Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə26/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
– Nəyə görə belə düşünürsən? Bizim muzdlular, yaxud sizin muzdlular ermənilərdən nəylə fərqlənirlər? Hamısı bir zibildir. Caninin vətəni, milləti olmur.
– Düz deyirsən, səninlə tam şərikəm. Amma həmin zabit muzdlu deyil, Rusiyanın hansısa hərbi qurumunun oradakı nümayəndəsidir. Mənim bura gəlməkdə məqsədim o zabitin kimliyini, ünvanını öyrənmək, ailəsi vasitəsilə onunla gizli əlaqə saxlamaq, Aysunu xilas eləmək üçün onun şərtlərini bilməkdir. Bu iş üçün müəyyən məbləğ toplamışıq. Erməni tərəfində xüsusi mafiozlar girov biznesi ilə məşğul olurlar.
– O necə olur?
– Girov, əsir götürdükləri adamları satırlar. Bizimkilər onların qlavarlarına çıxıblar, Aysunu azad eləməklə yaxşı qazanmaq mümkün olduğunu bildiriblər. Onlar əvvəlcə “hə” deyiblər, sonrasa xəbər göndəriblər ki, qız ermənilərin əlində deyil, İvan adlı nüfuzlu bir rus zabiti onu götürüb öz rezidensiyasında saxlayır.
– Yazıq qız... İndi nələr çəkir... Onun vəziyyətini təsəvvürümə gətirirəm...
– Atası infarkt keçirdi, anası stresdən çıxmayıb... Bu mənim üçün böyük biabırçılıqdır...
– Axtarışının bir nəticəsi oldumu?
– Yox, əliboş geri qayıdıram,– deyən Toğrul bir az susub əlavə etmişdi:-Lena, əzizim, mən səni dünyanın ən təmiz, saf insanlarından sayıram, səni tanıyandan özümə dost bilmişəm, biləcəyəm də... Sadəcə, bu ağır günümdə köhnə dost kimi istədim səninlə görüşəm, həm dərdimi bölüşəm, həm də xahiş eləyəm ki, gözdə-qulaqda ol, sənin əlaqələrin genişdir... Sizin xəstəxanaya adi adamlar düşmürlər... Bəlkə təsadüf gətirdi, mənə kömək edə bildin...
Əziz dost, bununla sən bir daha məni özünə yaxın sandığını sübut elədin. Sənin yerinə başqası olsaydı, bu xahişi mənə eləməzdi.Mənim də yerimə başqası olsaydı, sənin xahişini yerinə yetirməzdi. Amma biz öz yerimizdəyik. Bizim dostluğumuz təmizdir, çünki ürəyimiz safdır, xıltsızdır, məkrsizdir. Mən səni sevmişəm, sevirəm, sevəcəyəm də... həm insan kimi, həm də kişi kimi... Sən mənim idealımsan. Sənin xoşbəxtliyin üçün hər şeyə hazıram. Əlimdən gələn köməkliyi edəcəyəm. Bilirəm ki, belə bir xahişlə mən yanına gəlsəydim, eyni hərəkəti sən də eləyərdin. Gəl, içək əbədi dostluğun şərəfinə, özü də dibinəcən içəcəyik ha, xaltura eləmə...
Məclislərdə araq stəkanını axıracan içməmək, öz normasından artıq içməkdən tam imtina eləmək Toğrulun adəti idi. Lena buna işarə vururdu... O, Lena ilə əlliqramlıq badəni axıracan içmişdi.
