Vergilərin ödənilməsinin əsas üsulları aşağıdakılardır:
- köçürülmə yolu ilə (nağdsız);
- nağd qaydada;
- vergi qalığının əmlaka yönəldilməsi.
Əksər hallarda vergilərin ödənilməsi hesablaşmaların
qeyri-nağd
formasından istifadə edilməklə həyata keçirilir. Bu zaman ödəniş
tapşırığı əsasında pul vəsaitləri vergi ödəyicisinin bankdakı
hesablarından büdcəyə köçürülür. Vergi ödəyiciləri vergilərin
ödənilməsi üçün müəyyən edilmiş son müddətə kimi vergilərin büdcəyə
köçürülməsinə dair ödəniş tapşırıqlarını hesablaşma hesablarının açıldığı
banka təqdim etməlidirlər. Bu ödəniş tapşırıqları banklar və kredit
müəssisələri tərəfindən ilk növbədə icra edilir.
Vergilər
nağd hesablaşma yolu ilə də ödənilə bilər. Məsələn,
fiziki şəxslər əmlak vergisini və dövlət rüsumlarını bu yolla ödəyirlər.
Vergi qalığının əmlaka yönəldilməsi vergi ödəyicisinin
hesablarında vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə
sanksiyalarının ödənilməsi üçün kifayət qədər vəsait olmadıqda həyata
keçirilir. Ancaq nəzərə almaq lazımdır ki, vergi qalığının əmlaka
yönəldilməsi yalnız vergi münasibətlərində deyil, həm də mülki-hüquqi
münasibətlərə toxunur. Ona görə də bu üsulun tətbiqi zamanı vergi
ödəyicisinin mülkiyyət hüququ gözlənilməlidir.
Vergi ödəyicisinin əmlakı yalnız məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı əsasında açıq hərracda satılır, ondan əldə edilən məbləğ
isə əmlakın satışı üzrə xərclərin, hesablanmış vergilərin, faizlərin və
maliyyə sanksiyalarının ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi
isə vergi ödəyicisinə qaytarılır.
Vergilərin büdcəyə müntəzəm daxil olmasını təmin etmək üçün
bəzi vergi növləri üzrə (adətən hesabat dövrü bir il olan)
cari (avans)
ödənişlər nəzərdə tutulur.
Cari vergi ödənişi vergi ödənişinin elə
üsuludur ki, bu zaman büdcəyə köçürülməli olan vəsaitin məbləği vergi
üzrə ödəniş müddəti başlayana qədər həyata keçirilir. Məsələn,
Azərbaycan Respublikasının Vergi Məcəlləsində hüquqi şəxslərin
mənfəət vergisi, əmlak vergisi üzrə cari ödənişlər nəzərdə tutulub.
Cari ödənişlərin məbləğinin müəyyən edilməsinin
iki üsulu var:
- ümumi gəlirdə verginin xüsusi çəkisini göstərən əmsaldan
istifadə etməklə;
- ötən hesabat dövründəki verginin məbləği əsasında.
Dostları ilə paylaş: