F.K öçər li a dına Respublika
Uşa q Kitabx anası
Sultanməcid Qənizadə -150
Görkəmli maarif və mədəniyyət xadimi
Bakı -2016
1
Tərtibçi: Aynurə Əliyeva
Sevil Əhmədova
İxtisas redaktoru və buraxılışa məsul: Şəhla Qəmbərova
Əməkdar Mədəniyyət
işçisi
Redaktor: Səməd Məlikzadə
Sultanməcid Qənizadənin 150 illik yubileyi münasibətilə
respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik
vəsait / tərt.ed. A.Əliyeva; red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.-24 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016
2
Tərtibçidən
Azərbaycanda maarifçilik cərəyanının ilk çağları XIX
əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Bu
cərəyanının
görkəmli nümayəndələrindən
biri
Sultanməcid Qənizadə olub. O, dövrünün bir çox
ziyalılarından fərqli olaraq, çoxşaxəli fəaliyyəti ilə seçilib.
Maarif və teatr xadimi, pedaqoq, yazıçı, tərcüməçi,
jurnalist Sultanməcid Qənizadinin bu il 150 illik
yubileyidir.
Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında
Şamaxı şəhərində, tacir Hacı Murtuzəli kişinin ailəsində
dünyaya gəlib. Tədqiqatçıların yazdıqlarına görə,
Sultanməcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının
tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində
"Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir.
Sultanməcidin atasının da elmə, maarifə böyük marağı
varmış. Sultanməcidin ilk müəllimi də elə atası olub. O,
əvvəlcə oğluna yazıb-oxumaq öyrədib, sonra da onu
şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin
öyrədilməsinə nail olub.
Sultanməcid Qənizadə rus dilini mükəmməl
bildiyindən 1883-cü ildə Tiflisdəki Aleksandrovski
Müəllimlər İnstitutuna daxil olub. Qeyd edək ki, bu institut
50 ilə yaxın bir müddətdə ətraf vilayətlərin şəhər
məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt
müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar
hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid
Qənizadə və tələbə dostu, yaxın silahdaşı Həbibbəy
3
Mahmudbəyovla birlikdə kənd məktəbinə təyin ediliblər.
Bu haqsızlıqla razılaşmayan dostlar Bakıya gələrək
1887-ci ildə “Rus-Tatar məktəbi” adlı ibtidai təhsil
ocağının yaradılmasına nail olublar. Bu maarif ocağının
işığı tezliklə yurdumuzun bir sıra bölgələrinə yayılıb.
Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə
daşıyan Sultanməcid Qənizadə bir müddət Qori
Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində
isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış,
müxtəlif elmi cəmiyyətlərin və komissiyaların üzvü
olmuşdur. Azərbaycan müəllimləri arasında böyük
hörmətə və nüfuza malik olan bu qocaman maarif
xadiminə hamı ehtiramla "Mirzə Məcid" deyə müraciət
edərmiş.
Sultanməcid Qənizadə həm də mədəniyyət
xadimi idi. Azərbaycan teatrının inkişafında onun böyük
xidmətləri olmuşdur. O, neçə-neçə istedadlı gəncin
səhnəyə gəlişinə kömək göstərmişdir. Görkəmli aktyor
Hüseyn Ərəblinskinin teatra gəlməsində də onun rolu
olmuşdur. Qeyd edək ki, Hüseyn Ərəblinski ilk dəfə
məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə
hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının
tamaşasında (1898) Mehtər Kərim rolunu oynamışdır.
Araşdırmalar göstərir ki, S. Qənizadə həm gözəl rejissor,
həm də istedadlı dramaturq olmuşdur. Təəssüf ki, onun
bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməyib.
Sultanməcid Qənizadə tərcüməçi işini də yaxşı
bacarmışdır. O, 1894-cü ildə böyük rus yazıçısı Lev
4
Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə etmiş,
həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur. Bu
da Azərbaycan teatrı tarixinə rus dramaturgiyasının ilk
tamaşası kimi daxil olmuşdur. Onu da əlavə edək ki, S.
Qənizadə müasiri Lev Tolstoyla sıx əlaqə saxlamış,
onunla məktublaşmışdır.
Məlumata görə, Sultanməcid Qənizadənin qələmə
aldığı ilk pyes “Qönçə xanım” adlanıb. Təəssüf ki, həmin
əsər indiyədək tapılmayıb. Rus ədiblərindən etdiyi
tərcümələrlə yanaşı, Sultanməcid xalq nağılları əsasında
uşaqlar üçün mənzum hekayələr də yazmışdır. Ən
sanballı bədii əsəri isə “Məktubati-Şeyda bəy Şirvani”
adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün
məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin
gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq
təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür.
Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki
hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili
ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə,
geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha
inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin
fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
Sultanməcid Qənizadə jurnalistliklə də məşğul
olmuşdur. O, Qori Müəllimlər Seminariyasında işlədiyi
illərdən başlayaraq mətbuatda müntəzəm çıxış etmişdir.
Yazıları əsasən “Dəbistan” jurnalında çap olunmuşdur.
Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə,
Sultanməcid Qənizadə Nəriman Nərimanovla yaxından
5
dostluq etmişdir.
O,
əqidə yoldaşı Həbibbəy
Mahmudbəyovla birlikdə maarifçi bir mətbuat orqanı
açmaq fikrində olmuşdur. 1906-cı ildə nəşrə başlayan
“Molla Nəsrəddin” jurnalının yaranışını alqışlayan və
buna çox sevinən ziyalılarımızdan biri S. Qənizadə
olmuşdur. Təəssüf ki, tədqiqatçılar "Molla Nəsrəddin"in
yazarları haqqında araşdırma apararkən Sultanməcid
Qənizadənin üstündən sükutla keçmişlər. Bu fikirdəyik
ki, belə bir jurnalın çıxmasına sevinən, Sabirlə dost olan,
o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir
ədib "Molla Nəsrəddin" jurnalına nəsə yazmamış olsun.
Bəlkə də naməlum qalan imzalardan biri Sultanməcid
Qənizadəyə məxsusdur. Yəqin ki, haçansa, tədqiqatçılar
tərəfindən bu qaranlıq məsələyə bir aydınlıq gətiriləcək.
Sultanməcid Qənizadə böyük azərbaycanlı idi. O,
müəllimliyə başladığı ilk gündən həyatını və
yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə
və işıqlı gələcəyinə
bağlamışdı. Görkəmli
ədəbiyyatşünas Firidun bəy Köçərli yazırdı: “Qənizadə
iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində
təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr,
gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə
edirik”. Bir çox həmkarından fərqli olaraq, S.Qənizadə
yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları
Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan
mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi
elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi
insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O
dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən
6
biri də qadın azadlığı məsələsi idi. Sultanməcid
Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən
qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili”ndə
öz fikirlərini oxucuların mühakiməsinə vermişdi.
Xalqına göstərdiyi böyük xidmətlərə baxmayaraq
Sultanməcid Qənizadə Stalin rejimi tərəfindən “xalq
düşməni” adlandırılıb. Onun tərcümeyi-halında oxuyuruq:
“S. Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir”.
Əslində Sultanməcid Qənizadə öz əcəli ilə vəfat
etməmişdir. Ömrü boyu millətinə, xalqına, onun işıqlı
gələcəyinə xidmət göstərən bu fədakar insan, günahsız
olsa da, həbs edilərək, “xalq düşməni” kimi
güllələnmişdir.
Yazarın Əli İskəndər Cabbarovla birlikdə qələmə
aldığı
“Kəlili ədəbiyyat” (müntəxabat), “İstilahi
Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)” və
s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa
xidmət etmişdir. O, “Axşam səbri xeyir olar” əsəri ilə
ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən
orjinal əsəri “Məktubati-Şeyda bəy Şirvani” romanıdır.
Onun yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında
çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur.
Görkəmli maarifçi, yazıçı, pedaqoq Sultanməcid
Qənizadənin anadan olmasının 150 illik yubileyi ilə bağlı
bir sıra tədbirlər- kitab müzakirəsi, oxucu konfransı,
rəsm və digər müsabiqələr, ədəbi-bədii gecə keçirilə
bilər. Bu cəfakeş şəxsiyyəti sevdirmək, yaradıcılığını
gənc nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitab
7
sərgisi də təşkil oluna bilər. Sərgiyə müxtəlif başlıqlar
verilə bilər: “İttihadçı və türkçü Sultanməcid Qənizadə”,
“Azərbaycanın böyük oğlu - Sultanməcid Qənizadə”,
“
Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə
daşıyan - Sultanməcid Qənizadə”, “Hamıya örnək
pedaqoq”, “Böyük azərbaycanlı- Sultanməcid Qənizadə”
və s. Bundan başqa, Sultanməcid Qənizadənin müxtəlif
illərdə çəkilmiş foto şəkillərindən ibarət stend və kitabları
da sərgidə oxuculara çatdırılmalıdır. Ayrı-ayrı ədiblərin,
alim və yazarların Sultanməcid Qənizadə haqqında
yazdığı yazılar, söylədikləri sitatların da sərgidə nümayiş
olunması vacibdir.
