qrupları; 2) millət və xalqlar, etnoslar; 3) sosial-demokratik qruplar; 4) ərazi-region qrupları; 5) təşkilat qrupları (siyasi və ictimai təşkilatlar); 6) qısamüddətli qruplar (mütəşəkkil və qeyri- mütəşəkкil); 7) auditoriya qruplar aid edilir.
İlk nəzərdə, psixoloji ədəbiyyatdan bəlli olan həqiqətlərin burada əks etdirilməsinə o qədər lüzum yoxdur. Əslində isə həmin məlum həqiqətlərin bir də yada salınması iki əsas müddəanı əsaslandırmağa xidmət edir: əvvəla, qrupların mürəkkəbliyi, çoxcəhətliliyi, müxtəlif istiqamətliliyi, eləcə də kəmiyyət və keyfiyyət fərqləri qruplararası münasibətlərin xarakterinə, məzmun və istiqamətinə çox ciddi təsir göstərir və həmin təsirlər ya neqativ və ya pozitiv, ya uzunmüddətli və ya qısamüddətli, ya dağıdıcı və ya bərpaedici ola bilər. Burada ictimai münasibətlər zəminində formalaşan adət və ənənələr, əxlaq normaları, sərvət meylləri, tipik davranış və rəftar tərzləri və s. mühüm rol oynayır. Ona görə də, ikincisi, qruplararası münasibətlərin təhlili və qiymətləndirilməsi zamanı qrup psixologiyasının bütün cəhətləri dəqiq surətdə nəzərə alınmalıdır. Çünki qruplararası münasibətlər qrupun bir sıra parametrlərindən, xüsusən də onun kəmiyyət və keyfiyyət tərkibindən, qrupların maqsad vəzifələrindən, va mütəşəkkillik dərəcəsindən, sərvət meyllərindən, ictimai amal və məqsədindən və s. asılıdır. Burada qrupun tələbatları, sosial yönümü cəmiyyət miqyasında qruplara münasibətin xarakteri və s. kimi amillər də mühüm rol oynayır. Nəzərdən qaçırmaq olmaz ki, hər bir qrupun adekvat sosial tənzimi qruplararası münasibətlərin də tənzimində mühüm rol oynayır.
Deməli, qruplararası münasibətlərin sosial psixologiyası öz mənşəyini qrupların, xüsusən də qrupda şəxsiyyətlərarası münasibətlərin psixologiyasından alır. İlk növbədə həmin psixologiyaya yaxşı bələd olmaq vacibdir.Qruplararası münasibətlər psixologiyası sosial psixologiyanın yeni, sürətlə inkişaf edən və müasir dövrün aktual problemlərini özündə əks etdirən sahəsidir. Bu baxımdan qruplararası münasibətlər psixologiyası sahəsində aparılan tədqiqatların araşdırılması və şərhi də zəruri məsələlərdən biridir. Çünki həmin məsələnin bu və ya digər cəhəti ayrı-ayrı mütəxəssislər tərəfindən müxtəlif istiqamətlərdə araşdırılmışdır.
_Bəs qrup və sosial qrup dedikdə nə nəzərdə tutulurdu? Qrup anlayışının həddindən artıq genişlənməsi, qrup effektlərinin heyvanlar ve bitkilər aləmində müşahidə olunması və s. ilə əlaqədar olaraq müasir sosial psixologiyada sosial qrup terminindən istifadə olunur.
Sosial qrupun əsas xüsusiyyətləri. Sosial psixologiyanın ən mücərrəd anlayışlarından biri qrup anlayışıdır. Müxtəlif psixoloji məktəblərdə qrupun definisiyası müxtəlif ölçülərlə dəyərləndirilir və şərh olunur.Sosial qrupa verilmiş təriflərdən bəziləri ilə tanış olaq:
- Adi dildə bu söz fərdlərin kifayət qədər sabit məcmu-sunu ifadə edir və bir çox sosial psixoloqlar sağlam düşüncənin bu konsepsiyasını qəbul edirlər.