– Toğrul, əzizim, bayaq zarafat eləyirdim. Azərbaycan mənim üçün yad bir diyar deyil. Tələbə vaxtı Azərbaycana bircə dəfə səfər etmişəm, onun müalicəvi kurort yerlərini – Şuşanı, Kəlbəcəri, Naftalanı,Lənkəranı, Qubanı gəzmişəm. O bir ayda Azərbaycanı öyrənə bildim, insanlarını tanıdım. Bu xalq məndə dərin rəğbət oyatdı. Orada gördüyüm səmimilik, qonaqpərvərlik, ürəyiaçıqlıq məni valeh elədi. O torpaqdakı qədimiliklə, min illərin tarixi abidələri və gözəl təbiəti ilə insanların məişəti, xarakteri arasında sıx bağlılığı hər adam görüb duya bilmir... Sizin xalqınız zahirən də gözəldir. Mən ilk dəfə bu qədər mənalı, qəşəng gözləri sizin insanlarda gördüm. Onların araqla yox, içdən gələn qızğınlığı, temperamenti məni təsirləndirdi. Sizin xalçalarınızı, milli geyimlərinizi, dadlı yeməklərinizi, adamın təkcə ayaqlarını deyil, ruhunu oynadan musiqinizi sevdim... Stresli, yorğun vaxtlarımda sənin bağışladığın kasetlərdəki muğamları dinləyirəm, ruhum qidalanıb sakitləşir. Bu muğamları dinləyəndə insan pisliyi unudur, yaxşılıq, alicənablıq haqqında düşünməyə başlayır... Mən o bir ayda orada hər şeyi daddım, tək sevgidən başqa... Azərbaycanlı oğlana vurulmağa çoxdan hazırdım. O azərbaycanlı isə mənə Əfqanıstanda rast gəldi... Aramızda olub keçənlərdən peşman deyiləm. Həmişə Tanrıma şükür eləyirəm ki, nə yaxşı səni mənə ürcah elədi, əsl sevginin necə olduğunu bildim. Çoxları bu duyğuları yaşamadan ömrü başa vururlar.
Lenanın ürəyindən, ruhundan süzülən sözlər Toğrulu nə təhər əfsunlamışdısa, badələri yenidən necə doldurduğunu bilməmişdi... O, sərxoş oluncayadək, bu dünyanın yamanlıq və ədalətsizliklərini unuduncayadək içmək istəyirdi.
Lenanın ürəyi dolu idi... Sinəsində çoxdan qövr eləyən sözləri Toğrula indi deyirdi:
– Mən Azərbaycanın, bizim Yer kürəmizin gözəl guşələrindən olan bir diyarın çiçəklənməsi şərəfinə içmək istəyirəm. Biz ruslar Azərbaycanın qədrini bilmədik. Rusiyanı faşizmdən xilas etmiş Bakı neftinin sahibi olan xalqı ermənilərin ayağına verdik. Amma ayaqlar altına atılmağa öyrəşməmiş bir xalq kimi o qalxdı ayağa, özünü dünyaya sübut elədi... Mən hamısını bilirəm... I Pyotrun vəsiyyətnaməsi keçib rus siyasətinin boğazına... Sifətdən – sifətə düşməyi bacaran ermənilər xərçəng kimi daraşıblar Rusiyanın bədəninə. III minilliyin astanasında Rusiya çox şeyə təzədən baxmalıdır... Mən Azərbaycanın gələcəyinə inanıram. Sizin xalqın ən böyük sərvəti talantlı insanlarıdır. Təəssüf ki, bizdə çoxları azərbaycanlıları elə bazarda görürlər... Mən elələrini bircə misalla susdururam: Unutmayın ki, 60-cı illərin ortalarında SSRİ-dən kosmosa göndərilən bütün uçan aparatlar Korolyovun vəsiyyətinə əsasən azərbaycanlı general Kərim Kərimovun icazəsi ilə göyə qalxıbdır. Kosmonavtlar uçuşdan qabaq sifəti göstərilməsi qadağan edilmiş, ancaq səsini eşitdiyimiz o böyük alimə məlumat verib, onun icazəsi ilə hava gəmilərinə oturmuşlar... Azərbaycan sovet cəngəlliklərində itib batmış, böyük orkestrdə səsi batırılan bir xalq deyil... Azərbaycan özünəməxsus ətrə malik bir xalqdır. Mənə elə gəlir ki, gec-tez dünya bu ətri duyacaq, onun səsini xorda yox, soloda eşidəcəkdir. Sağ ol, Toğrulcan...
Riqqətə gəlmiş Toğrul vəfalı dost kimi ən ali, təmiz duyğularla Lenanı bağrına basmaq istəmişdi. Amma yalnız əlini öpmüşdü...
Hər ikisi badələrini yenə axıracan içmişdilər. Çox şənlənmiş Lena soruşmuşdu:
– Toğrulçik, əgər məni tutsalar, “Ev – eşiyin, yaxşı iş yerin və maaşın olduğu halda, səni Azərbaycana işləməyə nə vadar etmişdi?” – deyə sorsalar, bilirsən neyniyəcəm?
Toğrul çiynini çəkdikdə özü öz sualına cavab vermişdi:
– Deyəcəm ki, məni bu işlərə vadar eləyən bir azəri zabitinin qara gözləri və tüklü sinəsi olmuşdur...
