Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə1/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
  1   2   3   4   5   6   7   8   9   ...   34

http://www.azerbaijantoday.com/qaraqan/

Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı.
... 1993-cü ilin yayı. Qarabağ. Bütün kənd xoşbəxt ovqat içindədir. İnsan həyatının ən ali məqamı – iki gəncin toy məclisidir. Bakıdan qohumlar da toya təşrif gətiriblər. Jurnalist Aysu da bunların arasındadır. Qələbəlik, sevinc duyğuları bir an içərisində faciə ilə əvəz olunur. Erməni işğalçıları əvvəlcədən hazırlanmış qəsdlə məclisi gülləbaran edir, dinc insanlar qırılır, jurnalist qız yağılara əsir düşür.
Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş, dərin mənzərəsini, anlamını verir. Qarabağ savaşının ilk günlərindən erməni yağılarının onlara arxa olmuş havadarların köməyi ilə Azərbaycan torpağında törətdikləri vəhşilikləri, öz içimizdəki vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamış namərd, naxələf siyasətçilərin əməllərini müşahidə etmiş müəllif bütün hərbi və siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı boyalarla təqdim edir.
Oxuculara romanın birinci kitabı 2-ci nəşri əlavə və dəyişikliklərlə təqdim olunur.



Fazil Guney (Abbasov). "Black Blood" novel.
... June 1993. Qarabag. All the village is in good spirits. The peak of human life is a wedding of two youths. Relatives from Baku are also present, among whom is journalist Aysu. But, the senses of joy are suddenly suppressed with a tragedy after Armenian aggressors fire at the crowd, killing civilians and taking the journalist girl captive.
The novel gives a true picture of the Qarabag war against a backdrop of Aysu’s captivity. Having witnessed the atrocities Armenian thugs have perpetrated in Azeri territories with assistance from their supporters and the deeds of betrayed politicians, the author depicts all the military and political realities in artful, characteristic images and a convincing manner.
This is the first book of the novel.



Фазиль Гюней (Аббасов). «Черная кровь». Роман.
... Лето 1993 года. Карабах. Все село ликует. Соединяются два влюбленных сердца, исполняется их заветная мечта, сегодня день их свадьбы, на которую собрались многочисленные родственники, в том числе и из Баку. Среди гостей – и журналистка Айсу. Однако веселье и радость в мгновение сменяются трагическими событиями. Армянские оккупанты по заранее подготовленному плану обстреливают участников свадьбы, во вражеский плен попадают мирные люди, в их числе и журналистка Айсу.
В романе на фоне личной трагедии Айсу, борющейся в плену за свою честь и любовь, дается панорама карабахской войны – варварство армянских фашистов, творимое при поддержке своих покрывателей. Автор, наблюдавший и предательские действия лжеполитиков, ставивших свои корысные интересы выше отечественных, убедительно описывает военные и политические события, происходившие вокруг карабахской войны, характерными и художественными образами, в убедительных окрасках.
На суд читателей представляется первая книга романа.




Ana səhifə



Kitabin içindəkilər






Müəllifdən



Ömrə bərabər gün



Dağılan tifaq



İblisin toy qurğusu



Naməlum sonluğun başlanğıcı



El dərdi, bala yanğısı



Səbirdən başqa özgə çarə yoxdur



Oğurlanmış öpüş



Ayının min oyunu bir armudun başındadır



Ölümlə olum arasındakı bircə addım



Toğrulun Aysu harayı



Bu dünyanın pəncərəsi çox kiçikdir



Ana olacağına tam inandı



Qarabağın sinəsinə qara dağ çəkildi



Dualar Tanrıya çatırmı?



Araz qana boyandı



Perikmiş quşlar yuvasına qayıdır



Kişilər ağı demir



Aslanın erkəyi – dişisi olmaz



Buludlar boşalanda səma açılır



Vicdanmı oyanır?!



