Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universiteti
Magistr: Ağasəfova Aysel
Fakültə: Təhsil
İxtisas: İnformatika müəllimliyi
Qrup: İMM 22
Kafedra: Riyaziyyat
Fənn: İnformatikanın tədrisinin aktual problemləri
Müəllim: tex.f.d. Əhmədov Möhübbət
Mövzu: Kibermetriya və vebometriya
Kibermetriya (Cybermetrics) – Vebometriyaya oxşayır, lakin Veb dən kənar elektron resursları əlavə etməklə, onun tədqiqat obyektini genişləndirir;
Vebometriya (Webometrics) termini ilk dəfə 1997-ci ildə Tomas Elmaynd (Tomas Almind) və Piter İnqversen (Peter Ingwersen) tərəfindən təklif edilmişdir. Onlar sübut etməyə çalışırdılar ki, informasiyanın ölçülməsində istifadə olunan metodlar virtual məkanın ölçülməsində də istifadə oluna bilər. Belə ki, veb-səhifələrin müəyyən sayda kontentə, hiperistinadlara, istifadəçi auditoriyasına, reytinqə və s. parametrlərə malik olması, eyni zamanda səhifələrə yüklənilən kontentin həcmi, keyfiyyəti, məzmunu və s. göstəricilər onların müxtəlif kəsiklərdə ölçülməsinə imkan verir.
Virtual məkanda informasiyanın həddən artıq çoxalması, sosial şəbəkələrin, bloqların və vikitexnologiyaların genişlənməsi ilə əlaqədar vebometriya bir neçə istiqamətdə inkişaf etməkdədir: bloqometriya (blogometrics); vikimetriya (wikimetrics) və s. Web 2.0 texnologiyasına aid olan bu tip tədqiqatlar çox zaman vebometriya 2.0 (webometrics 2.0) kimi təqdim olunurlar.
2004-cü ildə L. Bjorneborn və P. İnqversen şəbəkə texnologiyasında və İnternet məkanında tətbiq edilən proqram təminatlarında aparılan tədqiqatları kibermetriya (cybermetrics) adı altında birləşdirməyi təklif etdilər. Onlar bildirdilər ki, kibermetriya daha böyük sahəni əhatə edir və vebometriya kibermetriyanın bir istiqamətidir. Belə ki, kibermetriya elektron halda saxlanılan bütün məlumatların emalında yeni imkanları təyin edir və vizuallaşdırır.
Kibermetriya əsasında verilənlər bazasının (VB) və bu bazalarda saxlanılan informasiyanın intellektual analizi (Text Minig, Data Mining, Web Mining, Image Mining və s.) ölkələrdə və ümumilikdə dünyada baş verən prosesləri dərindən öyrənməyə şərait yaradır . Vebometriya isə yalnız veb-texnologiyalarının və İnternet məkanındakı informasiya resurslarının yaradılması və istifadəsinin ölçülməsi aspektində faydalıdır. Vebometriya elmmetriyanın bir sahəsi olub dünya universitetlərinin, elmi saytların, ölkələrin elm sahəsində keyfiyyət və kəmiyyət göstəricilərinin hesablanmasında istifadə olunur. 2009-cu ildə Mayk Telvoll (Mike Thelwall) vebometriyanı daha geniş təqdim edir. O, bildirir ki, sosial tədqiqatların daha dərindən aparılması üçün şəbəkəyə daxil olan kontentin analizi vacibdir və bu məsələnin həllində bir çox tədqiqat sahələri üçün nəzərdə tutulan metod və alqoritmlərdən birgə istifadə edilməlidir.
M. Telvoll bildirir ki, virtual mühitdə toplanan informasiyanın həcminin həddən artıq çox olması onların tədqiqində böyük həcmli verilənlərin hesablanmasında istifadə olunan texnologiyalardan – Big Data texnologiyalarından istifadə etməyə şərait yaradır. İnternet məkanındakı verilənlərin hesablanması dedikdə veb-saytlarda, veb-səhifələrdə, bloqlarda, virtual ensiklopediyalarda, axtarış sistemləri bazalarında toplanmış kontentin: mətnlərin, sözlərin, istinadların, multimedia resurslarının sayı və s. nəzərdə tutulur.
Dostları ilə paylaş: |