Zarafatyana deyilmiş sözlərə birgə gülüşsələr də Toğrul bunda bir məna görmüşdü.
Restorandan çıxdıqda Lenanın təkidi ilə oradaca qucaqlaşıb ayrılmışdılar.
* * *
Ertəsi gün günortaya yaxın general Abasquluzadə onu yanına çağırdı. Rəsmi təzim eləyən Toğrula səmimiliklə “əyləş” deyib birbaşa mətləbə keçdi:
– Ərizəndən xəbərim var. Sənə münasibətimi yaxşı bilirsən. İndi açığını de görüm, bunu təzyiqlərə görə eləyirsən, yoxsa gerçəkdən özün cəbhəyə getmək istəyirsən?
– Özüm də istəyirəm... Mənə elə gəlir ki, bir müddət kənara çəkilsəm yaxşı olar. Gələcək zərbələri önləmək istəyirəm. Rəhbərlik mənim yerimdə başqasını görmək istəyir.
– Mən də rəhbərlikdəyəm, elə fikrim yoxdur. Sən öz yerindəsən. Bizə vətənpərvər kadrlar hələ çox gərəkdir.
– Bağışlayın, yoldaş general. Mən rəhbərliyə yeni təyin olunanları nəzərdə tuturam.
General gülümsədi:
– Başa düşürəm. Amma sən istəsən, biz o zərbələri birlikdə dəf eləməyə qadirik. Öz aramızda qalsın, bizim bu geri çəkilmələr müvəqqəti bir manevrdir.
Toğrulun çiynindən sanki dağ boyda yük götürüldü, dərindən nəfəs aldı, minnətdarlıqla generala baxıb dedi:
– Səmimiliyə, etibara görə çox sağ olun, cənab general. Mən ona görə belə asanlıqla onların arzusuna uyar hərəkət edirəm ki, cəbhə xəttinə getmək özümə də gərəkdir. Sizə məlumat verdiyim kimi nişanlım, daha dəqiqi kəbinli həyat yoldaşım girov götürülübdür, indiyə qədər erməni tərəfi ilə danışığa girə bilməmişik. Bu, ailəmiz üçün çox böyük dərddir. Qayınatamı infarkt vurdu...
– Professoru? Vay, vay, vətənpərvər insandır, yaxşı tanıyıram, bir-iki dəfə redaksiyada görüşmüşük. Mən axı bir müddət qəzetdə işləmişəm... İndi halı necədir?
– Babatdır.
– Salamımı yetirərsən. Hə, sözünə davam elə.
– Fikirləşirəm ki, cəbhə xəttində həyat yoldaşım, bütövlükdə əsir və girovlar haqqında daha təfsilatlı məlumatlar toplaya bilərəm. Bu iş başlı-başına buraxılmışdır. Həm biz, həm də onlar tərəfdən meyitləri, girov və əsirləri satmaqla biznes eləyənlər, pul qazananlar vardır. Burada məhdud maddi maraq olduğu üçün çox şeyin üstü açılmamış qalır.
– Əla fikirdir. Bu məsələ məni çoxdan düşündürür. Amma onları hürkütmə, yavaş-yavaş təşəbbüsü öz əlinə al. Ermənilər dörd mindən çox, gərək ki, beş minə yaxın əsir və girov götürmüşlər. Bunların əksəriyyəti içərilərində qadın, uşaq, qoca olan mülki əhalidir. Onların başına açılan dəhşətləri eşidəndə nələr keçirdiyimi bir Allah bilir, – gözlərinin ifadəsi adi halından çıxaraq sonsuz qəzəb və kədərlə parıldayan general özünü ələ alıb sözünə davam etdi: – Bizə çatan məlumatlara görə erməni mafiyası bizim əsir və girovların bədən üzvlərini dünyanın gizli bazarlarında satır. Təəssüf ki, bunları sənəd-sübutla düzüb-qoşub beynəlxalq dairələrə çıxarmağa gücümüz çatmır. Ermənilər təbliğatda, informasiya yayımında bizi çox qabaqlayıblar, bəzi dairələrdə vəhşi azərbaycanlı obrazı formalaşdırıblar. Bir sıra beynəlxalq təşkilatlar da onların hiylələrinə uyublar. Amma biz işləməli, ruhdan düşməməliyik ki, zamanı gələndə sözümüzü deyib zərbəmizi endirə bilək.
General bir siqaret yandırdı, dərin qullab vurub sözünə davam etdi:
– Fikrim var ki, gələcəkdə məxsusi bu işlə məşğul olan qurum yaradaq. Biz ermənilərin əlində olan hər bir vətəndaşımız haqqında məlumat toplayıb informasiya bankı yaratmalıyıq... Mən indi səni başa düşdüm. Əsas işindən biri də cəbhə bölgəsində əsir və girovlarımız haqqında məlumat toplamaq, onları xilas eləmək üçün yollar axtarmaq, lazım gələndə danışıqlara qoşulmaqdır. Yaxşı ideya verdin mənə. Birbaşa mənimlə əlaqə saxlayarsan. Səni şəxsən özüm cəbhə komandanına tapşıraram. Dayan, dayan, hansı cəbhəyə gedirsən?
– Beyləqan-Füzuli cəbhəsinə.
– Hə,oldu. Çox mühüm istiqamətdir. Orda vəziyyət daha da gərginləşə bilər. Həm də fars dili üzrə uzmansan, İran sərhədçiləri ilə orada bir sıra rəsmi danışıqlar aparılmalıdır. İmkan daxilində o taydakı vətənpərvərlərlə əlaqələr qurmalısan. Bütün hərəkətlərini mənimlə uzlaşdır.Qorxma, arxanda dayanmışam. 90-cı ildə Qara Yanvardan sonra sən də hər şeyi tullayıb Bakıya gəldin. Sənin duyğularını mən də yaşamışam... Bilirəm ki, Azərbaycan uğrunda hər əzaba qatlaşmağa hazırsan. Bizim yolumuz düzdür. Qoy bəzi manevrlər səni çaşdırmasın, istər bizim nazirlikdə, istərsə də lap yuxarı dövlət eşelonlarında. Hər bir qəti hərəkətin öz vaxtı var. Get işinlə məşğul ol, “iks” gününü gözlə. Bil ki, Azərbaycan xalqının mənafeyinə, dövlətçiliyinin əleyhinə gedənlərin hamısı nəzarət altındadır. Heç nə edə bilməyəcəklər. Orduya soxuşdurulmuş, yadlara xidmət eləyənlər haqqında birbaşa özümə xəbər ver. Ordumuzun təmizlənməyə böyük ehtiyacı var.Yaxşı, sənə uğurlar arzulayıram,-deyə general ayağa qalxıb onunla sağollaşdı.
– Sizinlə görüş mənə qol-qanad verdi, döyüş, mübarizə əzmimi birə-beş artırdı, yoldaş general. Sizin ümidlərinizi doğrultmağa söz verirəm. Çox sağ olun,-deyə Toğrul təzim edib onun otağından çıxdı.
Generalın özünəgüvənliyi Toğrula da sirayət elədi. İş otağına qayıdaraq stolunun gözlərindəki kağızlarını bircə-bircə saf-çürük eləyib yır-yığışa başladı.
Nahardan sonra bütün işlərini sahmana salmış, iş yoldaşları ilə xudafizləşmiş Toğrul “Jiquli”sinə oturdu, motoru işə salıb, təzə təyinat yerinə tələsdi. O, ertəsi gün tezdən də gedə bilərdi. Amma dözə bilmirdi... Ona görə də götürəcəkləri şeyləri axşamdan qablaşdırıb maşına yığmışdı.Bu səhər onun dalınca su atarkən “Axşamın xeyrindən səhərin şəri yaxşıdır, oğul. Bu axşam evə qayıt, sabah tezdən arxayınca gedərsən”, deyən anasının məsləhətinə də qulaq asmamış, “Arxayın ol, anacan, axşam yox, günorta yola çıxacağam,” demişdi.
Təxminən saat yarımdan sonra maşın Əlibayramlı körpüsünü keçib, İmişli – Beyləqan istiqamətinə üz tutduqda yüngülləşdi, cismini qəribə hisslər sardı, sanki nəsə onu maqnit kimi çəkirdi... Bilmirdi bu, Aysunun nəfəsi, yoxsa əsirlikdə qalmış doğma torpaqların, dağların harayı idi... Hər halda məsafəcə sevgilisinə yaxınlaşırdı... Onu qarşıdakı dağlarda itirmişdi... İstər-istəməz yadına düşən bir bayatını dodaqları altında pıçıldadı. Bilmək olmurdu, o zümzümə eləyir, yoxsa ağı deyirdi...

Əzizim, gözüm dağlar,


Sənədir sözüm, dağlar.
Maralım burda itib,
Haranı gəzim, dağlar?

Yox, kişilər ağı demir. Bu, sevgilisini itirmiş bir könlün iniltiləriydi...

Aslanın erkəyi-dişisi olmaz

Darvazaya yaxınlaşan İvan keşikçiləri görməyib təəccübləndi. Ona görə də sürücüyə motoru söndürməmək, nişançıya döyüşə hazır olmaq göstərişi verdi, özü isə avtomatını əlinə götürdü.


“Bəlkə keşikçi tualetə gedibdir?” – deyə fikirləşən İvan bir-iki dəqiqə gözləyib siqnal verdirdi. Qapıya heç kim yaxınlaşmadı. Adətən, motor səsini eşidən Aksana, az qala keşikçilərdən qabaq onun pişvazına çıxardı. Saşa istirahət saatlarında da onu qarşılar, sabaha göstərişlər alardı...
İvan qəti əmin oldu ki, nəsə baş vermişdir. Həyətin o başında, əlli addımlıqdakı evin birinci mərtəbəsinə, sonra ikinci qata zəndlə baxmağa başladı. Pilləkənlərin üstündəki balkona çatdıqda bilaixtiyar öz-özünə “Stop!” komandası verdi. Avtomatın qara lüləsi onlara sarı tuşlanmışdı. İvanın rəngi saraldı... Bu kim ola bilərdi? Bəlkə azərbaycanlılar Aysunu azad eləmək üçün desant endirmişlər? Yox, bu mümkün deyil. Nə qurudan, nə də havadan bunu bacarmazlar. Havadan vertolyotu əlüstü vurarlar. Quru yolla məsafə uzaqdır. Onlar birtəhər gələ bilsələr də, gedə bilməzlər. Həm də günün günorta çağı... Mümkün deyil... Onun evini üç əsgər – Saşa və iki erməni əsgəri qoruyurdu. Hərdən qəsəbəyə başmaq seyrinə çıxması istisna edilməklə Aksana həmişə evdə olurdu. Erməni əsgərlərindən fərqli olaraq Saşanın getməyə, gəzməyə bir yeri yox idi. Tutaq ki, erməni əsgərləri harasa əkiliblər, Aksana qəsəbəyə enibdir. Bəs Saşa? Axı, belə hallarda o həmişə ayıq-sayıq halda evdə olurdu?!
İvan hər ehtimala qarşı, ratsiya ilə birbaşa qarnizon komendantına ÇP baş verməsi, qarovulxanada keşikçi əsgərlərin yoxa çıxması, evinə silahlı basqın edilməsi barədə məlumat verdi.
– Mənim sərəncamımda BTR, iki əsgər var. Çalışacağam həyətə girib məsələni aydınlaşdırım. Gücümüz çatdı-çatmadı, sizə əlavə məlumat verəcəyəm.
Əslində İvan istəmirdi ətrafında hay-küy yaransın, kənar adamlar onun rezidensiyasına girsin. Buna görə çalışırdı ki, özü tədbir görsün. O, sürücüdən darvazaya bir az yaxınlaşmağı tələb elədi. Sonra nişançıya arxadan düşüb, hasarın atəş tutmayan dibi ilə darvazaya yan alıb alaqapının açıq-bağlı olub-olmamasını yoxlamağı tapşırdı... Özü isə onun yerini tutub pulemyotun arxasına keçdi.
Nişançı əmri yerinə yetirdi: piyadaların giriş-çıxışı üçün qoyulmuş kiçik alaqapı açıq idi. İvan ratsiya ilə nişançıya göstəriş verdi ki, həyət tərəfdən iri pəncərəsi olan keşikçi otağına keçsin, ordakı vəziyyət barəsində məlumat versin, amma çalışsın ki, onu pəncərədən görməsinlər.
Göstərişə əməl eləyən əsgər məlumat verdi ki, otaqdakı kiçik tranzistor Yerevan üstə işləyir, əsgərin üst geyimi divardan asılıb, stolun üstündə ermənicə açıq kitab var.
– Məsələ aydındır. Çalış gör, darvazanı aça bilərsənmi? Bunun üçün həyətə çıxan qapı ilə darvazanın küncündə dayan. Əlini uzatsan uzun cəftəyə çatacaq, onu yuxarı qaldırıb özünə tərəf çək, vəssalam!
Nişançı əmri yerinə yetirməyə başladı. Amma əlinin cəftəyə çatması və onu yuxarı qaldırması üçün bir az qabağa çıxmağa məcbur oldu.
Bu zaman avtomatın lüləsi yuxarı qalxdı, havaya xəbərdarlıq atəşi açıldı. İvan nişançıya geri qayıtmağı əmr elədi. Bircə dəqiqədən sonra maşında öz yerini tutan nişançı dedi:
– Cənab podpolkovnik, o kimsə, naşıdır, həm də kimisə vurmaq niyyəti yoxdur. Yoxsa havaya yox, mənə atardı gülləni.
– Doğru deyirsən, mən də o fikirdəyəm. Malades, yaxşı işlədin, darvazamız açıqdır. İndi asanlıqla həyətə girə bilərik. Sən çalış pilləkənin üstündəkini nəzarətə götür. Yalnız çıxış yolu olmasa, müqavimət göstərsə, onu aradan götürmək lazımdır...
Lakin bütün bunlara ehtiyac olmadı... Birinci mərtəbədəki otağından çıxan Saşanı gördükdə İvanın matı-qutu qurudu... Sonra biləcəkdi ki, postu Qurgenə təhvil vermiş Saşa təxminən iki saat öncə onun bağışladığı tut arağını içib dərin yuxuya gedibmiş. Güllə səsi eşidən kimi oyanmış, hövlnak avtomatını götürüb həyətə çıxmışdı...
Saşa darvazanın arxasında motor səsini eşidən kimi irəli yüyürdü, qarovulxanada Qurgeni görməyib, özü bayıra çıxdı. Maşından yerə düşən İvan Saşanı yağlı söyüşlə qarşılayıb evdə nə baş verdiyini soruşdu. Dili-dodağı təpiyən Saşa anasının qəsəbəyə düşdüyünü, özününsə növbəni Qurgenə təhvil verib dincəldiyini söylədi.
Bir az hirsi soyuyan İvan Saşanı qısa surətdə məsələdən hali eləyib, evə basqın olduğunu, eyvandan onlara sarı avtomat lüləsinin tuşlandığını, bayaqkı atəşin də evdən açıldığını söylədi.
– Bəs onda məni niyə vurmadılar? – deyə Saşa kəkələdi.
– İndi özün yuxarı qalxarsan, niyə səni gəbərtməmələrini soruşub mənə xəbər verərsən.
– Oldu, cənab podpolkovnik, – deyə Saşa günahını yumaq, sədaqətliliyini bir daha sübut eləmək üçün irəli cumdu.
– Ehtiyatlı ol, avtomatı atəşə hazır tut! – deyə ona acıyan İvan arxadan qışqırdı.
Yavaş-yavaş pilləkənlərə yaxınlaşan Saşa silahını sinəsinə sıxıb əyilə-əyilə yuxarı qalxmağa başladı.
– Saşa, bu sənsənmi? Bəs indiyəcən haradaydın? O gələnlər kimlərdir? – deyə bayaqdan onu izləyən Aysu heysiz-heysiz soruşdu.
Saşa Aysunun şikayət dolu zarıltısını eşitdikdə bir anlığa donub qaldı, sonra avtomatını aşağı saldı, pillələri iki-iki çıxaraq dedi:
– Aysu xanum, qorxmayın, bu mənəm, gələnsə İvandır.
Aysunun cavablıq halı yox idi. Onun yanına qalxmış Saşa şaşqınlıqla soruşdu:
– Nə baş vermişdir? Sizi kim vurmuşdur? Köynəyinizi kim cırmışdır?
Saşa ilk əvvəl aşağı əyilib onun kilidlənmiş barmaqlarını ehmalca avtomatdan ayırdı, silahı əlindən aldı, bayaqdan bəri çöməltmə oturmaqdan ayaqlarını qan tutmuş qızın qolundan tutub qaldırdı...
Məhəccərə söykənən Aysu pıçıltıyla xahiş elədi:
Mənə su ver, xahiş edirəm...
– Bu dəqiqə! – deyə Saşa içəri cumdu.
Aysunu Saşayla görən İvan şaşırdı, bilmədi sevinsin, yoxsa qəzəblənsin... O, BTR-ə hələ gözləməyi əmr eləyib evə sarı yüyürdü...
Bircə dəqiqəyə özünü ikinci mərtəbəyə çatdıran İvan içəridən suyla çıxan Saşanın əlindən stəkanı aldı, ayaq üstə dayana bilməyib döşəməyə çökmüş Aysuya uzatdı:
– Aysu xanum, buyurun, için, qorxmayın, sizi daha heç bir təhlükə gözləmir.
Bir az toxtamış Aysu sol əliylə köynəyinin cırılmış yaxasını tutub, o biri əliylə stəkanı aldı, zərbədən partlamış dodaqlarına yaxınlaşdırdı, suyu axıra qədər içdi.
İvan qızın cırılmış paltarına, şişib qançırlamış dodaqlarına, zərbədən qızarmış sifətinə, qanlı əllərinə baxdı. Onun gözünün altı da şişib qaralmışdı.
– Səni kim bu hala salıb? Mənə söylə, onu öz əlimlə güllələyəcəm!..
İvanın səmimi dediyi bu sözlər özünə gəlmiş Aysunu kövrəltdi... O, daha özünü saxlaya bilməyib hönkürdü, başı ilə içəriyə işarə elədi.
İvan heç vaxt Aysuya belə acımamışdı, onun köməksizliyini indiki qədər duymamışdı. Qızın göz yaşları onu riqqətə gətirdi, avtomatını ayağa çəkib, bayaqdan əmrə müntəzir dayanmış Saşadan soruşdu:
– İçəridə bir kəs gördünmü?
– Yox, yoldaş podpolkovnik, – deyə Saşa kəkələdi.
– Demək, yaxşı baxmayıbsan. Atəşə hazır vəziyyətdə içəri gir, hadisəni törədən evdədir.
Saşa avtomatını sinəsinə sıxıb ehtiyatla içəri keçdi. Onu qoruyan İvan arxasınca girdi. Onlar ehtiyatla aynabəndin hər yerini diqqətlə nəzərdən keçirdilər, hamam otağına baxdıqdan sonra Saşa Aysu yatan otağın yarıaçıq qapısından yavaş-yavaş içəri boylandı, yerdə qanına boyanmış əsgər yoldaşı Qurgeni görüb, arxadan onu izləyən İvanı harayladı:
– Yoldaş, podpolkovnik, o burdadır.
Saşanın avtomatı aşağı salmasını görən İvan təhlükə olmadığını anladı, ona yaxınlaşdı.
– Aha, bu sənsən, donuz. Aldınmı payını? – deyən İvan Saşaya üzüquylu düşmüş yarıçılpaq əsgəri çevirməyi, onun üzünü görmək üçün, başına keçirilmiş köynəyini dartıb çıxarmağı əmr elədi.
– Yavaş, qanı ətrafa sıçratma. Bax belə, qoy zibili elə yanında qalsın. Bizə gərəkdir görək, ölüb, yoxsa yaralıdır, – deyə İvan gözləri bərələ qalmış, sifətində vəhşi ifadə donmuş erməni əsgərinin meyidinə baxıb fınxırdı: – Bu elə qorxudan gəbərib ki!..
Belə hallarda beyni kompüter kimi sürətlə işləyən İvan başa düşdü ki, erməni əsgərini Aysu öldürmüşdür. O, yuxarı qalxmış, qıza təcavüz etmək istəmişdir. Və cəzasını da almışdır. Bu, aydın idi. Aydın olmayan zərif, incə qızın o boyda yekəpər əsgəri öldürməyi necə bacara bilməsi idi. İndi bu barədə nə soruşmağa, nə də fikirləşməyə vaxt yox idi.
Bu zaman ratsiya ilə İvanı çağırdılar.
– Bəli, mən özüməm. Artıq evə girmişəm. Ölən və yaralanan var. Həkim də gətirin, – deyərək danışığı qurtaran İvan üzünü Saşaya tutdu:
– Bıçağı bu heyvərənin kürəyindən çıxarıb gizlət! Daha heç nəyə əl vurma. İndi gəlib zibillərini apararlar. Səni sorğu-suala tutsalar, hadisə necə olub danışarsan. Əsas budur ki, əsgər postu başlı-başına qoyub, icazəsiz içəri girib, nəsə sənəd tələb edərək bizim tərcüməçiyə zorakılıq göstərib, döyüb, ona təcavüz etmək istəyibdir. Sonrasını isə bilmirsən, bu satqın əsgər necə cəhənnəmə vasil olub xəbərin yoxdur, anladınmı?
– Bəli, hər şey aydındır. Amma burda bıçaq-zad yoxdur, – deyə meyidi diqqətlə gözdən keçirən Saşa dilləndi.
