2. İnstitutlaşma prosesi və onun inkişafı
İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci
mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanların əksəriyyəti
tərəfindən dərk edilməlidir. İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə cəmiyyət
sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə,
yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə
malik olmalıdır. Nəhayət, sonuncu - dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması,
yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir.
Sosial institutların yaranması prosesi institutlaşma adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki
konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış
normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir.
«İnstitutlaşma»nın klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi
səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən
kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən
[174 - 175]
yüksək avtoritetin olduğunu qəbul
edirlər. Məsələn, özünün «Qanunların ruhu» əsərində vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı
qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə tənzim olunur, insanın
davranışları isə əksər hallarda əxlaq normaları ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış cəmiyyətdə
fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onların qarşılıqlı münasibətlərində xeyirxah
davranışı təmin edən qayda hökm sürür.
«İnstitut» anlayışının dəqiq mənasını ilk dəfə E. Dürkheym məktəbinə mənsub olan sosioloqlar müəyyən
etmişlər. Əlbəttə, ailə və hüquq kimi sosial institutlar o vaxta qədər də sosioloqların tədqiqat obyekti, müqayisəli-
tarixi təhlilin predmeti olmuşdur. Dürkheymin və onun tələbələrinin nəzərincə, institutlar müəyyən sosial qrup
üçün məcburi olan və onun üzvlərini başqalarından fərqləndirən daimi xarakterli və bir növ «kristallaşmış» olan
hərəkət üsulları, təfəkkür və hissetmə üsullarıdır. Qeyd edək ki, bu anlayışa dəqiq tərif verməkdə özünü göstərən
çətinliklər onunla izah edilir ki, həmin anlayış nəticə etibarilə sosial davranışın istisnasız olaraq bütün növlərinə
tətbiq oluna bilir. Sözün məhdud mənasında götürdükdə isə o, yalnız cəmiyyət tərəfindən aşkar surətdə və effektiv
səviyyədə sanksiyalaşdırılmış sosial davranış formalarma aiddir. Dürkheym və onun tərəfdarları bu termini daha
çox ikinci mənada işlətdikləri halda, bir sıra başqa müəlliflər (məsələn, Parsons) onun birinci mənasına üstünlük
verirlər. Digər tərəfdən, Dürkheym institutların məcburedici xarakteri üzərində təkid edərək, ona hər cür sosial
tənzimetmənin sinonimi kimi yanaşmağa məcbur olur, yəni sosial olan hər şey institusionaldır, çünki onların hamısı
sosial baxımdan məcburidir, institut isə sosial məcburetmənin vasitəsidir. Nəticədə İ. Qurviçin sözləri ilə desək,
çox sərt və sosial həyatdan «özgələşmiş» bir konsepsiya alınır. Dürkheym sosial institutlara müəyyən qaydalar
kompleksi və ya normativ sistemlər kimi yanaşaraq, onların sistemli və mütləq
[175 - 176]
xarakterli olmasında
təkid edir. Lakin belə olduqda, təcrübədən də göründüyü kimi, vahid cəmiyyət çərçivəsi daxilində müxtəlif
fəaliyyət növləri arasında dayanıqlı qarşılıqlı təsirin olduğu aşkara çıxır (məsələn, eyni bir institutlar sistemi
daxilində həyata keçirilən iqtisadi və siyasi fəaliyyət növləri arasında). Əgər institutlar müxtəlif növlərdən olan
fəaliyyətlər arasında qarşılıqlı asılılıq münasibətləri yaradırsa, onda belə bir sual ortaya çıxır: onları hansı qüvvə
əlaqələndirir? Məsələn, kapitalizmin iqtisadi institutları həmin cəmiyyətin hüquq, siyasi və mədəni institutları ilə
bir araya sığa (uyuşa) bilərmi? İnqilab haqqında nəzəriyyələrin əksəriyyəti inqilab ərəfəsində mövcud olan
rejimlərin süqutunu istehsal münasibətlərinin (iqtisadi institutların) inkişaf məntiqi ilə arxaik siyasi və hüquq
sistemi (siyasi institutlar) arasında açıq-aşkar ziddiyyətin olması ilə izah edir. D. Bell də cəmiyyətin mədəni
yönümü (oriyentasiyası) ilə kapitalistcəsinə təşkili arasında ziddiyyətin olduğunu qeyd edir. Müəllifə görə,
ziddiyyətin mövcudluğu kapitalizmin «süquta» uğradığını sübut edir. Bu müddəa, əlbəttə, çox mübahisəlidir. Lakin
onun əksi olan aşağıdakı fikir də birmənalı qəbul olunmur: kapitalizmdə və yaxud hər hansı başqa cəmiyyətdə
müxtəlif institutlar arasında sıx əlaqəlilik və vəhdət mövcuddur. İndustrial cəmiyyətin guya ailəni körpə uşaqlı ər-
arvad cütlüyünə muncər etdiyi haqqında funksionalist xarakterli təsəvvür «nuklear ailəyə» dair mübahisələri nəinki
aradan qaldırmır, əksinə bu məsələyə daha çox dolaşıqlıqlar gətirir. Təhsil və səhiyyə institutlarını öyrənən
sosioloqlar, xüsusilə də neomarksistlər analoji yolla gedərək çox vaxt kapitalizm cəmiyyətində həmin sistemlərin
(təhsil və səhiyyənin) bu və ya digər səciyyələrini verərkən onların yalnız iqtisadi fayda götürməyə yönəlməsi ilə,
yəni iqtisadi institutların fəaliyyəti ilə izah edirlər.
72
Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real
həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan
[176 - 177]
sosial tələbatlar arasında
ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir.
Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən
etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan
tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının
müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının
müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı
üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat.
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir
təməl xarakterli tələbat bir çox xüsusi institutların mövcudluğunu zəruri edə bilər, digər tərəfdən isə hər bir
institusional kompleks (məsələn, hüquq) aşağıdakı bir sıra təməl tələbatlar çoxluğunu yerinə yetirir:
kommunikasiyaya, xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanun-
qaydanın və nəzarətin qorunması tələbatını.
Tarixi inkişafın gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onların öz daxilində olan
səbəblərlə (əsasən həmin institutun hakim sosial qrupların mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi
üzündən), həm də xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi
ilə əlaqədar olaraq) bağlıdır.
Aydındır ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün ayrılmış müvafiq rolları qəbul
etməlidirlər. Şübhəsiz, institut daxilindəki bütün rollar institut rolları ola bilməzlər. Məsələn, «ananın balaca
köməkçiləri» - bunlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. Eyni zamanda oğul və ya qız
institutlaşmış rollardır. Bəs fərq nədədir? İnstitutlaşmış rol kənaraçıxmaları daha ciddi cəzalandırmağı nəzərdə
tutan, daha sabit davranışlar toplusudur. Belə rollardan kənaraçıxmalar təhlükəlidir və ictimai cəhətdən mühakimə
olunur. Hətta prezidentlər, nazirlər çox ciddi qüvvəyə malik olmalarına baxmayaraq, institut rollarının çərçivəsini
qəbul etməyə məcburdurlar. Ailədə oğulun və qızın rolları onların valideynlərə, bir-birinə qarşı münasibətdə
vəzifələri ilə birlikdə sözsüz yerinə yetirilməlidir, bundan kənaraçıxmalar ciddi cəzalandırılır.
İnstitut rolları təəccüblü dərəcədə sabitdir. Məsələn, rəis arvadı ilə müqayisədə xidməti işdə katibəsinin
onun tələbatlarını necə çevik və bacarıqla yerinə yetirdiyini müşahidə edir. Narazı ər arvadından ayrılır və katibəsi
ilə evlənir. Lakin tezliklə məlum olur ki, katibə arvad rolunda onun əvvəlki arvadından heç nə ilə fərqlənmir. Başqa
bir misalı da nəzərdən keçirmək olar. Tədricən rəhbər vəzifəyə nail olmuş qulluqçular tabeliklərinə keçmiş əvvəlki
həmkarları ilə köhnə münasibətləri saxlamağa çalışırlar. Lakin bu yol nadir hallarda müvəffəqiyyətə gətirib çıxarır.
Belə ki, rəhbər rolu üçün başqa, tamamilə yeni münasibətlər zəruridir.
İnstitutun rollarının sabitliyi fərdlərin həmin rolları fərdi ifaetmə bacarıqlarının eyniləşməsi ilə şərtlənir.
Tikintidə çalışan fəhlələrdən biri pis, digəri yaxşı əhval-ruhiyyədə, başqa birisi isə nisbətən bacarıqsız ola bilər.
Ancaq fərdi fərqlər rolların tələbata istinad etməsi ilə məhduddur. İnstitut daxilində əmələ gələn mübahisələr,
əlbəttə, şəxsiyyətlərin bir-birinə olan münasibətlərinin dəyişilməsi ilə nəticələnir, çox hallarda sosial rolların
toqquşmasına gətirib çıxarır. İstehsalçı ilə sifarişçi ona görə toqquşurlar ki, istehsalçı məhsulu tam keyfiyyətli
hazırlamalı olduğu halda, sifarişçi həmin məhsulun istifadəyə yararlı olmasını yoxlayır. Bütün bu toqquşmalar
institut rollarıdır. Arvad həmişə arvad, kişi həmişə kişi, direktor isə direktordur. Fərq, ancaq institut rollarının fərdi
cizgilərindədir. Bəzi hallarda rol şəxsi keyfiyyətləri tənzimləyir, məsələn, rəhbər vəzifəyə təyin olunduqda. Rolların
dayanıqlı olması ayn-ayrı institut rollarının yerinə yetirilməsində uyğunluq tələb edir. Başqa sözlə,
[178 - 179]
rolun özü fərdlər arasında seçim aparır.
Sosial sistemin inkişafı institutların təkamülünə gətirib çıxarır. Bu proses sosial institutların ənənəvi
modellərindən müasir modellərinə keçilməsinə doğru yönəlir. Əgər ənənəvi cəmiyyətdə bütün institutlar sərt
şəkildə birmənalı xarakter daşıması ilə, statuslarda və davranış normalarında fərdi azadlığa son dərəcə aşağı
səviyyədə yer verilməsi ilə səciyyələnirdisə, müasir cəmiyyətdə institutlar tərəfındən sosial reqlamentləşmənin
həyata keçirilməsi sərt deyil, daha yumşaq formalara malikdir və yüksək səviyyədə plüralizmə imkan verir.
Bütövlükdə institutlaşma prosesi öz sıralarında birləşdirdiyi insanların status və vəzifələrinin dəqiq
müəyyənləşdirilməsi ilə başa çatır. Qeyd olunmalıdır ki, ictimai institutsuz heç bir müasir cəmiyyət normal
fəaliyyət göstərə bilməz; institutlar cəmiyyətdə qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar.
3. Sosial institutların funksiyaları
Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafıq rolları qəbul etməli və yerinə
yetirməlidirlər. Sosial institutların əsas rolu müvafıq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu
reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir:
|