DİNİ TOLERANTLIQ AZƏRBAYCANDA HƏYAT TƏRZİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTİ KİMİ
Məmmədli Arzu
BDU-nun II kurs magistrantı
Sovet sisteminin dağılması ilə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasında demokratik cəmiyyətin formalaşdırılması istiqamətində meydana çıxmış bir sıra problemlər sosial-mədəni sahədə daha aydın hiss olunmağa başlamışdır. Müstəqillik əldə etmiş Azərbaycanda dini və milli köklərə qayıdış, milli tariximizə həqiqi və obyektiv baxış, dilimizin saflığı uğrunda mübarizə əldə olunmuş nailiyyətlərin ən başlıcasıdır. Belə ki, ölkə ziyalılarının, alim və tədqiqatçılarının qarşısında keçmiş ideoloji məngənədən qurtularaq milli özünüdərk şüurunun formalaşması vəzifəsi dururdu.
Azərbaycan qısa müdətdə milli-mənəvi dəyərlərinə sarılaraq, bu sahələrdəki bütün boşluqları dolurmağa çalışmışdır. Azərbaycan qloballaşan dünya ilə ayaqlaşmağa çalışaraq, bir çox sahələrdə uğurlar qazanmışdır. Dünyaya inteqrasiya olunma yolunda Azərbaycan Respublikası bütün sosial, mədəni, iqtisadi və digər sahələrdə dünya standartlarına uyğun bir şəkildə yenidən qurulmağa başlamışdır. Azərbaycan bu ərazidə yaşayışın mövcud olduğu gündən bəri etnik, milli və dini rəngarəngliyə görə digər Qafqaz ölkələrindən əsaslı surətdə fərqlənmişdir.
Tarixən müxtəlif dini-fəlsəfi dünyagörüşlərinin çuğlaşdığı Azərbaycan təkcə Şərq və Qərb təfəkkürünü deyil, rəngarəng kulta və yaşam tərzinə malik çoxsaylı etnosları da özündə birləşdirərək, dünyanın ən sivil mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Əsrlər boyu atəşpərəstliyin, xristianlığın və İslamın yanaşı yaşadığı Azərbaycan bu gün həm müxtəlif dini tapınaqların, həm etiqad azadlığının, həm də sərbəst birgəyaşayış haqlarının qorunduğu ölkədir. Bütün dövrlərdə bir çox dövlətlərin maraq dairəsində olan Azərbaycana yanaşma müxtəlif yönümlü olmuşdur. Hər hansı iqtisadi, siyasi və digər məramı gerçəkləşdirməzdən əvvəl burada öz iradəsini diqtə etməyə çalışan dövlətlər Azərbaycan müstəvisində etnik və dini problemlərin perspektivini incəliyinə qədər öyrənməyə can atır. Keçmişin və günümüzün reallıqları belə məcrada problemlərin yaranmasını bütün baxımlarda perspektivsiz hesab edir.
Azərbaycanda mövcud olan ənənəvi din və etiqadların bir çoxunda dözümlülük potensialı var və bununla da, tolerantlıq sahəsində, həmçinin konfessiyalar sahəsində təbii müttəfiq kimi çıxış edir. Ənənəvi dinlərin dirçəlməsi dövlət ilə vətəndaş cəmiyyəti arasındakı qarşılıqlı mənəvi-əxlaqı sistemi ciddi şəkildə sağlamlaşdırmaqla yanaşı dinlərarası ünsiyyət sahəsində dözümlülük və zor işlətməmək praktikasının inkişaf etməsinə kömək edir.
Dini tolerantlığın təzahürlərindən biri cəmiyyətdə fərdi azadlığın təmin olunması, fərdin seçdiyi dini məcburiyyət olmadan dilə gətirməsidir. Hər kəs qorxmadan və ya başqalarının müdaxiləsi olmadan inancına uyğun yaşamaq azadlığına sahib olmalıdır. Azərbaycan Respublikasının hər bir vətəndaşı bu haqq və hüquqlara sahibdirlər. Belə ki, respublikamız 1991-ci ildə müstəqillik qazandıqdan bir az sonra, yəni 20 avqust 1992-ci il tarixində “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Qanun qəbul edildikdən sonra indiyə kimi ölkəmizin sosial-iqtisadi və milli-mənəvi inkişaf istiqamətlərinə uyğun olaraq bu qanuna müxtəlif illərdə bir çox əlavələr və dəyişikliklər edilmişdir. Müxtəlif illərdə mövcud qanuna əlavə və dəyişikliklərin edilməsi onun həm hüquqi, həm də sosioloji aspektlərinin araşdırılmasını zəruri etmişdir.
Dini etiqad azadlığının əsas hüquqi mahiyyəti 6 fəsil, 31 maddədən ibarət olan bu qanunun 1-ci maddəsində təsbit olunmuşdur. Burada göstərilir ki, "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Hər bir şəxsin dinə münasibətinin müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol verilmir. Dini etiqadların, dini həyat tərzinin və zor işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədi ilə təbliği, dini etiqada məcbur etmək qadağandır."
Azərbaycan dünyada İslamın, xristianlığın, iudaizmin, məscidin, kilsənin və sinaqoqun dinc yanaşı fəaliyyət göstərdiyi, tolerantlığın mövcud olduğu nadir ölkələr arasındadır. Dini etiqad azadlığının və dini qurumların qanuni fəaliyyətinin təmin olunması istiqamətində zəruri şərait yaradılmışdır.
Dövlətimizdə mövcud olan dini tolerantlıq mühiti ümummilli liderimiz Heydər Əliyevin "Dövlət və Din" konsepsiyasına uyğun olaraq inkişaf etmiş, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Alternativi olmayan bu siyasəti uzaqgörənliklə həyata keçirən prezident İlham Əliyevin hazırda ölkəmizdə tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğu xüsusən qeyd olunmalıdır.
Tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşamış, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşmış, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməmiş, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc-yanaşı fəaliyyət göstərmişlər.
Ədəbiyyat
1. Azərbaycan Respublikasında Ombudsman təsisatı və insan hüquqlarının inkişafı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Obudsman), Prof. Elmira Süleymanovanın ümumi redaktəsi ilə. Bakı, 2007. Bakı Universisteti, 266s.
2. Əliyev H. Dinimiz xalqımızın mənəvi sərvətidir. Bakı, 1999. 165s.
3. Səffar H. İslamda etiqad və vicdan azadlığı. Bakı, 2012. Nurlar, 231s.
4. Səmədov E. Azərbaycanda din dövlət münasibətləri və dini təhsilin formalaşması. Bakı, 2009. 167s.
Dostları ilə paylaş: |