Mühafizə qurğuları – əhalini nüvə və adi qırğın silahlarıının birinci və ikinci zədələyici amillərindən, zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrin, bakterioloji (bioloji) vasitələrin, təbii hadisələrin – qasırğanın, tufanın, qar axınlarının təsirindən qorumaq üçün təyin olunmuş mühəndis qurğularıdır.
Mühafizə qurğuları təyinatlarına, yerləşmə vəziyyətlərinə, tikilmə müddətlərinə, tikinti materiallarına və mühafizə xassələrinə görə təsnif olunurlar:
yerləşmə vəziyyətlərinə görə: bina ilə birlikdə tikilmiş mühafizə qurğuları; ayrıca tikilmiş mühafizə qurğuları;
tikilmə müddətlərinə görə: əvvəlcədən tikilən mühafizə qurğuları; teztikilən mühafizə qurğuları;
tikinti materiallarına görə: dəmir-beton materiallardan tikimiş mühafizə qurğuları; daş (kərpic, kubik) materiallardan tikilmiş mühafizə qurğuları; ağac materiallardan tikilmiş mühafizə qurğuları;
mühafizə xassələrinə görə: sığınacaqlar; radiasiya əleyhinə daldanacaqlar; sadə daldanacaqlar.
süzücü-venilyasiyaedici qurğularla təchizatına görə: sənayedə hazırlanmış süzücü-venilyasiyaedici qurğularla təmin edilmiş mühafizə qurğuları; əlaltı vasitələrdən hazırlanmış sadə qurğularla təmin olunmuş mühafizə qurğuları;
Sığınacaqlar
Sığınacaqlar əhalinin nüvə partlayışının zədələyici amillərindən, zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrdən, bakterioloji vasitələrdən, yanğınların yüksək temperaturundan və zəhərli qazlarıından, uçqunlardan, dağıntıların qırıntılarından və adi qırğın silahlarının təsirindən etibarlı mühafizəsini təmin edən hermetik mühəndis qurğularıdır.
Sığıracaqlar yuxarıdakı təsnifatlardan savayı, mühafizə xassələrinə və tutumlarına görə də təsnif olunurlar: mühafizə xassələrinə görə: I, II, III, IV, V dərəcəli (I – idarəetmə məntəqəsi üçün, II, III, IV – əhali üçün, V – mühafizə qurğusu kimi istifadə etmək təchiz olunmuş zirzəmi) və tutumlarına görə: kiçik (tutumu 600 nəfərə qədər olanlar), orta (600-2000), böyük (2000-dən çox) tutumlu olurlar.
Sığınacaqlar əsas və yardımçı otaqlardan ibarət olur.
Əsas otaqlara sığınma otaqları, idarəetmə məntəqəsi və tibb məntəqəsi aiddirlər. Müalicə müəssisələrinin sığınacaqlarında bunlardan əlavə, cərrahiyə-sarğı və əməliyyata hazırlıq-sterilizasiya otaqları da olur.
Yardımçı otaqlara süzücü-ventilyasiyaedici qurğu üçün otaq, oksigen balonları üçün otaq, sanitar qovşağı, qızdırıcı sistem üçün otaq, dizel elektrik stansiyası üçün otaq, ərzaq anbarı, su ehtiyatı üçün otaq, tambur-şlüzlər, tamburlar aiddirlər. Bunlardan əlavə, müalicə müəssisələrinin sığınacaqlarında bufet və sanitar otaqları da olur.
Sığınma otaqlarında iki və üç mərtəbəli taxtlar düzəldilir. Taxtların aşağı mərtəbəsi oturmaq üçün, yuxarı mərtəbəsi isə uzanmaq üçün nəzərdə tutulur. Adətən, hündürlüyü 1,85 m-dən 2,2 m-ə qədər olan otaqlarda bir mərtəbəli, 2,2 m-dən 2,9 m-ə qədər olan otaqlarda iki mərtəbəli, 2,9 m-dən hündür otaqlarda isə üç mərtəbəli taxtlar qoyulur.
Sığınma otaqlarının sahəsi orada sığınacaq adamların sayına görə müəyyənləşdirilir: iki mərtəbəli taxtları olan otaqlarda hər adam üçün 0,5 m2-dən, üç mərtəbəli taxtları olan otaqlarda isə hər adam üçün 0,4 m2-dən az olmamaq şərti ilə hesablanır.Sığınma otaqlarının sahəsi 25 m2-dən, ümumi sahəsi isə 75 m2-dən və hər bir adama düşən hava həcmi 1,5 m3-dən az olmamalıdır.
Sığınacaqların mühəndis-texniki qurğularına ventilyasiya, istilik, su təchizatı, kanalizasiya, elektrik təchizatı sistemləri və rabitə vasitələri aiddirlər.
Sığınacaqların süzücü-ventilyasiyaedici sistemi üç rejimdə işləyə bilər:
Təmiz ventilyasiya rejimində içəri vurulan hava kobud dispers radioaktiv tozlardan təmizlənir (toza qarşı süzgəclərdə).
Süzücü-ventilyasiyaedici rejimində içəri vurulan hava ZM-lərdən, QKTM-dən, bakterial vasitələrdən və istənilən ölçülü radioaktiv tozlardan təmizlənir.
Tam təcrid olunma rejimində sığınacaq ətraf mühitdən tam təcrid olunur, havanın tərkibi isə regenerativ patronlar və oksigen balonları vasitəsilə tənzimlənir. Bu rejim QKTM yayılmış və ya güclü yanğın baş vermiş ərazilərdə yerləşən sığınacaqlarda tətbiq olunur.
Sığınacağın su təchizatı obyektin su təminatı sistemi vasitəsilə həyata keçirilir. Sığınacaqda su baklarında (xüsusi tutumlarda) hər bir nəfərə 3 litr olmaqla, içməli su ehtiyatı yaradılır.
Sığınacaqlarda dozimetrik, radiasiya və kimyəvi kəşfiyyat cihazları, mühafizə paltarları, yanğın söndürən və qəza-işıqlandırıcı vasitələr, ehtiyat alətləri olmalıdır, hər bir nəfər üçün iki günlük (bu miqdardan az olmayaraq) ərzaq ehtiyatı yaradılmalıdır.
Sığınacaqlar, adətən, müxtəlif tərəflərdə yerləşən iki girişə malik olurlar. Bina ilə birlikdə tikilmiş sığınacaqlarda bunlardan əlavə, qəza çıxışı da olur.
Sığınacaqlara giriş zamanı insanların zəhərlənməsinin qarşısını almaq üçün girişlərin birində tambur-şlyüz düzəldilir.