Görkəmli şəxsiyyətlərin Sultanməcid Qənizadə
haqqında söylədikləri
“Məktubati-Şeyda bəy” sərlövhəsi ilə yazdığı “Müəllimlər
iftixarı” və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin
iqtidarlı bir ədib olduğunu bildirir. Bu əsərlərin hər
birisində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar,
nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları
oxumağı tövsiyə edirik.
8
F.Köçərli,
maarifçi-pedaqoq.
Biz hamımız Sultanməcidin rəhbərliyi ilə işləyirik. Onun
evi bizim üçün ədəbiyyat və maarif mənzili idi. Bizim
zəhmətimizi bu kişi çox çəkibdir. Bizi zəhmət və maarifə
cəlb edən o olubdur, hamımızda ruh və fərəh oyandıran
o olubdur.
Nəriman Nərimanov,
yazıçı, dövlət xadimi
Qənizadə Azərbaycan maarifinin ağırlığını çiynində
daşıyan görkəmli ziyalılarımızdan biri olmuşdur.
Azərbaycan müəllimlərinin bir neçə nəsli Qənizadəyə
“Mirzə Məcid” deyə yüksək ehtiram hissi ilə müraciət
etmiş, ondan öyrənmiş, ondan göstəriş almışlar. Rus
dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də
Sultanməcid Qənizadəyə müyəssər olmuşdur.
Abbas Zamanov,
ədəbiyyatşünas, alim
Yenilikçi alim-filoloq və görkəmli publisist Sultanməcid
Qənizadənin Azərbaycanda mədəni, ədəbi-ictimai fikrin
inkişafında xüsusi mövqeyi vardır. Xalqlar dostluğunun
ardıcıl təbliğatçılarından olan Sultanməcid Qənizadə rus
və Azərbaycan xalqları arasında dostluq və qardaşılıq
əlaqələrini daha da inkişaf etdirilməsi və
möhkəmləndirilməsi məsələsinə xüsusi fikir verirdi.
9
Bəkir Nəbiyev,
akademik
Sultanməcid Qənizadə milli maarif və mədəniyyət
tariximizə çox zəngin bir irs qoyub getmişdir. O böyük
maarifçi olmaqla yanaşı, görkəmli dilçi, metodist alim,
tanınmnış ədib və mühərrir kimi də maarif və ədəbiyyat
tarixində iz qoymuş şəxsiyyətlərdən biridir.
Misir Mərdanov,
elmlər doktoru
Sultanməcid Qənizadənin əsərlərində zəmanənin nəbzi
vururdu. O, həmişə zəruri problemlər irəli sürür və nəcib
əxlaqi keyfiyyətlər təbliğ edirdi. Buna görə də əsərləri
ədəbi ictimayyətin nəzərini cəlb edir, yaradıcılığı
müasirləri tərəfindən yüksək qiymətləndirilirdi.
Xeyrulla Məmmədov,
ədəbiyyatşünas
Sultanməcid Qənizadə əsərlərində bədii
ədəbiyyat,
onun idrakı və tərbiyəvi əhəmiyyəti, insan qəlbinə və
hissinə təsiri haqqında danışmağı da unutmamış və bu
xüsusda bir sıra qiymətli və diqqətəlayiq mülahizələr irəli
sürmüşdür.
Hidayət Əfəndiyev,
filologiya elmləri doktoru
Sultanməcid Qənizadənin yubileyi münasibətilə
kitabxanada “Sultanməcid Qənizadə yaradıcılığında
körpəlik pedaqogikası” adlı “dəyirmi masa” keçirilə bilər.
10
Tədbirdə müəllimlər, pedaqoqlar, tələbələr, iştirak edə
bilərlər. Tədbir iki ana xətdən ibarət olur.
I. Azərbaycan pedaqoqu, maarifçisi Sultanməcid
Qənizadə və tərbiyə (cismani tərbiyə, mənəvi tərbiyə,
valideyinlər və milli tərbiyə).
II. S.Qənizadənin pedaqogikaya baxışı və bu sahədə
rolu.
Məruzəçilər bu mövzularda danışmaq üçün söz
alırlar.
