Əl-Kindi. Aristotelin təliminin öyrənilməsinə yol açan ərəblərin görkəmli mütəfəkkiri Əbu Yusif Əl-Kindi (801-866) olmuşdur. Təsadüfi deyil ki, o “ərəblərin filosofu” fəxri adını almışdır. O Aristotelin kateqoriyalar, “aktiv” və “passiv” intellekt, səbəblərin növləri, elmlərin bölünməsi haqqında ideyalarını şərh etmişdir. Əl-Kindi Allah kəlməsini işlətmir, Aristotelin təliminə uyğun olaraq öz-özünü fikirləşən fikir, “təkcə və əbədi” kimi təsvir edilən “ilk səbəb”, “ilk mühərrik” kateqoriyalarından istifadə etmişdir.
Aristotelin on kateqoriyası əvəzinə o, beş önsubstansiyanı: materiya, forma, hərəkət, məkan və zamanı əsas götürür. O, elmi idrakın sonrakı peripatetiklərin hamısı üçün ümumi olan üçpilləli yolunu təklif etmişdir: əvvəlcə məntiq və riyaziyyat kimi propodevtik elmləri, sonra təbiyyətşünaslığı və nəhayət, onlara əsaslanan metafizikanı öyrənmək lazımdır. Bu pedaqoji tələbi o, mütəkəllimlərin mücərrəd mühakimələrinə qarşı qoymuşdur. Ərəb mütəfəkkir belə hesab edir ki, mütəkəllimlər “şeylərin təbiətini bilmədən” metafizik problemləri öyrənməyə başlayırlar. Əl-Kindinin fəlsəfəsi orta əsrlər ərəb fəlsəfəsinin inkişafını peripatetizm məcrasına yönəltmiş və dünya fəlsəfi irsinin inkişafına təsir göstərmişdir.
Dostları ilə paylaş: |