...Ölməyə Vətən yaxşı



Sınaq ərəfəsi



Məktub yetişdi



Duman salamat qal

MÜƏLLIFDƏN

Bu mənim ilk romanımdır. “Mənim” sözünü deyərkən ehtiyatlandığımı etiraf etməliyəm. Çünki əslində xalqın romanıdır. Qara qanla yazılmış bu tarixi dönəmlər onun taleyinin, keşməkeşli yolunun bir parçasıdır. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi qanla yazılan o tarixin iştirakçısı olmaq mənim də qismətimə düşdü. Xoşbəxtlik – sənətimin qazancıdır... Çoxları kimi mənim də gümanıma gəlməzdi ki, taleyüklü tarixi bir dövr yaşayacağam. Elə bir dövr ki, orada sevinclə qüssə, qürurla təəssüf qoşalaşmış olsun. Böyük Yaradanın imtahanına bax ki, neçə-neçə nəsillərin mübarizəsi ilə əldə edilmiş istiqlal sevincimizlə torpağımızın işğal olunub yağmalanması dərdi bir yerə düşdü, fəlakətimizə səbəb oldu.
Namərd qonşuların növbəti xəyanəti ilə başlayan Qarabağ savaşı ilk günlərdən jurnalist kimi məni də özünə qatdı. Xalqımıza qarşı aparılan bu ədalətsiz müharibə haqqında yalnız məlumatları dünyaya yaymaq, minlərlə insan taleyinin müşahidəçisi olmaq məni qane etmədi. Ona görə ki, başına gələn başmaqçı olar, deyiblər. Uzaq minilliklərin, yaxın yüzilliklərin müxtəlif dönəmlərində tarixi gerçəklikləri qədərincə kağıza köçürməmişik. Zaman keçdikcə müharibənin yaraları sağalır, üstündə göz yaşları tökülmüş qəbirlər, sərdabələr uçub dağılır. Çox şey unudulur... Amma yazılan qalır.
Millətimizin neçə illərdir qan verən yarasını bir roman çərçivəsinə salıb, təsvir etmək mənə mümkünsüz bir cəhd kimi görünürdü. Xalqımızın tarixində misli görünməmiş bu müsibətləri, ağır dərdi qələmə almağa uzun müddət cürət etməmişəm. Onu kiçiltməkdən qorxmuşam...
Hörmətli oxucu! Xahiş edirəm ki, bu kitaba Qarabağ savaşının bütün müsibətlərini özündə geniş ehtiva edən bir əsər kimi yanaşmayasınız. Mən ancaq görə bildiklərimi, duyduqlarımı, şahidi olub gecə-gündüz fikri ilə çuğlaşdığım olayları, tanıdığım insanların talelərini (bir çoxunun adını dəyişmədən) təsvir etməyə çalışmışam. Uzaq Sibirdən, Çin sədindən tutmuş Aralıq dənizinə qədər böyük bir ərazidə məskunlaşmış qədim bir millətin övladlarını başımıza gələnlərdən hali etməkdən ötrü romanı hərbi-siyasi, tarixi, məhəbbət süjeti üstündə qurmuşam...
Sizin rəy və fikirlərinizin romanın 2-ci hissəsi üzərində işləyən müəllif üçün çox böyük faydası olardı.

Tel/fax: 958537;


e-mail: azernews@azeurotel.com

Birinci kitab



AYSU

ÖMRƏ BƏRABƏR GÜN



Həmin o iyun səhəri onlar tarixi bir günü yaşayırdılar... Özlərinə məxsus, yalnız öz yaddaşlarında həkk olunacaq iki nəfərin tarixinin, bəlkə də ən xoşbəxt səhifəsini yazırdılar...
Həmin o adi gündə iki sevgili – Toğrulla Aysu Qarabağ savaşının yaratdığı neçə aylıq hicran əzabını bir neçə saatlığa unutmaq niyyətində idilər. Və bu gün, sanki, iki gənc üçün Tanrı qisməti idi.
Toğrul ucaboy, alagöz, qalınqaş, enlikürək, çevik hərəkətli, ciddi, bir az sərt baxışlı oğlan idi. 29 yaşlı kapitanın o baxışları Aysuya zillənəndə tamam dəyişir, güləşüz, qayğısız, romantik bir gəncə çevrilirdi.
Aysunun 25 yaşı var idi, jurnalistlik oxumuşdu. Ağbəniz, badamgözlü, qabarıq sinəli, mütənasib boylu bu qızda qüsur axtarmaq əbəs idi. Onun totuq, azacıq açıq dodaqları arasında inci kimi bəyaz dişləri, qapqara xumar gözləri gülüş şüaları yaydıqda, vurğunu olan oğlanlar özünü itirər, dil-ağızları söz tutmazdı. Aysu kişi tayfası ilə ciddi davranar, onların gözünə dik baxmazdı. Başının arxasında topladığı gur saçları gün çıxanda zərli şüalar altında açıq şabalıdı, qızılı rəngə boyanır, gün batanda rəngini dəyişib tündləşir, ay işığında isə sanki gecənin qaranlığını özünə hopdururdu. Sağrısının gözəllərə xas, kişilərə xoş gələn ölçüsü belinin incəliyini daha qabarıq göstərirdi. Tanış-biliş, qonum-qonşu onu belə öyərdi: “O qədər zərifdir ki, qara üzüm giləsi boğazından keçəndə görünər”. Universitetdə onu yarızarafat, yarıciddi “Xanqızı Natəvanın dünyaya ikinci gəlişi” adlandırırdılar. Və deyirdilər ki, şairənin muzeydəki paltarını geyinsən, səni onunla dəyişik salmaq olar.
Qarabağda doğulmuş bu mələksima öz gözəlliyindən yalnız bir nəfərə – Toğrula pay verirdi, uşaqlıqdan tanıdığı, qızlar bulağından su içərkən sevdiyi Toğrula... Ağ göyərçin qanadı kimi bəyaz əllərini yalnız o tuta bilərdi. Onun gözlərinin dərinliyində yalnız Toğrul üzə bilərdi, şair demişkən, “boğula bilərdi, bata bilərdi.” O incə beli yalnız Toğrul quca bilərdi, iri əlləri ilə çevrələmə kəmərləyə bilərdi. O al dodaqların şəbnəmini yalnız Toğrul içə bilərdi. O, ürkək bir ahu idi, öz ovçusu vardı. O, Qarabağ bağlarında, dağlarında bitən, ətri lap uzaqdan duyulan qızılgül idi, onu dərmək ixtiyarında tək bir bağban vardı...
Tanrının bir-birinə yaraşdırıb qoşa yaratdığı bu iki gəncin daxili və zahiri gözəllikləri bir-birini tamamlayırdı. Bilmək olmurdu, daxili gözəllikləri sifətlərində əks olunubdur, yoxsa əksinə... El adətincə nişanlanmışdılar. Altı ay öncə kəbin kəsdirsələr də toy edə bilmirdilər. Gah qız tərəfdən, gah da oğlan tərəfdən Qarabağ döyüşlərindən şəhid gətirilməsi ara vermirdi...
O iyun səhəri Toğrulla Aysu heç özlərinin də ehtimal etmədikləri, 24 saatdan sonra tarixə çevriləcək həmin günün gəzintisini Toğrulun həm döyüş, həm də məktəb yoldaşı olmuş Gündüzün qəbrini ziyarətdən başladılar... Gündüzün ad günü idi. Hər il bu gün dostları Gündüzgilə toplaşardılar, anası Nargilə xalanın ətirli plovunu, yarpaq dolmasını yeyərdilər... Bu dəfə isə Gündüzün 29 yaşını qeyd etmək üçün Toğrulgil onların evinə yox, Şəhidlər Xiyabanına gedirdilər... Qapısı olmayan qapıdan sıxıntı, üzüntü ilə keçib sağa buruldular, sol yandakı gül mağazasından bir dəstə qərənfil aldılar, millətin and yerini ziyarət edənlərin cərgəsinə qoşuldular.