I məruzəçi: - Ümumi pedaqogikanın müstəqil bir elm kimi
son zamanlar formalaşmasına baxmayaraq, onun tarixi
çox keçmişə söykənir. Bütövlükdə
“
Pedaqogika” yunan
sözü olub ədəbiyyatda “uşaq ötürən”, “uşaq himayə
edən” və yaxud “yönəldirəm, tərbiyə edirəm” mənasında
işlənir. Sultanməcid Qənizadə isə bu sözü “lələ”
adlandırır. O yazır: “Pedaqogika ləfzi yunan dilində “lələ”
deməkdir ki, ibarətən tərbiyə elmi zəmnində istemal
olunur”. Çox maraqlıdır ki, “lələ” sözünə qardaş türk
pedaqoji ədəbiyyatında, həmçinin Azərbaycan
dastanlarında rast gəlirik. “Lələ” sözünə Azərbaycan aşıq
dastanlarında da rast gəlirik. Məsələn, “Əsli və Kərəm”
dastanında deyilir:
Ərzurumun gədiyinə varanda,
Onda gördüm burum-burum qar gəlir.
Lələ dedi: gəl bu yoldan qayıdaq,
Dedim dönmək namusuma ar gəlir.
Beləliklə, böyük maarifçi Sultanməcid Qənizadənin
məqaləsində “lələ” sözü, fikrimizcə, çox yerində
işlədilmişdir.
11
II məruzəçi: - Məlum olduğu kimi,
pedaqogikanın bir elm
kimi formalaşması çex pedaqoqu Y.A.Komenskinin adı
ilə bağlıdır. Azərbaycan elmi-pedaqoji fikri tarixində isə
bu məsələ Sultanməcid Qənizadənin (1866-1942) adı ilə
bağlıdır. Sultanməcid Qənizadənin fikrincə, “pedaqogika
ən mühüm və ən vəsi (yəni ən geniş, vüsətli) elmlərdən
birisidir”. Onun pedaqogika elminə verdiyi tərif də
maraqlıdır. O, yazır ki, pedaqogika elmi insan
tərbiyəsinin müxtəlif tərəflərini tədqiq edir. Bununla belə,
əslində pedaqogika insan tərbiyəsinin iki əsas cəhətini
öyrənir ki, bunlardan biri cism, yəni bədən tərbiyəsi,
digəri isə ruh tərbiyəsidir. Göründüyü kimi, müəllif
tərbiyənin iki növü - ruhi və cismani, müasir terminlərlə
desək, mənəvi və fiziki tərbiyəni nəzərdə tutur. Müəllif
fiziki tərbiyə ilə yanaşı, mənəvi tərbiyədən də ətraflı bəhs
etməyi vəd etsə də, əsərdə yalnız fiziki tərbiyə məsələləri
şərh olunmuşdur. Buna baxmayaraq, o, tərbiyənin hər iki
növünü bir-birindən təcrid etmir, birini digəri üçün əsas
hesab edirdi. Fikrimizcə, həqiqətən də insanın
tərbiyəsində yuxarıda göstərilən hər iki cəhət əsas olub,
aparıcı yer tutur. Müəllif bu iki cəhətdən birinin-
fiziki
tərbiyənin üzərində dayanır, onu daha geniş və ətraflı
şəhr edir. Müəllifin fikrincə, bədən tərbiyəsi insanın
sağlamlığına, uşağın daxili və xarici orqanlarının düzgün
inkişafında xidmət edir.
III məruzəçi: - Sultanməcid Qənizadənin fikrincə,
insanların şüuru, idrakı, fəhmi, uzaqgörmə qabiliyyəti,
gözüaçıqlığı və s. hissləri onları digər varlıqlardan
fərqləndirir və bu cövhərlərin bünövrəsi hələ ana
bətnində ikən Allah tərəfindən qoyulur. Müəllifin fikrincə,
12
insanın mövqeyi uca olduğuna görə, onun tərbiyəsi də
daim zəhmət və hünər istəyir. Sultanməcid Qənizadənin
gəldiyi elmi-pedaqoji nəticələrdən biri də budur: “Tərbiyə
işində cism tərbiyəsi ruh tərbiyəsindən müqəddəmdir.
Belə ki, əgər bədən salamat olmasa, ruh asayişdə ola
bilməz”. Ümumiyyətlə, böyük maarifçinin fikirlərində
körpənin bədən tərbiyyəsinə, xüsusilə də ana bətnində
tərbiyəsinə, başqa sözlə, körpəlik pedaqogikasına ayrıca
diqqət yetirilmişdir.