-Qrup fərdlərin elə məcmusudur ki, burada hamının varlığından hər kəsin hər hansı bir tələbatının təmin olunması üçün istifadə edilir.
Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-birilə bağlı olan insanların nisbətən səbatlı birliyidir. Bu birliyin özünəməxsus məkan və zaman ölçüləri var.Müəyyən edilmişdir (M.İ.Donsov) ki, sosial qrup termini sosial-psixologiyada XVIII əsrdə əmələ gəlmişdir.Halbuki onun sirrləri uzun müddət güzəran psixologiyasında açıqlanmış və təhlil olunmuşdur. İnsanların güzəran təcrübəsində sosial qrup özünəməxsus varlıq forması kimi əmələ gəlmiş və bərqərar olmuşdur. Qrupun, onun xüsusi forması kimi ailənin kəşfi dünyanın ən böyük kəşflərindən biri olmuşdur. Sosial qrupun funksiyaları seçimlidir. N.Smelzer qrupun bu funksiyalarını ayırd edir: sosializasiya funksiyası,instrumental funksiya, ekspressiv funksiya, müdafiəedici funksiya.Sosializasiya funksiyasının məziyyətləri aydındır: şəxsiyyətin sosial təcrübəni mənimsəməsində sosial qrupun rolu həlledicidir. Onun instumental funksiyası insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsində ifadə olunur.
A.N.Sventsitkinin qeyd etdiyi kimi, fəaliyyətin bir çox növlərinin təklikdə həyata keçirilməsi mümkün deyil. Konveyer briqadası, futbol komandası, xilasedicilər dəstəsi, xoreoqrafik ansambl bunların hamısı cəmiyyətdə instrumental rol oynayan qruplara misal ola bilər. Bundan başqa, insanın belə qruplarda iştirak etməsi, onu həyati üçün zəruri olan vasitələrlə təmin edir və ona, A.Maslounun termini ilə desək, özünü reallaşdırmaq imkanı verir.
Qrupun ekspressiv funksiyası insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunur. Qrup psixoterapiyası bu funksiyanın tətbiqi məsələlərinin dərk olunması zəminində əmələ gəlmişdir.Qrupun müdafieedici funksiyasının da əhəmiyyəti böyükdür. Qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir,onları rəğ-bətləndirir və ya cəzalandırır.Beləliklə də, adamların qeyri-mütəşəkkil yığımından, təsadüfi birliyindən fərqli olaraq, qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar (və ya qoşulurlar). Onların bir- biri ilə münasibətləri qrup normaları və sərvətləri ilə tənzim olunur. Qrupun normaları onun üzvləri üçün meyara çevrilir.Qrupun nəzərdən keçirdiyimiz xüsusiyyətlərinin bir qismi onu struktur-formal (təşkilati) cəhətdən səciyyələndirir. Qrupun həcmi, tərkibi, kommunikasiya kanalları, rolların bölüşdürülməsi, tabelik sistemi və s. buna misal ola bilər. Qrupda şəxsiyyət- lərarası münasibətlər, liderlik (rəhbərlik) üslubu, qrup sərvətləri və normaları, rəğbətləndirmə və cəzalandırma sistemi və s. isə qrupun sosial-psixoloji həyatını məzmun cəhətdən xarakterizə etmək imkanı verir.Hər bir adam, adətən, müxtəlif qrupların üzvü olur. Lakin bu qrupların hamsında eyni statusa malik olmur və buna müvafiq olaraq müxtəlif qruplarda müxtəlif rollar ifadə edir. Məsələn, bir grupda lider olan şəxs başqa qrupda icraçı ola bilər. Bundan başqa, hər bir adam qohumları və ya dostlan vasitəsilə başqa qruplarla qohumların və ya dostların daxil olduğu qruplarla bağlı olur. Bu halda ümumi xarakter daşıyan iki cəhətə diqqət yetirək. İnsan, adətan, belə hallarda öz qrupunu başqa qrupla müqayisə edir, onun müsbət və ya mənfi hesab etdiyi xüsusiyyətləri vasitəsilə öz qrupunun normalarını və sərvətlərini qiymətləndirir. Bir sıra hallarda isə dünən qonaq gəldiyi qrupun bu gün fəal üzvünə, hətta bəzən liderinə çevrilir.İnsanın daxil olduğu qrupların miqdarı təxminən insanların həyat fəaliyyətinin həcminə, tələbatlarının genişliyinə və müxtəlifliyinə, kommunikativ xüsusiyyətlərinin səviyyəsinə uyğun gəlir. Belə ki, bir qrupda insanın yalnız müəyyən tələbatları təmin olunur. Başqa qrupun fəaliyyəti çərçivəsində isə onun sosial fəaliyyətinin müəyyən cəhətləri təzahür edir. Məhz buna görə də insanı sosial-psixoloji cəhətdən düzgün xarakterizə etmək üçün onun müxtəlif, həm də özü üçün əhəmiyyətli qruplarda iştirakı tarixini öyrənmək və təhlil etmək lazımdır.İnsanların hayatında qrup mühüm rol oynayır. Lakin bu müddəanı düzgün başa düşmək üçün prinsipial əhəmiyyəti olan iki cəhəti xüsusi qeyd etmək lazımdır: a) şəxsiyyət nəinki kiçik grupun, həm də cəmiyyətin üzvüdür. Cəmiyyət şəxsiyyətə təkcə kiçik qrup vasitəsilə deyil, həm də başqa yollarla, kütləvi informasiya və təbliğat vasitələrindən istifadə etməklə bilavasitə təsir göstərir. Deməli, kiçik sosial qrup şəxsiyyətin formalaşmasının və sosial hərəkətlərinin yeganə mənbəyi deyildir, b) şəxsiyyət fəaldır, o özünün mövqe və roluna görə sosial grup daxilində ictimai rəyin təşəkkülünə müxtəlif formalarda təsir göstərir. Bu o deməkdir ki, qrupun şəxsiyyatə təsirini mехаniki təsir kimi başа düşmək səhv olardı. Məsələnin belə qoyulduğu qrupda şəxsiyyətin statusunun öyrənilməsini tələb edir.
_Qruplararası qarşılıqlı münasibətin tədqiqi probleminə nəzər saldıqda, bu sahədə bir çox alimlərin apardığı araşdırmalar diqqəti xüsusi olaraq cəlb edir. Bu problem sosial psixologiyada qrupdaxili münasibətlərə nisbətən yenidir. Qruplararası münasibətlərin öyrənilməsi psixoloji və sosioloji tədqiqatlarla sıx əlaqədardır. Əvvəla, bu sahədə aparılan tədqiqatlar ardıcıl surətdə nəzərdən keçirildikdə məlum olur ki, bilavasitə qruplararası münasibətlər psixologiyası ilə məşğul olmayan, lakin sosial psixologiyanın digər müxtəlif sahələrini tədqiq edən alimlərin əsərlərində qruplararası münasibətlər probleminin müxtəlif aspektləri də ayırd edilir. Q.Lebonun (1896) işlərində qruplararası aqressiya məsələsi, Mak Dauqollun (1916) sosial davranış instinkti nəzəriyyəsində sosial Konfliktlər, Z.Freydin (1925) Klassik neofreydizm və psixoanaliz nəzəriyyələrində yadlara olan düşmənçilik münasibətləri və qorxu, Dollardın (1939) frustrasiya və aqressiyanın neobiheviorist nəzəriyyəsində qruplararası aspektdə aqressiv davranış məsələləri öz əksini tapmışdır. Bu işlər bilavasitə qruplararası münasibətlərin tədqiqinə həsr olunmasa da onlarda qruplararası münasibətləri qruplararası münasibətlər bəzi məsələləri öz əksini tapmışdır.