Toğrul, istər-istəməz 7-8 il öncəni, sovet dövrünü xatırladı... O zaman buraya əylənməyə, gəzməyə gələrdilər və heç xəbərləri də yox idi ki, bura vaxtilə qəbiristanlıq olubdur. Şəhərin mərkəzində xatirə abidəsi ucaldılmış bolşevik Şaumyanın dəvətiylə 1918-ci ildə Bakıya soxulmuş daşnak erməni ordusunun qırdığı minlərlə müsəlmanın qəbrinin izini itirmək, o qanlı illəri xalqın yaddaşından silmək üçün qəbiristanlığı rəqs meydanına, əyləncə, kef yerinə çevirmişdilər...
Tarix təkrarlandı. Bura yenə şəhidlərin son mənzilinə çevrildi.
-İlahi, bunların hamısı gəncdir...
Əsgər kimi sıralanmış qəbirlərin önündən keçərkən ona qısılan Aysunun titrək səsi Toğrulu xəyaldan ayırdı. Sağ və sol tərəfdə ağacların altında cərgələnən qəbirlərin üzərindəki doğum və ölüm tarixlərinə, Allah bilir, neçənci dəfə zəndlə baxdı. Əksəriyyətinin başdaşına qırmızı lent, kəlağayı bağlanmışdı, sinədaşlarında onlara qismət olmayan toy gərdəkləri qurulmuşdu. Aysu göz yaşlarını silirdi, Toğrulunsa qəzəb qarışıq kədəri yumrulanaraq boğazına tıxanmışdı.
Gündüzün qəbrinə yaxınlaşdıqda hər ikisi yerində dondu. Sifəti yandan görünən, tanımadıqları qara geyimli bir qız qəbrin üstündə səssiz göz yaşı axıdırdı... Özünü də, ətrafdakıları da unutmuş qız, bilmək olmurdu yerdən azacıq hündür olan qəbrin qarşısında diz çökübdür, yoxsa onun üstünə sərilibdir... O, elə bil canlı insanmış kimi, başdaşına qısılmış, sol yanağını Gündüzün sinəsinə qoymuşdu... Qız sol əli ilə başdaşını, sağ əli isə sinədaşını elə qucaqlamışdı ki, sanki daşlaşıb əbədi olaraq Gündüzlə burada qalmaq istəyirdi...
Toğrulu da, Aysunu da təəccübləndirən bu idi ki, onlar Gündüzün sirlərini bilirdilər. Bilirdilər ki, Gündüz hələ ürəyini heç bir qıza açmamışdı. Söz düşəndə isə zarafata salıb deyərdi ki, mənim sevəcəyim qız, hələ böyüməyib, məktəbdə oxuyur... Bəs qəbrin üstə göz yaşı tökən qız kim idi?
Aysu istər-istəməz pıçıltı ilə dedi: “Səni sevdim, səndən xəbərsiz”...
Toğrulun sual dolu baxışlarını görən Aysu dolmuş gözlərini o qıza sarı hərləyib pıçıltı ilə təkrarladı: “Səni sevdim, səndən xəbərsiz... Özün də bilmədin...” Sonra ürəyindən bir sızıltı keçdi: “Biçarə qız, ömrünün sonunadək ürəyi nisgilli yaşayacaqdır... Bəlkə heç ürəyini ona aça da bilməyib...”
Kənarda dayanmış başqa bir qız irəli yeridi, aşağı əyilib ona nəsə dedi, başının işarəsi ilə Toğrulla Aysunu göstərdi. Güman ki, “Özünü ələ al, dur ayağa, Gündüzü ziyarətə gələnlər var” söylədi.
Başını aşağı dikib yanlarından ötən qızı utandırmamaq üçün Toğrulla Aysu altdan-altdan ona baxmaqla kifayətləndilər... Sonra qəbrə yaxınlaşıb qərənfilləri sinədaşının üstünə qoydular. Toğrul başdaşından ona baxan dostunun nisgilli gözlərindən öpdü...
Ölümün gözünə dik baxan Gündüzün başçılıq elədiyi kiçik dəstə Dağlıq Qarabağın Sırxəvənd, Malıbəyli, Kosalar, Kərkicahan, Meşəli kəndləri uğrunda döyüşmüş, ermənilərin dinc əhalini qırmasının qabağını almağa çalışmışdı. Altı ay öncə Toğrulla Aysunun toyuna üç gün qalmış kəşfiyyat zamanı minaya düşmüşdü. Onun qəhrəmanlıqları barədə Toğrul Aysuya danışmışdı.