Bu görkəmli şəxsiyyəti sevdirmək, yaradıcılığını gənc
nəslə tanıtmaq məqsədilə kitabxanada səhnəciklər də
təşkil edilə bilər. Səhnəcik əsasən azyaşlı uşaqlar
arasında keçirilir. Kitabxananın nağıl otağına yığışan
uşaqlar mədəniyyət tariximizə görkəmli maarif xadimi,
pedaqoq, yazıçı, metodist və bir sıra lüğətlər, dərsliklər
və istilahlar müəllifi kimi daxil olan Sultanməcid
Qənizadənin “Nağıl” adlı əsərinin səhnəciyinə baxa
bilərlər. Bu zaman nağıl otağı əsərə uyğun bəzədilir. İlk
olaraq kitabxanaçı uşaqlara Sultanməcid Qənizadə
haqqında qısa məlumat verir. Daha sonra bədii hissəyə,
səhnəciyə keçid alınır.
Uşaqlar nağılın qəhrəmanlarına uyğun geyimlərdə
səhnəyə çıxırlar.
I iştirakçı: - Ay uşaqlar, balalar!
Dağda kəklik balalar...
Durun çıxın eşiyə,
Baxın Məstan pişiyə.
Quyruğu ilan kimi,
Gözləri mərcan kimi,
Tel-tel sarı bığları,
13
Şimşəkdir qulaqları.
Siçan görcək marıldar,
Quş görcəyin moruldar...
Görüz, o nə haldadır,
Nağıl hələ daldadır.
Bircə kişi var idi,
Başmaqları dar idi.
Çıxdı bir gün buz üstə,
Sürüşdü, düşdü diz üstə.
Kişi: - Ay buz, sən nə zalımsan!
Buz: - Zalım olsaydım, məni gün əritməzdi...
Kişi: - A gün, sən nə zalımsan!
Gün: - Zalım olsaydım, mənim üstümü bulud almazdı...
Kişi: - A bulud, sən nə zalımsan!
Bulud: - Zalım olsaydım, məndən yağış yağmazdı...
Kişi: - A yağış, sən nə zalımsan!
Yağış: - Zalım olsaydım, məndən göy ot bitməzdi...
Kişi: - Ay göy ot, sən nə zalımsan!
Göy ot :- Zalım olsaydım, məni qoyun-quzu yeməzdi...
Kişi: - Ay qoyun-quzu, sən nə zalımsan!
Qoyun-quzu: - Zalım olsaydıq, bizi qəssab kəsməzdi.
Kişi: - A qəssab, sən nə zalımsan!
Qəssab: - Zalım olsaydım, məni çoban aldatmazdı...
Kişi: - A çoban, sən nə zalımsan!
Çoban: - Zalım olsaydım, çarığımın bağın siçan
kəsməzdi...
Kişi: - A siçan, sən nə zalımsan!
Siçan: - Zalım olsaydım, məni pişik yeməzdi...
Kişi: - A pişik, sən nə zalımsan!
14
Pişik: - Zalımam hay, zalımam.
Kürsü altı qışlağımdır,
Yük üstü yaylağımdır.
Yay günü yel əsəndə
Çardaqlar oynağımdır.
Qış günü qar yağanda
Mətbəxlər ovlağımdır.
Çilə çıxar, qış gedər,
Xəbər novruzdan yetər,
Murov-murov çağırram.
Miyau-miyau bağırram.
Tüstü qalxar ocaqdan,
Mən qalxaram bucaqdan.
Duraram hay, duraram,
Bığlarımı buraram,
Qarı nənə çölə çıxanda
Süd-qaymağın vuraram.
Yazıçını və onun əsərlərini azyaşlı oxuculara tanıtmaq
məqsədilə kitabxanada “psixologiya saatı” da keçirmək
olar. Tədbirdə azyaşlı uşaqlar iştirak edir. Psixoloq
uşaqlara Sultanməcid Qənizadə haqda məlumat verir və
əvvəlcədən seçilmiş hekayələrə - “Aslan və siçan” və
“İtin nağılı”na keçid alır. O, ilk “Aslan və siçan”ın nağılını
qiraətli bir şəkildə oxuyur.
Psixoloq: - “Aslan yatmışdı. Siçan onun üstündən
yürüyüb qaçdı. Aslan oyanıb onu tutdu. Siçan başladı
aslana yalvarmağa və dedi:
-
Hərgah məni buraxsan, mən də sənə yaxşılıq
elərəm. Aslan buna gülüb siçanı buraxdı. Bundan
bir az sonra aslan tora düşüb başladı bağırmağa.