– Necə yəni yoxdur? Bəs nəylə öldürülüb bu heyvərə? – deyən İvan o gecəki uğursuz “reydini” xatırlayıb barmağını dişlədi. O gecə Aysu par-par parıldayan bıçağı bir göz qırpımında hardan çıxardı? Erməni əsgərini həmin bıçaqlamı öldürmüşdür? Evdəki mətbəx bıçaqlarından hansıydı o? Bıçağı niyə meyidin kürəyindən çıxarıbdır?
Sonuncu sualın cavabını özü verdi: Yəqin ki, əşyayi-dəlili aradan çıxarmaq üçün onu gizlətmişdir... Bütün bunları təhlil etməyə vaxt yox idi. Komendant başının dəstəsi ilə bu dəqiqələrdə gəlməliydi.
– Saşa, əsgərin kəmərindəki bıçağı dəsmalla qınından çıxar, qanına bulayıb yanına qoy!
– Oldu, İvan Nikolayeviç!
İvan geriyə qayıtdı, hələ də balkonda çöməltmə oturmuş Aysunun qolundan tutub içəri apardı, divanda uzandırıb, ona ürək-dirək verdi:
– Malades, Aysu!.. Yaxşı eləyib gəbərdibsən. Narahat olma, heç nəyi vecinə alma. İndi həkim gələcək, sənin yaralarını sarıyıb dərman verəcək. Soruşan olsa deyərsən ki, bıçağı götürüb mənə cumdu, itələdim, yerə yıxılarkən bıçaq ürəyinə batdı. Hərçənd bıçaq yoxa çıxıb, amma biz onun öz bıçağını qanına batırıb yanına qoyduq. Anladınmı? – Sonra nə fikirləşdisə əlavə elədi: – Yaxşısı budu heç danışma, de ki, özünü pis hiss eləyirsən. Gerisinə baxarıq... Aydındırmı?
Aysu zorla gülümsəməyə çalışaraq başı ilə “hə” dedi.
On dəqiqə keçməmiş komendant iki əsgər və həkimlə gəldi. Əvvəlcə ölüyə baxdılar. Əsgərlər meyidi apardıqdan sonra ikisi də Aysuya yaxınlaşdı. İvan həkimə müraciətlə dedi:
– Doktor, bizim tərcüməçinin yaralarını sarıyandan sonra ona sakitləşdirici dərmanlar verin, bərk qorxub stress keçirmişdir, dili-dodağı söz tutmur, aldığı zərbələrdən şiddətli ağrıları var.
– Deyirsən, yəni onunla heç sorğu-sual aparmayaq? – deyə komendant İvanı kənara çəkdi.
– İndi, əlbəttə, çox çətindir. Qoy bir az sakitləşsin. Təsəvvür elə, yad bir kişi əlində avtomat sizin evə girsin, üstəlik bıçağı da götürüb cumsun sənin arvadının, yaxud qızının üstünə, müqavimət göstərdikdə, onu döysün, əlbəyaxa olsun, sonra Allahın cəzasıyla özü öz bıçağıyla ölsün. Bütün bunları görən qızcığaz, səncə stress keçirməzmi?
Komendant cavab əvəzinə çiynini çəkdi. İvan əks-hücuma keçərək onun özünü ittiham eləməyə başladı:
– Mən sizdən buraya ağıllı-başlı əsgər ayırmağı xahiş etmişdim. Bu da bizi qoruyan əsgəriniz. Əvvələn, onun postu tərk etməyə, ikincisi, evin qapısından içəri keçməyə ixtiyarı yox idi. Görünür, onun başqa məqsədi də varımış, xarici kəşfiyyata satılması ehtimalı da ola bilər. Artıq sorğu-sual gərək deyil. Hər gün cəbhədə onlarla əsgər ölür. Bu da onlardan biri. Sonrasına baxarıq.
– Orası elədir. Amma onun valideynləri meyidi görəcəklər. Bıçaq arxadan vurulub.
İvan irişərək komendantın sözünü kinayə ilə qarşıladı:
– Guya sizin əsgərlərin hamısını sinəsindən vurub öldürürlər? Yazın, kəşfiyyat zamanı həlak olub, vəssalam. Məncə, bu məsələni ört-basdır etmək gərəkdir. Onun şişirdilməsi hər ikimiz üçün – nə mənə, nə də sizə xeyirli deyil. Günah, göründüyü kimi öləndə olub. Mən polkovnikin özüylə danışaram. Moskvaya məlumat verib məsləhətləşərəm.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin