Dini dünyagörüşü qədim cəmiyyətlərin nisbətən yüksək inkişaf mərhələsində formalaşıb. Dini dünyagörüşü mifolojidən fövqəltəbii qüvvələrin mövcudluğuna və onların dünyanın və insanların həyatında həlledici roluna inamla fərqlənir. Fövqəltəbiiliyə inam –dini dünyagörüşün əsasıdır. Miflərdə insan özünü təbiətdən ayırmır, Allahlar təbii, yer dünyasında yaşayır, insanlarla ünsiyyətə girirlər. Mifoloji surətlərin səhihliyi öz-özlüyündə qəbul edilir və inama ehtiyac duyulmur. Dini şüur dünyanı iki hissəyə bölür: təbii, hiss orqanları ilə qavranılan yer dünyası və səmavi, fövqəltəbii, fövqəlhissi dünya.
Yalnız vahid fövqəltəbii qüvvənin varlığını qəbul edən dini təsəvvürlər (və yaxud, din) monoteizm (“mono” –tək, bir, “teos” –Allah), bu qüvvənin çoxluğunu qəbul edən dini təsəvvürlər isə politeizm adlanır. Politeizm, və yaxud, bütpərəstlik monoteizmdən daha əvvəl əmələ gəlmişdir. Yalnız sonralar monoteist dinlər, yəni, tək Allahın varlığını qəbul edən dinlər formalaşmışdır. Bu gün dünyada mövcud olan monoteist dinlər İudaizm, Xristanlıq və İslam dinləridir. Onlara səmavi dinlər də deyirlər.
Dünyagörüşünün keyfiyyətcə yeni növü fəlsəfi dünyagörüşüdür. Mifologiya və dindən onun əsas fərqi dünyanın rasional şərhinə istiqamətlənməsidir. Təbiət, cəmiyyət və insan haqqında ən ümumi təsəvvürlər nəzəri araşdırma və məntiqi təhlilin predmetinə çevrilir. Fəlsəfi dünyagörüşünə mifologiya və dindən onların dünyagörüşü səciyyəsi, dünyanın mənşəyi və quruluşu, dünyada insanın yeri haqqında bütün sualların məcmusu miras qalmışdır. Lakin, gerçəkliyə hissi-obrazlı münasibəti ilə səciyyələnən və bədii, pərəstiş elementlərinə malik olan mifoloji və dini dünyagörüşündən fərqli olaraq, fəlsəfi dünyagörüşü bir qayda olaraq, məntiqli nizama malik biliklər sistemi olub müəyyən müddəa və prinsiplərini nəzəri əsaslandırmağa cəhd etməsi ilə səciyyələnir. Bu o demək deyil ki, fəlsəfə üçün bədii-obrazlı təfəkkür xas deyil. Dünyaya mifoloji baxışla sıx bağlı olan Antik fəlsəfədə poetik fantaziya aşkar ifadəsini tapır. Eyni zamanda sonrakı dövr fəlsəfi sistemlərdə də fikrin ciddiliyi, sübut məntiqi tez-tez aşkar bədii obrazlarla, alleqoriyalarla, mifoloji və dini süjetlərin düşünülməsi ilə qovuşmuşdur. Beləliklə, fəlsəfə –dünyagörüşünün ali səviyyəsi və növüdür. O, formalaşdırılmış, sistemli-rasional dünyagörüşüdür.
Dostları ilə paylaş: |