15
Siçan aslanın bağırtısını eşidib gəldi və toru dişi
ilə kəsib, aslanı qurtardı.”
Nağılı bitirdikdən sonra psixoloq uşaqlara bir neçə
sual verir:
-
Uşaqlar, yazıçı bu nağılla oxucuya nə demək
istəyir? Fikrinizi söyləyə bilərsinizmi?
I uşaq: - Yazıçı bizə çatdırmaq istəyir ki, qarşımızdakı
insanı heç vaxt zəif, gücsüz bilməyin.
II uşaq: - Yazıçı demək istəyib ki, insan verdiyi sözə əməl
etməlidir.
III uşaq: - Məncə, nağılda deyilən əsas fikirlərlərdən biri
budur ki, insan gövdəsi, çəkisi ilə deyil, əməlləri ilə
böyükdür.
Bundan sonra, psixoloq ikinci nağılı uşaqlara oxumağa
başlayır.
Psixoloq: - “İt dişində bir parça ət aparırdı. Taxta körpü
ilə çaydan keçəndə öz əksini suda görüb hayla bildi ki,
sudakı özgə itdir. Onun dişindən artıq əti almaq üçün
özünü suya tulladı, amma suda nə it, nə də ət tapmadı
və öz ətini də itirdi”.
Psixoloq nağılı bitirdikdən sonra, yenə uşaqlara müxtəlif
səpkili suallar ünvanlayır:
-
Uşaqlar, sizcə, itin səhvi nə idi? Nə üçün onun
aqibəti belə oldu? İt nəyə görə aza qane olmadı?
Müəllif bu əsərdə nə demək istəyir?
I uşaq: - Müəllif demək istəyir ki, gərək insan acgöz
olmasın.
II uşaq: - Biz başqasının tikəsinə göz dikməməliyik.
III uşaq: - Düşünülmədən atılan addım səhv olur.
16
Psixoloq: - Bu nağıla uyğun hansı atalar sözlərini misal
göstərə bilərsiz?
I uşaq: - Çox istəyən azdan da olar.
II uşaq: - Artıq tamah baş yarar.
III uşaq: - Tələsən təndirə düşər.
IV uşaq: - Yüz ölç, bir biç.
V uşaq: - Sonrakı peşmançılıq fayda verməz.
VI uşaq: - Özgəsinə quyu qazan özü düşər.
VII: - Ala qarğa çoxbilmişliyindən ilişər.
Sultanməcid Qənizadənin 150 illik yubileyi ilə
əlaqədar keçirilə biləcək maraqlı tədbirlərdən biri də
ədəbi-bədii gecədir. “Qaranlığa işıq tutan maarifçi” adlı
ədəbi-bədii gecədə alimlər, maarifçilər, jurnalistlər, sənət-
söz adamları, oxucular və məktəblilər iştirak edə bilərlər.
Gecənin aparıcıları səhnəyə yaxınlaşırlar
I aparıcı: - Salam, dəyərli qonaqlar, bu il böyük maarifçi,
pedaqoq, yazıçı-tərcüməçi, teatr xadimi Sultanməcid
Qənizadənin anadan olmasının 150 illiyi tamam olur.
Buraya da o fədakar insanın keçdiyi şərəfli ömür yoluna
işıq salmaq üçün toplanmışıq.
Sultanməcid Qənizadə
çox qısa zamanda fəaliyyət sahələrinin hər birində uğur
əldə etmişdir. Sadaladığımız adların hər birini ədibimiz
öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdır.
II aparıcı: - O, “Qönçə xanım” adlı dramın, “Gəlinlər
həmayili” adlı romanın, “Müəllimlər iftixarı” adlı publisist
hekayənin, “Tülkü və Çaqcaqbəy” adlı ilk yumoristik
mənzum uşaq hekayəsinin müllifidir. Sultanməcid
Qənizadənin adı milli mədəniyyət və dövlətçilik tariximizə
böyük maarifçi, bənzərsiz pedaqoq, əsl xalq müəllimi,
məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və
17
təşkilatçısı, dilçi-metodist alim, tanınmış ədib, yazıçı,
mühərrir, mütərcim, nəhayət, milli istiqlal mücahidi və
dövlət xadimi kimi daxil olmuşdur.
I aparıcı: - Əziz qonaqlar, gəlin məktəblilərin ifasında
böyük şəxsiyyət Sultanməcid Qənizadənin müdrik
fikirlərini dinləyək.
İştirakçılar səhnəyə yaxınlaşaraq öz yerlərini alırlar.
“Çobanın sürüyə acığı tutanda kor keçini qabağa salır.
Müəllimin evi kitabxanadır, dövlət kiçik şagirdlər, sazı və
nəğməsi şagirdlərin sədası, qazancı isə millətin
məhəbbət və ehtiramıdır. Müəllim dediyimiz zat mərifət
külbəsinin (dünyasının) dərbanı (qapıçısı), nicat yolunun
rəhbəridir. Millətin cəhalətindən həzər edən müəllim öz
balasına nifrət edən ata kimidir. Bizlər (millət) üçün əgər
bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa
gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab (ay) doğacaq
isə, yenə məktəb divarından parlayacaqdır. Əgər
sultanlıq istərsən, dəri-məktəbdə (məktəb qapısında)
xadim ol! Əgər insanın malı gedə təəssüf olmaz, təəssüf
olur, əgər abrusu tökülə”.
II aparıcı: - Sultanməcid Qənizadənin öz yaradıcılıq
taleyi, içtimai-pedaqoji fəaliyyəti ilə müasiri olan
yazıçıların bir çoxundan fərqlənir. Onun yaradıcılığında,
içtimai-pedaqoji görüşlərində bir sıra ziddiyyətlər vardır.
Belə ki, S.Qənizadə yaradıcılığında və pedaqoji
fəaliyyətində yorulmadan dünyəvi elmləri təbliğ etməsinə
18
baxmayaraq, bəzən elmlə şəriəti eyniləşdirməyə meyl
göstərir.
I aparıcı: - Azərbaycan milli ideyasının formalaşmasında
mühüm rol oynayan mütəfəkkirlərimizdən olan
S.Qənizadə (1866-1937) türklüyə və islama münasibətdə
də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin
sonlarından başlayaraq Azərbaycan türklərinin
maariflənməsi uğrunda mübarizəyə başlayan
Sultanməcid Qənizadə bu dövrdə digər Azərbaycan
ziyalısı Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə
Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai təhsil
ocağının əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən
dini elmləri öyrədən mədrəsələr mövcud idi və orada da
dərslər yalnız fars və ərəb dillərində keçirilirdi. Ancaq
yeni tipli məktəbdə məşğələlər Azərbaycan dilində
aparılır, eyni zamanda burada dünyəvi elmlər - coğrafiya,
riyaziyyat, tarix və s. də keçirilirdi.
II aparıcı: - Bu məktəbin yaradılması Azərbaycan milli
ideyasının inkişafına da müsbət təsir göstərmişdir.
Məlumat üçün deyək ki, Məhəmməd Əmin Rəsulzadə də
həmin məktəbin məzunlarından
biri
olmuşdur.
Sultanməcid bəy Azərbaycan dilinin inkişafına da böyük
diqqət yetirmiş, XX əsrin əvvəllərində onun «Lüğəti-rusi
və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr
olunmuşdur.
S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha
çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi
olmasına çalışmışdır. Onun fikrincə, müəllimin əsil
övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni
19
zamanda, müəllimin mal və dövləti dərs və təlimdir,
müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir.
I aparıcı: - Sultanməcid Qənizadə deyirdi ki, artıq
mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat
yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq
hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək,
cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır.
Bu
nəqsədlə Qənizadə bir sıra əsərlər - “Məktubati-Şeyda
bəy Şirvani”, “Allah xofu” və s. yazmışdır. O, həmin
əsərlərində də, ilk növbədə, yeni tipli məktəblərdən və
həmin məktəblərdə dərs deyən müəllimlərin milli
ruhlarından bəhs etmişdir. Sultanməcid Qənizadə hesab
edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və
nadanlıqdan qurtulmağın ilk yolu yeni məktəblərin
yaranmasından və həmin məktəbdə millətin övladlarına
bilik vermək istəyən müəllimlərin olmasından başlayır.
II aparıcı: - Onun fikrincə, müəllim millətini cəhalətindən
qurtarmaq üçün hər şeyi gözə almalıdır: “Millətin
cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən
ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri
qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən
xoşəxlaq cəmiyyət hazırlaya bilər”.
Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən
müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir.
Onun fikrincə, müəllim çox məsuliyyətli bir vəzifə daşıyır:
“Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti
olmadıqda “kimləri öyrətdin və nə öyrətdin?” sorulub
bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır
təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər
20
bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır!
Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət
müəllimlər üçün din borcudur”.
I aparıcı: - S.Qənizadə 1918-ci ildə Azərbaycan Milli
Şurasının üzvü, 1919-cu ildə Azərbaycan Xalq
Cümhuriyyəti parlamentin sədr müavini seçilmişdir.
1920-1925-ci illərdə Sovet hakimiyyəti dövründə Xalq
Maarif Komissarlığında şöbə müdiri vəzifəsində
çalışmışdır. 1925-1929-cu illərdə Bakı şəhər Xalq Maarifi
İdarəsində inspektor işləmiş, hərbi məktəbdə və sənaye
İnstitutunda dərs demişdir. 1937-ci ildə “xalq düşməni”
kimi həbs edilərək güllələnmişdir.
II aparıcı: - Sultanməcid Qənizadə XIX əsrin sonu – XX
əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük
maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim,
tanınmış ədib və ictimai-siyasi xadim idi. Haqq
dünyasına qovuşmasından uzun illər keçsə də o,
əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün
də yaşayır. Azərbaycanda müasir məktəb hərəkatının
banisi və misilsiz carçısı, böyük maarifçi Sultanməcid
Qənizadənin adı və əməlləri hər zaman yaşayacaq.
21
ƏSƏRLƏRİ
Latın qrafikası ilə
Seçilmiş əsərləri. - Bakı : Avrasiya Press, 2006. - 200 s. -
(Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr
olunub.
Allah xofu : hekayə // Azərbaycan nəsri antologiyası. 5 cilddə.
- B. : Şərq-Qərb, 2006. - C.2. - S. 158-184.
Allah xofu : hekayə // XIX-XX əsr Azərbaycan Ədəbiyyatı
(Nəsr). - B. : Nurlar, 2012. - S. 360-377.
Qurban bayramı // Azərbaycan klassik uşaq ədəbiyyatı
antologiyası. – Bakı : Elm, 1998. – S.177-196.
Məktubati-Şeyda bəy Şirvani // Azərbaycan nəsri antologiyası.
5 cilddə. - B. : Şərq-Qərb, 2006. - C.1. - S. 221-308.
Nağıl = Zalımam hay, zalımam // Əsgərli F. Azərbaycan uşaq
ədəbiyyatı. - B. : Pedaqoji Universitet, 2012. - S. 184-185.
Tülkü və Çaq-çaq bəy : Mənzum nağıl // Əsgərli F.
Azərbaycan uşaq ədəbiyyatı. - B. : Pedaqoji Universitet, 2012.
-S. 185-208.
22
Kiril qrafikası ilə
Gəlinlər həmayili. - Bakı : Yazıçı, 1986. - 271 s.
Nağıl : kiçikyaşlı uşaqlar üçün. - Bakı : Gənclik, 1986. - 18 s.
HAQQINDA
Kitablar
Əsgərli F. Sultan Məcid Qənizadə (1866-1937) : haqqında və
əsərlərindən nümunələr // Azərbaycan uşaq ədəbiyyatı. - B. :
Pedaqoji Universitet, 2012. - S. 183-208. - XIX əsrin sonu və
XX əsrin əvvəlində uşaq ədəbiyyatı.
Məmmədov X. Sultan Məcid Qənizadə. - Bakı : Yazıçı, 1983.
- 212 s. - kiril əlifbası ilə.
Sultan Məcid Qənizadə (1866-1942) : həyat və fəaliyyəti
haqqında qısa məlumat // XIX-XX əsr Azərbaycan Ədəbiyyatı
(Nəsr). - B. : Nurlar, 2012. - S. 359-360.
Dövri mətbuatda
Xəlilzadə F. Yazıçı, müəllim, mədəniyyət xadimi, yoxsa "xalq
düşməni?" : Sultan Məcid Qənizadə - 140 // Azərbaycan. -
2006. - 26 aprel. - S.7.
Mərdanov M. Görkəmli maarif xadimi : Sultan Məcid
Qənizadə haqqında // El. - 2011. - N 1. - S. 22-31.
Nuri E. Xaricdə təhsil alan ilk azərbaycanlı ziyalılar // Naşir. –
23
2015. - № 2 (sentyabr-oktyabr). – S. 63.
Şirzadova M. S.M.Qənizadə yaradıcılığının körpəlik
pedaqogikası // Məktəbəqədər və ibtidai təhsil. - 2012. - № 2.
- S. 99-103. - Biblioqr. - S.103.
Sultanməcid Qənizadənin150 -illik yubileyi münasibəti ilə
hazırlanmış metodik vəsait
Kompyuter yığımı və
dizayn: Aynurə Əliyeva
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:
Tirajı:
Pulsuz
24
Dostları ilə paylaş: |