– Yazığın heç bir nişanəsi qalmadı. Evlənmiş olsaydı, bir oğlu doğulsaydı...– deyən Aysunun sözlərini Toğrul tamamladı:
– Bizim oğlumuz olar, adını Gündüz qoyarıq.
– Ad qoymaqla iş bitmir. Biz Gündüz kimi bir qəhrəman yetişdirməliyik, – deyə Aysu sevgilisinə qısıldı.
– Düz deyirsən... Bunu sən edəcəksən. Mən əsgərəm, bu gün burdayam, sabah kim bilir harda olacağam...
Onlar azadlığın ilk qurbanlarının – 20 Yanvar qırğını şəhidlərinin qəbirləri başlayan sıraya çıxdılar, birinci qəbrin – Fərizə ilə İlhamın son mənzilinin önündə dayandılar. Bir qədər aralıda az qala bütün vaxtını oğlu Azərin qəbri üstündə keçirən Ələkbər kişi buranı ziyarət edən əcnəbilərə məlumat verərək deyirdi:
– Həmin o qanlı yanvar gecəsi, indi şəkli qara mərmərə həkk olunmuş bu gənc səs-küyə küçəyə çıxmış, vəhşiləşmiş əsgərlərin açdığı atəşdən yaralananlara yardım edərkən onun özünü vurmuşlar. Ertəsi gün onun cənazəsini dəfn etmək üçün evdən götürəndə, üç ay əvvəl sevib evləndiyi hamilə həyat yoldaşı özünü zəhərləyib intihar etmişdir...
“Bir güllə 3 nəfərin həyatına son qoydu...
Həmin gecə və sonrakı bir neçə gündə yüzlərlə dinc, günahsız insan qırıldı. Şəhid olanlardan cəmi 135-nin meyidi ələ gəldi. Yüzlərlə adam itkin düşdü, yüzlərləsi yaralandı, şikəst oldu...”– deyə düşünən Toğrul Ələkbər kişinin sözlərini fikrən tamamladı. Həlak olanların şəkillərinin altındakı doğum, ölüm tarixinə bir daha baxdı: 12 yaşdan tutmuş 75 yaşadək azərbaycanlı, rus, yəhudi, tatar qəddarcasına öldürülmüşdü.
Ələkbər kişi qəhərini boğub sözünə davam etdi:
– Neçə günahsızın ocağını söndürdü bu ordu!... 70 il xilaskar, azadlıq qarantı kimi mədh edilən, şəninə mahnı qoşulan qırmızı ordu... Yalançı beynəlmiləlçi adı altında gizlənərək, dünyanı qana çalxamış, qəsbkar şovinistlərin başında durduğu bir imperiyanı saxlayan mənəviyyatsız, dinsiz bir ordu... Az qala dünyanın yarısı – Avropanın ortasından tutmuş Yapon adalarınadək, Şimal Buzlu Okeandan tutmuş İranadək olan ərazi bu imperiyaya bəs olmadı!... O öz burnunu dünyanın hər künc-bucağına soxdu, uzun barmağını Asiyanın ucqarlarına, uzaq Afrikaya, dünyanın o biri üzünə – Amerika qitəsinə uzatdı... Bütün yer üzünü şər qanadı altında saxlamaq üçün hər cür qəddarlığa əl atdı. Axırı da...
Onlar cərgənin başına çatdılar, buradan dənizə açılan mənzərəyə baxdılar, boğazlarına tıxanmış hıçqırtı dərin bir aha çevrildi, sanki əbədiyyətə qovuşanların ruhlar aləmindən ayrıldılar, bir az yüngülləşərək bu dünyaya qayıtdılar.
Toğrul həmişə özünü daxilən səfərbər edib, bütün bu hadisələrə– döyüşlərə, axan qanlara, ölümə bir hərbçi kimi, müharibənin qanunları kimi baxmağa, kədər, dərd, bədbinlik girdabına yuvarlanmamağa çalışırdı. Aysusa yox... Hisslərini cilovlaya bilmirdi. Bir az romantik, bir az sentimental qızın nəmli gözləri quruyanadək baxışlarını dənizdən çəkmədilər . Nəhayət, hər ikisi özünü ələ ala bildi. Alt cərgə ilə geriyə döndükdə bir anlığa Salatın Əsgərovanın qəbri önündə ayaq saxladılar, onun mərmərə həkk olunmuş gülümsər şəklinə baxdılar. Sanki o, Vətən yolunda şəhid olduğu, bu müqəddəs yerdə yatdığı üçün sevinirdi... Çingiz Mustafayevin də qəbrinin önündə ayaq saxladılar. Aysu bu iki həmkarının dəfnində iştirak etmiş, göz yaşları içində onların layiqli davamçısı olacağına and içmişdi...