Qruplararası münasibətlər psixologiyasının qanunauyğunluqlarına diqqet yetirən alimlərdən biri U.Samner olmuşdur. O, 1906-cı ildə nəşr olunan Xalq adətləri əsərində etnosentrizm fenomenlərini təsvir etmişdir. Məlumdur ki, etnosentrizm öz etnik qrupuna üstünlük vermək, digərinə münasibətdə isə ədavət hissi və qərəzli mövqe tutmaqda özünü göstərir. U.Samnerin başqa etnoslara münasibətdə pozitiv xarakteristikaların şişirdilmiş etnosentrizm konsepsiyasında öz etnosunun başqa etnoslardan üstünlüyü hissi, ədavət və neqativ münasibətlərin büruzə verilməsi təhlil olunur. Bu zaman öz etnik qrupunun mədəniyyəti, adət və ənənələri, dəyərləri və başqa psixoloji xüsusiyyətləri etalon kimi götürülür. U.Samner başqa etnoslarla münasibətdə yaranan ədavət və neqativ münasibətləri öz etnosu çərçivəsində qrupdaxili birliyi saxlamaqda zəruri şərt kimi qiymətləndirərək etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır.Zigmund Freydin qruplararası münasibətlər aspektində iki tezisini qeyd etmək olar: autqrup ədavətinin qaçılmazlığı və qrupun stabilliynin və identifikasiyasının saxlanması vasitəsi kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü. Freydə görə rəqiblik va aqressiyanın obуеti olan bu münasibətlər eyni zamanda təqlid edilən, yamsılanan sevgi və nifrətlə də xarakterizə oluna bilər. Erkən uşaqlığın emosional münasibətlərinin ambivalentliyi qrupa keçir: ataya olan sevgi qrup liderinə transformasiya edilir, düşmənçilik və aqressiya autqrupa yönəlir. Lakin sonraki tədqiqatların əksəriyyətində Freydin qruplararası münasibətlər konsepsiyası qəbul olunmasa da, bütövlükdə digər qruplara münasibətdə qruplararası münasibətlərin tədqiqində ədavət, aqressivlik məsələləri ana xətti təşkil edirdi.
_M.Şerif isə konflikt problemini başqa qruplararası konflikt istiqamətdə tədqiq etmişdir. O, qruplararası ədavətin kökünü müxtəlif qrupların məqsəd və maraqlarında, yəni bu qrupların nümayəndələrinin rəqiblik münasibətlərində görür. M.Şerif eksperimentlərini 50-ci illərin ortalarında Amerikanın Robers Keyve vilayatində keçirmişdir. Exsperimentlar bir neçə il ərzində yeniyetmələrin tədqiqatın əsas yerləşdiyi yay düşərgəsində aparılmışdır. Məqsədi qruplararası qarşılıqlı əlaqənin xarakterinin (rəqib, yoldaşlıq, kollektiv, kooperasiya) qruplar arasında və qrup daxilində təşəkkül tapmış qarşılıqlı münasibətin xarakterinə təsirini öyrənmək olmuşdur. Bu məqsədlə düşərgənin administrasiyası yeniyetmə qruplar arasında qarşılıqlı əlaqəni elə təşkil etmişdir ki, o, sırf yarış xarakteri daşısın və bu yarışda yalnız bir qrup qalib gələ bilsin. Müşahidə və sorğuların nəticəsinə uyğun olaraq tədqiqatçılar gruplar arasında əmələ gələn ədavətin və eyni zamanda qrupdaxili həmrəyliyin möhkəmlənməsinin şahidi olmuşlar. Eksperimentin müxtəlif mərhələlərində qrupların təşəkkülü müxtəlif cür baş verirdi. Eksperimentin əvvəlində yeniyetmələr düşərgənin təmizliyi ilə birlikdə məşğul olurdular va tədqiqatçılar yeniyetmələr arasında baş verən təbii proseslərə, yəni tanışlıq və qarşılıqlı münasibətlərin formalaşmasına müdaxilə etmirdilər. Lakin sonrakı mərhələdə, yani yarışdan sonra yeniyetmələr 2 qrupa bölünərək tanışlıq zamani əmələ gələn dostluq münasibətlərini pozmağa başladılar. Rəqabətdən qabaq isa qrupların nümayəndələri arasında ədavət olmamışdır. Tadqiqatçılar sonra eksperimentdə dəyişiklik edirlər: əvvəlcə rəqib olan qruplar həlli güclərinin birləşməsini tələb edən problemli situasiyaya salınırlar. Bu mərhələdə tədqiqatçılar ədavətin azaldığını, lakin tam aradan qalxmadığını müşahidə etmişlər. Bu eksperiment əsasında M.Şerif belə bir nəticəyə gəlir ki, qruplararası konfliktin asas səbəbi qruplar arasındakı qarşılıqlı əlaqənin xarakterindən (həmrəylik və ya rəqabətdən) asılıdır. M.Şerifin eksperimentləri qruplararası münasibət psixologiyasının eksperimental tədqiqinin asasını qoymuşdur. Qruplararası qarşılıqlı münasibətlər sahəsində əsasən qərbi Avropa alimlərinin tədqiqatlari həm nəzəri keyfiyyətinə, həm də kəmiyyətinə görə daha iralidədir. Bu baxımdan Q.Teşfelin tədqiqatları daha diqqətəlayiqdir. Son illər onun tədqiqatları başqa ölkələrdə keçirilən tədqiqatlara mühüm təsir göstərmişdir. Qərbi Avropada bu sahədə bir çox samballı işlər meydana çıxmışdır. Sosial identiklik nəzəriyyəsi sosial-iqtisadi dəyişikliklər şəraitində yeni sosial qrupların yaranması ilə əlaqədar qruplararası differensasiya qrupdaxili inteqrasiya problemine daha ve konstruktiv yanaşmağa imkan verir. İlk dəfə Teşfelin tədqiqatlarında qruplararası münasibətlərin tənzimlənməsi sosial psixologiyanın predmeti kimi tədqiq edilir. Onun tədqiqatlarında qruplararası münasibətlərin tənzimlənməsini müəyyən edən bir sıra koqnitiv proseslər öz əksini tapır. Teşfelin konsepsiyasında qruplararası münasibətlər psixologiyası sosial psixologiyanın müstəqil sahəsi və hətta sosial psixologiyanın əsas predmeti kimi qəbul olunub.
_Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas analyışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip analyışlarıdır. İlk növbədə onu qeyd edək ki, stereotip sözü yunan dilində stereos möhkəm + tupos iz deməkdir. Sosial stereotiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət olan psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. Stereotiplər sadə, ümumiləşmiş və bəzən də təhrif olumuş şəkildə olduğu üçün o qədər də etibarlı deyildir. Hər bir stereotipdə sosial obyektlər haqqında müəyyən biliklər öz əksini tapır, lakin onların əsas funksiyası heç də bunula bağlı deyildir. Stereotiplər əsasən sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali təbəqəsi və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanların şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılr. Adətən tamaşa etdiyimiz filmlər, oxuduğumuz müxtəlif ədəbiyyat nümunələri, eşitdiyimiz əhvalatlar və söhbətlər, eləcə də şahidi olduğumuz hadisələr müəyyən sosial obyekt haqqında müvafiq stereotipin yaranmasına eləcə də olan stereotipin daha da möhkəmlənməsinə səbəb olur. S.Fisk stereotiplərin dörd növünü ayırd etmişdir:
- nifrət stereotipi bu stereotip adətən “yad, özgə” aşağı statuslu və mötəbər olmayan qruplara münasibətdə özünü göstərir, “soyuq” kimi qiymətləndirilir;
- heyranlıq stereotipi bu stereotip özünkülər hesab etdiyi qruplara münasibətdə təzahür edir və onlara mötəbərlilik, yüksək status və “istilik” aid edilir.
- həsəd stereotipi bu stereotip yüksək statuslu, yad, özgə, mötəbər, lakin “soyuq” qruplara münasibətdə özünün göstərir;
- paternalist stereotipi isə aşağı statuslu, mötəbər olmayan lakin, “isti” olan qruplara qarşı münasibətdə özünü göstərir. əndirməkdir.
Stereotiplər insan qrupu və birliyi haqqında ümumiləşmiş təsəvvür olub, əsasən psixoloji xüsusiyyət və əlamətləri özündə əks etdirir. Güzəran psixologiyasında stereotiplər adətən mənfi əlamətləri ifadə edir, əslində isə stereotiplər həm müsbət, həm də mənfi məzmuna malikdir. Məsələn, yaponlar ağıllı, almanlar səliqəli, fransızlar modabaz, çinlilər zəhmətkeş, ruslar kefli, ingilislər soyuqanlı və etibarsız, yəhudilər xəsis, azərbaycanlılar qonaqpərvər, ermənilər hiyləgər və yaltaq olurlar. Stereotiplər heç də həmişə etibarlı mənbəə hesab olunmur. Onlar həm yanlış, həm də düzgün ola bilər. Stereotiplər əsasən aşağıdakı proseslər nəticəsində meydana çıxır: seçici diqqət, qiymətləndirmə, anlayışların formalaşdırılması və kateqoriyallaşdırma, atribusiya, emosiya, hafizə. Qeyd etdiyimiz psixi proseslər bir birilə qarşılıqlı əlaqədə və təsirdə olmaqla stereotipləri psixi həyatımızın zəruri tərkib hissəsinə çevirmişdir. Stereotiplər, bizə ətraf aləmdə baş verən hadisələri, xüsusilə də insan qruplarını başa düşməkdə bizə əlavə səy göstərməyimizə qənaət etməyimizə kömək edir. Digər tərəfdən hər hansı qrup haqqında formalaşan stereotip qarşılıqlı münasibətin qurulmasına, qavrama və anlama prosesində özünəməxsus çətinliyin yaranmasına və qruplararası zidiyyətin baş verməsinə səbəb olur.
_Etnosentrizm (yun. Ethnos tayfa, qrup, xalq; lat.centrum mərkəz, cəmləşmə) etnopsixologiyanın təhlil vahidi olub, onun istifadə etdiyi əsas anlayışlardan biridir. Etosentrizm anlayışını elmə ilk dəfə 1883-cü ildə avstriya sosioloqu İ.Qumploviç gətirmişdir, amerikan alimi U.R.Semner isə 1906-cı ildə həmin anlayışdan geniş surətdə istifadə etmişdir. U.R.Semner hesab edir ki, etnosentrizm fərdin hər şeyin mərkəzində öz qrupunu qoyması və ətrafda baş verən hadisələri onunla ölçməsi və ona istinad edərək qiymətləndirməsi meylidir. Etnosentrizm fərdin və ya qrupun ətraf mühitdə baş verən sosial hadisələri aid olduğu qrupun norma və dəyərləri əsasında qavraması, qiymətləndirməsi və münasibət bəsləməsindən ibarət olan hadisədir. Etnosentrizm sosial-psixoloji hadisə olub-qruplararası münasibəti əks etdirir. Əksər hallarda bu termin neqativ məna kəsb edir və bir insanın təsirinə məruz qaldığı sosial mühitin diktəsinə uyğun olaraq başqa insanı başa düşməmək kimi izah olunur. Sovetlər dönəmində sovet tədqiqatçıları etnosentrizmi-neqativ sosial hadisə hesab etmiş və onu millətçilik və rasizimlə eyniləşdirmişlər. Etnosentrizmi yalnız neqativ aspektdən qavramaq və izah etmək heç də düzgün deyildir. Çünki, etnosentrizm normal psixoloji funksiyadır və insan psixikasına xas olan xassədir. O, bir halda etnos üçün pozitiv identikliyin qorunub saxlanılmasına kömək edən sosial-psixoloji hadisədir. Etnosentrizm insanın psixi həyatının ayrılmaz tərkib hissəsidir. Etnosentrizm insanlar üçün mədəniyyət süzgəci funksiyasının yerinə yetirir. Etnosentrizm-hər bir insan üçün səciyyəvi olan psixi hadisədir. Sadəcə olaraq, insanların bir qsmi onun olduğunu dərk etdiyi üçün etiraf edir, digər qismi isə fərqli şərh və izahın olmasını qəbul etmir. Müasir psixoloji ədəbiyyatlarda (D.Matsumoto, 2008) etnosentrizmin 2 növü göstərilir: çevik və qeyri-çevik etnosentrizm. Çevik etnosentrizm aşağıdakı xüsusiyyətlərdə təzahür edir. a) İnsan dərk edir ki, onun daxil olduğu mədəniyyət ətrafda baş verən hadisələri öz süzgəcindən keçirməklə həmin hadisələrə özünəməxsus rəng və ya emosional boya bəxş edir. b) Daxil olduğumuz mədəniyyət, fərqli şəkildə münasibət bəsləməkdə, hərəkətlər etməkdə, qavramağımıza, qiymətləndirməyimizə və ya həmn hadisəni müvafiq formada izah etməyimizə təsir göstərir. c) Fərqli mədəniyyətin nümayəndəsi, fərqli şəkildə münasibət bəsləyir və hərəkət edir. Qeyri-çevik etnosentrizm isə qeyd olunan bu xüsusiyyətlərdən uzaq olan etnosentrizmdir. Çevik etnosentrizm, hər hansı etnopsixoloji hadisə ilə bağlı “onları belə öyrədiblər”, “onlar belə adət ediblər”, “biz deyə bilmərik ki, yaxşıdır yoxsa pis” və s. kimi fikirlərlə izah edirlər. Qeyri-çevik etnosentrizmdə isə hadisələr və ya onlara olan münasibət “onlar dəhşətdirlər”, “heç belə şey olar”, “bax elə buna görə də onlara nifrət edirik”, “doğurdan bu belədir? ” və s. sözlərlə şərh olunur.
Etnosentrizm (etnosentrizm) insanın ətrafda baş verən hadisələri yalnız öz mədəniyyəti süzgəcindən keçirməklə qavraması və qiymətləndirməsidir. Etnosentrizm müxtəlif ifadə dərəcəsinə malikdir. Bəzi tədqiqatçılar onun səbəbini etnosun, xalqın mənsub olduğu mədəniyyət tipi ilə əlaqələndirirlər. Belə bir fikir mövcuddur ki, öz qrup üzvləri ilə daha sıx bağlı olan kollektivist mədəniyyətin nümayəndələri, individualistlərlə müqayisədə etnosentrizmə daha çox meyilli olurlar. İsənilən halda etnosentizmin təzahür dərəcəsi daha çox sosial amillərlə, sosial struktur və etnoslararası münasibətin xarakterindən asılıdır. Etnosentrizmin mahiyyətində heç də başqa xalqlara düşmən münasibət bəsləmək dayanmır. Onun mənfi istiqamət alması ölkədə aparılan milli siyasətlə əlaqədardır. Etnosentrizm heç də millətçilik, şövinizm demək deyildir. Etnosentrizm, müxtəlif millətlərin, sosial qruplarının maraqları toqquşduğu halda isə millətçiliyə və şövinizmə çevrilir. Etnosentrizmin milli ideologiya və psixologiya alətinə çevrilməsi millətlərarası ünsiyyətin yaradılmasında ən əsas əngələ çevrilir. Xalqın təfəkküründə başqa etnik qrupun obrazı hər şeydən əvvəl həmin etnik qrupla olan qarşılıqlı münasibətin tarixi xarakteri ilə müəyyən olunur. İki etnik qrup arasında qarşılıqlı münasibət əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində olduqda, münasibət müsbət yönümlü olur və movcud fərqlərə tolerant münasibət formalaşır. Etnik qruplar arasında həyati maraqlar birbirinə zidd gəlmirsə onda ustanovka maraq hiss ilə birləşir.(onlar bizə oxşamırlar mənasında) Etnik qruplar arasında konflikt, düşmənçilik olduğu halda isə vəziyyət tamamilə fərqli olur. Etnosentrizm insanın onu əhatə edən gerçəkliyi, özünün aid olduğu və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir. Etnosentrizmin ən ifrat forması delegitimizasiyadır. Delegitimizasiya qrup və qrupların superneqativ sosial ölçülərlə kateqoriyalaşdırılması deməkdir. Etnosentrizm insan psixologiyası üçün səciyyəvi xüsusiyyətdir və əgər o başqa xalqların mədəniyyətinə, həyat tərzinə, adət ənənələrinə hörmətlə, səbrlə yanaşırsa onda buna müəyyən mənada mənəvi cəhətdən haqq qazandırmaq olar.
_Etnik konflikt etnopsixologiyanın əsas anlayışlarından biridir. Etnik konfliktlərin öyrənilməsi etnopsixologiyanın nəzəri və praktik problemlərinə aid edilir. Psixoloji ədəbiyyatlarda konfliktin aşağıdakı növləri qeyd olunur: şəxsiyyətdaxili konflikt,şəxsiyyətlərarası konflikt,qrupdaxili konflikt, qruplararası konflikt .
Etnopsixologiya elmi əsasən qruplararası konfliktlərlə maraqlanır. Qruplararası konfliktlərin üç növü ayırd edilir:siyasi konfliktlər (hakimiyyət uğurunda gedən mübarizə) ,sosial-iqtisadi konfliktlər (əməklə kapital arasında), etnik konfliktlər (etnik birliklərin hüquq və marağı uğurunda).
Etnik konfliktlər necə yaranır? Psixologiyada etnik konfliktlər dedikdə müəyyən milli qruplar arasındakı ziddiyyət başa düşülür (Ə.S.Bayramov). Mənafeləri uyğun gəlməyən və yaxud mənafeləri qəsdən toqquşdurulan milli qurumlar etnik əlamətə görə bir-biriilə konfliktə düşürlər. Konfliktin yaranmasında heç də hər iki tərəfi eyni dərəcədə günahlandırmaq olmaz. Etnik konfliktin mənbəyi rolunda aşağıdakı ziddiyyətlər çıxış edir: sosial-siyasi ziddiyyətlər ,iqtisadi problemlər , konfliktin yaranmasında marağı olan xarici, kənar qüvvələr , etnosda etnosentrizmin,şovinizmin və seperatizmin güclənməsi,millətçilik ideologiyasından qidalanan neqativ etnik stereotip və yönümlərin gücləndirilməsi. Etnik konfliktin yaranmasına səbəb olan amillərdən biri illuzior korelyasiyanın yaradılmasıdır. Mahiyyət ondan ibarətdir ki, bir-biri ilə əslində heç bir əlaqəsi olmayan, yaxud da güman edildiyindən də az əlaqəsi olan iki müxtəlif hadisə bir-biri ilə əlaqələndirilir. İlluzior korelyasiya fenomeni stereotip əsasında işləyir. Konflikt iştirakçılarının qarşı tərəf haqqında malik olduğu stereotip hadisələr arasında əlaqəni tapmaqda insanlara kömək edir və o da öz növbəsində yaranmış stereotipin həqiqiliyin sübut edir. Psixologiyada etnoslararası münasibətlər üç əsas problem öyrənilir: konflikt necə baş qaldırır, necə cərəyan edir və onları necə tənzimləmək olar. Etnik konfliktlərin makrosəviyyədə həllinə yönəlmiş olan üç əsas həll strategiyasından istifadə olunur: 1) hüquqi mexanizmlərin tətbiqi; 2) danışıqlar; 3) informasiya yolu.
Ədəbiyyat siyahisi
Bayramov Ə. Etnik psixologiya. B., 2001
. Əlizadə. Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Вakı, 2003. 352 səh.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.
Əliyev R.İ. Etnopsixologiya: qloballaşma və millilik. Bakı, 2007 4.