Onlar Şəhidlər Xiyabanından çıxaçıxda Aysu ayaq saxladı, küknar ağaclarının altında qurulmuş al qırmızı gərdəklərə baxdı, daşlaşmış baxışları ilə onları yola salan şəhidlərlə axırıncı kərə sağollaşdı...
Bəli, axırıncı dəfə... Ancaq özü bunu bilmirdi, bilə də bilməzdi... Heç ağlına da gəlmirdi...
İndi isə o, sevgilisinə qısılaraq dedi:
-Səndən bir xahişim var, Toğrul.
Hər dəfə adını Aysunun dilindən eşidəndə Toğrulu izah edə bilmədiyi qəribə duyğular bürüyürdü. Onun adını heç kəs Aysu qədər titrək səslə,fəxr və qürurla çəkə bilmirdi...
– Buyur, əzizim.
– Gəl, söz verək ki, bütün bayramlarda, təntənəli günlərdə Şəhidlər Xiyabanını ziyarət edəcəyik. Məncə şəhidləri ziyarət, namaz qılmaq kimi savab işdir.
– Baş üstə! İstəsən, şəhidlik şərəfi üçün döyüşmüş və döyüşəcək canlı qəhrəmanlarla görüşə aparım səni. Nə qədər istəyirsən, yaz...
– Yaxşı olar o canlı qəhrəmanlarla görüşmək...-deyə Aysu başını sevgilisinin çiyninə qoydu: – Sən bir fikir ver, bu xiyabanın üç cür sakini var: birincilər – O Dünyada əbədiyyətə qovuşmuş şəhidlər, ikincilər – Bu Dünyada buraya daima ziyarətə gələnlər, üçüncülərsə, iki Dünya arasında qalanlardır.
Toğrulun onu tam anlamadığını duyan Aysu başı ilə qəbirlərin üstündə ağlayan, başdaşını qucaqlayan, yaxud da sakitcə saatlarla qəbrin önündə diz çökən analara, nişanlı qızlara, atalara, qardaşlara işarə eləyərək pıçıldadı:
– Onlar nə O Dünyaya gedə bilirlər, nə Bu Dünyadan ayrıla bilirlər.
***
Aysunun valideynləri üç gün öncə kəndə getmişdilər. Sabah əmisi oğlunun toyu olacaqdı. El adəti üzrə bəyin yaxın qohumları toydan bir neçə gün öncə gəlməli, hazırlıq işlərində iştirak etməliydilər. Valideynləri əlində vacib yazısı olan Aysunu gözləyə bilməmişdilər. Dünən işini qurtarmış Aysu sabah avtobusla Qarabağın füsunkar guşələrindən biri olan ata yurduna yola düşəcəkdi. O, həm də cəbhə xəttində yerləşən, tez-tez atəşə tutulan kəndlərdən, onun müdafiəçilərindən qəzetə reportaj yazacaqdı. Bu günsə ömrünün ən xoş, sevincli, bəxtəvər anlarını yaşayırdı. O, Toğrulla idi! Bütün günü bir yerdə olacaqdılar. Aysu erkən çağlarından özündən dörd yaş böyük olan Toğrula dəlicəsinə vurulmuşdu. Böyük Allahın bəşər övladına verdiyi şirin, möcüzəli, ən yüksək, ali duyğularla sevirdi onu.
Toğrul daima bu sevgi ağacına qulluq edir, ona gözü qarşısında boy atıb böyüyən, tumurcuqlayıb çiçək açan bir ağacdan bar gözləyən bağban kimi baxırdı. Amma bu sevgi yalnız Aysunun sayəsində qorunub saxlanmışdı.
– Bu gün bizim günümüzdür. Son vaxtlar o qədər az görüşürük ki, dəqiqə nədir, hər saniyəni belə yaddaqalan xatirəyə çevirməliyik.
Bunu Toğrul dedi. Biçarə neyləsin, hərbi kəşfiyyatçının operativ işdən baş açıb, sevgilisi ilə tez-tez görüşmək imkanı olmurdu. Bu imkan ələ düşəndə də ya Aysu işdə olurdu, ya da nəsə gözlənilməz bir hadisə baş verirdi...
– Yaddaqalan xatirə... Bizim ömrümüz elə xatirələrdən ibarət deyilmi? Bax ömrümüzün dünənindən, lap elə bir ay, bir il, on il öncəsindən bizə qalan nə oldu? Ancaq xatirələr, acılı, şirinli, duzlu, duzsuz xatirələr... – deyə Aysu Toğrulun fikrini tamamladı.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin